XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 07:01

GORANBOYDA BAYTARLIQ TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİB

Təmiz və keyfiyyətli ərzağın təmin olunmasına xidmət edən Dövlət Baytarlıq Nəzarəti xidmətinin rolu əvəzsizdir. Mal-qaranı və digər heyvanları proflaktiki, epizootiya əleyhinə, sanitariya və digər baytarlıq tədbirlərinin aparılması ilə xəstəliklərdən qorumaq, təkrar istehsala, məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tələblərini həyata keçirmək baytarlıq xidmətinin ən ümdə məsələsi hesab olunur. Respublikanın qabaqcıl aqrar rayonlarından hesab olunan Goranboy rayonunda da bu sahədə nəzərəçarpacaq uğurlar qazanılmışdır.

 

Bu son dərəcədə aktual məsələ ilə bağlı, uzun müddət Goranboy Rayon Baytarlıq İdarəsinə rəhbərlik edən Elsevər Hüseynovla həmsöhbət olduq. O bildirdi ki, Rayon Baytarlıq İdarəsi rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq, bütün sektorlarda vətəndaşların istifadəsində olan kənd təsərrüfatı heyvanları və quşları arasında rayonun epizootik durumuna uyğun olaraq lazımi müalicə -profilaktika tədbirləri vaxtlı-vaxtında icra edir. Heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemini həyata keçirir. Təsdiq edilmiş mövcud plan əsasında heyvanlar arasında yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısının alınması istiqamətində çox ciddi fəaliyyət göstərilir. Xidmətin aidiyyəti işçiləri günün bütün vaxtlarında mal-qara üçün göndərilmiş peyvənd vasitələrini vaxtlı-vaxtında işlədərək, profilaktik tədbirlər aparırlar. Belə ki, bu ilin əvvəlindən epizootiya əleyhinə tədbirlər mütəşəkkil qaydada keçirilmişdir. İribuynuzlu heyvanda müalicə-profilaktika və peyvəndləmə tədbirləri aparılmışdır. Belə ki, 300 baş xırdabuynuzlu heyvanda ektoparazitlər xəstəliyinə qarşı çimizdirmə tədbirləri, 2876 baş vəhşi heyvanda və 3810 itdə quduzluq xəstəliyinə qarşı oral peyvəndləmə aparılmışdır. Eyni zamanda 34339 baş iribuynuzlu heyvanda, 135106 baş xırdabuynuzlu heyvanda, 1242 atda, 77 baş donuzda qarayara, 35391 baş iribuynuzlu heyvanda isə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır.

Eyni zamanda 2730 obyektdə 24385,00 kvadratmetr sahədə dezinfeksiya-məcburi tədbirləri görülmüşdür. Onu xüsusilə qeyd etmək lazımdır ki, Dövlət Baytarlıq Xidməti bölgələrə və rayonumuzda fermer və sahibkarlarla vaxtaşırı görüşlər keçirir, xırdabuynuzlu heyvanların “Rev-1” ştammı, iribuynuzlu heyvanların “S-19” ştammı ilə brusellyoz xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin aparılması, brusellyoz və iribuynuzlu heyvanların yoluxucu nodulyardermatit xəstəliklərinə, xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin A, O tiplərinə qarşı aparılan peyvəndləmə tədbirlərinə nəzarətin saxlanması məqsədilə baytarlıq baxışı keçirir. Belə ki, heyvanların sağlamlıq durumuna dair aparılan baytarlıq tədbirlərinin keyfiyyətindən, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlərdən, heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasından və peyvəndləmələrin əhəmiyyətindən söhbət aparır və fermerlərə müvafiq tövsiyələrini verir. Xidmətin işçiləri kəndlərə, qoyun sürüləri olan yataqlara baş çəkir, binalar dezinfeksiya olunur, lazımi profilaktik tədbirlər aparırlar. Vaxtaşırı monitorinqlər və seminar-məşğələlərin keçirilməsi, əhalinin və fermerlərin bu sahədə maariflənməsinə böyük önəm verir. Bu tədbirlərin müvəffəqiyyətlə yerinə yetirilməsində rayon icra hakimiyyətinin və bələdiyyələrin köməyi əvəzsizdir.

İdarə rəisi tam əminliklə bildirdi ki, rayonda yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir, bu sabitliyin qorunub saxlanması istiqamətində profilaktik və təşkilati tədbirlər mütəmadi olaraq davam etdirilir və bundan sonra da mövcud imkanlardan istifadə edərək, əhalinin tam keyfiyyətli, saf ərzaqla təmin etmək üçün xidmət var qüvvəsi ilə çalışacaqdır.

 

Zabit XƏLİLOV,

“Respublika”.

Read 31 times