BMT Baş katibinin müavini Azərbaycanın terrorçuluğa qarşı mübarizədə müsbət təcrübəsini təqdir edib
SİYASƏT

BMT Baş katibinin müavini Azərbaycanın terrorçuluğa qarşı mübarizədə müsbət təcrübəsini təqdir edib

Sentyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə edib, terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov ölkədə Qabaqcıl Sərnişin Məlumatı (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin inkişaf etdirilməsində Azərbaycanın əlaqədar qurumlarına göstərdiyi texniki dəstəyə görə BMT-nin Terrorçuluğa qarşı Mübarizə Komitəsinə təşəkkürünü bildirib.

Həmçinin Azərbaycana qarşı son hərbi təcavüzü zamanı Ermənistanın xarici terrorçu döyüşçülərdən istifadə etməsi barədə qarşı tərəfə məlumat verən nazir Ceyhun Bayramov bu xüsusda, xaricdə yaşayan erməni icmasının üzvləri tərəfindən Azərbaycanın suveren ərazilərində terror fəaliyyətini maliyyələşdirmək üçün qeyri-kommersiya təşkilatlarından sui-istifadə etdiyini diqqətə çatdırıb.

Vladimir Voronkov terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir edib və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər, eyni zamanda regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC