XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 07:08

Beyləqan: Vətən müharibəsi qazilərinin ziyarəti davam etdirilir

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Beyləqan rayonunda da diqqət mərkəzində saxlanılır.

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və digər əməkdaşları Kəbirli kənd sakini, qazi Şəfiyev Əlisafa Ələsgər oğlunun evində oldular. Görüşdə “Qarabağ qazilər”i Birliyinin rayon filialının sədri Nüsrət Köçərəliyev də iştirak edirdi. Qazinin səhhəti, müalicəsinin gedişi ilə maraqlanıb, ona qayğının  daim  göstəriləcəyini bildiriblər. Rayon rəhbərliyi adından torpaqlarımızın azadlığı uğrunda göstərdiyi mübarizliyinə görə qazimizə minnətdarlıq hisslərini ifadə edib, ailəsinə maddi yardım və ərzaq sovqatı çatdırıblar.

Vətən müharibəsi iştirakçısı Əlisafa Şəfiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakından fəxrlə söhbət açıb, əsgərlərimizin erməni qəsbkarlarına qarşı, qəhrəmancasına döyüşməsindən və igidliklərindən də danışıb.

M.Fərzəliyev adına Kəbirli kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışan Əlisafa müəllim Vətən müharibəsinin ilk günlərində könüllü olaraq ordu sıralarına qatılmış, kəşfiyyat bölüyündə taqım komandiri vəzifəsində torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıq göstərərək oktyabr ayının 22-də Qubadlı uğrunda döyüşlərdə ağır yaralanmışdır. Qazimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırdı. Əlisafa Şəfiyev Ali Baş Komandan İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, Cəbrayılın azad olunması uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunması uğrunda” medalları ilə təltif edilmişdir. Ə.Şəfiyev və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər.

Ərəstun ABDULOV,

“Respublika”.

Read 45 times