Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasında çıxış edib
SİYASƏT

Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasında çıxış edib

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclası keçirilir. Tədbirdə Hərəkata üzv dövlətlərin gənclər təşkilatlarını təmsil edən 100-dən çox gənc iştirak edir. İclasın açılışında xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ceyhun Bayramov çıxışında Qoşulmama Hərəkatının 60 illik yubileyini qeyd etdiyimiz bu əlamətdar ildə qurumun sədri olan Azərbaycanın təşəbbüsü ilə Gənclər Şəbəkəsinin təsis edilməsinin tarixi bir hadisə olduğunu bildirib və Hərəkata üzv dövlətlərin Gənclər Şəbəkənin fəaliyyətinə böyük ümidlər bəslədiklərini qeyd edib.

 Nazir diqqətə çatdırıb ki, Gənclər Şəbəkənin təsis edilməsi hələ Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alınıb. Onun sözlərinə görə, məhz bu Şəbəkə vasitəsilə quruma üzv dövlətlərin gəncləri öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

 Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində Hərəkata üzv dövlətlərin nümunəvi həmrəylik nümayiş etdirdiyini bildirən xarici İşlər naziri, Gənclər Şəbəkəsinin fəaliyyətinin bu həmrəyliyə əlavə töhfə verəcəyini vurğulayıb.

 Çıxışının sonunda 2021-ci il oktyabrın 11-12-də Belqrad şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş yüksək səviyyəli yubiley tədbirindən bəhs edən Ceyhun Bayramov həmin tədbirdə iştirak edəcək Hərəkata üzv dövlətlərin yüksək səviyyəli hökumət rəsmilərinə təqdim olunması üçün Gənclər Şəbəkəsinin üzvlərini Hərəkatın gələcəyinə dair tövsiyələr hazırlamağa dəvət edib.

 Gənclər Şəbəkəsinin təsis iclası 2 gün davam edəcək və iclas müddətində iştirakçı gənclər Şəbəkənin gələcək idarəçiliyi və həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi apararaq müvafiq qərarlar qəbul edəcəklər.

 Qeyd edək ki, bu il 60-cı ildönümü qeyd edən Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məhz Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrə təsadüf etməsi üzv dövlətlər tərəfindən ölkəmizin bu mötəbər quruma ən böyük tarixi töhfələrindən biri hesab olunur. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatını sədrliyi başa çatana qədər Şəbəkəyə rəhbərliyi Azərbaycanın nümayəndəsi həyata keçirəcəkdir.

AZƏRTAC