Azərbaycanın Baş prokuroru MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
SİYASƏT

Azərbaycanın Baş prokuroru MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib

Sentyabrın 23-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultanda Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, MDB dövlətlərinin prokurorluq orqanlarının və beynəlxalq təşkilatların rəhbər şəxslərinin qatıldıqları tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Şuranın iclasında Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmus uğurlu nəticələr barədə ətraflı məlumat verərək, “Cinayət təqibindən kənar icraatlarda prokurorluğun fəaliyyəti” mövzusunda çıxış edib.

Çıxışda ölkəmizdə prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilib.

İclasda, həmçinin MDB dövlətlərinin Baş prokurorlarının və beynəlxalq təşkilatların rəhbərlərinin cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı prokurorluqların rolu haqda çıxışları dinlənilib.

Sonra təşkilati məsələlər müzakirə edilərək əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanıb.

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Şuranın növbəti il üçün sədri seçilib, Katibliyin məsul vəzifələrinə seçkilər keçirilib.

Şuranın 32-ci iclasının 2022-ci ildə Belarus Respublikasının paytaxtı Minskdə, 2023-cü ildə isə Bakıda keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Gizat Nurdauletov və Rusiyanın Baş prokuroru İqor Krasnov ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin səfər çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandum” imzalanıb.

Baş prokuror Kamran Əliyevin Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan və Moldovanın Baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdə mövcud əlaqələr və əməkdaşlığın perspektivləri ətrafında faydalı müzakirələr aparılıb.

Tədbirlərdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov da iştirak edib.

AZƏRTAC