XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 23 Aprel 2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

 

Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.

Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verdi.

Prezident İlham Əliyev: Buraya gələn qonaq, turist nə görəcək?

Fuad Nağıyev: Konsepsiya ondan ibarətdir ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçəcəyik. Sərgi zalı və kafe də olacaq.

“Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri vardır. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik önəmini daha da artırır.

Dövlətimizin başçısı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoydu.

Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.      

Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan “Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vulkanların yerləşdiyi ərazini gəzdilər.

 

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytı AZƏRTAC-a istinadla Prezident İlham Əliyevin Azərbaycan xalqının Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb.

Xəbərdə Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində  Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bəyan etdiyi İslam ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi layihəsinin icra ediləcəyini bildirərək deyib: “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Yazıda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bununla paralel olaraq və  Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətməsinə baxmayaraq, Azərbaycanın əməkdaşlığa da hazır olduğunu söyləyib. Dövlətimizin başçısının bununla bağlı fikri sitat gətirilib: “Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq”.

AZƏRTAC

Published in Diaspora

8 noyabr 2020-ci ildən etibarən xalqımız 44 günlük müharibənin qələbə sevincini yaşayır. Ötən il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi və erməniləri biabırçı kapitulyasiya bəyanatına imza atmağa vadar etdi. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib.

 

Lakin həmin dövrdə təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də savaş gedirdi. Bu sahədə də Azərbaycan heç bir kompromisə getmək fikrində deyildi və öz haqlı mövqeyini dünyaya çatdırmaq əzmindəydi. Bunu ən yüksək səviyyədə reallaşdıran cənab Prezident çoxsaylı əcnəbi media təmsilçilərinə verdiyi müsahibələr vasitəsilə Azərbaycanın haqq səsini bütün dünya ictimaiyyətinə çatdırdı.

Müharibənin getdiyi artıq üçüncü gündən başlayaraq düz 9 noyabra qədər  ölkə başçısı İlham Əliyevin  dünyaca məşhur 30-a yaxın telekanal və qəzetə müsahibələri baş tutdu. Çoxşaxəli siyasi və aktual aspektlərə toxunan bu müsahibələrin hamısı dünya birliyi tərəfindən maraqla izlənilirdi. Ermənistanın işğalçılıq siyasətinə münasibətdə əsas götürülməli olan tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran dövlət başçısı Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla açıqladı. Cənab Prezidentin verdiyi cavablar böyük dövlət xadimi, qətiyyətli Ali Baş Komandan, ustad diplomat və səmimi həmsöhbət örnəyini bütün dünyaya bir daha göstərmiş oldu. Yalnız həqiqəti demək yox, o həqiqəti necə çatdırmaq da önəm daşıyır. Ona görə də Prezidentin verdiyi hər bir müsahibə böyük bir hadisə idi. Bəzi media təmsilçiləri tərəfindən qərəzli və bəzən də jurnalist peşə kodeksinə ümumiyyətlə zidd olan yanaşmaya, məntiqsiz suallara Prezident virtuoz cavabları ilə sözün əsl mənasında dərs keçdi. Məsələn, ABŞ-ın “Foxs News”, Almaniyanın ARD və B.Britaniyanın “BBC News” media təmsilçiləri lazımi nəticə çıxarsalar, bu, onların xeyrinə olacaq.

2021-ci il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı da ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdi. Həmin tədbirdə dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən artıq media nümayəndəsinin 50-yə yaxın sualına 4 dildə ətraflı cavab verdi. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı.

Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi. Prezidentimizin həmişə olduğu kimi, mətbuat konfransında da yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi diqqət mərkəzində idi. Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında demişdir: “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğulam, ancaq hər hansı prezidentin 4 dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam”.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Həqiqətən də hazırda Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başlayıb. Yəni, haqlı ikən haqsız duruma düşdüyümüz vəziyyət artıq arxada qalıb, indi situasiya tam fərqlidir. Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət, hücum diplomatiyası bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib. Cənab Prezident İlham Əliyevin məhz Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildi. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltdi və mesaj verdi ki, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımını törədənlərin cəzası verilməlidir. O, dünyanın aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi və informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi. Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir desək, yanılmarıq. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Bu, bir faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Əvvəllər isə məlum olduğu kimi, mənzərə tam fərqli idi. Haqlı olduğumuz halda haqsız dəyərləndirmələrə daha çox rast gəlirdik. Dövlətimizin başçısı mətbuat konfransında bu məsələni şərh edərək bildirmişdir: “Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”. Mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu da onunla əlaqədardır ki, artıq regionda yeni reallıq formalaşıb. Bu reallığı Azərbaycan yaradıb.

Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanaraq, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması və ictimai rəyə hörmət kimi amillər üzərində qurulub. Bu baxımdan aprel ayının 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans da belə prinsip və amillərə söykənərək təşkil olunmuşdur. Azərbaycanın Cənubi Qafqaz regionunda yaratmış olduğu yeni reallıq, eləcə də münaqişədən sonra meydana gəlmiş inkişaf və əməkdaşlıq imkanlarının da müzakirə olunduğu bu konfrans ölkəmizin sülhsevər, humanist və əməkdaşlığa açıq mövqeyinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Konfransda ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzə, Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçin, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Böyük Britaniyanın LİNKS təşkilatının direktoru Dennis Summut, İsrailin Hayfa Universitetinin professoru Brenda Şaffer, Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Pol, Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru, Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə Prezident Şurasının üzvü Çağrı Arhan, Roma Sapienza Universitetindən Daniel Pommier Vinçelli və digər otuza yaxın dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri iştirak etmiş və Prezident İlham Əliyevə müxtəlif suallar vermişlər.

Dövlət başçısı sualları müfəssəl  cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan, erməni vandalizminin ifşasından, Azərbaycan Ordusunun qəhrəmanlığından, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olmasından, Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərdən danışdı. Ermənistanı hərbi cinayətkarlıqda günahlandıran Ali Baş Komandanımız konfransda nankor qonşumuzun işğalçılıq siyasətini, tarixi saxtalaşdırmaq niyyətlərini və günahsız mülki əhaliyə xətər yetirmək xislətini tutarlı, təkzibedilməz faktlarla bir daha sübuta yetirdi. Prezident tarixə baxış edərək Zəngəzur, Göyçə gölü və İrəvanla bağlı əsl həqiqətləri bir daha diqqətə çatdırdı. Daha sonra cənab İlham Əliyev strateji prioritet olan regionun gələcək inkişafını vurğulamış, Beynəlxalq təşkilatları Cənubi Qafqazda sülhü möhkəmləndirmək və etibarlı perspektiv yaratmaq proseslərində daha fəal mövqe tutmağa, qarşılıqlı fəaliyyət sahələrinə qoşulmağa çağırmışdı.

Prezident konfransda cavablarında “Biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq, çünki münaqişədən əziyyət çəkən tərəfik”; “Biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, ermənilər münaqişənin həll olunmaması üçün hər şeyi edirdilər”; “Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir”; “Erməni mülki vətəndaşlarına olan münasibətimiz də bizim humanist siyasətimizin və ordumuzun humanist davranışının təzahürüdür”. “İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatlıqlarımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq”; “Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”; “Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini heç zaman unutmayacağıq”; “Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib”; “Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur” kimi çox önəmli mesajları dünya ictimaiyyətinə çatdırdı.

Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb, XXI əsrin döyüş strategiyasını reallaşdırmaqla yanaşı, müharibənin yeni mənəvi standartlarını da müəyyənləşdirib. Döyüşlər zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər yetirməyib. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub.

Dövlət başçısının hər cümləsi dolğun şəkildə tarixə və günün reallıqlarına aydın bir nəzər idi və gerçək siyasi-hərbi durumun təhlili, zamanın çağırışlarına erməni tərəfinin yanlış baxış bucağı, Azərbaycanın sərgilədiyi konstruktiv mövqe, beynəlxalq hüququn tələbi və inkişaf strategiyası kimi önəmli komponentlərin ictimai-siyasi məzmun yükünü ifadə edirdi. Bütün bu amillər Prezident İlham Əliyevin dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşünün uzunmüddətli perspektivini şərtləndirir.

 

Söhrab SƏFİYEV,

“Respublika”.

Published in Digər xəbərlər

İsrailin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Doron Peer Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Doron Peer 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Doron Peer Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Misirin “Əl Hərir” informasiya portalında AZƏRTAC-ın “Prezident İlham Əliyev: Bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpasında fəal iştirak etmək istəyirlər” sərlövhəli xəbərini yayıb.

Ərəbdilli oxuculara məlumat verilir ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində xaricdən çoxlu təkliflər daxil olduğunu və bir çox xarici tərəfdaşların Qarabağın bərpasında iştirak etmə istədiklərini söyləyib. Dövlət başçısı deyib: “Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın”.

Xəbərdə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanının tikintisinin sürətlə getdiyini və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəyini, üçüncü hava limanının isə Laçın rayonu ərazisində inşa ediləcəyini bildirib.

Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Çox böyük həcmli bir işdir. Çünki mən demişəm, bir daha demək istəyirəm, azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Yəni, hesab edirəm ki, bu, təsəvvür üçün, kifayət qədər aydın mənzərədir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir”.

 

AZƏRTAC

Published in Diaspora

Aprelin 22-də Özbəkistanın Ədliyyə Nazirliyi tərəfindən rəqəmsal innovasiyalara əsaslanan Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında təşkil olunmuş Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu öz işinə başlayıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa, Asiya və Amerika qitələrindən bir çox dövlətlərin ədliyyə nazirlərinin, məhkəmə və digər orqanların, maliyyə institutlarının rəhbərlərinin, hakimlərin, vəkillərin və elm xadimlərinin, habelə BMT, ATƏT, Dünya Bankı, Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək təmsilçilərinin iştirakı ilə keçirilən mötəbər forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib.

“Dövlətin hüquq siyasətinin həyata keçirilməsi: mövcud problemlər və gələcək tendensiyalar” adlı ədliyyə nazirlərinin sessiyasında çıxış edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda İKT-nin inkişafının, rəqəmsal cəmiyyətin ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən olduğunu vurğulayıb. Bildirilib ki, qanunun aliliyinin gücləndirilməsi və insan hüquqlarının qorunması dövlətin hüquq siyasətinin mərkəzində dayanır və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılaraq dinamik inkişaf edir.

Eyni zamanda, dövlətimizin başçısının rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə xaricdə təqdir olunan islahatlar qeyd edilib, Dünya Bankının iştirakı ilə məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradıldığı bildirilib, artıq bir neçə ildir ki, kommersiya mübahisələri üzrə icraatın yalnız elektron qaydada aparıldığı vurğulanıb.

Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə”nin ədalət mühakiməsinə əlçatanlığın əhəmiyyətli dərəcədə genişləndirildiyi, şəffaflığın və operativliyin təmin edildiyi diqqətə çatdırılıb, artıq bütün məhkəmələrin üçdəikisində tətbiq edilən e-məhkəmənin ölkə üzrə genişləndirilməsi ilə bağlı görülən işlərə toxunulub. Məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və sairə imkan verən “Mobil məhkəmə” tətbiqindən bəhs olunub.

Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq ölkəmizdə əfvetmə və vaxtından əvvəl şərti azadetmə institutlarının davamlı tətbiqindən danışan nazir cəza siyasətinin humanistləşdirilməsi üzrə atılan mühüm addımları, cinayət qanunvericiliyinə 500-ə yaxın dəyişikliklər edilməklə bir çox əməllərin dekriminallaşdırıldığını, azadlıqdan məhrum etməyə alternativ cəzaların daha effektiv icrasına nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmış Probasiya xidmətinin səmərəli fəaliyyətini, o cümlədən elektron qolbaqların geniş tətbiqini qeyd edib.

Forum iştirakçıları vətəndaşlara göstərilən çoxşaxəli elektron ədliyyə xidmətləri, o cümlədən notariat hərəkətlərinin məsafədən, asan və çevik aparılması üçün rəqəmsal innovasiyaların tətbiqi, həmçinin nazirlik tərəfindən yaradılaraq son zamanlar genişləndirilmiş “Mobil notariat” proqram təminatı barədə məlumatlandırılıb. Eyni zamanda, Azərbaycan brendi olan və ədliyyənin də mühüm xidmətlər göstərdiyi “ASAN xidmət”in səmərəli fəaliyyəti və dövlət xidmətlərinin inkişafına töhfəsinə görə BMT-nin mükafatlarına layiq görüldüyü qeyd olunub, tədbirdə iştirak edən dövlətlərdən artıq ASAN modelindən bəhrələndiyi bildirilib.

Tədbirdə bu və digər innovasiyalar barədə məlumat böyük marağa səbəb olub və iştirakçıların sualları cavablandırılıb.

Ədliyyə naziri çıxışında Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı xarici həmkarlarına, o cümlədən forumda iştirak edən və digər bir çox dövlətlərə müraciətlər ünvanladığını xatırladaraq, tədbir iştirakçılarını Ermənistanın müharibə və ondan sonrakı dövrdə beynəlxalq humanitar hüquq normalarına zidd davam edən cinayət əməlləri barədə məlumatlandırıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda xalqımızın Böyük Qələbə qazandığı Vətən müharibəsi zamanı təcavüzkar düşmənin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla yaşayış məntəqələrimizi qadağan olunmuş kasetli və fosforlu bombalarla atəşə tutaraq uşaqlar və qadınlar daxil olmaqla, 100-ə yaxın mülki vətəndaşın həlak olması ilə nəticələnən müharibə cinayətləri xüsusilə diqqətə çatdırılıb.

Bildirilib ki, kiçik Tərtər şəhərinə 16 min bomba atılıb. Azad edilmiş torpaqlara səfər edən xarici jurnalistlər ermənilər tərəfindən viran edilmiş Ağdam şəhərini isə Qafqazın “Xirosima”sı adlandırırlar.

F.Məmmədov Ermənistanın humanitar yardım adı altında mülki aviasiya vasitəsilə qanunsuz silah-sursat alaraq münaqişə zonasına göndərməsini, xarici muzdlu döyüşçüləri cəlb etməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İşğal dövründə həmin ərazilərin cinayət, o cümlədən qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu vurğulanaraq törədilmiş cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı bir çox xarici, eləcə də forumda təmsil olunan dövlətlərə nazirlik tərəfindən 50-dən artıq sorğu göndərildiyi və bununla əlaqədar zəruri istintaq hərəkətlərinin aparılmasının tələb olunduğu qeyd edilib.

Tədbirdə beynəlxalq ictimaiyyətin şahidi olduğu erməni vandalizminin nəticələri - azad edilmiş torpaqlarımızın büsbütün dağıdıldığı, maddi və mədəni sərvətlərimizin, dini abidələrimizin məhv və ya talan edildiyi bildirilib. Müharibədən sonra Ermənistanın mina xəritələrini qərəzli olaraq verməməsinin dinc sakinlər və sülhməramlılar arasında xəsarətlərə və yeni qurbanlara səbəb olduğu, yaralanan və həlak olan ancaq mülki vətəndaşların sayının 100-ü ötdüyü təəssüflə qeyd edilib.

Bununla belə Azərbaycanın bölgədə yeni formatda əməkdaşlığa hazır olduğu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı müasir İKT-lər tətbiq edilməklə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə edərək nəhəng quruculuq işlərinin aparıldığı vurğulanıb.

Aprelin 23-də öz işini davam etdirəcək forumda pandemiya şəraitində hüquq institutlarının fəaliyyəti, arbitraj, mediasiya və vəkilliyin inkişaf perspektivləri, dövlət orqanlarının şəffaflığı üçün rəqəmsal imkanlar, korrupsiyaya qarşı mübarizə və digər bir çox aktual mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Aprelin 22-də Daxili İşlər Nazirliyində videokonfrans formatında mülkiyyət əleyhinə cinayətlər, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işlərinin istintaqı və təhqiqat sahəsində fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-a bildiriblər, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov kriminogen duruma təsiri, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından bu istiqamətlərdə ətraflı müzakirələrin aparılmasının və qarşıda duran vəzifələrin müəyyən edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis polkovniki İslam Hümbətov və Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Emil Usubov məruzə edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən danışıblar.

Məruzə ətrafındakı çıxışlarda aidiyyəti ərazi orqanlarının rəisləri  görülmüş işlər və mövcud çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Kollegiya iclasına yekun vuran general-polkovnik V.Eyvazov cari ilin birinci rübündə asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub saxlanıldığını və inkişaf etdirildiyini diqqətə çatdırıb. Həmçinin xidməti fəaliyyətdə səmərəliliyin artırılması, xüsusən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin tranzit daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi üzrə tapşırıq və tövsiyələrini verib.

Eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladan nazir bütün müraciətlərə həssaslıqla yanaşılmasının, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Qurumun mətbuat xidmətindən aldığımız məlumatda deyilir ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Milli Preventiv Qrupun üzvlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi xidmətin təşkili vəziyyəti araşdırılıb, bu məqsədlə müəssisənin obyektlərinə, kameralarına baxış keçirilib.

Ombudsman tərəfindən rəftar məsələlərinin araşdırılması ilə bağlı bir neçə təqsirləndirilən şəxslə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, qanunvericiliyin tələbləri izah edilib, bir sıra müraciətlər isə yerində təmin olunub.

Başçəkmə zamanı qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlanma şəraitindən şikayət etməyiblər.

Yekunda müəssisə rəhbərliyinə və əməkdaşlara ünvanlanan hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.

Published in Digər xəbərlər

Bu günlərdə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatının qonağı olub. Görüş əsnasında Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə tanış olan səfir, təşkilatın muzeyindəki eksponatlar haqqında ətraflı məlumat alıb.

 

Andrey Ravkov Azərbaycan və Belarus xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb, xalqlarımızın Böyük Vətən müharibəsində faşist işğalçılarına qarşı apardığı birgə mübarizədən bəhs edib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən səfir bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib.

Andrey Ravkov Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdiklərini, gördükləri mənzərənin dəhşət doğurduğunu vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan və Belarus prezidentləri arasındakı dostluq münasibətlərinə diqqət çəkərək bildirib ki, iki dövlət başçısı arasındakı bu dostluq xalqlarımız üçün də nümunədir. Daha sonra Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı apardığı mübarizəyə toxunan Fatma Səttarova Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusunun işğalçıları məğlub edərək torpaqlarımızdan qovduğunu, xalqımıza qələbə sevinci yaşatdığını bildirib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Böyük Vətən müharibəsində Belarusun müdafiəsində, o cümlədən Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlıların yaxından iştirak etdiyini söyləyib. Cəlil Xəlilov Azərbaycan və Belarus dövlətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə ciddi əməkdaşlıq etdiyini, ordumuzun arsenalında Belarus istehsalı olan texnikaların mövcud olduğunu diqqətə çatdırıb. Polkovnik qeyd edib ki, iki dövlət arasında hərbi müstəvidə əməkdaşlıq davam edir və bu əməkdaşlıq hər iki dövlətin marağına tamamilə uyğundur.

 

Respublika Veteranlar

Təşkilatının mətbuat xidməti.

Published in Digər xəbərlər

Aprelin 22-də ictimai yerlərdə su sızıntıları barədə xəbər verilməsi üzrə mobil proqram təminatı olan Hydro Heroes (Hidro Qəhrəmanlar) tətbiqinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində təqdimatı keçirilib.

İDEA İctimai Birliyi və BMTİP-QEF Kür II layihəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” ASC ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış mobil tətbiqin ictimaiyyətə təqdimatı bütün dünyada qeyd edilən Yer Gününə təsadüf edib.

AZƏRTAC xəbər verir ki, Hydro Heroes mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “AzİnTelecom” MMC-nin dəstəyi ilə hazırlanıb. 

Tədbirdə çıxış edən İDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov xatırladıb ki, ictimaiyyətin su itkisinə qarşı fəaliyyətə cəlb edilməsinə yönəlmiş mobil tətbiqin yaradılması təşəbbüsü  Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən 2018-ci ildə 5 iyun - Ümumdünya Ətraf Mühit Günündə keçirilən Gənclər Forumu zamanı irəli sürülüb: “Daha sonra İDEA ilə BMTİP-QEF Kür II layihəsi bu cür mobil tətbiqin birgə yaradılması qərarına gəlib. Əksər ölkələrdə su təchizatı sistemlərində olan itkilər 20-70 faiz arasındadır. Yəni, supaylama şəbəkələrində yaranan qəza və nasazlıqlar səbəbindən küçələrə və ictimai yerlərə sızan təmizlənmiş, içməli suyun böyük hissəsi istifadəçilərə çatmamış itirilir. Bu isə, suyun təmizlənməsinə sərf olunmuş vəsaitin itirilməsi və ictimai infrastruktura zərər vurulması ilə yanaşı, qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən getdikcə məhdudlaşan şirin su resurslarının daha da azalması deməkdir”.

BMTİP-QEF Kür II layihəsinin kommunikasiya üzrə regional meneceri Sona Quliyeva bildirib ki, suyun qənaətinə yönəlmiş Hydro Heroes tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir: “Sözügedən tətbiq su şəbəkəsində sızmaların aradan qaldırılma müddətini və su itkisini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

Eyni zamanda, tətbiqə su və suya qənaət ilə bağlı əyləncəli və maarifləndirici xüsusiyyətlər, o cümlədən su ilə bağlı test və oyun, Kür hövzəsinin Azərbaycandakı bir sıra sularının 360 dərəcəlik videoları, AR (Augmented Reality) funksiyası, su sərfiyyatı kalkulyatoru və s. daxildir. Tətbiq həm Android, həm də İOS platformalarında işləyəcək”.

Öz növbəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib ki, ötən il ölkədə bir az quraqlıq dövrü olub: “Bununla bağlı ötən il su idarəetməsi ilə bağlı fasilələr yaranmışdı. Bu il vəziyyət daha yaxşıdır. Bu il ötən illə müqayisədə Mingəçevir Su Anbarına kifayət qədər su yığılıb. Ölkəyə tranzit yollarla daxil olan sular da bizə imkan verə biləcək ki, daha çox su ehtiyatı yığa bilək. Hazırda gursululuq dövrüdür. Kürə də kifayət qədər su yığılıb”.

Layihənin tərəfdaşları smartfon istifadəçisi olan bütün vətəndaşlarımızı Hydro Heroes tətbiqini yükləməyə, su itkilərinin aradan qaldırılması səylərinə öz vacib töhfələrini verməyə çağırır.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3