Azərbaycan Avropa İttifaqı və ona üzv olan ölkələrlə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir
SİYASƏT

Azərbaycan Avropa İttifaqı və ona üzv olan ölkələrlə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir

Müstəqil Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə münasibətlərin daha da genişləndirilməsi, eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir. Şərq-Qərb nəqliyyat kommunikasiya dəhlizinin yaradılması, iqtisadi və siyasi islahatların aparılması, infrastrukturun inkişaf etdirilməsi sahəsində ölkəmiz Avropa İttifaqı ilə əlaqələrini daha da möhkəmləndir, diplomatik münasibətlər, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurduğu əlaqələri gündən-günə inkişaf etdirir. Bütün beynəlxalq və regional məsələlərə münasibətdə norma və prinsiplər çərçivəsində ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı əlaqələrə üstünlük verən Azərbaycan Avropa İttifaqı kimi nüfuzlu qurumla siyasi, iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə də əməkdaşlıq edir.

1996-cı il aprel ayının 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən  imzalanan Sazişin 1999-cu ilin iyun ayında qüvvəyə minməsi  ölkələr arasında siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin həyata keçirilməsində mühüm rol oynamışdır. Azərbaycan  2004-cü ildə isə Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirmək məqsədi daşıyan “Avropa qonşuluq siyasəti”nə qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

2008-ci ildə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulan Azərbaycan 2009-cu ildən bu proqram çərçivəsində əməkdaşlığı daha da genişləndirmiş və yeni mərhələyə qədəm qoymuşdur.

2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmuş və hər iki tərəfin bu prinsiplərə sadiqliyi həmin sənəddə öz əksini tapmışdır. Azərbaycanın xarici siyasətində əldə etdiyi uğur kimi dəyərləndirilən bu sənədlər ölkəmizin Avropaya inteqrasiya olunmasında, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələrinin qəbul edilməsində bu sənədlər mühüm rol oynamışdır.

Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olan Azərbaycan Avropa İttifaqı və ona üzv olan ölkələrlə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. Möhkəm təməl üzərində qurulan əsas ticarət tərəfdaşlığı  Azərbaycanın ticarət əlaqələrinin 40 faizinin Avropa İttifaqı ilə qurulmasında bir daha özünü göstərir. Belə ki, ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olan ölkəmizin Avropa İttifaqına üzv dövlətlərə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı, Aİ-yə üzv dövlətlərdən 1700-dən çox şirkətin Azərbaycanda fəaliyyət göstərməsi üzv dövlətlərlə əlaqələrin yüksək səviyyədə olmasının və iqtisadi fəaliyyətin nümunəsidir. Bu gün Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir ki, bu da ilk növbədə gənc, müstəqil Azərbaycan dövlətinin nailiyyəti və eyni zamanda gələcək strateji əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi, siyasi, energetika və s. sahələrdə mövcud olan münasibətlər uğurla inkişaf etdirilir. Bu baxımdan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşı olan Azərbaycan  Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı bazarına çatdırılmasında həlledici rol oynayır. Belə ki, 2006-cı ildə enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu bu sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi sahəsini müəyyənləşdirən Memorandum Azərbaycan-Avropa İttifaqı enerji əməkdaşlığı  sahəsində tarixi sənəd kimi qəbul olunur. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarının Avropa bazarına gətirilməsində və Aİ-nin enerji təhlükəsizliyinin genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Eyni zamanda, İslam ölkəsi olmasına baxmayaraq, dünyəviliyini, tolerantlığını hər zaman qoruyan Azərbaycan Avropa və Asiyanın quru və hava yollarının kəsişməsində yerləşməklə Avropanı daha çox  cəlb edir.

Bu ilin iyul ayında  Azərbaycana işgüzar səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyev birgə mətbuat konfransında bəyanatlarla çıxış etmişlər. Ölkə başçımız İlham Əliyev prezident Ş.Mişelin Azərbaycana səfərini tərəfdaşlığın yüksək göstəricisi kimi qiymətləndirmiş və bütün sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyini vurğulamışdır: “Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri  xüsusilə Cənub Qaz Dəhlizi Layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”.

Prezident İlham Əliyev çıxışı zamanı Cənub Qaz Dəhlizinin həmçinin enerji təhlükəsizliyi layihəsi olduğunu vurğulamış, Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurasının bu layihənin uğurla həyata keçirilməsində mühüm rol oynadığını diqqətə çatdırmışdır. Belə ki, 33 milyard ABŞ dollarından çox investisiya yatırılmış Cənub Qaz Dəhlizi vasitəsilə Avropa istehlakçıları etibarlı xam neftlə təmin olunur. Aİ-nin qaz təchizatçısı kimi Azərbaycanın potensialı gündən-günə artır ki, bu da tərəfdaşlığımızın daha da etibarlı və möhkəm olmasına zəmin yaradır.

Azərbaycan tranzit mövqeyinə görə Avropa İttifaqının Şərq-Qərb nəqliyyat konsepsiyasının əsas ölkələrindən biridir. Region üçün sülhün, sabitliyin inteqrasiyanın qarantına çevriləcək Zəngəzur dəhlizi regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa və Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq.

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması, strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin effektiv nəqliyyat infrastrukturuna çevrilməsi xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türkiyədən başlayaraq, quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir.

Azərbaycan-Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Bu gün Azərbaycan, Şərq və Qərb, eyni zamanda Şimal və Cənub nəqliyyat dəhlizinin yaradılmasında, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edən Azərbaycan enerji sahəsində də strateji əməkdaşlığın gözəl nümunəsini nümayiş etdirir.

Lakin bu əməkdaşlığa kölgə salan məqam isə demokratik prinsiplərdən, insan hüquqlarından, qanunun aliliyindən bəhs edən Avropa İttifaqının  Azərbaycana qarşı  cinayətlər törətmiş Ermənistana 2,6 milyard avro maliyyə paketinin verilməsini təsdiqləməsidir.  Avropa İttifaqı ilə tərəfdaşlığı xarici siyasətinin əsas prioritetlərindən biri hesab edən, Avropa İttifaqının əsas ticarət tərəfdaşlarından olan  Azərbaycan  torpaqlarının 30 illik işğalı dövründə  erməni vandalizmi ilə üzləşməsinə baxmayaraq, Avropa İttifaqının işğalçı dövlətə yardım vəd etməsi Aİ ilə Azərbaycan arasında münasibətlərin əhəmiyyətinə, ikitərəfli əlaqələrin  inkişaf perspektivinə xələl gətirə bilər.

İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı ölkə başçısı İlham Əliyev demişdir: “Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik”.

30 illik işğaldan milyardlarla avro ziyan çəkmiş ölkəyə deyil, Qarabağı yer üzündən silmiş  işğalçı dövlətə 2,6 milyard avro həcmində iqtisadi  yardım təklif edilməsi demokratik prinsiplərdən deyil, əksinə ikili standartlardan xəbər verir. İşğaldan azad olunmuş ərazilərində nəhəng layihələr həyata keçirən,  şəhərlər və kəndlər, qəsəbələr  salan, hava limanları, yollar tikən, minalanmış əraziləri minalardan təmizləmək üçün  külli miqdarda vəsait sərf edən  Azərbaycana da ən azından eyni həcmdə məbləğ təklif olunmalıdır. Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan Azərbaycana  münasibətdə Avropa İttifaqı dürüst olmalı, erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin  təzyiqinə  baxmayaraq, münasibətləri  dostluq, qonşuluq istiqamətində inkişaf etdirməlidir.

Mehparə ƏLİYEVA,

                                                                                                              “Respublika”.