QARABAĞ AZƏRBAYCANDIR!
SİYASƏT

QARABAĞ AZƏRBAYCANDIR!

TARiXi 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012 oktyabr tarixli saylarımızda)

13 oktyabr 2020-ci il

BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb. Reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirib.

***

İtaliyalı deputatlar Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumlarını pisləyiblər. İtaliyanın "Liqa" partiyasından senator və deputat, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Senatın Xarici Əlaqələr Komissiyasının üzvü Stefano Lucidi, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossano Boldi və senator, "İrəli, İtaliya" siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini Maria Rizotti kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozaraq Azərbaycanın müxtəlif yaşayış məntəqələrini raket atəşinə tutmasını, nəticədə, çoxsaylı mülki şəxslərin həlak olması və yaralanmasını qəti şəkildə pisləyiblər.

***

"The Times of İsrail" saytında Bakı Dağ Yəhudiləri Dini İcmalarının rəhbəri Milix Yevdayevin "Dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik" adlı məqaləsi dərc edilib. Məqalədə deyilir ki, "Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələr, çəkişmələr, digər xoşagəlməz hallar olmamışdır... Yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və bundan qürur duyur, Azərbaycanı öz doğma vətəni hesab edirlər... Harada yaşamağımızdan, harada olmağımızdan asılı olmayaraq biz həmişə azərbaycanlıyıq".

***

Gəncə şəhərinin vətəndaş cəmiyyəti təsisatları Ermənistanın dinc azərbaycanlı əhalini hədəfə almasını pisləyən bəyanat qəbul ediblər. Bəyanatda deyilir: "Cəbhə zonasından 70 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin oktyabrın 11-də gecə saat iki radələrində Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutulması ilə əlaqədar bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür... Təcavüzkar Ermənistan bu terror hərəkətləri ilə Gəncə sakinlərinin mübarizə əzmini qətiyyən azalda bilməyəcək”.

(davamı növbəti saylarımızda)