XƏBƏR LENTİ

Cümə, 23 Aprel 2021 06:31

Energetika: Xidmət keyfiyyəti abonentləri razı salır

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun regionlarda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yeni elektrik paylayıcı şəbəkələr gücləndirilir, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına maksimum səy göstərilir.

 

Ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə start verilib, enerji sisteminin etibarlılığı və dayanıqlılığı təmin edilib. Son illərdə çoxsaylı yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı ilə bağlı çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə güclü önəm verilir.

Paytaxtın hər yerində olduğu kimi, Nərimanov rayonunda da abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı məqsədilə təqdirəlayiq işlər görülür, bütün ərazilərdə texniki dəyişikliklər uğurla həyata keçirilir.

Biz Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zaur Fərzəliyevlə söhbət edərkən o, görülmüş işlərdən danışaraq dedi:

—Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi xarakterizə olunur.

Hazırda rayonun ərazisində əhali sektorunda 65140, qeyri-əhali sektorunda 5901 abonent qeydə alınmışdır.

2021-ci ilin üç ayı arxada qalmışdır. Energetiklərin birgə səyi nəticəsində birinci rübdə uğurlu nəticələrə imza atılmış, iş prosesində qabaqcıl texnologiyanın tətbiqinə geniş yer verilmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə yığım faizi artmışdır. Əhali arasında geniş maarifləndirmə işləri aparılmış, təhlükəsizlik texnikasının qorunub saxlanılması diqqət mərkəzində olmuşdur.

Energetiklərin yaxşı işi sayəsində ötən 3 ay ərzində 227 saylı yarımstansiyadan 128 saylı transformator məntəqəsinə kabel xətti çəkilmiş, 281-ci TM-dən 712-ci TM-ə yeni kabel xəttinin çəkilişi uğurla başa çatdırılmışdır.

Birinci rübdə 488, 415, 455, 16 yarımstansiyalarda və İslam Abışov küçəsində SİP xətlərində təmir işləri aparılmışdır.

29 TM-də, 12 ədəd KTM-də təftiş işləri aparılmış, kabel və avadanlıqlar sınaq olunmuş və mühafizələr yoxlanılmışdır.

ASAN kommunalın verdiyi texniki şərtlərə əsasən abonentlər elektrik enerjisi ilə təmin olunmuşdur.

Üç ay ərzində 16 ədəd TM-dən və 12 ədəd KTM-dən qidalanan binalarda giriş paylayıcı və sayğaclar təmir olunmuşdur.

Pilot layihəyə əsasən Həsənoğlu 16 və 16a saylı binalar, Təbriz və Ə.Vahid, Ə.Əlizadə küçələrinin kəsişməsindəki həyət evləri söküldüyü üçün elektrik işləri və elektrik xətləri demontaj olunmuşdur.

Ayrı-ayrı ərazilərdəki dayaqlar rənglənmişdir.

İdarədə gənc kadrların seçilib, yerləşdirilməsi də diqqət mərkəzindədir. Şübhəsiz ki, bu da işin ahəngdar getməsinə müsbət təsir göstərəcəkdir.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək, təcrübəli kadr potensialı hazırlamaq üçün bir neçə il öncə “Azərişıq”da Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkəsində istifadə olunan və gələcəkdə istifadə olunacaq müasir texniki avadanlıqların quraşdırılması, texniki qaydaların öyrənilməsi, istismarı məqsədilə idarədə çalışan işçilər mütəmadi olaraq Tədris Mərkəzindəki kurslara cəlb olunurlar.

 

Qədir ASLAN,

“Respublika”.

Read 234 times