XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 02 May 2021

Bu, dövlətimizin  iqtisadi gücünün, potensialının əməli nümayişinə çevrilir

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində respublikamızın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram!

Qoy, bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.

AZƏRTAC

Published in Sosial həyat

Belə təsəvvür yaranır ki, burada sanki atom bombası partladılıb. Dağıdılmış Ağdam atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Lakin ermənilər burada atom bombası partlatmayıblar, onların atom bombası yox idi. Ermənilər burada Azərbaycan xalqına nifrət bombası partladıblar.  

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri mayın 1-də Ağdamda səfərdə olan Rusiyada çıxan “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə müsahibəsində söyləyib.

 

“Ermənistanın hərbi-siyasi rəhbərləri vandalizm aktlarına görə beynəlxalq tribunalda cavab verməlidirlər”

İ.Korotçenko qeyd edib ki, törədilmiş dağıntıların miqyası ağlasığmazdır: “Dünyada bəlkə ikinci elə yer yoxdur ki, vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil. Bu, insanlıq əleyhinə cinayətdir. Bir daha təkrar edirəm, bu, vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Ermənistanda Birinci və İkinci Qarabağ müharibələrini törətmiş siyasətçilər, 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qovmuş erməni hərbçiləri və yaraqlıları öz hərbi cinayətlərinə görə cavab verməlidirlər”.

 

“Bərpa edilmiş Qarabağ öz ölkəsinin ərazi bütövlüyü uğrunda həlak olanlara abidə olacaq”

Baş redaktor daha sonra deyib: “Əlbəttə, biz başa düşürük ki, bu dəhşətli yaraların sağalması, Azərbaycan şəhərlərinin, digər yaşayış məntəqələrinin bərpa edilməsi üçün çox böyük zaman, onilliklər lazım olacaq. Lakin Azərbaycanın siyasi əzmkarlığı var. Biz tam əminik ki, işğaldan azad edilmiş ərazilər bir müddətdən sonra yenidən Azərbaycanın incilərinə çevriləcək. Azərbaycan xalqı çox əməksevər, səbirli və inadkar xalqdır. O, dağıntıları bərpa edəcək və bu, öz ölkəsinin ərazi bütövlüyünü qorumaq üçün canlarından keçmiş azərbaycanlılara ən yaxşı abidə olacaq. Bərpa edilmiş şəhərlər, bərpa edilmiş Qarabağ öz ölkəsinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanlara abidə olacaq”.

 

“Dəmir yumruq” əməliyyatı müasir hərb sənətinin zəfər nümunəsidir

İ.Korotçenko sözünə davam edərək deyib ki, burada aparılmış “Dəmir yumruq” əməliyyatı hərb sənəti baxımından XXI əsrin müasir yüksək texnoloji müharibə nümunəsidir. Azərbaycan Ordusu çox yaxşı hazırlıq keçmiş düşmənlə döyüşürdü. Bu düşmən 30 ilə yaxın müddətdə bir neçə istehkam xətti qurmuşdu. Yerevanda hesab edirdilər ki, bu istehkam xətləri Azərbaycan Silahlı Qüvvələri üçün keçilməz olacaq. Lakin biz yeni texnoloji müharibənin, XXI əsr müharibəsinin yeni nümunələrini gördük. Azərbaycan Ordusu, XXI əsrin ordusu bu görkəmli Zəfəri qazanmağa nail oldu.

İ.Korotçenko vurğulayıb ki, bu gün “Dəmir yumruq” əməliyyatı dünyanın ən müxtəlif dövlətlərinin - Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın aparıcı hərbi akademiyalarında, ərəb dünyasında öyrənilir: “Bu əməliyyatı Rusiyada da tədqiq edirlər. Ona görə ki, bu, müasir hərb sənətinin zəfər nümunəsidir. Bu gün belə əməliyyatların sayı çox olmasa da, Azərbaycan müasir silah növlərindən geniş istifadə etməklə nəyə qadir olduğunu göstərdi. Mən hesab edirəm ki, bu Qələbə, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sayəsində qazanılıb. Bu hərbi qələbə sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsini keçən il dünyada baş vermiş ən mühüm hadisələrin siyahısına daxil edib. Azərbaycanın qələbəsi 2020-ci ilin başlıca hərbi-siyasi hadisəsidir. Bu faktla heç kəs, hətta erməni təbliğatçıları da mübahisə edə bilməz, ona görə ki, bir daha təkrar edirəm, 44 günlük müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olub. Bilirsinizmi, bu da hərb tarixində misli olmayan nümunədir. Azərbaycan öz iradəsi, əzmkarlığı, iqtisadiyyat və siyasət sahəsində malik olduğu üstünlüklər sayəsində qalib gəlib. Şübhəsiz, bu, həm də dövlətlərin liderlərinin mübarizəsi idi. Miskin görkəmli, kəkələyə-kəkələyə danışan, özünü itirmiş, kapitulyasiya aktını imzalayan Paşinyanın fonunda Prezident Əliyev müasir dünyanın liderlərindəndir”.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru bildirib ki, bu gün dünya paytaxtlarının çoxu Azərbaycana etimad göstərir, hörmət edir, onu dostluğa layiq ölkələrdən biri sayır: “Ona görə ki, bu dövlət çox mühüm siyasi qərarlar qəbul edilməsi məsələlərində tamamilə suverendir. Bu gün belə ölkələrin sayı çox deyil. Azərbaycan məhz öz iqtisadi qüdrətinə və ordusunun gücünə güvənərək öz suverenliyini təmin edən dövlətlərdəndir”.

AZƏRTAC

Published in Müsahibələr

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasları keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclaslarda 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının əsas makroiqtisadi çağırışları, ortamüddətli makrofiskal çərçivə və proqnozlar və digər cari məsələlər müzakirə olunub.

 

 

AZƏRTAC

Published in İqtisadiyyat

Dağıntılar iki cür olur. Təbiətin törətdiyi və insan əli ilə törədilən. Bunu Ağdamda bir daha görürük.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında mayın 1-də Ağdama səfəri zamanı Rusiya Dövlət Dumasının Liberal-Demokrat Partiyasından olan deputatı, Dumanın İqtisadi siyasət, sənaye, innovasiyalı inkişaf və sahibkarlıq üzrə Komitəsi sədrinin birinci müavini Sergey Kalaşnikov bildirib.

Deputat qeyd edib ki, bütün keçmiş Sovet İttifaqı Ağdamı tanıyırdı: “Biz indi bu şəhərin əl ilə törədilmiş xarabalıqları üzərində dayanmışıq və əlbəttə ki, bu, çox acı təəssürat doğurur. İstənilən halda XXI əsrdə vəhşiliyin hər hansı təzahürü yolverilməzdir”.

 

AZƏRTAC

Published in Müsahibələr
Bazar, 02 May 2021 09:07

Azad Arif oğlu Rəhimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat etmişdir.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirmiş, 1981-1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil almışdır.

Azad Rəhimov 1986-1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987-1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990-1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləmiş, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərmişdir.

2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra etmiş, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.

Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında böyük hörmət qazandırmışdır. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idmanın qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün qüvvə və bacarığını əsirgəməyən Azad Rəhimov respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və kütləviliyinin artırılması, eləcə də idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq miqyasda layiqincə qorunması işinə töhfələr vermişdir. Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları və strategiyalarının hazırlanmasında, habelə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə bağlı tədbirlərin uğurla həyata keçirilməsində onun təqdirəlayiq xidmətləri olmuşdur.

Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Azad Arif oğlu Rəhimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Mehriban Əliyeva, Əli Əsədov, Sahibə Qafarova,

Samir Nuriyev, Adil Əliyev, Eldar Əzizov, Yusuf Məmmədəliyev,

Çingiz Hüseynzadə, Ağacan Abıyev, Fuad Hacıyev, Fərid Cəfərov, İlqar Rəhimov

Published in Digər xəbərlər

Mayın 1-də rusiyalı deputatlar, ekspertlər və jurnalistlər işğaldan azad edilmiş Ağdam şəhərinə səfər zamanı Cümə məscidində ermənilərin törətdikləri vəhşiliyə şəxsən şahid olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rusiyalı qonaqlar əvvəlcə Ağdam şəhərinin mərkəzi hissəsinə, o cümlədən viran qoyulmuş infrastruktur obyektlərinə, Dram Teatrının qalıqlarına baxıb, ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğala qədər Ağdam rayonunda 153 min, Ağdam şəhərində isə 42 mindən çox sakin yaşayırdı. Rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar.

Sonra qonaqlar Ağdamda Cümə məscidinə gəliblər. Məlumat verilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Qeyd olunub ki, Azərbaycanda bir çox azsaylı xalqlar mehriban qonşuluq şəraitində, dinc-yanaşı yaşayırlar, ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Kilsə və sinaqoqlar dövlət səviyyəsində təmir və bərpa olunur, dini etiqad azadlığına həssaslıqla yanaşılır. Ermənistan isə bunun əksinə olaraq, azərbaycanlıların dini inanc yerlərində, Qarabağdakı məscidlərimizdə, Ağdam Cümə məscidində mal-qara və donuz saxlayaraq müsəlman aləmini, İslam dinini təhqir edib.

 

 

 

 

 

AZƏRTAC

Published in Region

Mayın 1-də rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər zamanı I Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır.

Qonaqlara məlumat verilib ki, ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

 

 

 

AZƏRTAC

Published in Region

Rusiyalı deputatlar, ekspertlər və jurnalistlərin bir qrupu mayın 1-də Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rusiyalı qonaqlar Ağdam şəhərindəki İmarət qəbiristanlığında erməni barbarlığına şahid olublar.

Bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

 

 

 

 

AZƏRTAC

Published in Region

Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

Böyük tarixi şəxsiyyətlərin rolunu tam, dəqiq və layiqincə qiymətləndirmək həmişə çətin və yüksək məsuliyyət tələb edən işdir. Belə ki, tarixi şəxsiyyətlərin yerinə yetirdiyi funksiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə də əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini tam mənada öz üzərinə götürür.

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, əbədi prosesə çevrilməsi böyük idarəçilik təcrübəsinə malik olan ümummilli liderimizin böyük tarixi xidmətidir. 1993-cü ildə xalqın təkidli xahişi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik təsisatların yaranmasına meydan verildi. Məhz həmin dövrdən başlayaraq Azərbaycanda köklü iqtisadi islahatların aparılması, bazar iqtisadiyyatının inkişafı üçün normativ-hüquqi bazanın yaradılması, Azərbaycana irihəcmli investisiyaların cəlb edilməsi, ölkəmizdə neft şirkətlərinin fəaliyyəti üçün şəraitin yaradılması, sahibkarlığın inkişafı üçün dövlətin qayğı və himayəsi, beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişləndirilməsi ümummilli liderimiz Heydər Əliyevin gərgin və səmərəli fəaliyyətinin bəhrəsidir.

Dünyanın nüfuzlu siyasətçiləri və analitikləri belə etiraf edirlər ki, müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyev qədər dərindən bilən olmayıb.

Ulu öndər Heydər Əliyevin cəmiyyətin mütləq əksəriyyətinin birmənalı şəkildə qəbul etdiyi liderliyinin səciyyəvi xüsusiyyəti təkcə onun uzun müddətliliyində deyil, bəlkə də daha çox zəngin məzmuna malik olmasındadır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər onun tarixinin ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş mərhələsi adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Qısa zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları, bir sözlə, milli gücü cəmləyib ölkənin tərəqqisinə yönəltmək imkanı qazanmışdır.

Ümummilli liderimiz hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi dahi tarixi şəxsiyyətidir. Ankaradakı Bilkənd Universitetinin banisi, dünya şöhrətli alim İhsan Doğramacı Heydər Əliyev şəxsiyyətini qiymətləndirərkən demişdir: “Heydər Əliyev zəmanəmizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və öz xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında Vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir... O, ölkəni bəlalardan qurtaran dövlət başçısıdır”.

Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük, elmi, intellektual, kadr, iqtisadi və enerji petensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə də Azərbaycan xalqı qazanılmış müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə edilmiş bütün nailiyyətlərə görə dahi şəxsiyyətə daim minnətdarlıq ifadə edir. Heydər Əliyev yenidən hakimiyyətə qayıdarkən öz xalqına sədaqət və sevgisini ifadə edib: Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir.

Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunan müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamış ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Ümummilli liderimizin ən böyük xidməti isə müstəqil siyasət yürüdən güclü Azərbaycan dövlətini yaratmasıdır. Xalq Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi kimi qəbul edir. Həqiqətən də, Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu öndər Azərbaycanda hamının, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün, ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir. Xalqımız Heydər Əliyev irsindən zaman-zaman bəhrələnəcəkdir.

Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün nümunədir. Biz Azərbaycanı sevməyi ümummilli liderimizdən öyrənməliyik. Heydər Əliyev dünyaya yalnız xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları idi. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi dünya siyasəti meydanında yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artırmışdır. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız davamlı iqtisadi inkişaf yoluna çıxdı.

Vətən təəssübü, torpaq qeyrəti, xalq sevgisi ümummilli liderimizin həyat yolu və amalı idi. Mənsub olduğu xalqına sədaqətlə xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. O, elə bir müdrik rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev müdriklik simvoluydu. Ulu öndərin ideyaları ziyası kimi xalqımızın həyat yolunu işıqlandıracaqdır. Bir sözlə Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Ölkəmizin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Ömrünün qalan hissəsini, həqiqətən də, xalqına həsr etdi. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyəti qədirbilən xalqımız heç zaman unutmayacaqdır.

Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz zəkaya malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu qüdrətli şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.

Hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında misilsiz xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində ən yüksək zirvə kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.

Heydər Əliyevin ən böyük arzusu Dağlıq Qarabağı azad etmək idi. O, bu məqsədlə dünyanın əksər ölkələrinə səfər edərək əlində Azərbaycan xəritəsi Dağlıq Qarabağın vəziyyəti, yerləşməsi haqqında bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara ətraflı məlumat verir, Ermənistanın bizim torpaqlarımızı işğal etdiyini arqumentlərlə sübut edirdi. Heydər Əliyevin gerçəyə çevrilən arzuları nəhayət ki, həyata keçdi. Azərbaycan Böyük qələbənin ilk addım səslərini ötən il noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.

Biz bu gün ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Ən sevindirici hal odur ki, indi ulu öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin istək və arzularını gerçəkləşdirmək üçün dövlət başçımız möhtəşəm quruculuq tədbirləri, islahatlar həyata keçirir. Ötən müddət ərzində ölkə Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu, hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır. Davamlı inkişaf həm də onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu öndərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.

Published in Digər xəbərlər
1 -dən səhifə 4