XƏBƏR LENTİ

Cümə axşamı, 26 Oktyabr 2017 09:55

İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili təhsilin prioritet məsələlərindəndir

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra islahatlar aparılmış, mühüm nailiyyətlər əldə edilmişdir. Ölkə başçısının sərəncamları əsasında təhsilin normativ-hüquqi bazası möhkəmləndirilmiş, qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi Azərbaycan təhsilinin yeni inkişaf mərhələsi kimi qiymətləndirilir.
Bu gün güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. “Dövlət Strategiyası”nda nəzərdə tutulan islahatların aparılması daha bilikli, dünyagörüşlü vətəndaşların yetişdirilməsinə böyük imkanlar yaradır.
Strategiyada nəzərdə tutulan məsələlərdən biri də istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsidir. Belə uşaqların vaxtında aşkarlanması və onlarla düzgün işin qurulması, onların dəstəklənməsi və inkişaflarının təmin edilməsi təlimin prioritet məsələlərindən biridir. Pedaqoqların, psixoloqların və elm adamlarının elmi-pedaqoji və metodik ədəbiyyatların analizi göstərir ki, istedadlı uşaqların aşkar olunması və onlarla işin təşkili 100 ildən artıqdır ki, elmi bir problem kimi öyrənilir. Son illər isə bütün dünya ölkələrində olduğu kimi, respublikamızda da bu sahədə mühüm işlər görülməkdədir.
Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərlə aparılan bir sıra mühüm işlərin sayəsində beynəlxalq fənn olimpiadalarında medal qazanan məktəblilərimizin sayı ildən-ilə artır. Bu şagirdlər əsasən məktəblərin son siniflərində oxuyan şagirdlərdir. Respublikamızda Təhsil Nazirliyi tərəfindən yaradılmış beynəlxalq fənn olimpiadalarına hazırlıq qrupları üçün xüsusi proqramı mənimsəmiş şagird ordusuna ehtiyac vardır. Fikrimcə, gələcəkdə belə fənn olimpiadalarında uğurla iştirak edəcək şagirdlərin seçilməsi aşağı siniflərdən başlanılmalıdır. Bunun üçün hazırda məktəblərin 7-ci sinfində oxuyan şagirdlərin riyaziyyat və məntiq üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, daha istedadlı olanların seçilməsi və onlarla daha dərindən məşğul olunması vacib məsələlərdən biridir. Elə bu məqsədlə 2017-2018-ci tədris ilinin başlanğıcında Strategiyada nəzərdə tutulan məsələlərə əsaslanaraq “İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” adlı layihə həyata keçirməyi qərara aldıq.
Təqdim etdiyimiz layihənin məqsədi istedadlı şagirdlərin aşağı siniflərdən seçilməsi və onların potensial imkanlarının daha da inkişaf etdirilməsidir.
İlk olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən məktəblərin 7-ci sinfində oxuyan istedadlı şagirdlərin və onlarla işləmək üçün yüksək pedaqoji qabiliyyətə malik fənn müəllimlərinin seçilməsi, seçilmiş istedadlı şagirdlər üçün riyaziyyat və məntiq dərslərinin təşkili, beynəlxalq fənn olimpiadaları haqqında müsbət fikirlərin aşılanması üçün onların qaliblərlə görüşünün təşkili, fənn müəllimlərinin respublika fənn olimpiada komissiyalarının üzvləri ilə “dəyirmi masa”ların keçirilməsi, layihənin sonunda yüksək nəticələr göstərmiş şagirdlərin yenidən qiymətləndirilməsi və mükafatlandırılması, ən yüksək nəticə göstərmiş şagirdlərin elektron məlumat bazasının yaradılması, istedadlı şagirdlər üçün riyaziyyat və məntiq fənləri üzrə xüsusi proqramın, metodik materialların hazırlanması layihənin əsas vəzifələri olaraq müəyyənləşdirilmişdir. Eyni zamanda layihədə Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planınına əsasən məktəblərdə istedadlı şagirdlərlə aparılan işlərin araşdırılması, hər bir məktəbdə, eləcə də rayon (şəhər) üzrə istedadlı şagirdlərdən ibarət məlumat bankının yaradılmasının təmin edilməsi, müxtəlif sahələr əhatə olunmaqla istedadları ilə fərqlənən şagirdləri aşkara çıxarmaq üçün kiçik olimpiada müsabiqə və yarışların təşkili də nəzərdə tutulmuşdur.
Bütün bunları nəzərə alaraq Bakı şəhəri Nərimanov ərazisində yerləşən məktəblərində 7-ci sinifdə oxuyan istedadlı şagirdlərin seçilməsi və onların gələcəkdə respublika və beynəlxalq olimpiadalarda, müxtəlif yarış və müsabiqələrdə yüksək nəticə göstərmələri üçün lazımi işlərin görülməsi planlaşdırılmışdır. Təşkilati işlər başa çatdıqdan sonra oktyabr ayının ilk günündən müsabiqəyə start verilmişdir.
Müsabiqədə riyaziyyat fənnindən olan məsələlərə ümumilikdə 60 bal, məntiqdən 40 bal olaraq bütün suallar ümumilikdə 100 balla qiymətləndirilmişdir. Müsabiqədə obyektivliyin qorunması məqsədilə məsələlər seçilən müəllimlər və Bakı şəhəri Nərimanov ərazisində yerləşən məktəblərin müəllimləri ilə birgə hazırlanmış, 60 faizdən yüksək nəticə göstərmiş ilk 24 nəfər şagird seçilmişdir.
Oktyabrın əvvəlində müsabiqə nəticələri 178 saylı məktəbin saytında və sosial şəbəkələrdə yerləşdirilmiş, qaliblərin müəllimləri və valideynləri ilə görüş keçirilmişdir.
Bilik və bacarıqları qiymətləndirilmiş şagirdlər içərisindən ən yüksək nəticə göstərmiş 24 nəfər dərslərə cəlb olunmuş, dərslərin riyaziyyat və məntiq fənləri üzrə keçirilməsi nəzərdə tutulmuşdur.
Seçilmiş fənn müəllimləri və respublika fənn olimpiada komissiyalarının üzvləri arasında təcrübə mübadiləsi aparmaq üçün Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən məktəblərin müəllimlərinin iştirakı ilə “dəyirmi masa”lar təşkil olunmuşdur.
Layihənin sonunda şagirdlərin bilik və bacarıqları yenidən qiymətləndiriləcəkdir. Şagirdlərin bilik və bacarıqlarının dinamikasını təyin etmək üçün bu mərhələdə də ilkin mərhələdə olduğu kimi, şagirdə riyaziyyat və məntiqdən 5 məsələ veriləcəkdir. Ən yüksək nəticəli şagirdlər hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.
Layihənin sonunda valideynlərin və şagirdlərin keçirilmiş dərslər haqqında fikirlərini bilmək üçün sorğuların keçirilməsi planlaşdırılır.
İstedadlı şagirdlərin seçilməsi özlüyündə çətin bir prosesdir. Çünki bu proses şagirdin inkişaf dinamikası ilə bağlı olan uzunmüddətli bir prosesdir.
Hesab edirəm ki, şagirdləri layihədə iştirak edən müəllimlər öz fənləri üzrə yaxın məktəblərdə tədris aparan müəllimlərlə əməkdaşlığı genişləndirəcək, gələcəkdə belə layihələrdə tədris aparmaq üçün öz işlərinə daha ciddi yanaşacaqlar. Şagirdlərdə isə özlərinə inam hissi yaranacaq, riyaziyyat və məntiq fənləri üzrə bilik, bacarıq və vərdişləri daha da yüksələcək, olimpiada, müsabiqə və yarışlarda iştirak etmələri üçün motivasiyaları olacaq, müxtəlif fənlər üzrə olimpiadalarda yüksək nəticələr əldə edəcəklər.
Layihə başa çatdıqda Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən məktəblərdə 7-ci sinifdə təhsil alan istedadlı şagirdlərin elektron bazası yaradılacaqdır.
Ümid edirəm ki, milli təhsilimizin inkişafı istiqamətində bu kimi yeniliklərin tətbiqi təhsil sistemində müsbət dəyişikliklərə yol açacaq, eyni zamanda orta məktəblərdə təhsilin keyfiyyətinin və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə, ən əsası isə təhsilin məzmununun, kadr hazırlığının, ümumiyyətlə təhsil infrastrukturunun Azərbaycanın inkişaf konsepsiyasına uyğun qurulmasına geniş imkanlar yaradacaqdır.

 

 

Nasim Abışov,
pedaqogika üzrə elmlər doktoru, professor.

Read 8211 times