XƏBƏR LENTİ

Cümə axşamı, 22 Aprel 2021 09:22

GÖYGÖL: VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİNƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏT VƏ QAYĞI

Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Məhz bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır.

Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır. Ölkə Prezidentinin müvafiq sərəncamı  ilə İcra Hakimiyyətlərində  yeni yaranmış  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri birbaşa  onlara diqqət və qayğının bariz nümunəsidir. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev mütəmadi olaraq Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşür, problemlərinin operativ  şəkildə həll olunması üçün müvafiq tədbirlər görür və bu yanaşma da onları razı salır. Növbəti gündəlik iş rejiminə uyğun, qazi  Xıdırov Teymur Nəbi oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.

Qeyd edək ki, Xıdırov Teymur Nəbi oğlu  27 mart 1980-ci il tarixdə Göygöl rayonunun Köşkü kəndində anadan olmuşdur.  10.03.2014-cü  il tarixdən müddətdən artıq hərbi qulluqçu kimi  “N” saylı hərbi hissənin tərkibində xidmətə başlamış və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 3 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə partlayış travması almış, yaralanmışdır.  Eyni zamanda, qazi  İsmayılov Murad Hamlet oğlu da qəbul edilmişdir.

İsmayılov Murad Hamlet oğlu 13 oktyabr 2001-ci il tarixdə Göygöl şəhərində anadan olmuşdur.  14.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə getmiş və  “N” saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  10  oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə sağ qolu və sağ ayağından qəlpə yaraları almışdır. Hazırda qazilərimizin  müalicəsi davam edir, diqqət və qayğı ilə əhatə olunur. Qazilər diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

 

Zabit XƏLİLOV,

“Respublika”.

Read 52 times