AZƏRBAYCAN POLİSİ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ SAYIQLIĞINI DAHA DA GÜCLƏNDİRİR
SİYASƏT

AZƏRBAYCAN POLİSİ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ SAYIQLIĞINI DAHA DA GÜCLƏNDİRİR

Azərbaycan-Ermənistan sərhədinin Qubadlı rayonundan keçən ərazisində, Gorus və Qafan rayonlarını birləşdirən magistral avtomobil yolunda bu yaxınlarda qurulmuş polis postunda xidmətdə olan həmvətənimizin öz vəzifəsini necə yerinə yetirməsini əks etdirən videogörüntülər son günlər trendə çevrilib.

Belə videokadrlardan birində Azərbaycan daxili işlər orqanının vətənpərvər əməkdaşının baxış keçirdiyi ermənilərə məxsus avtomobilin üzərindən qondarma rejiminin “atribut”unun təsvirini öz süngü-bıçağı ilə qaşıyıb-sökdüyü görünür. Bu mənzərəni nə vaxtsa seyr etməyi illər boyu arzulasaq da, onun tezliklə real olacağını güman etmirdik. Məhz möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə  rəşadətli ordumuzun apardığı 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfər torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin öz sərhədlərinə nəzarəti tam ələ alması və suveren hüquqlarını həyata keçirməsi barədə arzularımızı gerçəkləşdirdi. Dövlətimizin başçısının hərbi-siyasi və diplomatik addımları, qəhrəman hərbçilərimizin qanı-canı bahasına Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, torpaqlarımızı otuz ilə yaxın işğal altında saxlayıb, hərbi cinayətlər, təbiətə və bəşəriyyətə qarşı terror törədən erməni faşizmi məhv edildi.    

Böyük Qələbənin əldə olunmasında Azərbaycan daxili işlər orqanlarının özünəməxsus sanballı payı vardır. Ordumuzun tərkib hissələrindən olan daxili qoşunların xüsusi təyinatlıları 44 günlük Vətən müharibəsində hünərlə vuruşublar, Murov zirvəsinin, Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azad edilməsi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstəriblər.

Onlardan 66 nəfəri şəhid olub, 346 nəfəri yaralanıb. Dövlətimizin başçısı Daxili Qoşunların döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqlənən 1377 hərbçisini orden və medallarla təltif edib, 1-i ölümündən sonra olmaqla, 4 nəfərini Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüb.

Gələn il yaradılmasının 30-cu ildönümü qeyd olunacaq Daxili Qoşunlar Daxili İşlər Nazirliyinin tabeliyindəki hərbi birləşmə kimi şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının cinayət və digər hüquqazidd qəsdlərdən qorunmasında fəal iştirak edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə də Daxili Qoşunlar onlara həvalə edilmiş vəzifələri layiqincə yerinə yetirirlər.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə ötən il sentyabrın 28-dən dekabrın 12-dək ölkəmizdə hərbi vəziyyət elan edilib və həmin dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Ağstafa rayonlarında komendant saatı tətbiq olunub. Komendant saatının tətbiqindən irəli gələn tədbirlər Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilib. Bundan başqa, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında”  29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, ölkəmizin inzibati ərazi bölgüsünə müvafiq qaydada hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb, komendantların təyin edilməsi və fəaliyyətinin təşkil olunması Daxili İşlər Nazirliyinə tapşırılıb. Müvəqqəti komendantlıqlar hazırda da fəaliyyət göstərir, onların nəzdində bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə əməliyyat qərargahları da yaradılıb.

Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi, kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi, aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi, qanunvericiliklə  müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi ilə bağlı vəzifələri yerinə yetirirlər.

İşğaldan azad edilmiş, lakin mina və partlamamış sursatlarla dolu olan ərazilərə mülki şəxslərin müvəqqəti komendantlıqların nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərməsi halları son vaxtlara qədər çox ciddi məsələlərdən biri idi. Daxili İşlər Nazirliyi belə şəxslərin özlərini təhlükəyə atmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı profilaktik tədbirlər həyata keçirir, həmçinin qanunsuz yollarla ərazilərə keçən şəxslər aşkar edilərək barələrində qanunvericiliyin tələbinə uyğun inzibati tədbirlər görür.

Ümumiyyətlə, polis və Daxili Qoşunlar milli maraqların, sabitliyin və asayişin keşiyində mətinliklə dayanır, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün səylə çalışırlar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm Zəfərlə nəticələnən Vətən müharibəsi günlərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə hərbi vəziyyət rejimini etibarlı şəkildə təmin edib, hazırda isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir. Belə ki, işğaldan azad edilmiş rayonlarda polis şöbələrinin fəaliyyəti bərpa edilib, şəxsi heyətin öz vəzifələrini lazımi qaydada yerinə yetirməsi üçün zəruri texniki-məişət şəraiti yaradılıb. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində polis əməkdaşlarına hətta ailələri ilə birlikdə məskunlaşmaq imkanı da yaradılıb.

Daxili işlər orqanlarının şəxsi heyətinə  Vətən müharibəsinin gənc iştirakçılarının qəbul edilməsi son vaxtlar təqdirəlayiq ənənəyə çevrilib. Daxili İşlər Nazirliyi vaxtaşırı özünün rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və kütləvi informasiya vasitələrində elan yerləşdirərək, fiziki, mənəvi və bilik səviyyəsinə görə polis orqanlarında xidmətə yararlı olan gəncləri işə dəvət edir. Hər dəfə yüzlərlə gəncdən onlayn qaydada müraciət alınır və onlardan daha hazırlıqlı olanlar seçim turunun növbəti mərhələsinə buraxılır. Ənənəyə uyğun olaraq, bu il də Daxili İşlər naziri polis general-polkovniki Vilayət Eyvazov belə gənclərlə sıra baxışı keçirib, onlara zəruri tövsiyələrini verib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin  gələcək inkişafının yüksək intellektual imkanlara malik,  müasir texnologiyaları mükəmməl bilən, ən başlıcası, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, dövlətçiliyə sadiq gənclərlə bağlı olduğunu dəfələrlə bəyan edib. Polisə işə qəbul zamanı bu keyfiyyətlərə xüsusi diqqət yetirilir. Taleyini polis peşəsinə bağlamağa hazırlaşan gənclər qarşısında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclər siyasəti və bu siyasətin prioritetlərini diqqətə çatdıran nazir, onlara polis adını və şərəfini uca tutmağı, bilik və bacarıqlarını, dünyagörüşlərini daim artırmağı, öz üzərlərində səylə çalışmağı və vətəndaş məmnunluğunun təmininə layiqli töhfələrini verməyi tövsiyə edir.

Bu ilin mart ayından etibarən nazirliyin mətbuat xidmətinin vakant polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışının keçirilməsinə dair məlumatlarında seçim turunun növbəti mərhələsinə buraxılan iddiaçılar arasında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş gənclərin sayı ayrıca göstərilir. Həmin məlumatlara əsasən, iddiaçılar arasından növbəti seçim turuna buraxılanların mart ayında 57, aprel ayında 36, iyun ayında 33,  avqust ayında 62, sentyabr ayında 77 nəfəri Vətən müharibəsinin iştirakçısı olub. Bundan başqa,  şəhid ailələrindən olan 9 nəfər də növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Bu gün Azərbaycan daxili işlər orqanlarının, onun cəsur və mənəviyyatca saf əməkdaşlarının qarşısında mühüm vəzifələr durur. Şərqi Zəngəzurda və Qarabağda xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar və hərbçilər bu vəzifələri yerinə yetirərkən xüsusilə diqqətli və sayıq olmalı, dövlətimizin və xalqımızın maraqlarının yüksək səviyyədə qorunmasını təmin etməlidirlər. Bu gün dövlət sərhədlərimizdə təşkil edilən polis postlarından gələn xəbərlər onların öz işlərini peşəkarlıqla və vətənpərvərliklə gördüklərini bir daha təsdiqləyir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.