XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:37

Nizami Gəncəvinin əbədiyaşar poeziyasında islam dininin bədii-fəlsəfi tərənnümü və müasirlik

“Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir”.
(Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında
Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamından).


Həqiqiliyinin isbatına o qədər də çox ciddi ehtiyac olmayan məfhumlar, terminlər və anlayışlar arasında “Nizami”nin öz yeri var.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin dahi Nizami Gəncəvi haqqında aşağıdakı qiymətli fikirlərini xatırlamaq zənnimizcə yerinə düşərdi: “Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir... Onun yazdığı əsərlər bütün dünyada məşhurdur!.. Bu əsərlər təkcə şeirlərdən ibarət deyildir. Onların hər birində böyük elm var, böyük fəlsəfə var, dahi fikirlər var. Buna görə onun əsərləri də, özü də yaşayır”. Ulu öndər bu fikirləri 2000-ci ilin may ayında dahi şairin Gəncədəki məqbərəsini ziyarət edərkən söyləmişdir.
Nizaminin ölməz, əbədiyaşar poeziyasında Allahın, Məhəmməd Peyğəmbərin, dünya dinlərindən olan İslamın və müqəddəs “Quran” ın bədii, fəlsəfi ecazkar tərənnümü məsələsinə qayıtmaq istərdik. Doğrudur, o qədər də uzaq olmayan yaxın keçmişdə, bir qədər konkret desək, ölkəmizdə sovetlər dönəmində Nizamidən yazan müəlliflərdən bəziləri dahi şair və mütəfəkkirin Allaha, Məhəmməd Peyğəmbərə, İslama, Qurana münasibətlərindən bəhs edərkən biriləri onu dindar, digərləri isə ateist kimi qələmə vermişlər. Həqiqət isə bu fikirlərin tam mənası ilə yanlış olduğunu sübut edir. Başqa sözlə desək, Nizami Gəncəvi hər şeydən əvvəl, özü “Allah”, “Məhəmməd Peyğəmbər”, “İslam”, “Quran” məfhumlarının kəsb etdiyi dərin məna, məzmun və mündərəcəsini tam dərinliyi ilə dərk etmişdir. Digər tərəfdən, təsadüfi deyildir ki, dahi şair oxucusunu yuxarıda sadalanan məfhumlardan mənəvi cəhətdən hərtərəfli bəhrələnməyə çağırmışdır. Məsələn, o, bir-birindən dəyərli, qiymətli əsərlərində - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi əvəzsiz incilərinin başlanğıcında ecazkar bədii-fəlsəfi sözün vasitəsilə həmin məfhumların bədii-fəlsəfi tərənnümünə başlayır.
İslamın sütünü tək o dörd bayraq ucaldı,
Şəninə gecə-gündüz beş kərə təbil çaldı.
Oldu Məkkən, Mədinən çiçəklənən güzarın,
Gözünə işıq gəldi hər bir qərib zəvvarın.
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən gətirdiyimiz bu poetik nümunədə əbədiyaşar, ölməz şair islama görə kimin müsəlman olduğuna işarə etmişdir.
Dahi şair-mütəfəkkir filosof Nizami Gəncəvi islama, müqəddəs “Quran”a, Məhəmməd Peyğəmbərin kəlamlarına əsasən onlara söykənərək, fetişizmi, bütpərəstliyi poeziya dili ilə kəskin tənqid edir. Bu fikir əsrlər keçməsinə baxmayaraq, bu gün də çox aktualdır.
Nizami Gəncəvinin ölməz “Xosrov və Şirin” poemasında da məhz bunları poeziya dili ilə qələmə alması təsadüfi deyildir.
Haqqında söhbət açdığımız məsələ böyük şairin “Leyli və Məcnun” poemasında da öz dərin və geniş bədii həllini tapmışdır. Poemanı çox böyük sənətkarlıqla Xalq şairimiz böyük Səməd Vurğun ana dilimizə çevirmişdir. Əsərin elmi redaktoru akademik Mirzə İbrahimovdur.
Dahi filosof, şair-mütəfəkkir Nizami Gəncəvi özünün digər ölməz poeması olan “Yeddi gözəl”də də sözügedən məsələni daha rəngarəng və daha orijinal şəkildə tərənnüm etmişdir.
Poemanı istedadlı, böyük lirik ədib, Xalq şairimiz Məmməd Rahim ana dilimizə çevirmişdir. Ön sözün, izahların müəllifi və elmi redaktoru dünya şöhrətli şərqşünas, professor Rüstəm Əliyevdir.
Poemanın “Başlanğıcı”nda oxuyuruq:
Ey bu kainatın açan gözünü,
Yoxdur səndən qabaq duyan özünü,
Hər bir başlanğıcın ibtidasısan,
Sonların sonusan, intihasısan.
Allah haqqında bu tərifi geniş şərh və izah etməyə bizcə, bir o qədər də ehtiyac yoxdur. Bununla belə, sözügedən məsələ poemanın sonuncu “Peyğəmbərin mədhi” hissəsində özünün geniş bədii həllini tapmışdır. Məsələn, həmin hissədə oxuyuruq:
Nəbilərdən üstün qılıncı, tacı,
Şəriət - qılıncı, tac da meracı,
Varlıq bu ümmidən mayə almışdır,
Yerə nur, göylərə kölgə salmışdır.
Bu işıqlı, nurlu fikrin məntiqi davamı poemanın “Peyğəmbərin meracı” sərlövhəli hissəsində daha bariq, daha qabarıq şəkildə tərənnüm edilmişdir:
Böyük şair demək istəmişdir ki, İslamın ümumbəşəri mənəvi dəyərlərinə yiyələnən, onlardan bəhrələnən hər kəs sosial, iqtisadi, mədəni, mənəvi həyatda xoşbəxt ola bilər.
Dahi Nizaminin Allah, onun yerdəki elçisi Məhəmməd Peyğəmbər, sülh, mehribanlıq, tolerantlıq dini olan islam dini və onun əsasını təşkil edən müqəddəs “Quran”ın ümumbəşəri mənəvi dəyərləri barədə ictimai şüurun, bədii sözün qüdrəti ilə tərənnümü böyük mütəfəkkirin sonuncu ölməz poeması olan “İsgəndərnamə” adlı mənzum poemasında özünün yekun əksini tapmışdır.
Burada diqqəti daha çox cəlb edən başlıca məqam bundan ibarətdir ki, dahi filosof şair poemanın “Peyğəmbərin meracı” adlı hissəsinin sonunda yazır:
Nizami tutmuşdur Gəncədə məkan,
O, məhrum olmasın salamlarından.
Dahi şair “Nizami tutmuşdur Gəncədə məkan” deməklə, onun özü Nizami Gəncəvi fars-iran şairidir, deyənlərə sübut etmişdir ki, o, əsl Gəncəli-Azərbaycanlıdır.
Yeri gəlmişkən, burada çox vacib bir məqama toxunmaq istərdik.
Nizami Gəncəvi bütün zamanların və məkanların böyük şairidir. Məsələn, 1941-1945-ci ildə Alman faşistləri Sankt-Peterburqu (Leninqrad) mühasirəyə alan zaman orada Nizaminin yubileyi təşkil olunmuşdur. Bu, o zaman üçün hadisə idi. Bu, günümüzdə də hadisədir.
Dahi Nizaminin anadan olduğu Gəncə şəhəri 2020-ci ildə erməni faşistləri tərəfindən atəşə tutularaq, orada qocalarla, hamilə qadınlarla yanaşı, körpə məsum uşaqlar da qətlə yetirilmişdir.
Azərbaycanın möhtərəm Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev 5 yanvar 2021-ci ildə, erməni faşistlərinin və vandallarının işğal etdiyi ərazilərdə quruculuq işləri ilə yanaşı, 2021-ci ili “Nizami ili” elan etmişdir.
Azərbaycan fəlsəfi poeziyasının ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin ölməz və əbədiyaşar əsərləri “Xəmsə”si dünya ədəbiyyatında, bəşər mənəvi dəyərləri xəzinəsində bilavasitə özünəməxsus yer tutur.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bütün dünyada şöhrət tapmış ölməz “Xəmsə”si - beşliyi poeması ilə bədii-fəlsəfi fikir bir növ bitir, yekunlaşır. Bu onun sonuncu poemasıdır. Poema-dastan, mənzum roman iki hissədən ibarətdir. Birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır. “İqbalnamə”nin məğzini aşağıdakı üç istiqamət təşkil edir:
İnsan ağlının, zəkasının və bununla əlaqədar elmin, fəlsəfənin tərənnümü və təbliği; İnsanın yüksək əxlaqi keyfiyyətlərinin tərənnümü və təbliği;
İnsan xoşbəxtliyini təmin edən, zülm və bədxahlığa son qoyan ədalətin, tərənnümü və təbliği;
Ağlın tərifi, ağla təzim poemanın əsas ideya istiqamətlərindən biridir. Xarakterikdir və səciyyəvidir ki “Kitabın başlanması” fəslində Nizami İsgəndər haqqında söhbəti filosofun dilindən aparır və şahın hər şeydən yüksəkdə duran elmə və hikmətə olan məhəbbətindən bəhs edir:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Hər uca rütbədən, biliniz, fəqət
Alimin rütbəsi ucadır, əlbət!
Şairin dövründə hökm sürən mürtəce ruhanilərin kor-koranə inamı ağla qarşı qoymalarını, elmi, fəlsəfəni və xüsusən məntiqi küfrlə eyniləşdirdiklərini və bu yol yolçularını amansız təqib etdiklərini nəzərə alsaq, ağlı, elmi bu şəkildə tərənnüm edən Nizaminin bir vətəndaş kimi qorxmazlığı, mərdliyi, xüsusilə gözə çarpar və onun orta əsr şəraitində təbliğ etdiyi rasionalizmin əhəmiyyətini müasirlərimiz daha düzgün qiymətləndirə bilərlər.
Şeyx Nizami Gəncəvinin vətəni olan Gəncə ilə bilavasitə bağlı da daha bir məqamı vurğulamaq istərdik.
Ulu öndərimiz Heydər Əliyev 2000-ci il may ayında Gəncədə - Nizami məqbərəsində olarkən demişdir: “Gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Ona görə ki, Nizami gəncəlidir. Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır”.
Burada yeri gəlmişkən qeyd etmək lazımdır ki, haqqında bəhs olunan bu kitabda poemanın ikinci hissəsinə - “İqbalnamə”yə həsr edilən həmin bu bölməyə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, sosiologiya və hüquq İnstitutunun alimi fəlsəfə elmləri doktoru, professor, Əməkdar elm xadimi, Zümrüd Quluzadə “Kamillik zirvəsi” adlı xüsusi məqalə yazmışdır.
O, həmin əsərdə Nizami müdrikliyinin fəlsəfi silqətini çox doğru-düzgün şərh və izah etmişdir. Bizcə, bu məsələ təkcə Azərbaycanda deyil, bütövlükdə dünya miqyasında Nizamişünaslığa dair ən qiymətli töhfələrdən biri sayıla bilər.
Göründüyü kimi, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan hər bir mənzum romanın, poemanın məğzində duran “Allah”, “Məhəmməd Peyğəmbər”, “İslam”, “Quran” məfhumlarında ehtiva olunan dərin fəlsəfi fikirləri ecazkar, ölməz, həmişəyaşar poeziyasında tərənnüm etməyi özünün, əzəli və son ictimai-fəlsəfi borcu hesab etmişdir.
Bəli, Nizami Gəncəvi həm də XXI əsrin bəşər övladıdır. O, bu gün bizimlə birgə irəliyə doğru addımlayır. Nizami Gəncəvinin dini islami baxışları bu gün də çox aktual səslənir.

Əsədulla QURBANOV,
Bakı Dövlət Universitetinin
İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor.

Read 74 times