XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 07:01

Oğuz: Torpağa bağlılıq güclü iqtisadiyyat deməkdir

Oğuz aqrar rayondur. Lap keçmişdən bu yana oğuzlular torpağa bağlılıqla iqtisadiyyatlarını tənzimləmişlər. Ocaqları həmişə barlı-bərəkətli, təknələri çörəkli, evləri qonaqlı-qaralı olmuşdur. Əkib biçməyəni, təsərrüfatla məşğul olmayanı barmaqla göstərərdilər. Bəs indi necədir? Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı etdiyi çıxışında çox gözəl vurğulamışdır ki, “Azərbaycan xalqının nə qədər iradəsi və öz doğma torpağına bağlılığı var”. Oğuz rayonunun kənd təsərrüfatı işçilərinin ürəklərində də bu nidalar səslənir və onlar fəaliyyətlərinin bu notlar üstündə köklənib aqrar sahənin daha da inkişaf etdirilməsinə xüsusi fikir verirlər. Fikirlərimizi konkret faktlarla şərh etsək bunu aydın görərik.

Oğuzun taxılçıları hələ sovetlər birliyi vaxtında yaxşı göstəricilər qazanırdılar. Müstəqillik illərində, hər bir vətəndaş öz torpağının sahibinə çevriləndən sonra bu işə daha yüksək mütəşəkkilliklə yanaşır, məhsul istehsalını ilbəil artırırlar. 2020-ci ilin məhsulu üçün rayonda 16 min 135 hektar sahədə taxıl əkilmişdi. Onun 11 min 970 hektarı buğda, 4165 hektarı isə arpa olmuşdur. Rayon üzrə ümumi məhsul 50 min 319 tona çatdırılmışdır. Nəticənin yaxşı olmasının əsas səbəblərindən biri əkinlərə yüksək aqrotexniki qulluq göstərilməsi, taxılçılar üçün dövlət tərəfindən lazım olan bütün köməkliklərin göstərilməsidir.

Bitkiçiliyin digər sahələri də diqqətdən yayınmamışdır. Oğuz kəndlisi öz bazarını, öz dolanışığını yerli istehsal hesabına tənzimləmiş, nəzərdə tutulandan çox bostan — tərəvəz məhsulları istehsal etmişdir. Tütünçülüyün, baramaçılığın, üzümçülüyün, arıçılığın, heyvandarlığın inkişafına da diqqət unudulmamışdır. Götürək elə tütünçülüyü. Qeyd edək ki, hələ sovetlər birliyi vaxtlarında tütünçülük Şəki-Zaqatala regionunun, o cümlədən Oğuzun iqtisadiyyatının mühüm sahəsi olub. Doxsanıncı illərin əvvəllərində respublikada baş verən məlum hadisələr iqtisadiyyatın bu sahəsinə də ciddi zərbələr vurmuş, kənd təsərrüfatının digər sahələri kimi tütünçülükdə də tənəzzül yaratmışdır. Qeyri-neft sektoruna olan soyuq münasibət, adamların yavaş-yavaş torpaqdan uzaqlaşmasına, əllərinin əkib-becərmək vərdişindən soyumasına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahəyə xüsusi diqqət və qayğısı ilə əlaqədar qarşıya qoyduğu vəzifələr kənd təsərrüfatının unudulan sahələrinin inkişafının önə çəkilməsi, bu sahələrdəki süstlüyün birdəfəlik aradan qaldırılması zərurətini yaratdı.

Rayon aqrar inkişaf mərkəzinin direktoru Azad Əliyev söhbət zamanı bildirdi ki, artıq respublikamızın hər yerində olduğu kimi, Oğuzda da, demək olar bu tənəzzül tam aradan qaldırılmaq üzrədir. O vurğuladı ki, Oğuzda tütünçülük iqtisadiyyatın bir nömrəli sahəsi olub. Oğul evləndirmək, qız köçürmək istəyənlər, ev tikdirib maşın almaq arzusu ilə yaşayanlar ilin sonunda tütünçülükdən olan qazancını gözləyib və bununla da işlərini yoluna qoyub. Yenə belə olacaq, illər üzrə bu sahədə yaranan irəliləyiş bunu diqtə edir. Çünki indi Oğuzun kəndlisi də, ziyalısı da, mütəxəssisi də aqrar sahəyə keçmişdəki doğma münasibətə qayıdışdadır. O cümlədən tütünçülükdə. Unudulan təsərrüfat sahəsinə ilk qayıdış ilindəki göstəricisi yaxşı olub. Başqa sözlə, 2016-cı ildə 13,7 hektar sahədə şitil əkilmiş, 102,7 ton yaşıl yarpaq yığılmış, 3 min tona yaxın quru tütün əldə olunmuşdu. 2020-ci ildə bu göstərici qat-qat yüksəlmişdir. Əkin üçün rayonun ayrı-ayrı kəndlərində 9 min kvadratmetrdə şitillik salınmış və yekunda 5478,5 ton quru tütün istehsal olunmuşdur. 2021-ci ildə 230 hektara tütün şitili əkiləcəkdir. Artıq əkin başlanmışdır. 20 hektardan çox sahəyə şitil köçürülmüşdür. 170 hektar sahədə əkin aparılması üçün “Oğuz AQRO İNDAS TRY” MMC ilə müqavilə bağlanmışdır.

Kənd təsərrüfatının digər sahələrinin - baramaçılığın, arıçılığın, heyvandarlığın inkişafı istiqamətində görülən işlər də öz ahənginə görə ürəkaçandır. Nazirlər Kabinetinin qərarına əsasən arıçılıqla məşğul olan 412 arıçının saxladıqları 10441 arı ailəsi elektron sistemə işlənmişdir. Arıçılara hər arı ailəsinə görə hesablanmış vəsait onların kart hesablarına köçürülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, yeni subsidiya qaydalarına əsasən rayonda fəaliyyət göstərən kənd təsərrüfatı istehsalçılarının hər birinin şəxsi kabinetləri vasitəsilə sənədlərin sistemə işlənməsi prosesi artıq başa çatmaq üzrədir. Artıq 95 faiz fermerin sənədləri sistemdə qeydiyyatdan keçirilmişdir.

Heyvandarlığın inkişafında, bu sahəyə marağın artmasında da dönüş çoxdur. Ayrı-ayrı fermerlərin, fiziki şəxslərin təsərrüfatlarında istehsal edilən heyvandarlıq məhsullarını vətəndaşlar Oğuz bazarından, mağazalarından istədikləri vaxt alıb istifadə edə bilirlər.

Son illərin nəticələrinin müqayisəli təhlili, kənd təsərrüfatına yaranan isti münasibət bir daha deməyə əsas verir ki, torpağa bağlılıq güclü iqtisadiyyat yaradır, insanların maddi həyat səviyyəsinin yaxşılaşmasına sanballı təkan verir. Amma etiraf edək ki, həllini gözləyən bir sıra problemlər də var. Onların bəziləri haqqında söhbət açmaq, vəziyyəti respublikada, o cümlədən Oğuzda fəaliyyətdə olan bəzi sahibkarlara xatırlatmaq yerinə düşər. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir sıra emal müəssisələrinin tikilməsinə ehtiyac var. Aldığımız məlumata görə, rayondakı qarğıdalı və fındıq emalı müəssisələri istisna olmaqla, digər sahələrlə bağlı bu cür müəssisələr yoxdur. Məhz bu cür müəssisənin olmaması üzündən ötən il Oğuzda 200 tona yaxın quru tütün müəssisələrdə yığılıb qaldı.

Daha bol, keyfiyyətli, həm də bir neçə çeşidli heyvandarlıq məhsullarına nail olmaq üçün müvafiq emal müəssisənin yaradılması daha güclü iqtisadiyyata yaşıl işıq yandırar. Hər il rayonda on tonlarla yun istehsal olunur. Onun da alıcısı olmadığına görə satılması müşkül məsələyə çevrilib. Rayonda bu sahə üzrə də emal müəssisənin olması hamının arzusudur.

Bəli, bolluq da var, bu bolluğu daha da artırmaq üçün güclü potensial da. Bu potensialdan səmərəli istifadə etmək üçün qeyd olunan problemlərin həllinə dəstək vermək işin səmərəsinə xidmət edərdi.

Rasim AMANOV,

“Respublika”.  

Read 29 times