Tariximizin şanlı və qürurverici səhifəsi
SİYASƏT

Tariximizin şanlı və qürurverici səhifəsi

Müharibə!.. Bu günü də yaşadıq... Zorla cəlb olunduğumuz bu döyüşdən, elə qalib çıxdıq, düşmənə elə zərbə vurduq ki, çətin özünə gələ... Açığını deyim, sentyabrın 27-si yaxınlaşdıqca həyəcanım artır, qarışıq hisslər bütün varlığımı bürüyür. O günləri, o anları bir daha yaşamamaq arzusu ilə, həm də 30 illik işğala son qoyan Zəfərimizin bir ilinin sevincini və qürurunu bölüşməyə tələsirəm. Bu Zəfərin qəhrəmanı olan əsgərlərimizə deyiləcək sözlərim var həm də...

O gün bir millətin, dövlətin tarixini - Şərəf tarixini yazdı Azərbaycan əsgəri. Son 100 ilin qalibi idi o. Torpaq onun qələbəsi ilə Vətən, yurd oldu, millətin qürurunu özünə qaytardı, sayələrində başımızı dik tutub gəzə bildik.

İşğalçıya kim olduğunu döyüş meydanında göstərdin, silahsıza, dinc əhaliyə güllə atmadın, çünki sən Azərbaycan əsgərisən.

Döyüşlərin öz qayda-qanunu var: acı da, ağrı da, ölüm də olur, ancaq bu səni sarsıtmadı, əksinə daha mətin, daha mübariz etdi. Deyirlər torpaq qanla yoğrulanda Vətənə çevrilir. Sən də torpağı Vətən etdin.

Yaşadığın o günlər həyatının ən yaddaqalan, unudulmaz günləri olacaq, bütövləşən Vətəni qoruduqca daha böyük sevgilə sevəcəksən. İnsan qoruduqlarını daha çox sevir. Elə qoruduqlarının da sənə olan sevgisi eynidir. Döyüşünlə, qələbənlə o qədər sevildin ki... Hamının doğması oldun.

Hər dəfə işğaldan azad etdiyin yerlərə Azərbaycan bayrağını sancanda xalqın üzündəki sevinci yəqin ki, təsəvvür edirdin. Bu xalq o sancılan bayraqlarla özünə gəldi, qələbə sevincinin necə şirin olduğunu duydu. Sən bu millətə yaşamaq həvəsi verdin.

Ağzı dualı nənələrimizin, analarımızın əlləri Haqqın dərgahına açılı qaldı, dilindən dualar əskik olmadı: “Qələbə sevincilə evinə, ailənə sağ-salamat qayıt. Sən bu dövlətə hələ çox lazımsan, çünki bu  Vətəni sən inkişaf etdirib çiçəkləndirəcəksən, döyüş əzmin, mübarizliyin gələcək nəsillərə nümunə olacaq, dərsliklərə salınacaq, qəhrəmanlığından əsərlər yazılacaq, igidliyinə nəğmələr qoşulacaq. Sən bu xalqın  qəhrəmanısan. Var ol! Zəfərin mübarək, Azərbaycan əsgəri!..

“Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir... İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa  şərin? Dostun, yoxsa düşmənin? Həqiqət anıdır mənim üçün, xalqımız üçün, hamımız üçün”.

2020-ci  il sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə söylədiyi bu fikirlər hər zaman sülh istəyən, münaqişənin danışıqlar yolu ilə  həllinə ümid bəsləyən, ancaq eyni zamanda torpaqlarını hərb yolu ilə də azad etməyə qadir olan bir dövlət, xalqın, onun müdrik rəhbərinin dünyaya mesajı idi. Və əgər  ermənilər, onun havadarları bu sülh çağırışına  son anda olsa belə, əməl etsəydi, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxarılsaydı, döyüşlər dayandırılar, qan tökülməz, bölgəyə sülh gələrdi.

Bəli, o həqiqət anını  qürurla yaşadıq, bir daha dostumuzu, düşmənimizi tanıdıq, hərdən məyus olduq, ancaq ümidlərimizi itirmədik. Mübariz Azərbaycan əsgərinin cəbhədən yolladığı ismarışları, Ali Baş Komandanımızın televiziya ilə qələbəyə inam dolu çıxışlarını, dillərdə əzbər olan ifadələrini eşitdikcə qürrələndik, böyük qələbəni gözlədik.

Sentyabrın 27-də səhər saat 06:00-da Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələri artilleriya qurğuları və minaatanlardan atəşə tutuldu. Düşmən yeni ərazilər ələ keçirmək iddiasında idi, ancaq onu nə gözlədiyini bilmirdi. Bilmirdi ki, məhv ediləcək, 30 il müddətində bu münaqişənin sülh yolu ilə həllini istəyən Azərbaycan xalqının, ordusunun, dövlətinin, onun böyük sərkərdəsinin artıq səbri tükənib. Artıq şans, güzəşt zamanı deyil. Düşmənin elə ilk andaca layiqli cavabı verildi, onun ön müdafiə xətti yarıldı və artıq günün  ikinci yarısında böyük itkilər verərək geri çəkilməyə başladı.  Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edildi. Ağdərə rayonunda və Murovdağ silsiləsinin yüksəkliklərindəki erməni postları, o cümlədən Gamış dağında yüksəklikdə yerləşdiyi üçün alınmaz hesab olunan məntəqə məhv edildi. Həmçinin Qarabağdakı erməni qoşunlarının təchizatı üçün istifadə edilən Vardenis-Ağdərə avtomobil yolu nəzarətə götürüldü. Azərbaycan ordusunun komandanlığı Ağdərənin mühasirəyə alınması barədə məlumat yaydı.

Döyüşlərin elə ilk günü ilk qələbə sevincini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə xalqa müraciətində çatdırdı, qürurla, sevinclə, inamla... İlk zəng dostdan gəldi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman olduğu kimi, Azərbaycanın yanında olduğunu bildirdi.

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Prezident İlham Əliyevlə videokonfrans keçirildi. Dövlət başçısı reallığı əks etdirən məlumatı BMT-nin ali rəhbərinin diqqətinə çatdırıb münaqişənin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirdi. Sentyabrın 29-da Almaniya kansleri Angela Merkellə telefon danışığında hadisələrin gələcək inkişafında məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü deyən Ali Baş Komandan bir daha haqqın bizim tərəfimizdə olduğunu dedi: “...Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır”.

Həmin gün dövlət başçısı “Rossiya-1” telekanalının suallarını cavablandırıb. O cümlədən Türkiyə Hərbi Hava Qüvvələrinin Qarabağdakı döyüş əməliyyatlarında iştirak edib-etmədiyi məsələsinə aydınlıq gətirib: “Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş  əməliyyatlarında heç bir şəkildə iştirak etmir”.

Əlbəttə, erməni tərəfi bu cür yalan xəbərlər yaymaqla Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmağa, münaqişənin genişlənməsi, ona üçüncü ölkələrin qoşulması barədə yalan fikir formalaşdırmağa, beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışırdı.

Buna bənzər yalanlarla beynəlxalq ictimaiyyətin fikrini qarışdıran ermənilər digər tərəfdən də tez-tez qadağan edilmiş müharibə üsullarına əl atır, Qarabağdan xeyli aralıda yerləşən yaşayış məntəqələrini raket-artilleriya atəşinə tuturdu.

Oktyabrın 2-də Azərbaycan tərəfindən buraxılmış raketin dəqiq zərbəsi ilə Laçın rayonunda Həkəri çayı üzərindəki körpü məhv edildi. Beləliklə, Ermənistanı Qarabağdakı işğalçı qoşunları ilə birləşdirən daha bir yol bağlanmış oldu.

Oktyabrın 3-də ağır, qanlı döyüşlərdən sonra düşmənin müdafiə xəttinin mühüm qovşaqları, Talış və Madagiz kəndləri azad edildi, Azərbaycan Prezidenti elə həmin gün Madagizin tarixi “Suqovuşan” adını bərpa etdi.

Oktyabrın 14-də Prezident Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin və işğalçılar tərəfindən tamamilə dağıdılmış Füzuli rayon mərkəzinin azad edildiyini bildirdi. Azərbaycan Ordusunun oktyabrın 18-də axşam saatlarında Qubadlı-Zəngilan istiqamətində başladığı hücum ermənilər üçün gözlənilməz oldu. Oktyabrın 19-da Cəbrayıl rayonunun 13 kəndi, oktyabrın 20-də günün birinci yarısında Füzuli rayonunun 6 kəndi, Cəbrayıl rayonunun 7 kəndi, Xocavənd rayonunun 5 kəndi işğaldan azad olundu. Əsas zərbənin burada endirildiyi qənaətinə gələn erməni komandanlığı qüvvə toplamağa başladı. Lakin xüsusi təyinatlı və motoatıcı mobil hissələr əsas yollardan kənarda yerləşən təpələrlə irəliləyərək Zəngilan şəhərinə yaxınlaşdı, sürətli həmlə nəticəsində şəhəri və rayonun daha 6 kəndini azad etdi.  Oktyabrın 21-də isə 20 kənd  və Azərbaycanın qərbindəki ən uzaq dəmiryol stansiyası olan Mincivan qəsəbəsi azadlığına qovuşdu.

Azərbaycan ordusu artıq Ermənistanla sərhədə yaxınlaşırdı. Oktyabrın 22-də səhərə yaxın Füzuli rayonunun 4, eləcə də Cəbrayıl rayonunun 4 kəndi, həmçinin Zəngilan rayonunun 13 kəndi və Ağbənd qəsəbəsini azad edən ordumuz, bununla da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədi üzərində tam nəzarəti təmin etdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə  Nazirliyinin Mərkəzi  Komanda Məntəqəsində rəhbər heyət və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədəki çıxışında demişdir: “Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim  tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq”.

Oktyabrın 30-da döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edirdi. Həmin gün Cəbrayıl rayonunun 4, Zəngilan rayonunun 2, Qubadlı rayonunun 3 kəndi azad edilir, ordu hissələrinin Şuşa istiqamətində cəmləşməsi başlayır. İtki verərək  bütün cəbhə boyu geri çəkilən düşmən Şuşanı əhatə edən meşələri yandırmaq məqsədilə fosforlu mərmilərlə atəşə tutmağa başlamışdı. Noyabrın 4-də döyüşlər cəbhənin cənub  və cənub-şərqində - Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətində davam edirdi, Azərbaycan xüsusi təyinatlıları  Şuşa-Laçın yolunu düşmənin gözləmədiyi halda bağlamışdı. Ordumuz səhəri gün şəhərə daxil olaraq Şuşanın mərkəzini tutdu.

Qalaya çevrilmiş Şuşanı 3 min erməni əsgəri  müdafiə edirdi. Lakin onlar Azərbaycan xüsusi təyinatlılarının sıldırım qayalarla şəhərə daxil ola biləcəyini heç cür gözləmirdilər. Şəhərə ilk daxil olan snayperlər əsas yol kəsişmələrini nəzarətə götürdülər. Onların atəşlə müdafiəsi altında xüsusi təyinatlılar da şəhərə daxil oldular. Cəmi 400 nəfər xüsusi təyinatlı avtomat, bıçaq və qumbaralarla  silahlanmışdı. Onların qarşısında isə tanklar, artilleriya, minaatanlar, pulemyotlar dayanmışdı.  Lakin Azərbaycan hərbçiləri hücuma keçdilər. Döyüşlər o qədər şiddətli idi ki, düşmən qaçmağa məcbur oldu. Fransanın “Le Monde” qəzetinin müxbiri xəstəxanaya onlarla yaralının  daşınması barədə yazırdı: “Şuşanı müdafiə edənlər pərən-pərən düşmüş  vəziyyətdədirlər... 6 noyabr  cümə günündən etibarən  döyüş Azərbaycan qüvvələrinin xeyrinə dönməyə başlayıb”.

Noyabrın 7-də Azərbaycan Ordusunun  motoatıcı hissələri şəhərə daxil olaraq mühəndis  hissələrinin dəstəyi ilə tanklar üçün meşələrin içindən yol salmağa  müvəffəq oldular. Şuşa son  erməni  əsgərindən də təmizləndi.

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabanı və Şəhidlər xiyabanını  ziyarət etdilər. Daha sonra dövlətimizin başçısı Azərbaycan xalqına müraciət etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır”. Sonra o davam edərək dedi: “Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan  rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik”.

Hərbi əməliyyatlar 44 gün davam etdi, ay yarım gedən fasiləsiz döyüşlər qələbəmizlə başa çatdı. Hamı həlledici anı gözləyirdi. Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə  üç dövlətin -Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri Dağlıq Qarabağ münaqişəsi  zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat  imzaladılar. Bu bəyanat işğal altında olan  digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcərin qan tökülmədən qaytarılmasına zəmin yaratdı. Bu tarixi sənədin  əhəmiyyətli tərəfini açıqlayan  dövlət başçısı doğma torpağın azadlığı və sərhədlərimizin toxunulmazlığı uğrunda canlarından keçən qəhrəman döyüşçülərimizin xatirəsini də yad edərək dedi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi  yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı  hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir,  əlimizdən gələni edəcəyik ki, onu normal həyata  qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim  hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının”.

Qələbə! Onun üçün nə lazım idi? Güclü ordu, müdrik sərkərdə və bir də xalq-dövlət-ordu birliyi. Tarixi qələbəmizin əsasında da bu dayanır. Xalq ilk gündən dövlətinin, ordusunun yanında oldu. Bunu ölkə başçısına ünvanlanan məktublar da təsdiqləyir. Xaricdə yaşayan  soydaşlarımız da, hətta xarici ölkələrin vətəndaşları da Prezidentə minnətdarlıq məktubları yazır, Vətənlə fəxr etdiklərini, liderimizlə qürur duyduqlarını bildirirdilər.

Türkiyənin İstanbul şəhərindən  Mümin Kıvanc yazır: “Hörmətli cənab Prezident, uzun illərdir özümə Vətən bildiyim, burada ailə qurduğum Azərbaycanla və övladlığa götürdüyüm balamın qürurla daşıdığı Azərbaycan Respublikasının  pasportu ilə qürur duyuram. Bu hisslər üçün sizə minnətdarıq...”.

Ankara şəhərindən Rövşən Bərduxanov: “...Cənab Ali Baş Komandan, Sizin əmrinizdəyik və hər zaman Sizin yanınızda olmağa hazırıq. Allah Sizi və Azərbaycan xalqını qorusun!..”.

Rusiyanın Sankt-Peterburq şəhərindən Eldar Əliyev, Natəvan Əliyeva, Səbinə Əliyeva və Toğrul Əliyev yazırlar: “Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun qələbələri, həmçinin Cəbrayıl şəhərinin və ətraf kəndlərin azad  edilməsi münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirik...”.

Bu cür məktublar yüzlərlədir və təbii ki, onların hamısını bir yazı daxilində əhatə etmək qeyri-mümkündür.

Xalqın qələbə sevinci 2020-ci il dekabrın 10-da Azadlıq meydanında hərbi paradla  zirvəyə qalxdı, Böyük Zəfər bayramı bütün kənd  və qəsəbələrimizdə davam etdi.

27 sentyabr Anım günüdür həm də. Bundan sonra belə olacaq. Hər il  bu gün torpağı Vətən edənlər xatırlanacaq bir daha. Adın qarşısında baş əyirik, əsgər!..

Zümrüd QURBANQIZI,

“Respublika”.