XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 06:53

QAZAX: VAKSİNASİYA DAVAM EDİR

Dünyada tüğyan edən, çoxsaylı insan ölümünə səbəb olan COVİD-19 virusuna qarşı mübarizə tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı zamanı demişdir: “Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir”.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirilir. Rayonda insanlar arasında maarifləndirici tədbirlər aparılır, əhalinin kütləvi toplaşmalarının qarşısı alınır, tibbi maskalardan istifadəyə və məsafə saxlanmasına ciddi nəzarət olunur.

Qazaxda peyvəndləmənin hazırki vəziyyəti barədə Qazax Rayon Mərkəzi Xəstəxanasının Publik hüquqi şəxsin direktoru Sevda Məmmədova söhbət zamanı bildirdi ki, vaksinasiyaya 20 yanvar 2021-ci il tarixdən start verilmişdir. Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində peyvəndləmə üçün 12 səyyar briqada yaradılmışdır. Həkim briqadasının hər birində təcrübəli həkim və tibb bacıları fəaliyyət göstərir. Hər gün səhər tezdən soyuq zəncir prinsipinə uyğun olaraq vaksinlər buz çantasına yerləşdirilir. Əlavə olaraq briqadalar şok əleyhinə bütün dərmanlarla təchiz olunaraq kənd həkim və tibb məntəqələrinə ezam olunurlar.

Qazaxda insanlar könüllü olaraq peyvənd olunmaq üçün tibb məntəqələrinə müraciət edirlər. Tibb məntəqəsinə gəlməkdə çətinlik çəkən insanlar isə evlərində vaksinasiya olunurlar. Hətta ahıl insanlar da peyvəndlənməyə maraqlıdırlar. Rayonun Kəmərli kənd sakinləri 114 yaşlı Səyalı Nəbiyeva, 109 yaşlı Leyli İsgəndərova, Daş Salahlı kənd sakini 105 yaşlı Lilpar Həsənova, Aşağı Əskipara kənd sakini 100 yaşlı Hümbət Alıyev peyvənd olunmuşlar.

Qazaxda vaksinasiya uğurla davam etdirilir. Belə ki,vaksinasiya prosesi başlayandan 3 may tarixinədək 40038 doza vaksin vurulub. Birinci doza 23734 nəfərə, ikinci doza isə 16304 nəfərə vurulub.

 

Vəli VƏLİYEV,

“Respublika”.

Read 78 times