30 illik müstəqillik dövrünün ən şanlı səhifəsi
SİYASƏT

30 illik müstəqillik dövrünün ən şanlı səhifəsi

Labüd olduğunu azərbaycanlıların həmişə dönə-dönə söylədikləri “Qarabağ-Azərbaycandır” nidası felən baş vermişdir. Bu millətimizin möhkəm mənəvi iradəsi, birliyi, diriliyi və gücü hesabına əldə olunmuşdur. Qazanılmış böyük Qələbə millətimizə dərk edilmiş könüllü fədakarlıq və qurbanlar bahasına nəsib olmuşdur. Məhz buna görə səbirsizliklə gözlənilən və can fədakarlığı ilə qazanılan bu Qələbə Azərbaycan xalqı üçün müqəddəs, doğma və əzizdir.

Baş vermiş tarixi Zəfər şərəfinə hələ uzun illər möhtəşəm fikirlər söylənəcək, əsərlər yazılacq, bədii kompozisiyalar bəstələnəcəkdir. Yağı düşmən və onun əli qanlı riyakar havadarları üzərində qazanılmış bu şanlı Qələbə, eyni zamanda təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesi kimi dəyərləndirilməyəcək. Bu möhtəşəm zəfər, habelə xalqımızın mənəvi-əxlaqi, siyasi-təşkilati, milli bütövlük və saflıq identifikasiyasının özünəqayıdışının bir şəhadəti olacaqdır. Nəticə etibarı ilə bu o deməkdir ki, azərbaycanlıların bir mıllət kimi substantiv olaraq ruhən və cismən bütövləşməsi prosesi tam və qəti şəkildə başa catacaqdır. Bu millət və onun qurduğu dövlət əbədidir - fikri bir daha təsdiqlənəcəkdir.

Millətimizin bu tarixi qələbəsində milli birlik, tarixi, mənəvi-əxlaqi ədalət hissi, haqqa olan sonsuz inam, gəncliyin milli sədaqəti, milli ordunun hərbi qüdrəti, şəhidlik zirvəsi, dost və qardaş dəstəyi - bir ruhi cövhər kimi qaynaqlanacaqdır. Kürəsal miqyasda tarixi ədaləti təmin etmək iqtidarında olan bir millət, eyni zamanda bu işi, ölkə daxilində də onun bütün sferalarında - dövlət quruculuğunda, kadr və məmur keyfiyyətində, iqtisadiyyatda, təhsil və səhiyyə sistemində, ictimai həyatda - əmək kollektivlərində, konkret fərdlər arasındakı münasibətlərdə - bir toplum olaraq təmin edə biləcəkdir. Bu baxımdan, şanlı zəfər tarixi yazan bir millət və dövlətin bilavasitə prinsipial idarəçiliyi və rəhbərliyi altında hərbi quruculuq işinin düzgün formalaşdırılması nəticəsində əldə olunan bu Qələbə, Azərbaycan dövlətinin və millətinin digər xarici və daxili fəaliyyət sahələrində də əldə edəcəyi möhtəşəm uğurların yeni başlanğıcı olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə formalaşdırılmış Qarabağ iqtisadi payonu 2020-ci il Vətən müharibəsundən sonrakı dövrdə bərpa və quruculuq işlərinin möhtəşəm platsdarmına çevrilməkdədir. Müasir mərhələdə işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması, tikinti abadlıq işlərinin görülməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində yeni layihələr hazırlanması prosesi sürətlə getməkdədir. Bu baxımdan, Qarabağ Dirçəliş Fondunun yaradılması, Füzuli aeroportunun tikilməsi, Füzuli - Şuşa avtomobil yolunun çəkilməsi çox böyük önəm daşıyır. Qeyd edək ki, təkcə 2021-ci ildə dövlət büdcəsində Qarabağda quruculuq işlərinin aparılması üçün 2,2 mlrd. manat vəsait xərclənməsi nəzərdə tutularaq icra olunmaqdadır.

Apardığımız təhlillər əsasında gəldiyimiz qənaət belədir ki, Qarabağ iqtisadi rayonunun maliyyə potensialını (regionun öz vəsaiti və cəlbedilmiş resurslarının məcmusu) 2050-ci ilədək olan dövrdə ölkə maliyyə potensialının 30-40 faizinədək yüksəlmək ehtimalı kifayət qədər realdır. Qeyri karbohidrogen ehtiyatları sektorunun dinamik artımı və iqtisadiyyatın şaxələndirilməsi prosesinin dərinləşməsi, bizə bu qənaətə gəlməyə əsas verir. Qeyd edək ki, təkcə Qarabağın Dağlıq bölgəsinə 1971-1985-ci illərdə, təqribən 96,6 mln. ABŞ dolları (483 mln. sovet rublu) sərmayə yatırılmışdır ki, bu da ildə orta hesabla 6,5 mln. dollar investisiya demək idi. Qarabağın Dağlıq bölgəsinin həmin dövrdə, onun aran bölgəsindən 0,7-0,8 dəfə üstün sürətlə inkişafını nəzərə alsaq, hətta Sovet dövründə belə Qarabağ iqtisadi rayonunun kifayətedici iqtisadi potensiala malik olmasını qeyd etməliyik. 30 illik işğal dövründə barbarcasına dağıdılmış bu potensialın bərpasına və tədrici inkişafına 2021-ci ildən etibarən start verilmişdir.

Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi sahələrinin müvazinətli və dinamik inkişafı fonunda tərəqqi edən Qarabağ iqtisadi rayonunun əsrimizim ortalarına doğru bütün Qafqazın mini “İsveçrəsinə” çevrilməsi proqnozunu tamamilə real hesab edirik. Onlarla yerli və xarici banklar və filialları, sığorta və broker şirkətləri, investisiya fondları və maliyyə qurumları, nəqliyyat və turizm şirkətləri - bütün bunlar nəhəng infrastruktur konqlomeratın fundamental əsaslarını formalaşdıracaqdır. Logistik kommunikasiya əlaqələri, böyük nəqliyyat-avtomobil, dəmiryolu və hava dəhlizləri nəhəng kapital axınlarına şərait yaradacaqdır.

İqtisadiyyatın ənənəvi sahələri kənd təsərrüfatı, emaledici sənaye, yüngül, o cümlədən toxuculuq sənayesi, yeyinti-ərzaq istesalı, kənd təsərrüfatı maşınqayırması və cihazqayırma, tikinti sektoru, aktiv turizm, xidmət və əyləncə sektoru, sanatoriya-kurort müalicəsi və s. sahələrin inkişafı Qarabağ regionunun iqtisadi və maliyyə potensialının yüksəldilməsinin real maddi bazasına çevriləcəkdir.

 

Nizami XUDİYEV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin Maliyyə və maliyyə institutları

kafedrasının professoru, iqtisad elmləri doktoru.