Regionda dayanıqlı inkişaf, sülh və təhlükəsizlik təmin edilməlidir
SİYASƏT

Regionda dayanıqlı inkişaf, sülh və təhlükəsizlik təmin edilməlidir

Rəsmi Bakı 10 noyabr tarixli Bəyanatın mühüm əhəmiyyət kəsb etməsinə diqqət çəkir. Və bu bəyanatın əslində bütün vacib elementləri əhatə etdiyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını göstərir. Azərbaycan Bəyanatdan irəli gələn bütün müddəaları icra edir. İndi yüz minlərlə qaçqın və məcburi köçkünün doğma yurd yerlərinə qayıtmaq imkanı var. Müharibədən sonra regionda yaranan yeni reallıqlar yeni perspektivlərə yol açır. Rəsmi Bakı əmindir ki, bu gün diqqətlər müharibədən sonrakı inkişafa və əməkdaşlığa yönəldilməlidir. Diqqətlər gələcək barışığa apara biləcək, təhlükəsizliyi təmin edəcək elementlər üzərində cəmləşdirilməlidir.

Təəssüf ki, Ermənistanda parlament seçkiləri ərəfəsində revanşist hisslərin gücləndirilməsi və bir-birini aradan qaldırmağa hazır olan bütün siyasi qüvvələri birləşdirən yeganə amilin azərbaycanofobiya üzərində qurulması bölgədə vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir. Əslində bu ölkənin bütün siyasi qüvvələri uzun illər ərzində Azərbaycanı erməni cəmiyyətinə düşmən kimi təqdim edib, ictimai rəyi çaşdırmaqla xalqımızla bağlı tamamilə mənfi fikirlər yaradıblar. Bu gün də belədir. Daxili siyasi təbliğat səbəbindən bu ölkənin sadə insanları həqiqətlərdən təcrid olunublar. Ermənistan cəmiyyəti bilməlidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Tarixə və beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan əraziləri geri qaytardı. Rəsmi Bakının tələbi legitim idi. Bir milyon azərbaycanlı öz evlərinə qayıtmalı idi. Beynəlxalq hüququ pozan və Azərbaycan ərazilərini işğal edən ölkə Ermənistan idi.

Ermənistan yarandığı ilk günlərdən terrora dövlət səviyyəsində dəstək verib. Ermənilər tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı kütləvi qətliamlar törədib. Soyqırımı aktları həyata keçiriblər.

Ermənilərin bu cinayət əməllərinin miqyasına və nəticələrinə diqqət yetirsək, belə qənaətə gəlmək olar ki, bu soyqırımı və terror aktları həm beynəlxalq hüquq normaları ilə təsbit edilən konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayətdir. 1905-1907-ci illərdə soydaşlarımıza qarşı baş verən kütləvi qətliamdan sonra azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırıma məruz qalması tarixin sonrakı dövrlərində də davam edib. Tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövləti öz havadarlarının dəstəyilə Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasəti yürüdüb. Beləliklə, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini görünməmiş qəddarlıqla həyata keçiriblər. Dünya ictimaiyyəti 2020-ci ilin sentyabr-noyabr aylarındakı 44 günlük müharibədə də Ermənistanın qadağa olunmuş silahlardan istifadə etməsinə, mülki şəxsləri hədəfə almasına, beynəlxalq hüquq normalarını kobud surətdə pozmasına şahidlik etdi. Bu faktlar ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırımı və terror aktlarının daha bir nümunəsi kimi tarixin səhifələrinə yazıldı.

Erməni liderləri mif və yalan əsasında düşmən obrazı yaradıb öz xalqını uydurma tarixlərinin girovuna çeviriblər. Ermənistan cəmiyyətinin indi bu yalanların əsirinə çevrilməsini bunun çox ciddi psixoloji dram olmasını vurğulayan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bildirib ki, bu liderlər hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışırdılar: “Deyirdilər ki, döyüşü udurlar, deyirdilər ki, yeni əraziləri nəzarətə götürürlər və de-fakto hamı bilirdi ki, döyüş meydanında bunun tam əksi baş verirdi. Beləliklə, birincisi, onlar reallığı çox aydın şəkildə başa düşməlidirlər. Regionda yeni reallıq yaranıb, daha dəqiq desəm, Azərbaycan tərəfindən yaradılıb və Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyirdi”.

Hazırda növbədənkənar parlament seçkiləri ərəfəsində bu ölkənin bütün siyasi qüvvələrinin liderləri tamamilə əks-təsir göstərən Ermənistanın həqiqətən də müstəqil olmasına imkan verməyən bu siyasəti davam etdirirlər.

Lakin nə baş verməsindən asılı olmayaraq Azərbaycanın və Ermənistanın gələcəyə baxmasının vacibliyini bildirən cənab İlham Əliyev vurğulayıb ki, biz bu səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq.

Bunun üçün rəsmi Bakının artıq təklifi və təşəbbüsü də olub. Azərbaycan Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olduğunu da bəyan edib. Sülhün, təhlükəsizliyin təminatı üçün Azərbaycan birtərəfli qaydada addımlar ata bilməz. Bunun üçün qarşılıqlı səylər vacibdir. Azərbaycan 10 noyabr razılaşmasından sonra mühüm məsələlər üzərində Ermənistanla birlikdə işləməyə hazır olduğunu nümayiş etdirən bir neçə dəfə mühüm jest də etmişdir. Onlardan biri də humanitar məsələ olub. Azərbaycan müharibə zamanı saxlanılanların hamısını, o cümlədən qaçıb gedərkən tərk edilən mülki şəxsləri dərhal azad etdi. Çox sayda yaşlı erməninin qayğısına qalan Azərbaycan onların xəstəxanalarda müalicə almasına şərait yaratdı. Qırmızı Xaç vasitəsilə onlar sağ-salamat geri qayıtdılar.

Amma 1990-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal edən Ermənistan bunu etməmişdi. Meşələrdə, dağlarda azərbaycanlıların cəsədlərini axtarırdıq. Azərbaycan 1600 əsgərin cəsədini Ermənistana qaytardı. Birinci Qarabağ müharibəsindən sonra 4000 Azərbaycan hərbçisi hələ də itkindir, onların əksəriyyəti qətlə yetirilib və Ermənistan bizə heç bir cəsəd qaytarmayıb. Müharibə dayanandan sonra da Azərbaycan Ermənistanın hərbi cinayətlərinin əziyyətini çəkir, 100-dən çox mülki şəxs və hərbçilər minaya düşərək həlak olub və ağır yaralanıb. Bu diqqətə çatdırılan faktların qarşısında Azərbaycanla Ermənistanı müqayisə edin, hər şey göz qabağındadır. Fərq budur! Rəsmi Bakı Ermənistan vətəndaşlarına Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən keçməklə Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə verib. Rəsmi Bakı Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verib. Rusiya tərəfdə təmir işləri getdiyinə görə bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə etdilər. Ermənistan hökuməti öz xalqını Azərbaycanın atdığı bu humanist addımlarla məlumatlandırırmı? Əlbəttə, yox... Bu yaxınlarda rəsmi Bakı ərazilərimizdə saxlanılan 14 erməni hərbçisini könüllü şəkildə azad etdi. Ermənistan buna görə Rusiya sülhməramlılarına və ABŞ administrasiyasına təşəkkür etdi. Lakin həmin şəxsləri azad edənlərə təşəkkür etmədilər. Bax, bu müqayisəli şəkildə bir daha diqqətə çatdırılanlar Ermənistanın normal davranışa və münasibətlərə hazır olmadığını göstərir. Ermənistanda siyasi qüvvələrin liderləri hər zamankı kimi, yenə də uydurma tarixi və yalanı gerçək yerinə öz xalqına təqdim etməklə ənənəvi əsassız iddialarından əl çəkmirlər. Ermənistan tərəfi Azərbaycan rəsmiləri tərəfindən eşitdiklərini özlərinə sərf edən şəkildə yozmaqla məşğuldur. Onlar həqiqəti söyləməkdən “oddan su qorxan” kimi qorxurlar.

Həqiqət isə odur ki, məhz Ermənistan beynəlxalq hüququn, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinin əleyhinə çıxış edərək uzun illər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib. Azərbaycan hər zamankı kimi, bu gün də beynəlxalq hüququn sözügedən prinsipləri əsasında ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və daim bu mövqedən çıxış edir.

Ermənistan rəsmiləri yalan dolu ənənəvi əsassız iddialarını bir tərəfə qoyub bu həqiqətləri nə qədər tez anlayarsa, erməni xalqı bir o qədər tez bölgədə dayanıqlı sülh və təhlükəsizlikdən faydalana bilər.

Azərbaycan əməkdaşlığa və ümumi gələcəyin planlaşdırılmasına açıqdır. Çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik, - deyən dövlətimizin başçısı cənab İlham Əliyev bildirib ki, bu, asan deyil, burada emosiyalar var: “Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir”.

Şükür ƏLİZADƏ,

“Respublika”.