“Dəmir yumruq
SİYASƏT

“Dəmir yumruq" - birliyimizin və gücümüzün təcəssümü

Müharibə təkcə hərb, güc, döyüş demək deyil, o, həm də zəkaların savaşıdır. Adları dünya hərb tarixinə yazılan sərkərdələr həm də ağlın, sağlam düşüncənin sayəsində döyüş meydanlarını qalib kimi tərk ediblər. Müharibələrin də mərhələləri olur və həlledici döyüşləri, taktiki gedişləri ilə yadda qalır. Elə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qələbəmizi təmin edən "Dəmir yumruq" kimi... "Dəmir yumruq" əməliyyatı mütəxəssislər tərəfindən öyrənildikcə, onun üstünlükləri, fərqli cəhətləri daha aydın görünəcək.

2020-ci il sentyabrın 27-si səhər saat 6:00. Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələri artilleriya qurğuları və minaatanlardan atəşə tutuldu, dinc əhali və hərbçilər arasında ölənlər və yaralananlar oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tank, artilleriya, raket sistemləri və aviasiyadan istifadə etməklə əks-hücum əməliyyatı haqqında əmr verdi. Düşmənin ön müdafiə xətti yarıldı və artıq günün ikinci yarısında Azərbaycan Respublikası Müdafiə Nazirliyi düşmənin böyük itkilər verərək geri çəkilməsi barədə məlumat yaydı. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edildi. Bundan əlavə, Ağdərə rayonunda və Murovdağ silsiləsinin yüksəkliklərindəki erməni postları, o cümlədən Gamış dağında yüksəklikdə yerləşdiyi üçün alınmaz hesab olunan məntəqə məhv edildi. Oradakı erməni qruplaşmasının Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri və dağatıcı bölmələri tərəfindən darmadağın edilməsi Kəlbəcər istiqamətində irliləməyə imkan verdi.

Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklilkəri işğaldan azad edən ordumuz oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzüli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olan 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi azad olundu.

Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbə vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşınyan münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.

Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-dövlət birliyi ölkəmizin qələbəsini təmin edən amillər oldu.

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.

Ali Baş Komandanın əmri ilə "Dəmir yumruq" əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan, Zəfər yürüşünə başlayan Azərbaycan Silahlı Qüvvələri qələbə qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu daha da yaxınlaşdırdı. Belə ki, düşmən bu ərazilərə faktiki, eyni zamanda praktiki cəhətdən yaxşı bələd idi. Bizim döyüşlərdə iştirak etmiş bir çox əsgər və zabitlərimiz bu coğrafiyada ilk dəfə idi ki, vuruşurdu. Qarşımızdakı ordu isə bu yerləri daha yaxşı tanıyırdı. Ermənistan pulsuz əldə etdiyi texnika və hərbi sursatlar hesabına təminatlı orduya malik olsa da, ordumuzun onlara qarşı istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA), "Bayraktar TB2" zərbə pilotsuz təyyarələri və "Zərbə" dronlarının zərbələrindən qaçmaq mümkün olmadı.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövr ərzində inkişaf etdirilmiş, müasir standartlara cavab verən silah və artilleriya, eyni zamanda müxtəlif qoşun növləri ilə təchiz olunan ordumuz düşmən ordusunun önünə peşəkarcasına çıxmışdı. Ermənistanın 30 ilə yaxın bir müddətdə qurduğu bütün istehkamları uğurla yararaq irəliləyən Ordumuzun qəhrəman əsgərləri öz missiyasını da ləyaqətlə yerinə yetirdi. Onlar Şuşa şəhərini böyük şücaət və mərdliklə, dağlardan, meşələrdən, sıldırım qayalardan keçərək, əlbəyaxa döyüşdə düşməni məhv edib işğaldan azad etdilər. Baxmayaraq ki, tarixi qələbəmiz döyüş meydanında əldə edildi, lakin beynəlxalq platformalarda danışıqların aparılması, uzun illər beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması da bu işdə öz səmərəsini verdi. Beləliklə, biz müharibəni döyüş meydanı ilə yanaşı, həm də siyasi arenada qazandıq. Azərbaycan 44 günlük Vətən müharibəsində istəyinə nail oldu. Bu gün Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, "bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir".

Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmadıq. Sübut etdik ki, Qarabağ Azərbaycanın əzəli, əbədi torpağı və ayrılmaz hissəsidir. Cənab İlham Əliyev açıq bəyan etmişdi ki: "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə çəkilməyəcək". Elə də oldu. Azərbaycan Vətən müharibəsini böyük zəfər və tarixi qələbə ilə başa vurdu. "Dəmir yumruq" əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rusiyanın "Nasionalnaya oborona" jurnalına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi, Rusiya ilə əlaqələr, hərbi qarşıdurmaya son qoyan üçtərəfli Bəyannamənin imzalanması ilə bağlı indiyədək ictimaiyyətə bəlli olmayan detalları açıqlayarkən, "Dəmir yumruq" əməliyyatı barədə də danışmışdır: "Rusiyadan gözləntimiz odur ki, Ermənistanı silahlandırmasın. Mən bunu hərbi əməliyyatlar zamanı mənə zəng edən və dayandırmağı tələb edən və ya xahiş edən bir çox Qərb liderlərinə də deyirdim" - deyən İlham Əliyev, həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsinin başlanğıcında həyata keçirilən əməliyyatın heç bir adı yox idi. Ona sonradan "Dəmir yumruq" adı verilib. Belə ki, xalqa müraciətlər zamanı deyilirdi ki, "qarşı tərəf işğal olunmuş əraziləri tərk etməsə "dəmir yumruq" "onun başını əzəcək". Bu sözlər cəmiyyət tərəfindən müsbət qarşılandığı üçün o, əməliyyatı məhz "Dəmir yumruq" adlandırmaq qərarına gəlib.

Dövlət başçısı dünya azərbaycanlılarına müraciətində də bu məsələyə toxunub: "Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi "dəmir yumruq" əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir".

Müharibə bitsə də, məğlub Ermənistan bu dərsdən nəticə çıxarmıyıb. Azərbaycanın ünvanına yalanlar yağdırmaqda, böhtan atmaqda davam edir. Yeni müharibə çağırışları səngimir. Onların sağlam düşüncəli liderə, rəhbərə bu gün həmişə olduğundan daha çox ehtiyacları var. Yeni realllıqlar dəyişməyi tələb edir. Ziyanın yarısından qayıtmaqda da bir fayda var. Başlarını qaldırıb, əgər buna üzləri varsa, yuxarı baxsalar görərlər ki: Azərbaycanın "Dəmir yumruğu" hələ enməyib!..

Zümrüd QURBANQIZI,

"Respublika".