XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 01 May 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olundu. Dövlətimizin başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırdı.

Söhbət zamanı Azərbaycan Respublikası-Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edildi və Azərbaycan Respublikası-Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olundu.

 

 

AZƏRTAC

Published in Siyasət

Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi - Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndirirəm. İnanıram ki, onlar Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrini səfərbər edərək bundan sonra da əzmlə çalışacaqlar.

Pasxa bayramı paklığı, yeniliyi, dirçəlişi və xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayıram.

Bayramınız mübarək olsun!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 aprel 2021-ci il.

Published in Məktublar

Hörmətli cənab Prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 aprel 2021-ci il.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr tarixli 2366 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 aprel 2021-ci il.

Published in Sərəncam

İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarovun İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə onlayn formatda görüşü keçirilib.

M.Cabbarov Azərbaycan və İsrail arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-İsrail iqtisadi əməkdaşlığı barədə məlumat verilib, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 90-dək İsrail şirkətinin uğurlu fəaliyyəti qeyd olunub. Bildirilib ki, iqtisadi əlaqələrin inkişafında, yeni təşəbbüslərə əsaslanan layihələrin icrasında Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti önəmlidir. Əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Azərbaycanla İsrail arasında azad olunmuş ərazilərin bərpası, enerji, səhiyyə, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və sair sahələrdə əməkdaşlıq üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

İsrailin xarici işlər naziri Q.Aşkenazi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, İsrail şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlı olduğunu qeyd edib. Görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsi, pandemiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq və s. məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikası Hökuməti ilə İsra

il Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclası da keçirilib. Hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri M.Cabbarov Azərbaycanın İsrail ilə dostluq və səmərəli tərəfdaşlıq əlaqələrini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, ölkələrimizin böyük iqtisadi potensialının əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. İsrailin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən iqtisadiyyat naziri qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi barədə fikirlərini bölüşüb, yaxın zamanlarda İsraildə ölkəmizin ticarət və turizm nümayəndəliklərinin açılmasının planlaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verildiyini qeyd edən iqtisadiyyat naziri 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri barədə məlumat verib, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə “ağıllı texnologiyalar”ın tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına, Böyük Qayıdışa töhfə verəcək.

Azərbaycanın əlverişli biznes və investisiya mühitini vurğulayan iqtisadiyyat naziri İsrail sahibkarlarını ölkəmizdə yaradılmış sənaye zonalarına investisiya yatırmağa, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə iştiraka dəvət edib.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Q.Aşkenazi ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyini qeyd edib.

İclasda iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə Hökumətlərarası Komissiyanın üzvləri əməkdaşlığın inkişafı imkanlarına dair fikirlərini bildiriblər.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Qabi Aşkenazi imzalayıblar. Sənəddə enerji, səhiyyə, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsrrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

AZƏRTAC

Published in Digər xəbərlər

Rəsmi Bakı üçtərəfli bəyanat çərçivəsində əldə olunan razılaşmaların regionda yeni perspektivlər açacağına əmindir

Published in Digər xəbərlər

Aprelin 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Müdafiə Sənayesi Komitəsi, “STM”, “ROKETSAN”, “HAVELSAN” şirkətlərinin və “ASELSAN-Bakı” ofisinin rəhbər heyətlərini salamlayan müdafiə naziri ölkələrimiz arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini, bu əlaqələrin daha da genişlənməsində dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin böyük rol oynadığını qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi-texniki əməkdaşlığının aktual məsələləri müzakirə edilərək müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, xüsusilə də Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi nəzərə alınmaqla ölkələrimiz arasında yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyənləşdirilib. Əminliklə bildirilib ki, əsas diqqət qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsinə yönəldiləcək.

Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Aprelin 30-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olub.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plenumda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının yeni tərkibi və Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti təsdiq olunub.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
Şənbə, 01 May 2021 10:14

Müasir Azərbaycanın qurucusu

“Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm”.

Heydər Əliyev,

Ümummilli lider.

 

Azərbaycanın dünəni, bugünü, sabahı, işıqlı gələcəyi ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin siyasi fəaliyyətinin bütün dövrlərində gördüyü işlərin əsasında demokratiyaya sadiqlik, müasirlik və yenilik kimi ülvi prinsiplər dayanır.

Ulu öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin güclü təməlini yaradan və onu daim möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qurmuş, azərbaycanlıların bir millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.

Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində və onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarında ümummilli liderimiz Heydər Əliyevin rolundan danışılanda bəzən bu islahatların 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə başlanılması vurğulanır. Halbuki həmin islahatlar çox-çox əvvəl, hələ Heydər Əliyevin Sovet Azərbaycanına 1969-1982-ci illərdə rəhbərlik etdiyi vaxtlarda başlamışdır. Onun həmin dövrdə atdığı uzaqgörən və cəsarətli addımların xalqımızın taleyində köklü dəyişikliklərə səbəb olması danılmazdır.

Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu alması təsdiq olundu. Bu məsələ ona görə xüsusi olaraq vurğulanmalıdır ki, o zaman İttifaqın iri respublikaları öz dillərini dövlət dili statusuna qaldıra bilməmişdi.

1981-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikada “Məhkəmə Quruluşu haqqında” yeni qanunun qəbul edilməsi məhkəmə orqanlarının inkişafı və möhkəmlənməsi üçün şərait yaratmışdır. Bu qanun 1960-cı ildə qəbul edilmiş qanuna nisbətən geniş və mütərəqqi sənəd olmaqla Azərbaycan SSR Ali Məhkəməsindən, Naxçıvan MSSR Ali Məhkəməsindən, Bakı şəhər Məhkəməsindən, DQMV-nin Vilayət Məhkəməsindən, rayon (şəhər) xalq məhkəmələrindən ibarət məhkəmə sistemini formalaşdırmışdır.

Məhz ulu öndərin təşəbbüsü ilə Naxçıvan MSSR-in adından “sovet sosialist” sözləri çıxarılmış, muxtar respublikanın dövlət rəmzləri haqqında tarixi qərar qəbul edilmiş və hazırki dövlət rəmzlərindən olan üçrəngli bayrağımız dalğalanmağa başlamışdır. Eyni zamanda muxtar respublikanın Ali Məclisi bu bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsini Azərbaycan Respublikasının Ali Sovetinə tövsiyə etdi. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda atılan bu addım Qafqazda və Orta Asiyada SSRİ bayrağından imtina edilməsi yolunda ilk fakt idi.

Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Ancaq müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi üzündən ölkədə heç bir islahat aparılmadı, sovet dövründən miras qalmış əski Konstitusiya saxlanıldı. Bu istiqamətdə sistemli işlərə 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə respublika rəhbərliyinə yenidən qayıtdıqdan sonra başlanmışdır.

Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu - Konstitusiyası qəbul olundu. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola-qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır. Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq islahatlarının aparılmasının da əsasını qoydu.

Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış vacib qanunlardan biri də Azərbaycan Konstitusiyasının aliliyini təmin edilməsinə yönəlmiş “Konstitusiya Məhkəməsi haqqında” qanunun qəbul edilməsi oldu. Konstitusiya Məhkəməsinin təşkil olunması isə hüquqi-demokratik dövlət qurmaq amalı ilə yaşayan Azərbaycan xalqının müasir tarixində mühüm bir hadisə sayılmalıdır. Komissiya tərəfindən hazırlanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Notariat haqqında” və sairə qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.

Ölkəmiz 1996-1997-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “insan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandumudur. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunvericilikdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi və “məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” 1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılmış və ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması yolu ilə təyin edilməsi qərara alınmışdır. Təcrübədə sınanmış bu qaydaların nə dərəcədə effektiv olması özünü sübut etdi və 2000-ci ildə keçirilmiş test imtahanları zamanı hakim korpusu 60 faizə qədər təzələnmişdir. Təkcə bu fakt seçkinin ədalətli, şəffaf, demokratik prinsiplərə uyğun keçirildiyinə əmin olmaq üçün kifayətdir.

Ölkəmizdə ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk dövlət olmuşdur. Yüksək humanizm və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər bir təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.

Ümummilli liderimiz Heydər Əliyev hər zaman dövlət və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə rellaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş və ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan böyük, diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Qlobal miqyasda aparıcı dövlətlər, o cümlədən Qərbin demokratik dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda təsəvvür etmirlər. Heydər Əliyevin xarici siyasət doktrinası bu fəlsəfi dünyagörüşün mahiyyəti barədə real təsəvvürlərin ortaya çıxmasını şərtləndirir.

Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrin, irs-varislik əlaqələrinin qorunub saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacibdir və böyük əhəmiyyət daşıyır. İrs-varislik əlaqəsi Azərbaycan xalqının milli düşüncə sistemində də möhkəm intişar tapmış, xalqımız tarix boyu inandığı, etibar etdiyi siyasəti ürəkdən dəstəkləyərək öz təminatlı gələcəyinə doğru inamla addımlamışdır. ümummilli lider Heydər Əliyev bu mənada həm də böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir.

Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Dövlət başçısı qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizmin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.

Cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük şövqlə həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinə və mükəmməl iş təcrübəsinə dəlalət edir. Dövlət başçısı praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. 2003-2020-ci illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılması, sosial vəzifələrin həlli, əhalinin sosial rifah halının, alıcılıq qabiliyyətinin yüksədilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı surətdə demokratiya yolunda uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunu yüksəlməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.

Prezidentimiz təcrübəli siyasətçi, müdrik bir rəhbər kimi Dağlıq Qarabağ münaqişəsini də uğurla həll etdi. Sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin uzun illərdən bəri işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasına, zəruri tədbirlər görməsinə rəvac verdi. Düşmənin bütün istiqamətlərdən hücuma keçməsi, Azərbaycan ərazilərində mülki əhalinin yaşadığı məntəqələri uzaq və yaxın mənzilli artilleriya qurğularından raket atəşinə tutması Qarabağ savaşının yeni - həlledici mərhələsinin başlanmasına təkan verdi.

İyirmi yeddi ildən artıq bir müddətdə Azərbaycan tərəfi problemi sülh yolu ilə həllinə çalışsa da, düşmən tərəfi hər dəfə müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır, danışıqlarda konkret addımlar atmaqdan yayınırdı. Maraqlısı burasıdır ki, beynəlxaq təşkilatlar da bu illər ərzində təcavüzkar Ermənistana sanksiyalar tətbiq etmək, onları danışıqlar masasında real addımlar atmağa vadar etmək əvəzinə, demək olar ki, heç bir iş görmədilər.

Buna görə də Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücum əməliyyatlarına başlayaraq erməni hərbi qüvvələrə sarsıdıcı zərbələr endirməsi nəticəsində işğal altında olan torpaqlarımızın azad olunmasına başlandı.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Altı həftə ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.

8 noyabr isə Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.

10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi.

Azərbaycan iqtisadiyyatı son on ildə özünün keyfiyyətcə yeni və həlledici mərhələsinə qədəm qoymuş, bir sıra sahələrdə kardinal islahatların aparılmasına siyasi, hüquqi və maddi zəmin hazırlamışdır. Respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit-ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji-kommunikasiya, innovasiya layihələrinin reallaşdırılması nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin vətəndaş şüurunda mənimsənilməsinə imkan yaratmışdır. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.

Ümumilikdə, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

 

Hökumə Babayeva,

Sumqayıt Apelyasiya

Məhkəməsinin hakimi.

Published in Digər xəbərlər

Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.

Ümummilli lider Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikası gənclərinin

birinci forumundakı çıxışından. 2 fevral 1996-cı il.

 

Hər bir ölkənin maddi və mənəvi rifahı cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin sosial vəziyyətindən, həyat və fəaliyyət şəraitindən, əmək fəaliyyətindən bilavasitə asılıdır. Məhz elə buna görə də ümummilli lider Heydər Əliyev respublikanın rəhbəri olduğu ilk dövrlərdən etibarən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin formalaşmasını dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri fəaliyyətə başlayıb, minlərlə Azərbaycan gənci keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələnib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr müstəqil Azərbaycanın sağlam gələcəyi üçün gənc nəslin üzərinə düşən məsuliyyəti daha da artırdı. Bütün bunları bilən ümummilli liderimiz gənc nəslin mütəşəkkil formada yetişməsi və potensial resurslardan səmərəli istifadə etməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yarandıqdan dərhal sonra dövlət gənclər siyasətinin ölkə ərazisində tətbiq olunmasını prioritet istiqamətlərdən birinə çevirdi. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Forum ölkə gənclərinin hər bir sahədə ictimai fəallıq nümayiş etdirməsinə şərait yaratdı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü elan edilib.

Heydər Əliyev hər zaman Azərbaycan gəncinin savadlı, dünyagörüşlü olmasına diqqət yetirib. “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” - sözləri bu vəzifəni özündə ən ali şəkildə ehtiva edir.

Ötən əsrin sonlarında ölkədə aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri Qarabağı işğaldan azad etmək naminə ordu sıralarına yazılmaq üçün on minlərlə müraciət ünvanladılar. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanları da məhz gənclər idi.

Ulu öndərin siyasətini ən yüksək səviyyədə davam etdirən cənab İlham Əliyev 17 il ərzində heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.

Ulu öndərin sahib olduğu dərin və uzaqgörən siyasət biz gənclərin bugünkü böyük və danılmaz inkişafının mənbəyi və özəyidir. Cənab Prezident İlham Əliyev tərəfindən ən uğurlu şəkildə davam etdirilən Azərbaycanın gənclər siyasəti də bu dəyərləri özündə birləşdirir. Azərbaycan gəncliyinə verilən bu böyük qiymət və qayğı hər zaman gəncləri daha çox çalışmağa, daha böyük məsuliyyət və əzmkarlıqla bu dəyərlər ətrafında birləşdirir və azərbaycançılıq məfkurəsini ən ali amal bilməyə sövq edir.

Nurlan HƏSƏNOV,

Azərbaycan Respublikası Milli Məclisinin

deputatı,

hüquq üzrə fəlsəfə doktoru.

***

Ümummilli lider Heydər Əliyev - böyük və müdrik şəxsiyyət, müasir Azərbaycanın banisi. Ulu öndər bütün həyatını xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmişdir. Ölkəmiz və xalqımız üçün çətin bir dövrdə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, sözün əsl mənasında ölkəni uçuruma yuvarlanmaqdan qurtardı, hər kəsə işıqlı bir gələcək üçün nikbinlik və inam aşıladı. Heydər Əliyev çox yaxşı bilirdi ki, ölkənin gələcəyi yalnız düzgün təşkil edilmiş dövlət quruluşundan və müstəqillikdən asılı deyil, həmçinin cəmiyyətdəki mövcud harmoniyadan da asılıdır. Mənəvi cəhətdən zəifləyən, ideoloji cəhətdən dağılmış cəmiyyəti bir yerə toplamağı bacaran Heydər Əliyev çoxmillətli xalqın və Azərbaycan multikulturalizminin qurucusu oldu. Bütün etnik qrupları vahid bir məqsəd - Vətəni sevmək və qorumaq ətrafında cəmləşdirməyi bacardı.

Heydər Əliyev dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanmış, inkişaf etməkdə olan tolerant bir cəmiyyətin formalaşdırılmasının mümkünlüyünü bütün dünyaya nümayiş etdirdi. Dövlətin milli maraqlarını cəsarətlə müdafiə edərək bütün etnik qrupların yeni şəraitə uyğunlaşmasına kömək etdi.

Bu gün Azərbaycan Cənubi Qafqazdakı 120.000 nəfərlik ən böyük rus icmasının evidir. Azərbaycandakı rus icması adından danışarkən əminliklə qeyd edə bilərəm ki, hazırkı çoxqütblü dünyada hər ölkənin sahib olmadığı dinlər və xalqlararası tolerantlıq Azərbaycanda ən yüksək səviyyədə öz mövcudluğunu qoruyur. Multikulturalizmin Azərbaycan modeli bir sıra Avropa ölkələrində cəsarətlə nümunə kimi göstərilir.

Millətlərarası birlik və tolerantlıq, Vətən müharibəsi dövründə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün Azərbaycan xalqının etnik və dini mənsubiyyətindən asılı olmayaraq, çiyin-çiyinə müdafiədə dayandığı zaman açıq şəkildə özünü büruzə verdi. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hamı bir nəfər kimi vətənin müdafiəsinə qalxdı və ölkənin ərazi bütövlüyünü təmin edərək torpaqlarımızı erməni işğalından azad etdi.

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü qeyd edirik. Bu il bu gün xüsusi bir şəkildə qeyd olunur. Ədalət qələbə çaldı! Vətən müharibəsində möhtəşəm bir zəfər qazanan Azərbaycan regionda yeni bir reallıq yaratdı və bütün Cənubi Qafqaz üçün yeni parlaq bir gələcəyin təməlini qoydu.

Anastasiya LAVRİNA,

YAP Gənclər Birliyinin üzvü.

***

Ümummilli lider Heydər Əliyev Azərbaycanda gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. Ulu öndər müasir gənclər siyasətinin banisidir. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır.

Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Mübariz ruhda yetişdirilən gənclərimiz bu gün demək olar bütün sahələrdə öz sözlərini demək bacarığına və ixtiyarına malikdirlər. Ulu öndərimizin əsasını qoyduğu bu yolu gənclərə etimad və qayğısını əsirgəməyən və daim onları diqqətdə saxlayan cənab Prezidentimiz uğurla davam edir. Ölkədə yaranan QHT-lərin, xüsusən də tələbə təşkilatlarının fəaliyyətinə dəstək göstərən Prezidentimiz gənclərin öz hüquqlarını tanımaq, fikirlərini azad və müstəqil şəkildə bildirmək, öz istedadlarını ortaya qoyması və ideyalarını reallaşdırması üçün geniş şərait yaradır. Dövlət başçısı ətrafında respublika gənclərinin hər biri bir əsgər tək birləşərək, istər ön cəbhədə, istərsə də arxa cəbhədə igidlik göstərmişdir. Bu gün dünya arenasında, beynəlxalq layihələrdə gəncləri, tələbələri hər birimiz görürük. Daha ali təhsilini tamamlamamış, “tələbə” adlanan gənclər professor və akademiklərlə bir masada əyləşərək öz savad və intellektini nümayiş etdirə bilir. Bütün bunlar ulu öndərimizin əsasını qoyduğu  gənclər siyasətinin təcəssümüdür. Yeni Azərbaycan Partiyası ümummilli liderimizin yaratdığı xalqın partiyasıdır. Bu partiya eyni zamanda gənclərin ən böyük dostudur. Yuxarıda qeyd etdiyim kimi, gənclərimiz siyasi, ictimai və digər sahələrdə kifayət qədər fikir və söz azadlığına malikdirlər. Və YAP Gənclər Birliyi ulu öndərimizin bizlərə olan güvənini uğur və hünərlə özündə əks etdirir.

 

Ülkər HƏSƏNOVA,

YAP Gənclər Birliyinin üzvü.

Published in Digər xəbərlər
1 -dən səhifə 4