XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 05 May 2021

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 11, maddə 969; 2017, N 1, maddə 51; 2018, N 9, maddə 1840) ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 may 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 may 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də, 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda və 2018-ci il 10 dekabr tarixli 387 nömrəli  Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 12, maddə 718; 2007, N 5, maddə 460, N 11, maddə 1117; 2008, N 6, maddələr 496, 497; 2009, N 12, maddə 983; 2010, N 2, maddə 83, N 3, maddə 182; 2011, N 2, maddə 85; 2012, N 11, maddə 1115; 2014, N 10, maddə 1180; 2015, N 8, maddə 913; 2016, N 5, maddə 880, N 6, maddə 1031; 2017, N 3, maddə 388, N 6, maddə 1070, N 9, maddə 1636; 2018, N 5, maddə 943, N 11, maddə 2265; 2019, N 6, maddə 1051) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 17.18-2-ci bəndində “Respublikası” sözü “Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 6, maddə 1036; 2017, N 4, maddə 526, N 7, maddələr 1340, 1370, N 8, maddə 1521, N 12 (I kitab), maddə 2328; 2018, N 5, maddə 900, N 9, maddə 1825; 2019, N 1, maddə 58, N 4, maddə 618; 2020, N 5, maddə 541) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2.1-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 1-1-ci abzas əlavə edilsin:

“1-1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);”;

2.2. 2-ci abzasda “Milli Qəhrəman” sözləri “Azərbaycanın Milli Qəhrəmanı” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 12 (I kitab), maddə 2544; 2019, N 7, maddələr 1213, 1233, N 12, maddə 1935; 2020, N 8, maddə 1039) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7.1-ci bəndi 7.1-1-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 7.1-ci bənd əlavə edilsin:

 

7.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 may 2021-ci il.

Published in Fərman

Sərhəd!.. Hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biri. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin toxunulmazlığı, ərazi bütövlüyü... Sərhəd dedikdə həm də bunlar nəzərdə tutulur.

 

Azərbaycan da uzun illər bir sərhəd respublikası kimi yaşayıb. Hələ Sovet İttifaqının tərkibində olarkən bu böyük ölkənin cənub sərhədlərinin bir hissəsini Azərbaycan ərazisindən keçən sərhəd xətləri təşkil edirdi. Bu mənada sərhəd, onu qorumaq prinsipləri, mexanizmi bizim üçün tanışdır. Bu gün müstəqil Azərbaycan dövlətinin sərhədləri bir neçə dəfə artıb və bu dövlət yaşadıqca o sərhədlər də göz bəbəyi kimi qorunmalıdır.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yarandığı gündən üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib, Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sursatla təchiz olunub, istənilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadir hərbi quruma çevrilib.

Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nəzarətinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunan ən mühüm nailiyyətlərdəndir.

Azərbaycan sərhədçisi öz sözünü bizi böyük qələbəyə aparan 2016-cı ilin aprel döyüşlərində də dedi. Belə ki, əks-hücum əməliyyatı zamanı müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsi zamanı keçirilən uğurlu əməliyyatlar düşməni mübarizəni dayandırmağa məcbur etdi və bu qələbənin əldə olunmasında Azərbaycan sərhədçiləri böyük şücaət göstərdilər.

2018-ci ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin onlara etibar edilməsi hər bir sərhədçiyə qürur hissi yaşatdı. Bu, Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə inam və etimadının növbəti ifadəsi idi.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviyyədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olundu, sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görüldü.

Dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərimiz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə həmişə hazır olub. Çiyinlərində “Zəfərə doğru!” daşıdığı müzəffər bayrağımızı Şuşada, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Xankəndidə dalğalandıracağına, dövlət sərhədlərimizin bütövlüyünü təmin edəcəyinə inanırdı, Azərbaycan sərhədçisi.

44 günlük Vətən müharibəsində o, bir daha gücünü düşmənə göstərdi. Bü günlərdə Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qeyd etdi ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı yerinə yetirdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onları torpaqlarımızdan qovdu.

Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədinin tam, işğal altında olmuş 132 kilometr sərhədin bərpa edildiyini, müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməyə başlandığını, yeni açılan hərbi hissənin isə görülən işlərin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. İran “Azərbaycan sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir”.

Onu da qeyd edək ki, Azərbaycan-İran dostluğunun rəmzi olan Xudafərin körpüsü də sərhədə yaxın məsafədədir. Xudafərin körpüsü Müstəqillik Günündə - keçən il oktyabrın 18-də düşməndən azad edilib və bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamış, məhz bu istiqamətdən başlayan azadlıq mübarizəsi ordumuzun qələbəsi ilə başa çatmışdır. Bu ərazidə gedən şiddətli döyüşlərdə itkilərimiz olsa da əsgərlərimiz hər gün irəli gedir, hər bir kənd uğrunda mübarizə aparırdı. Həmin döyüşlərin əhəmiyyətindən danışan dövlət başçısı İlham Əliyev bu istiqamətdə ermənilərin əks-hücum əməliyyatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən alındığını, düşmənin böyük sayda itki verdiyini, onlarla texnikanın məhv edildiyini dedi və bu döyüşləri “ermənilərin sonunun başlanğıcı” kimi dəyərləndirdi. Məğlubiyyətdən heç bir dərs çıxarmayan ermənilərin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədlərimizə qarşı etdiyi hərbi təxribata da münasibətini bildirən Ali Baş Komandan: “...Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq”.

Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya pilotsuz uçuş aparatları da daxil edilir. Müharibə vaxtı həmin haropların vasitəsilə Horadiz kəndi istiqamətində düşmənin əks-hücum həmləsi etmək niyyətlərinin qarşısı alınmış, 2 saat ərzində düşmənin 14 tankı məhv edilmişdir. Təqribən 10-12 tankı da düşmən qoyub qaçmışdır. Ümumiyyətlə, pilotsuz uçuş aparatlarının vurma qabiliyyəti 97 faizdir ki, bu da ən yüksək göstəricidir.

Vətən müharibəsində sərhədçilərin rolunu dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər.

Mən sizi bir daha bu hərbi hissənin açılışı münasibətilə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.

Bəli, Sərhəd Qoşunlarının inkişafına dövlətimiz böyük önəm verir. Onun infrastrukturunun yaradılmasına və güclənməsinə vəsait ayrılır. Azərbaycanda yeni sərhəd dəstələri, zastavaları yaradılır. Bu proses davam etməkdədir. Bütün bunlar sərhədçilərimizin məsuliyyətini artırır, döyüş qabiliyyətini gücləndirir, fəaliyyət istiqamətini genişləndirir. Elə İranla sərhəddə, Araz çayı üzərində birgə su bəndinin şimal hissəsinin mühafizəsinin Azərbaycana keçməsi də sərhədçilərimizin üzərinə düşən məsuliyyəti bir qədər də artıracaq. Belə ki, bundan sonra həmin ərazi Azərbaycan sərhədçiləri tərəfindən qorunacaq və daha böyük uğurlara imza atılacaq.

Böyük qələbəmizdə Zəfər payın mübarək, Azərbaycan sərhədçisi!..

 

Zümrüd QURBANQIZI,

“Respublika”.

Published in Digər xəbərlər
Çərşənbə, 05 May 2021 07:45

Böyük Qayıdış başlayıb

Prezident İlham Əliyevin bu sözləri tarixi Qələbədən sonrakı gələcək naminə nəhəng quruculuq işlərindən xəbər verir

Published in Digər xəbərlər

Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur. Onunla bir dövrdə yaşadığım və şəxsən görüşdüyüm, onun etimadını qazanaraq məsul vəzifələrə irəli çəkildiyim, müdrik rəhbərliyi altında çalışdığım üçün hədsiz qürur hissi keçirir, ruhu qarşısında dərin ehtiramla baş əyirəm. Heydər Əliyev xalqımızın tarixi şəxsiyyətləri, istedadlı və qəhrəman övladları arasında ən parlaq simalardan biri olmaqla yanaşı, dünya miqyasında böyük hörmət və nüfuz qazanmış, indi də adı sevgi və rəğbətlə anılan nəhəng dövlət xadimi, siyasi lider idi. Böyük Britaniyanın sabiq baş naziri Toni Blerin ulu öndərimiz haqqında sözlərini xatırlayıram: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər...”.

 

Ümummilli liderimizin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluq və dostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Möhtəşəm Zəfərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir.

 

Ulu öndərin müstəsna xidmətləri sayəsində yaranıb formalaşmış, cənab İlham Əliyevin rəhbərliyi ilə ən müasir silahlarla təchiz edilmiş Silahlı Qüvvələrimiz, mənəvi-fiziki cəhətdən yetkin, gənc, peşəkar və vətənpərvər hərbçilərimiz təcavüzkar Ermənistanı diz çökdürərək bizim hər birimizin başını uca etdilər.

 

Məşhur ingilis siyasətçinin çox qısa şəkildə ifadə etdiyi fikirlər xalqımızın dahi oğlunun zəngin həyat yolunun, mənalı ömrünün və şərəfli fəaliyyətinin ən mühüm ümumi cəhətini özündə ehtiva edir. Həqiqətən, Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə xalqının və vətəninin maraqlarını mövcud böhranların təsirindən qorumaq, xilas etmək uğrunda mübarizə aparmış, bu mübarizədə uğur qazanmağı bacarmış, gələcək nəsillərə daim öyrəniləcək və fayda gətirəcək bir irs qoyub getmişdir.

Azərbaycan tarixinin Heydər Əliyev dövrünün başlanğıcı onun ilk dəfə respublika rəhbəri seçildiyi vaxtdan hesablansa da, milli mənafelərimizin qorunması bu dahi insanın dövlət təhlükəsizliyi orqanlarınadakı çoxillik səmərəli fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Xalqımızın istedadlı nümayəndələrini, vətənpərvər ziyalılarını, azadlıq və istiqlal əhval-ruhiyyəli gənclərini hər cür milliliyi və öznünüdərki amansızcasına təqib edən və cəzalandıran sovet rejiminin caynağından xilas etmək üçün onun göstərdiyi fədakarlıqlar heç vaxt unudulmayacaq. Kommunist rejimi dövründə xalqımızın mənəvi və fiziki əzablara, haqsızlıq və repressiyaya məruz qalmış istedadlı övladlarının respublikamızın müxtəlif guşələrində heykəllərinin ucaldılması, qəhrəman soydaşlarımızın, hətta ittifaqın müxtəlif şəhərlərində xatirələrinin əbədiləşdirilməsi, repressiya qurbanı olmuş böyük şair Hüseyn Cavidin nəşinin uzaq Sibirdən vətənə gətirilib, milli adətlərə uyğun şəkildə yenidən dəfn edilməsi dövlətin rəsmi ideologiyası əleyhinə atılan çox cəsarətli addımlar idi.

Bu tarixi gerçəkliyi təsdiqləyən konkret faktlar, eləcə də respublikanın rəhbəri seçiləndən sonra apardığı quruculuq prosesi, həyata keçirdiyi inkişaf strategiyası Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyini hamıdan erkən gördüyünü, bu müstəqillik üçün möhkəm zəmin yaratmağa çalışdığını aşkar bir şəkildə təsdiqləyir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün dövlət idarəçiliyi strategiyasında mədəni və mənəvi intibahı iqtisadi tərəqqi ilə vəhdətdə götürmüş, vahid məcrada gerçəkləşdirmişdir. 1969-1982-ci illərdə respublikamızda bütün sahələrdə baş vermiş köklü dəyişikliklər, misilsiz yeniliklər, yaradılmış zəngin potensial və resurslar sonralar müstəqil dövlətimizin dünya birliyinə dərin inteqrasiyasında mühüm rol oynamışdır. Bu da tarixi faktdır ki, sosializm sisteminin və sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi ki, bu da ulu öndərimizin müstəsna xidmətlərinin nəticəsində mümkün olmuşdu.

Ciddi ideoloji qadağaların hökm sürdüyü bir şəraitdə, hər cür milliliyin, özünəməxsusluğun sıxışdırıldığı bir vaxtda Heydər Əliyev Azərbaycanda ana dilimizin respublikanın Əsas Qanunu - Konstitusiyası ilə qorunmasına, dövlət qurumlarında geniş istifadə edilməsinə nail olmuş, eləcə də müxtəlif sahələr üzrə çoxsaylı gənc milli kadrların, mütəxəssislərin hazırlanmasına misilsiz qayğı göstərmişdir. Azərbaycanlıların yeniyetmə yaşlarından hərb sənətinə yiyələnməsi kimi gələcəyə istiqamətlənmiş bir addımın da məhz ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşdirilməsi həmin dövrün unudulmaz hadisələrindəndir.

Ulu öndər keçmiş sovet dövlətinin siyasi rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra xalqımızın başına müsibətlər gətirildi. Xüsusən, Qarabağın dağlıq hissəsində başlanan separatizmin, Ermənistanın bu əraziləri özünə birləşdirmək üçün həyata keçirdiyi təcavüzün, torpaqlarımızın işğal altına düşməsinin bünövrəsi məhz Heydər Əliyevin təqib və təzyiqlərə məruz qaldığı dövrdə qoyuldu. Ulu öndərin nüfuzundan və qətiyyətindən qorxub-çəkinən ermənilər onun siyasi hakimiyyətdə olduğu dövrdə nəinki öz separatçılıq meyillərini büruzə verməyə, hətta bu barədə düşünməyə belə qorxurdular.

Bu yaxınlarda möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbçilərlə görüşərkən həmin hadisələri yada salaraq demişdir: “Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan hələ 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Biz yaxşı xatırlayırıq ondan sonra hansı proseslər baş vermişdi. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır. O vaxt Azərbaycana qarşı çirkin informasiya kampaniyası aparılırdı. Bütün bunları yaşlı nəsil yaxşı xatırlayır”.

Onu da yaxşı xatırlayırıq ki, Bakıdakı Qanlı Yanvar hadisəsindən dərhal sonra sovet rəhbərliyinə qarşı sərt bəyanatla çıxış edən Ulu öndərimiz bununla nəinki özünün, həm də bütövlükdə Azərbaycanın siyasi həyatında yeni bir dövrün başlandığını bütün dünyaya çatdırmış oldu. Sovet dövlətinin süqutundan hələ xeyli əvvəl, 1991-ci ilin iyulunda Heydər Əliyevin Kommunist Partiyasının sıralarını tərk etməsi isə bu partiyaya, bu dövlətə ümumxalq inamının, etimadının sarsılmasına çox güclü təsir göstərdi, eyni zamanda, Azərbaycanda müstəqillik uğrunda mübarizənin genişlənməsinə, milli azadlıq hərəkatının vüsət almasına böyük təkan verdi.

Xalqımız Heydər Əliyev şəxsiyyətinə dərin məhəbbətini, onun siyasi iradəsinə inam və etibarını o, hakimiyyətdə olmadığı müddətdə də bariz şəkildə nümayiş etdirmişdir. Respublikaya səbatsız, milli təəssübkeşlikdən uzaq olan adamların rəhbərlik etdikləri vaxtlarda belə Azərbaycan cəmiyyətində daim bir istək, arzu vardı ki, xalqın üzləşdiyi bəlalardan xilas yolu hakimiyyətə Heydər Əliyevin dəvət olunmasıdır! 1993-cü ildə - yeni müstəqillik qazanmış ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranarkən xalq öz müdrikliyini göstərərək, dahi şəxsiyyətə müraciət etdi və bu da imkan verdi ki, Azərbaycan ağır, çətin vəziyyətdən çıxa bilsin. Ölkəni bürümüş dərin böhrana yalnız Heydər Əliyev siyasəti, onun müdrikliyi, uzaqgörənliyi, cəsarəti, xalqa olan sevgisi və xalqın ona inamı nəticəsində son qoyuldu. Qanunsuz silahlı birləşmələr ləğv olundu, sabitlik yarandı, asayiş bərpa edildi, vətəndaş qarşıdurması aradan qaldırıldı.

Ümummilli lider öz şəxsi fədakarlığı və idarəçilik məharəti ilə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində zəruri addımlar atdı, milli iqtisadiyyatımızın dirçəliş faktoru olan yeni neft strategiyasını hazırladı və uğurla həyata keçirməyə, anarxiya və başıpozuqluq nəticəsində daha da şiddətlənmiş cinayətkarlığa və hüquqpozmalara qarşı ciddi və ardıcıl mübarizə aparmağa başladı. Atəşkəsə nail olmaqla ölkədə yığılıb qalmış çoxsaylı sosial-iqtisadi problemlərin həllinə, cəmiyyətin və ordunun mənəvi gücünün bərpasına yol açdı.

O dövrdə hüquq-mühafizə orqanında işlədiyim üçün kriminogen vəziyyətdən yaxşı xəbərdar idim. Məhz Heydər Əliyevin respublikada cinayətkarlığa qarşı mübarizədə göstərdiyi qətiyyət dövlətimiz və cəmiyyətimiz üçün təhlükə yaradan silahlı qruplaşmaları, mütəşəkkil dəstələri zərərsizləşdirmək imkanı yaratdı. Həmin dövrdəki faəliyyətimi, cinayətkarlıqla mübarizədə xidmətlərimi yüksək qiymətləndirən Heydər Əliyev 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə məni müstəqil dövlətimizin ən ali mükafatına - Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördü. Bu böyük diqqət və qayğıya, xidməti fəaliyyətimə verdiyi əvəzsiz qiymətə görə mən böyük öndərə ömrüm boyu minnətdaram, bu fəxri titulu onun müqəddəs adına layiq şəkildə şərəflə daşımaqdan hər zaman qürur duyuram.

Yeri gəlmişkən qeyd edim ki, ümummilli liderin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, hər bir azərbaycanlı kimi, mənə də torpaqlarımızın işğaldan azad edilməsini görmək sevincini və qələbə qürurunu yaşatdı. Vətən müharibəsi günlərində biz - həyatda olan Milli Qəhrəmanlar da rəşadətli ordumuzun yanında, Ali Baş Komandanın əmrində olduğumuzu bəyan etdik. Təbii ki, ulu öndərin müstəsna xidmətləri sayəsində yaranıb formalaşmış, cənab İlham Əliyevin rəhbərliyi ilə ən müasir silahlarla təchiz edilmiş Silahlı Qüvvələrimiz, mənəvi-fiziki cəhətdən yetkin, gənc, peşəkar və vətənpərvər hərbçilərimiz təcavüzkar Ermənistanı diz çökdürərək bizim hər birimizin başını uca etdilər. Möhtərəm Prezidentimizin bu çox məsul və taleyüklü dövrdə rəhbərliyini mənə etibar etdiyi müdafiə sənayesi də düşmən üzərində parlaq qələbənin əldə olunmasına öz töhfəsini verdi. Silahlı Qüvvələrimizin yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmasında müdafiə sənayesi müəssisələri fəal iştirak edirlər.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev düşmən üzərində qələbəni şərtləndirən amilləri diqqətə çatdırarkən ordumuzun gücləndirilməsi və ən müasir silahlarla təchiz edilməsi məsələsinə toxunmuş, heç də asan olmayan bu məsələnin həllində ölkəmizin müdafiə sənayesinin rolunu yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı demişdir: “Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz...”.

Onu da vurğulamaq istərdim ki, yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi. Gərgin döyüşlərin getdiyi dövrdə birlik və müəssisələrimiz fasiləsiz iş rejimində çalışırdılar. Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı. İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİQOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir.

Müdafiə Sənayesi Nazirliyi möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılsa da, bu sənaye sahəsinin Azərbaycanda təşəkkül tapması dahi rəhbər Heydər Əliyevin mühüm xidmətlərindəndir. Hələ sovet hakimiyyəti zamanında respublikaya rəhbərlik edərkən o, keçmiş ittifaqın ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin burada inşa olunmasına təşəbbüs göstərmişdir. Həmin dövrdə məhz onun şəxsi təşəbbüsü, nüfuzu və səyləri sayəsində SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı “Mikrosxematexnika” Xüsusi Konstruktor Bürosunun bazasında “Azon” zavodu, 1975-ci ildə isə Bakıda Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verilmişdir. Bakıda “Ulduz” Elm-İstehsalat Birliyi, Radio Maşınqayırma zavodu (“Robot” zavodu), Azov Optika-Mexanika zavodunun filialı (“Alov”), “Alunit” zavodu, “Rabitə” Elmi-Tədqiqat İnstitutu, sonradan bazasında “Nord” Elm-İstehsalat Birliyi yaradılan Elektromexanika İnstitutu, Gəncədə “Büllur” zavodu, Şirvan şəhərində “Araz” zavodu, Tərtərdə Lionozov Elektromexanika zavodunun filialı, Xaçmazda, Siyəzəndə və Lənkəranda “Kondesator” zavodları və digər belə müəssisələr Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına geniş imkanlar açmışdır.

Bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir. Bundan başqa, biz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçiririk.

Ulu öndərin irsinin dövlətimiz və xalqımız üçün hər zaman misilsiz əhəmiyyəti olduğunu göstərən bir məsələni də qeyd etmək istərdim. Siyasi təhlilçilərin fikrincə, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub möhkəmləndirməklə postsovet məkanında yeni yaranmış digər türk dövlətlərinin də böyük güclərin geosiyasi asılılığına, imperiya boyunduruğuna düşməsinin qarşısını alıb, onların gələcək tərəfdaşlığının, türk dünyasının birliyinin təmin olunmasında müstəsna rol oynayıb. Bu tarixi xidmətin əhəmiyyəti 44 günlük Vətən müharibəsində bir daha özünü aydın şəkildə göstərdi. Türk dövlətləri Azərbaycanın haqq işini, erməni faşizminə qarşı mübarizəsini dəstəklədilər, xalqımızın qələbəsini alqışladılar. Türkiyənin qardaşcasına göstərdiyi siyasi dəstək və hərtərəfli kömək isə bu müqəddəs savaş, zəfərlə başa çatırılması üçün möhkəm zəmin oldu. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq ümummili liderimizin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” formuluna əsaslanır və milli maraqlarımızı tam təmin edir.

Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir başçılıq etdiyi nümayəndə heyəti ilə bu günlərdə Bakıda olarkən biz ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivlərini geniş müzakirə etdik, faydalı fikir mübadiləsi apardıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini və inkişaf etdirdiyini məmnunluqla qeyd etdik.

Ulu öndərin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluq və dostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Möhtəşəm Zəfərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir.

Burada Azərbaycanın xaricdə yaşayan sədaqətli övladlarından biri olan Mixail Qusmanın Vətən müharibəsi ilə bağlı maraqlı müşahidəsinə və dəyərli fikrinə istinad etmək istərdim. O, Heydər Əliyevin vəfat etdiyi tarixlə ötən il Azərbaycanda hərbi vəziyyətin ləğv edildiyi tarixin üst-üstə düşməsində dərin rəmzi məna gördüyünü vurğulayaraq deyir: “Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ilə yekunlaşan Dağlıq Qarabağ münaqişəsi dekabrın 12-də hüquqi baxımdan başa çatdı. Əminəm ki, Heydər Əliyevin fövqəladə vacib vəsiyyətlərinin ən ülvisi Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması idi. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Ali Baş Komandan kimi qətiyyəti sayəsində, Azərbaycan ordusunun, bütövlükdə Azərbaycan xalqının səyi ilə Heydər Əliyevin arzuları çin oldu...”.

Şanlı tariximizin unudulmaz səhifəsi olan həmin 8 noyabr günündə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini mən də xatırlatmaq istərdim. Xalqımıza Şuşanın işğaldan azad edilməsi müjdəsini verən cənab Prezident dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Bu sözləri dinləyərkən yaxında-uzaqda yaşayan bütün vətənsevər azərbaycanlıların qürur və sevincdən gözləri yaşarmamış deyil... Təbii ki, bu anlarda müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin şad olan ruhuna dünyanın hər yerində bir daha rəhmət oxunurdu. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan bütün nailiyyətlərinin, zəfərlərinin təməlində xalqımızın bu günü və gələcəyi üçün yeganə düzgün yolu nurlandıran Heydər Əliyev siyasəti dayanır. Məhz bu siyasət müsəqilliyimizin və inkişafımızın əbədi rəhnidir.

Mədət QULİYEV,

Azərbaycanın Milli Qəhrəmanı,

Müdafiə sənayesi naziri.

Published in Digər xəbərlər

Hər il may ayının 10-da  xalqımız  müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin doğum gününü təntənəli şəkildə qeyd edir. Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı qarşıdan gələn  builki may təntənələrini əvvəlkilərdən  fərqləndirən odur ki, artıq  biz bu bayramı həm də qalib xalq olaraq qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, şanlı Azərbaycan bayrağını Vətənimizin qürur simvolu olan Şuşada dalğalandırdı. İndi öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan regionda və dünyada tamamilə yeni geosiyasi reallıqlar yaratmış, onun nüfuzu beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə yüksəlmişdir.

 

Bu, yeni reallıqlar şəraitində ümummilli lider Heydər Əliyevin doğum günü xüsusi simvolik məna daşıyır. Çünki bütün ömrünü Azərbaycan idealına həsr etmiş Heydər Əliyev üçün ərazi bütövlüyünün bərpa olunması, Qarabağın düşmən tapdağından azad edilməsi ən müqəddəs amal idi. Bu amalı gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdə, Heydər Əliyevin canı qədər sevdiyi doğma Vətəni onun müəyyənləşdirdiyi strateji xətt üzrə öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır. Ulu öndər böyük siyasi uzaqgörənliklə bu günləri hələ neçə on illər bundan əvvəl aydın şəkildə görürdü. O, doxsanıncı illərin əvvəllərində, ölkədə olduqca acınacaqlı sosial-siyasi durumun olduğu bir şəraitdə, Qarabağın düşmən tapdağında qaldığı bir vaxtda inam və qətiyyətlə bildirirdi ki, gün gələcək Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dahi siyasətçi Heydər Əliyevin belə uzaqgörənliyi bir tərəfdən özü tərəfindən ölkənin strateji inkişafı üçün müəyyənləşdirilən siyasi xəttin perspektivinə əminlikdən, digər tərəfdən bu siyasi kursun varislərinə inamdan qaynaqlanırdı. Zaman Heydər Əliyevin nə qədər haqlı, müdrik və uzaqgörən olduğunu, həmişə olduğu kimi, yenə də təsdiq etdi. Heydər Əliyevin siyasi varisi İlham Əliyevin intellektual potensialı, vətənpərvərliyi, genetik əsasa dayanan dönməz iradəsi xalqımızın bu böyük arzusunu reallığa çevirdi.

Bəli, müasir Azərbaycanın sosial-iqtisadi və ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu sahələr sırasında elmin xüsusi yeri vardır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.

Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında müstəsna xidmətlər göstərmişdir. Elmə belə həssas münasibətin bütün respublika miqyasında yaratdığı intellektual atmosferdə elm və mədəniyyət xadimləri mövcud elmi potensialın qorunması, inkişaf etdirilməsi işinin milli dövlət quruculuğundakı əhəmiyyətini daha dərindən anlamış, ulu öndərin verdiyi mənəvi stimul alimlərimizi yeni-yeni elmi nailiyyətlərə ruhlandırmışdır.

Yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərir, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü. Bunun ən başlıca səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanması idi. Onun Azərbaycan elminə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanırdı.

Qədim və zəngin tarixi ənənələrə malik Azərbaycan elminin ötən əsrin 70-80-ci illərində yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verən, iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunan çoxsaylı elmi uğurları bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə dövlətin elmə müstəsna qayğısı nəticəsində mümkün olmuşdur.

Xüsusən, neft və qaz yataqlarının kəşfi, işlənilməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyəti olan tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması, əkinçiliyin, torpaqşünaslığın, meliorasiya və su təsərrüfatının, ölkənin flora, fauna və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin elmi problemlərinin öyrənilməsi və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar. Bu elmi istiqamətlər içərisində yer elmlərinin, xüsusən Azərbaycan geologiya elminin xüsusi yeri vardır. Mübaliğəsiz demək olar ki, keçmiş SSRİ-nin və dünyanın ən inkişaf etmiş elmi məktəblərindən biri olmuş Azərbaycan geologiya elmi öz inkişafının ən yüksək mərhələsinə məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində çatmışdır.

Əlbəttə, burada geologiya elminin zəngin elmi ənənələrinin də mühüm rolu olmuşdur. Neft Daşları, Azəri, Çıraq, Günəşli, Şahdəniz kimi dünya əhəmiyyətli nəhəng neft və qaz yataqlarının elmi əsaslandırılması, proqnozlaşdırılması və Azərbaycan neft sənayesi mütəxəssisləri ilə birlikdə aşkar edilməsi Musa Əliyevin, Əliəşrəf Əlizadənin, Şəfayət Mehdiyevin, Həsən Əhmədovun, Sübhi Salayevin, Xoşbəxt Yusifzadənin, Baba Babazadənin, Faiq Bağırzadənin və onların tələbələrinin adları ilə bağlıdır. Neftçi geoloqların fundamental tədqiqatları nəticəsində Cənubi Xəzər çökəkliyi neft-qaz yataqlarının formalaşma şəraitinin ətraflı öyrənilməsi 10 kilometrə qədər dərinliklərdə maye fazasında karbohidrogenlərin sənaye əhəmiyyətli toplanması ehtimalını nəzəri cəhətdən əsaslandırmağa imkan vermişdir.  

Şamil Əzizbəyov və Mirəli Qaşqay kimi görkəmli Azərbaycan alimləri maqmatik geologiya, petrologiya, mineralogiya, filiz və qeyri-filiz faydalı qazıntılar geologiyası sahələrində geoloji məktəblərin banisi olmuşlar. Akademik Musa Əliyev görkəmli Bakı paleontologiya, stratiqraflar elmi məktəbini yaratmışdır. Yer elmləri sahəsində Viktor Xain, Ədhəm Şıxəlibəyli, Fərhad Əhmədbəyli - tektonika; Qambay Əlizadə, Tofiq Həsənov, Qədir Sultanov - paleontologiya və stratiqrafiya; Dəmir Hacıyev - paleobiologiya, Əzəl Sultanov, Əbdül Əliyev, Heydər Əfəndiyev - litologiya və geokimya; Rasim Hacıyev, Şamo Rəhimov, Tofiq İsmayılzadə - geofizika, Həsən Əliyev - coğrafiya, geokimya, Budaq Budaqov - geomorfologiya, Ənvər Şıxlinskinin - klimatologiya elmi sahələrində məşhur elmi məktəblər yaradılmışdır.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin elmi fəaliyyət sahəsinin inkişafı istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi olaraq mexanika, yeraltı hidroqazdinamika və qazma sahəsində mühüm nəticələr alınmışdır. Azərbaycan alimlərinin əldə etdikləri mühüm elmi yeniliklər, kəşflər məhz yaradılmış münbit şəraitin nəticəsi idi. Belə nailiyyətlərə misal olaraq, akademik Azad Mirzəcanzadə tərəfindən təzyiqin ilkin qradiyentini nəzərə alan ümumiləşdirilmiş Darsi qanununun yaradılmasını qeyd etmək olar. Onun əldə etdiyi mühüm elmi nəticələr anomal qeyri-Nyuton neft yataqlarının işlənilməsinin nəzəri əsasını təşkil etmişdir. Azərbaycanın neftçi alimləri Midhət Abbasov, Qurban Cəlilov kollektorların və flüidlərin realoji xüsusiyyətlərini nəzərə almaqla, neft və qaz yataqlarının işlənilməsinin texnoloji göstəricilərinin təyin edilməsi metodlarının optimallaşdırılması məsələlərinin həllində mühüm nəticələr əldə ediblər. XX əsrin ikinci yarısında Azərbaycanın neft sənayesinin texniki və texnoloji yenilənməsi üzrə sanballı tədqiqatlar geniş vüsət almışdır. Səftər Quliyevin, Məhəmmədpaşa Quluzadənin, Rza Seyidrzanın tədqiqatları əsasında neft və qaz quyularının qazılması və istismarı sahəsində yeni metod və texnologiyalar təklif edilmişdir.

Sovet hakimiyyəti dövründə, xüsusən də 70-80-ci illərdə Geologiya İnstitutunda aparılan tədqiqatlar nəticəsində Azərbaycanda müxtəlif ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi və perspektivlərinin dəyərləndirilməsi üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr tərtib edilmişdir ki, bu xəritələr bir sıra neft yataqlarının, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Bunlara misal olaraq, Azərbaycan SSR-in tektonik xəritəsini, Azərbaycan SSR-in neft və qaz yataqlarının və perspektivli strukturların xəritələrini, Azərbaycan SSR-in neftqazlılıq xəritələrini, Azərbaycanın təbii qazlar xəritəsini və s. misal göstərmək olar.

Heydər Əliyev dövlət idarəçilik sahəsində zəngin təcrübəyə malik olaraq yaxşı bilirdi ki, elm istehsalatla, iqtisadiyyatla sıx qarşılıqlı əlaqədə inkişaf etməlidir. Həmin illərdə bilavasitə onun təşəbbüsü ilə bu məqsədlə çoxsaylı elmi-istehsalat birlikləri yaradılmışdır. Azərbaycanda aparılan geoloji tədqiqatlar, xüsusən də AMEA Geologiya İnstitutunun (2015-ci ildən Geologiya və Geofizika İnstitutu) fəaliyyəti də həmişə ölkə iqtisadiyyatı ilə sıx bağlı olmuş, AMEA Geologiya İnstitutu ilə bir sıra dövlət qurumları arasında qarşılıqlı əlaqədə xeyli sayda tətbiqi elmi tədqiqatlar aparılmış, onların nəticələri istehsalatda geniş tətbiq olunmuşdur. Məhz vaxtilə Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ənənənin nəticəsidir ki, Geologiya İnstitutu günü bu gün də istehsalat mütəxəssisləri ilə birlikdə çalışmaqdadır. Misal olaraq deyə bilərik ki, İnstitut tərəfindən Puta, Neftçala, Sənqəçal-dəniz, Ələt-dəniz, Günəşli, Cənub-2 sahələrində, Balaxanı, Sabunçu-Ramanı, Suraxanı 5-ci horizontda çoxlu sayda neft yığımları aşkar edilmiş, habelə Kürsəngə-cənub, Tərsdəllər və başqa ərazilərdə neftin sənaye ehtiyatları yataqlarının mövcudluğu təsdiq edilmişdir.

Ötən əsrin 70-80-ci illərində əldə edilən nailiyyətlərə baxmayaraq, 90-cı illərin əvvəlləri vəziyyəti tamamilə dəyişdi. Bu dövrdə həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. Böyük bir geosiyasi məkanda həyatın bütün sahələrini total xaos bürümüşdü.

Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən - ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə vəziyyəti əsaslı olaraq dəyişməyə nail oldu.

Həmin illərdə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında bazar münasibətlərinə əsaslanan iqtisadi-siyasi sistemin inkişafına nail olunması və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası məqsədilə iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparıldı. Bu islahatların əsas ideyası sənayenin texniki və texnoloji səviyyəsinin, eləcə də innovasiya fəallığının yüksəldilməsi yolu ilə ölkənin hərtərəfli, davamlı inkişafının təmin edilməsi idi.

Həm Azərbaycanın inkişafında oynadığı mühüm rol, həm də elmi araşdırmalarla əlaqəsi baxımından Heydər Əliyev tərəfindən reallaşdırılan Azərbaycanın neft strategiyasını xüsusi olaraq qeyd etmək lazımdır. “Əsrin müqaviləsi” adlandırılan neft müqavilələri, həyata keçirilən enerji layihələri və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin işə düşməsi Azərbaycanın sonrakı iqtisadi inkişafının əsasında dayanan mühüm amillərə çevrildi. Bu il “Əsrin müqaviləsi”nin imzalanmasının 27 ili tamam olur. İyirmi yeddi illik müddət ərzində Azərbaycan xalqı “Əsrin müqaviləsi”nin ölkənin həyatında necə bir mühüm rol oynadığının şahidi oldu.

Heç şübhəsiz, “Əsrin müqaviləsi” Azərbaycan alimlərinin neft və qaz yataqlarının kəşfi və işlənilməsi sahəsindəki on illər ərzində apardıqları araşdırmaların məntiqi nəticəsi idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı mərasimdəki tarixi nitqində Azərbaycanın neft sahəsində çalışan alimlərinin əməyini yüksək qiymətləndirərək onların neft sahəsindəki elmi nailiyyətlərini “böyük elmi kəşflər” kimi dəyərləndirmişdir: “Bu gün bu tarixi gündə Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra, mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyə qədər qazandığı nailiyyətlərə görə ürəkdən təbrik edirəm”.

“Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda neft gəlirləri hesabına neft sektorunun özü ilə bərabər, turizm, xidmət, yüksək texnologiyalar, sənaye parkları sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın enerji siyasətinin Azərbaycanın qeyri-neft sektorunun, ümumən iqtisadiyyatın inkişafında oynadığı rolu son dərəcə yüksək qiymətləndirmişdir. Müasir Azərbaycanın sosial-iqtisadi inkişafının, xüsusən də neft strategiyasının əsasında neftin özündən daha dəyərli olan elmi biliklər dayanır. Elm və texnikanın nailiyyətləri məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əsas amili, material və əmək sərfinin qənaəti, əmək məhsuldarlığının artırılması istehsalın təşkilinin təkmilləşdirilməsi şərti kimi çıxış edir. Bütün bunlar son nəticədə buraxılan məhsulun daxili bazarda və dünya bazarında müəssisənin rəqabət qabiliyyətini qabaqcadan müəyyənləşdirməyə imkan verir. Beləliklə, elm və başqa intellektual fəaliyyət sahələri iqtisadiyyatın inkişafında, əmək məhsuldarlığının yüksəldilməsində, milli gəlirin yaradılmasında və artmasında mühüm rol oynayır.

Heydər Əliyevin respublikada hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycan geologiya elminin tarixində yeni bir mərhələ başladı. 90-cı illərdən başlayaraq Geologiya İnstitutunda litosferin müasir geodinamik təkamülünün öyrənilməsi üçün fundamental elmi tədqiqatlar aparılmağa başlandı, yeni nəzəriyyələr yaradıldı və onların əsasında respublika sənayesi üçün çox böyük əhəmiyyətə malik praktiki texnologiyalar işlənib hazırlandı. Seysmik kəşfiyyat, quyu geofiziki və seysmoloji informasiyaların işlənilməsi və geoloji şərhinin yeni texnoloji kompleksi yaradıldı və böyük miqyasda tətbiq olundu. Bu istiqamətdə Qərbin aparıcı neft şirkətləri BP, SHEVRON, STATOİL və digərlərin sifarişi ilə bir sıra əhəmiyyətli layihələr həyata keçirildi.

Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası nəticəsində, beynəlxalq şirkətlərin respublikaya marağının artması nəticəsində Geologiya İnstitutu qazanılmış beynəlxalq qrantların sayına görə Azərbaycanın elmi müəssisələri arasında liderə çevrildi. Bu gün institut İNTAS, NATO, CRDF, KOPERNİCUS, Ukrayna Elm Fondu, Amerika Milli Elm Fondu və bir sıra başqa məşhur beynəlxalq fondlarla fəal əməkdaşlığı davam etdirir.

Məhz həmin illərdən başlayaraq institutun tərəfdaşlıq coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir. Onun tərəfdaşları arasında Böyük Britaniyanın Kembric və Aberdin, ABŞ-ın Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetlərinin, Massaçusets Texnoloji İnstitutunun, Pyer və Mariya Küri adına Universitetin, Fransa Neft İnstitutunun, Almaniyanın Karlsrue və Hannover universitetlərinin, Moskva Universitetinin, Niderlandın Delft Universitetinin, İstanbul Universitetinin və bir sıra başqa nüfuzlu ali məktəblərin görkəmli alimlərinin adlarını çəkmək olar. Köhnə əlaqələr sürətlə bərpa edilir, fəallaşır, MDB ölkələrinin və Sakit okean regionu dövlətlərinin alimləri ilə elmi əməkdaşlıq tənzimlənir. AMEA-nın Geologiya İnstitutunun fəaliyyətinin yeni mərhələsi Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Tayvanın Çanq-Konq Universiteti, İndoneziya Milli Neft Şirkəti və digər qurumlarla müştərək işlərlə əlamətdardır.

Bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt üzrə öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən bu inkişaf strategiyasının yaxın hədəfi 2030-cu ildir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq etmişdir.

Qeyd olunan sənəddə ölkənin sosial-iqtisadi inkişafına dair beş mühüm milli prioritet müəyyənləşdirilmişdir:

1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat

2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı

4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış

5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bu prioritetlər Azərbaycanın geoloq alimləri qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. İstər rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı üçün neft sektorunun inkişafı, istər işğaldan azad olmuş ərazilərin bərpası, istər rəqabətli insan kapitalının formalaşdırılması bilavasitə geoloq alimlərin də fəal səylərindən asılıdır. Hesab edirik ki, dövlət tərəfindən müəyyənləşdirilən strategiyanın həyata keçirilməsi işinə səfərbər olunmaq hazırkı şəraitdə Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir.

Akif ƏLİZADƏ,

AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, akademik.

Published in Digər xəbərlər
Çərşənbə, 05 May 2021 07:17

AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİ

Müstəqil Azərbaycanın ən yeni tarixi mənalı ömrünü doğma xalqının sabahına, işıqlı gələcəyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  Heydər Əliyev hələ sağlığında əfsanələşmiş nadir şəxsiyyət, dünyanın azərbaycanlı dahisi kimi tanınırdı. Müdrik rəhbər, mahir diplomat, əvəzsiz insan olan bu fenomenal şəxsiyyət ən ali keyfiyyətlərə malik idi. Tanrı ona dərin təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı bəxş etmişdi.

Ulu öndərin respublikamıza rəhbərlik etdiyi hər iki dövr böyük  tarixi nailiyyətlərlə, uğurlar və tükənməz  dövlətçilik təcrübəsi ilə zəngin olmuşdur. Məhz bu görkəmli dövlət xadiminin uzaqgörənliyi, parlaq zəkası, polad iradəsi, cəsarəti və qətiyyəti sayəsində Azərbaycan keçən əsrin 90-cı illərinin əvvəllərində fəlakətlərdən, xaosdan, hərc-mərclikdən, dərin böhranlardan çıxaraq öz əbədi azadlığına, müstəqilliyinə qovuşmuşdur. Xalqımızın son beş yüz illik tarixində milli dövlətçiliyimizin formalaşmasında Heydər Əliyev qədər çətin, mürəkkəb, amma şərəfli həyat yolu keçmiş ikinci tarixi şəxsiyyət təsəvvür etmək çətindir. O, bütün varlığını canından artıq sevdiyi doğma Azərbaycana və azərbaycançılığa həsr etmişdir.

Ulu öndər müstəqillik  dövrünün dövlət ideologiyasını hazırlayarkən azərbaycançılıq məfkurəsini irəli sürmüş, onu yeni şəraitdə milli dövlətçilik  ideologiyası kimi formalaşdırmışdır. Hələ 1978-ci ildə Heydər Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur.  Ana dilimizin zənginliyini, xalqımızın fədakarlığını, qəhrəmanlığını yüksək dəyərləndirən ulu öndər qürurla, fəxarətlə deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Heydər Əliyev azərbaycançılıq təlimində  dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrini nəzərə alır, Azərbaycan dilini  milli mənliyin başlıca məsələsi kimi diqqət mərkəzində saxlayırdı.

Ümummilli lider 2001-ci ilin noyabr ayında ilk dəfə olaraq dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında bir yerə topladı, bir amal ətrafında birləşdirdi. Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Müdrik rəhbərin qurultaydakı nitqi  azərbaycançılığın tarixi proqram  sənədinə çevrildi. Ümummilli liderin dediyi kimi, “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə  sintezindən, dünya sivilizasiyasına  inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Heydər Əliyev azərbaycançılığa, bəşəri dəyərlərə əsaslanan milli, demokratik dövlət qurdu. Soydaşlarımızda dövlətimizə, dövlətçiliyimizə inam, sədaqət hissi gücləndi. Bu böyük insan ömrünün ən parlaq dövrünü xalqımızın dünya millətləri içərisində öz imzası olmasına, azərbaycançılıq ideologiyasının təntənəsinə, müstəqil Azərbaycanın dünyada tanıdılmasına həsr etdi. Planetimizdə təxminən 5 mindən artıq xalq yaşayır. BMT-nin iqamətgahında  bayrağı dalğalanan müstəqil dövlətlərin  sayı isə 200-dən bir qədər çoxdur. Azərbaycan dövlətinin bu sırada öz yerini tutması qürurvericidir, xalqımızın böyük tarixi nailiyyətidir.

Heydər Əliyevin şəxsiyyət kimi möhtəşəmliyi bunda idi  ki, o təkcə müstəqil Azərbaycan  dövlətini  deyil, həm də real tarixin  özünü idarə etməli  olurdu. Azadlıq  mücahidi kimi  tanınan şair, alovlu vətənpərvər Xəlil Rzanın  təbirincə desək, “Ömrünün bütün  mərhələlərində mərd və üzüağ yaşadığı üçün Heydər Əlirza oğlunun nüfuzu, şöhrəti, qazandığı  ümumxalq  məhəbbəti Azərbaycan  miqyasına  sığmır. Bu nüfuz  dünya miqyaslıdır”.

Ulu öndərin azərbaycançılıq məfkurəsinin təməlində  Azərbaycan dili dayanır. Elə buna görə dönə-dönə deyirdi: “Hər bir millətin dili onun üçün əzizdir. Bizim üçün Azərbaycan dili, ana  dilimiz həddindən artıq əzizdir”. Heydər Əliyev nəinki dilimizi sevir, həmçinin daim onun tərəqqisi, bütün dünyada nüfuzunun qorunması üçün yorulmadan çalışırdı.

Dahi rəhbərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”  18 iyun 2001-ci  il  və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis  edilməsi haqqında” 9 avqust 2001-ci il  tarixli fərmanları üçüncü  minilliyin əvvəllərində  ana dili uğrunda mübarizənin, azərbaycançılığın  tərkib hissəsi kimi çox böyük əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiq edilməsi dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndərin tarixi xidmətidir.

Müdrik şəxsiyyətin dövlətçilik kursunu, azərbaycançılıq ideologiyasını bu gün ölkə Prezidenti cənab İlham Əliyev bütün fəaliyyətində uğurla, əzmkarlıqla davam etdirir. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, sərkərdə qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsində  ordumuz möhtəşəm qələbə qazandı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Xalqımızın Qarabağ həsrətinə son qoyuldu. Bu gün o müqəddəs yerlərdə tikinti, quruculuq işlərinə start verilib.  Yaxın vaxtlarda doğma Qarabağa böyük qayıdış başlanacaq.

Zaman keçdikcə ümummilli liderin şəxsiyyəti daha  möhtəşəm görünür, tarix inamla onun parlaq əməllərini, dövlətçilik ideyalarını və azərbaycançılıq nəzəriyyəsini təsdiq  edir. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük dayağı  müstəqil Azərbaycan və onun Prezidenti cənab İlham Əliyevdir. Gündən-günə inkişaf edən, çiçəklənən respublikamız ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsinin parlaq bəhrəsidir.  Azərbaycan durduqca Heydər Əliyev xalqımızın qəlbində yaşayacaq, onun ideyaları yolumuza daim işıq saçacaqdır.

 

Sevər AĞAYEVA,

Lənkəran rayonundakı Haftoni qəsəbə tam orta məktəbinin direktoru, biologiya üzrə fəlsəfə doktoru.

Published in Digər xəbərlər

Mayın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiqləndikdən sonra deputatlar cari məsələlər barədə danışıblar.

Parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Könül Nurullayeva, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Əli Məsimli, Razi Nurullayev, Tural Gəncəliyev, Azər Badamov, Müşfiq Cəfərov müxtəlif aktual məsələlərə toxunublar. Millət vəkilləri Dövlət Təhlükəsizliyi Xidməti və Sərhəd qoşunları zabitlərinin sərhəddə təqdirəlayiq fəaliyyətindən, azad olunmuş ərazilərdə yenidənqurma işlərindən, o cümlədən “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsindən bəhs ediblər. Çıxışlarda, həmçinin manatın məzənnəsi, bankların durumu, icbari tibbi sığorta ilə bağlı vəziyyət, sosial şəbəkələrdə edilən xoşagəlməz çıxışlar, müxtəlif yaş kateqoriyasından olan şəxslər, xüsusilə uşaqlar arasında intihar hallarının baş verməsi, bunun səbəbləri və qarşısının alınmasının vacibliyi, bələdiyyə torpaqlarının ayrılması sahəsində vəziyyət, təhsil sahəsində mövcud durum barədə fikirlər səsləndirilib. Deputatlar, eyni zamanda, seçiciləri narahat edən problemləri diqqətə çatdırıblar, bununla bağlı öz qeyd və təkliflərini səsləndiriblər.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün  11 məsələ müzakirə ediləcək. Gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi üçüncü oxunuşun tələblərinə tam cavab verir. Sənəd dini etiqad azadlığı sahəsində mövcud olan və yeni yaranan münasibətləri ölkənin qanunvericilik sisteminə uyğun şəkildə tənzimləmək, qanunun tələblərinə riayət olunmasına nəzarəti və maarifləndirmə işini səmərəli təşkil etmək məqsədi daşıyır.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlardan Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə layihə barədə öz fikirlərini açıqlayıblar.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, bu sənəd “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinin icrası ilə əlaqədar hazırlanıb. Layihədə nəzərdə tutulan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Dağınıq skleroz  xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının  istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında sənədin layihəsi ilə bağlı üçüncü oxunuşda məlumat verib.

Komitə sədri, həmçinin ölkədə koronavirusa qarşı peyvəndləmə prosesindən bəhs edib və bununla bağlı statistik məlumatları diqqətə çatdırıb.

Deputat Qüdrət Həsənquliyev çıxış edərək layihə barədə fikirlərini səsləndirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, növbəti üç məsələ mahiyyətcə bir-birinə yaxın və bağlı olan qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli gündəliyin növbəti üç məsələsini - “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Diqqətə çatdırılıb ki, hər üç sənəd “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərə əsasən, dənizçilərin şəxsiyyət sənədlərinin forması və məzmununun beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Bildirilib ki, dəyişikliklərdə dənizçinin şəxsiyyət sənədinin verilməsi, dəyişdirilməsi, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi prosedurlarının təkmilləşdirilməsi və daha sistemli tənzimləmə mexanizminin yaradılması təklif olunur. Layihədə, eyni zamanda, dənizçinin şəxsiyyət sənədində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə və standartlarına uyğun elektron daşıyıcının (çipin) yerləşdirilməsi, şəxsə məxsus bir sıra məlumatların sənədin özündə deyil, məhz çipə  daxil edilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin dənizçinin şəxsiyyət sənədinin verilməsi (dəyişdirilməsi) haqqında ərizə-anketin yeni formasının müəyyən olunması və dənizçinin şəxsiyyət sənədinin nümunəsinin yeni redaksiyada təsdiq edilməsi öz əksini tapıb.

Deputat Qüdrət Həsənquliyevin məsələ ilə bağlı səsləndirdiyi fikirlərə Əli Məsimli münasibət bildirib.

Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Daha sonra “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  məsələyə baxılıb.

Məsələ ilə bağlı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda iqtisadi sahədə həyata keçirilən səmərəli dövlət siyasətindən danışıb, azad iqtisadi zonaların əhəmiyyətini qeyd edib. Komitə sədri azad iqtisadi zonaya sərmayələrin cəlb edilməsi üçün hüquqi çərçivənin dəqiq müəyyən olunmasının önəmli olduğunu deyib. O, “Ələt azad iqtisadi zonası haqqında” Qanunun qəbulundan sonra keçən müddət ərzində baş verən dəyişikliklərdən bəhs edib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbənin regionda yaratdığı yeni iqtisadi imkanlar, Zəngəzur nəqliyyat dəhlizinin açılması reallığı fonunda müzakirəyə çıxarılan qanun layihəsinin vacibliyini vurğulayıb.

Tahir Mirkişili layihənin Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması və müvafiq qanunun tətbiqi təcrübəsindən irəli gəldiyini söyləyib. Qeyd edilib ki, sənəd Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsində terminlərin dəqiqləşdirilməsi, səlahiyyətli qurumun hüquqlarının genişləndirilməsi, vergi, gömrük, maliyyə məsələlərinin qətiləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub. Sənəddə, həmçinin investorların cəlb edilməsi, mübahisələrin sahəvi bölgüsünün ləğvi, onların həllində nəzərdə tutulan qurumların siyahısına Beynəlxalq Arbitraj İnstitutunun əlavə olunması ilə bağlı dəyişikliklər öz əksini tapıb. Düzəlişlərin Azad Zonanın fəaliyyətinin səmərəliliyinin təmini baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Müzakirələr zamanı deputatlar Razi Nurullayev, Etibar Əliyev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Mahir Abbaszadə, Fazil Mustafa, İltizam Yusifov, Tural Gəncəliyev sənədlə bağlı fikirlərini söyləyiblər.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclisdə hazırlanıb və müvafiq qurumlarla razılaşdırılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-birinə yaxındır.

Sonra komitə sədri Tahir Mirkişili birinci oxunuşda hər iki qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, təklif olunan layihələr Milli Məclisin komitələri tərəfindən hazırlanıb, geniş müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub. Qanun layihələri hərrac baş tutmadığı halda ipoteka kreditində olan girovun kredit verən təşkilatın əmlakına keçdiyi zaman hansı sənədin verilməsini və yaranan verginin kimin ödəməsi ilə bağlı məsələyə aydınlıq gətirir. Qeyd edilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən araşdırılıb, bununla bağlı xüsusi işçi qrupu yaradılıb.

Məlumat verilib ki, təklif olunan dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

Qeyd edilib ki, dəyişikliklər bazarda münasibətlərin daha da sağlamlaşması, ədalətli tənzimləmənin səviyyəsinin daha da artırılması, bank sektorunun sağlamlaşması istiqamətində ölkədə aparılan islahatlara dəstək və eyni zamanda, kredit faizlərinin aşağı salınması, kreditin dəyərinin uzlaşması baxımından əhəmiyyətlidir.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı rəyinin müsbət olduğunu bildirib.

Komitə sədri Tahir Rzayev, deputatlardan Əli Məsimli, Aydın Hüseynov, Etibar Əliyev dəyişikliklər barədə fikirlərini və təkliflərini səsləndiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda daha sonra “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.

Bildirilib ki, qanun layihəsi “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli 998 nömrəli Fərmanına əsasən hazırlanıb. Təklif olunan dəyişiklik heyvanların dövlət sifarişi ilə planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyənləşdirilməsinə hüquqi əsas yaradacaq. Belə ki, özəl baytarlıq subyektləri tərəfindən heyvanların peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinin haqları müəyyən edilməlidir ki, bunun əsasında da onlarla müqavilələr bağlanıla bilsin və həmin vəsait onlara ödənilsin. Qanun layihəsinin qəbul olunması heyvan sağlamlığının qorunmasına və xəstəliklərin qarşısının alınmasına, eyni zamanda, baytarlıq sahəsində özəl sektorun inkişafının dəstəklənməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin iclası başa çatıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev mayın 3-4-də DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altındakı torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb. Son dövrdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub. Aprelin 26-da Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həllinin vacibliyi vurğulanıb, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.

Ezamiyyət müddətində əlahiddə sərhəd diviziyasının xidməti ərazisində dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüş keçirilib, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraiti ilə tanışlıq olub.

Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, vəzifəli şəxslərin xidməti ərazidə mövcud əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib. Habelə hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Azərbaycan-İran dövlət sərhədində Zəngilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəldilməsi üçün görülən işlərlə yerindəcə tanışlıq olub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşırıq və tövsiyələr verilib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 4