Qarabağda infrastruktur layihələr mərhələlərlə həyata keçirilir
SİYASƏT

Qarabağda infrastruktur layihələr mərhələlərlə həyata keçirilir

İşğaldan azad olunan ərazilər minalardan təmizləndikcə, bərpa və quruculuq işləri daha geniş vüsət alır

Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

44 gün davam edən müharibə 10 noyabr 2020-ci il tarixində  imzalanmış üçtərəfli Bəyanatla  başa çatıb və Azərbaycan 30 ilə yaxın işğal altında qalmış ərazilərini azad edib. Azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər, demək olar ki, Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb, həmin ərazilərdə yüz minlərlə mina basdırılıb. Minalar isə onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu insanların həyatına təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir. Müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş verib. Belə ki, münaqişə bitdikdən sonra müxtəlif növ minalar və digər partlayıcı qurğuların işə düşməsi səbəbindən 150-dən çox insan minaya düşüb, nəticədə günahsız insanlar həlak olub, yaralanıb. İşğalçı ölkə isə minalanmış ərazilərin xəritələrini verməkdən imtina edib, beynəlxalq və humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq onlarla günahsız insanların həlak olmasına və ya sağlamlıqlarını itirməsinə səbəb olub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritələrini verməkdən imtina etməsi ilə bağlı Azərbaycan dövləti, müxtəlif qurumlar, ictimai təşkilatlar dəfələrlə beynəlxalq səviyyədə məsələ qaldırıb, bununla bağlı   narahatlıqlarını bildiriblər.

2021-ci il iyunun 12-də Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Ermənistanın Azərbaycan tərəfinə təqdim etməsi müqabilində ölkəmizdə əsir saxlanılan 15 erməni hərbi qulluqçusunun təhvil verilməsi ilə bağlı humanitar aksiya həyata keçirilib. Azərbaycanın işğaldan azad edilmiş yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılması faktı, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində öz seçiciləri ilə görüşündə Azərbaycana təqdim olunmuş mina xəritəsinin onlarda olan xəritələrin kiçik bir hissəsi olduğunu rəsmi olaraq bəyan etməsi Azərbaycanın davamlı olaraq beynəlxalq təşkilatlara müraciətlərində bildirdiyi narahatlığın nə dərəcədə əsaslı olduğunu bir daha göstərmiş oldu. Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq humanitar hüququn prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirir.

Bu aylar ərzində Ermənistanın minalanan ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi məsələsinə aydınlıq gətirməsini, insanlığa qarşı bu cinayətin tarixi kitablara yazılacağını unutmamasını bir daha xatırladan Azərbaycan Prezidenti bunu İspaniyanın tanınmış EFE informasiya agentliyinə bölgədə baş verən proseslərlə bağlı   müsahibəsində bildirib: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib. Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır”. Prezident İlham Əliyev minalanmış ərazilər mövzusunda danışarkən bir daha xəritənin verilməsi tələbini bəyan edib, minalanmış ərazilərə görə insanların hələ də öz doğma yurd – yuvalarına qayıda bilməməsini vurğulayıb.

İyulun 3-də Ermənistan işğal zamanı Füzuli və Zəngilan rayonlarında basdırılmış tank və piyada əleyhinə təqribən 92 min mina basdırılmış ərazilərin xəritələrini Azərbaycana verdi. Ağdam rayonundan sonra Füzuli və Zəngilanda minalanmış ərazilərin xəritələrinin alınması Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin və diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirilməlidir. İspaniyanın EFE informasiya agentliyi ispandilli ölkələrin ən nüfuzlu mətbu orqanı  kimi qəbul olunur. Bu media qurumunun yaydığı materiallar dünyanın gündəminə təsir etmək gücündədir. Bu mötəbər agentliyə və eləcə də, ümumiyyətlə Azərbaycan Prezidentinin xarici media orqanlarında müsahibələri, çıxışları beynəlxalq aləmdə həmişə böyük rezonans doğurur. Prosesləri soyuq başla və dəmir məntiqlə, yalnız həqiqət və reallıq prizmasında izah edən İlham Əliyev sadəlik və səmimiyyət müstəvisindən kənara çıxmır. Məhz bu amillər Prezidentin fikirlərinə danılmaz arqumentlə güc və qətiyyət verir.

Onu da qeyd etmək lazımdır ki, bərpa və yenidənqurma işləri üçün ən ciddi əngəllərdən biri məhz işğal dövründə həmin ərazilərdə ermənilər tərəfindən kifayət qədər çox sayda minaların basdırılmasıdır. Xəritələrin təqdim edilməsi ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, infrastruktur işlərinin gedişinə də müsbət təsir göstərəcək. Bu, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə və infrastruktur layihələrinin reallaşmasına təkan verəcək. Eyni zamanda, minaların xəritəsinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azalmasına gətirib çıxaracaq. Həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin sürətləndirilməsi, vaxt və maliyyə itkisinin qarşısının alınması baxımından da həmin xəritələrin ölkəmizə təqdim edilməsi olduqca əhəmiyyətlidir. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə həm yerli, həm də beynəlxalq əhəmiyyətli layihələrə start verilib. Xəritələrin alınması, əlbəttə, bu işlərin daha da sürətləndirilməsinə imkan yaradacaq və ən əsası insan itkilərinin qarşısını alacaq. Bu, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Azərbaycan Böyük Qayıdışa sürətlə və əzmlə hazırlaşır. Yurdlarına qayıdacaqları günü həsrətlə gözləyən insanlar var. Onların rahat yaşamaları üçün işğaldan azad olunan ərazilərdə titanik səviyyəli işlər görülür. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılıb. Prezident bu faktı fransız jurnalistin diqqətinə çatdırmaqla həm də Azərbaycanın sahibi olduğu yurdların inkişafına nə qədər böyük önəm verdiyini dünyaya bəyan etmiş oldu.

 Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad edilən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir. Avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri aparılır. Azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib. Bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib. İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Hazırda azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Göründüyü kimi, minaların araşdırılıb tapılması  böyük vəsaitin  ayrılması zərurəti yaratmaqla yanaşı, həm də zaman, əlavə  şəxsi heyət, texniki imkanlar tələb edir. Dövlətimizin başçısı qeyd edib ki, bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış və böyük vəzifə dayanır. Biz bunu edəcəyik. Bütün zəruri tədbirlər görülüb və maliyyə vəsaiti ayrılıb. Bu il sentyabr ayının 16-da Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  fərmanı böyük miqyaslı minatəmizləmə işlərinin, infrastruktur layihələrinin sürətlə  reallaşmasına təkan verəcək. Bununla yanaşı, İlham Əliyev həm şəxsi görüşlərdə, həm də çıxışlarında xarici şirkətləri Qarabağda bərpa və yenidənqurma işlərində  iştirak  etməyə  dəvət edir. Bu mənada 20 faiz ərazilərimizin işğaldan azad olunması həm də beynəlxalq biznes qurumları üçün də  sərfəli imkanlar açır. Qələbədən sonra regionda diqtə edən tərəf kimi ölkəmizin nüfuzu artıb, həm də xarici investorların maraq dairəsindədir. İqtisadi cəhətdən çox güclü dövlətə çevrilən qalib Azərbaycan  bütün bu vəzifələrin də icrasında möhtəşəm uğurlara tarixi imzasını qoyacaq.

Mustafa KAMAL,

“Respublika”.