XƏBƏR LENTİ

Çərşənbə, 21 Aprel 2021 08:53

“COVİD-19” pandemiyasına qarşı mübarizə tədbirləri

Şirvan

Ölkənin hər yerində olduğu kimi, Şirvan şəhərində də əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir. Hər şeydən əvvəl qeyd edək ki, kampaniya üçün müvafiq tibb qurumunda əlverişli şərait yaradılmışdır. Peyvənd olunmağa gələn şəhər sakinləri kompüterlər vasitəsilə onlayn qeydə alınır, onların hərarəti, təzyiqi yoxlanılır, sağlamlıq durumu normal olanlar peyvəndə göndərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya strategiyasi” əhalinin bu xəstəlikdən qorunmasında mühüm şərtdir. Peyvəndlənmə zamanı öyrənirik ki, bu ayın ilk günlərində Şirvan şəhər sakinlərindən 11.134 nəfər COVİD-19 pandemiyasına qarşı peyvənd olunub. Onlardan 2554 nəfəri 65 yaşdan yuxarı, 5719 nəfəri 50-65 yaş arası, 2891 nəfəri 50 yaşa qədər şəhər sakinləridir.

Vətəndaşlar arasında aparılan təbliğat işləri öz səmərəli nəticəsini göstərməkdədir. Şəhər sakinlərindən peyvəndlənmə kampaniyasında iştirak etməyə gələnlərin sayı gündən-günə artır.

 

Cəbrayıl

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün ölkə ərazisində olduğu kimi, Cəbrayıl rayonunda da əhalinin peyvəndlənmədən  keçməsi prosesi uğurla davam edir. Cəbrayıl sakinləri peyvəndlənmə prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq xüsusi fəallıq və mütəşəkkillik nümayiş etdirirlər. Peyvənd olunan vətəndaşlar koronavirus (COVİD-19) əleyhinə vaksinin ölkəyə gətirilməsi və əhalinin müxtəlif yaş qrupları üçün əlçatanlığını təmin etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Qeyd edək ki, 19 aprel 2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və Cocuq Mərcanlı kəndi üzrə ümumilikdə 4320 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd edilib ki, onlardan 1068 nəfəri 65 yaşdan yuxarı, 2274 nəfəri 50-65 yaş arası, 609 nəfəri 50 yaşadək və 369 nəfəri isə 40 yaşdan aşağı olan şəxslərdir.

Tofiq HÜSEYN,

“Respublika”.

Read 61 times