XƏBƏR LENTİ

Cümə, 23 Aprel 2021 06:31

KORONAVİRUS PANDEMİYASI ƏLEYHİNƏ CİDDİ TƏDBİRLƏR GÖRÜLÜR

Yevlax

Dünyanı cənginə alan və getdikcə tuğyan edərək,  fəlakətə sürükləyən ağır, dəhşətli və ölümsaçan  koronavirus (COVİD-19) pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Yevlaxda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər görülür. Lakin son vaxtlar yoluxma sayının artması yenidən narahatçılıq doğurur. Bu məqsədlə   Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış mobil qrupları tərəfindən koronavirus (COVİD-19) infeksiyası əleyhinə növbəti reydlər keçirilmişdir. Reydlər zamanı şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla maarifləndirici söhbətlər aparılmış, təbliğat-izahat işləri gücləndirilmişdir. Eyni zamanda, vətəndaşlara metodiki göstərişlər verilmiş,  müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl edilməsi, tibbi-mühafizə vasitələrindən, tibbi maskalardan, əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin vacibliyi vurğulanmışdır.

Qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizədə görülmüş bütün işlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Bu səbəbdən də hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, birlik, həmrəylik nümayiş etdirməlidir. Sakinlər də öz növbəsində koronavirusla mübarizədə qabaqlayıcı və təxirəsalınmaz tədbirlərin görülməsini daim diqqətdə və nəzarətdə saxlayan ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.

 

KƏLBƏCƏR    

Ölkəmizin bütün regionlarında olduğu kimi, Kəlbəcər rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı  Azər Qocayev  vaksinasiya prosesinin gedişi ilə maraqlanmaq məqsədilə Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub, lazımi tövsiyə və tapşırıqlarını verib. 

Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Səadət Əliyeva əhalinin COVİD-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlərin görülməsi,  bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi barədə məlumat verib.

Daha sonra vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərlə səmimi söhbət edən icra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün vacibliyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu ümumrayon kampaniyasında  hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.

Peyvənd olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.

Read 48 times