XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 18 Aprel 2021

2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının - Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları vardır.

İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr yetişdirilməsi sahəsində mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 aprel 2021-ci il.

Published in Sərəncam

2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan  şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 aprel 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 7, maddə 642; 2018, N 6, maddə 1178; 2019, N 1, maddələr 21, 41) 14.1-ci və 14.2-ci maddələrindən “xəzinə” sözü çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 aprel 2021-ci il.

Published in Qanun

İnformasiya texnologiyalarının davamlı təkamülü, informasiyanın və informasiya sistemlərinin qloballaşması dövlətin və cəmiyyətin tərəqqisinə xidmət edən mühüm vasitəyə çevrilmişdir. Azərbaycan Respublikasında da informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli üçün müvafiq informasiya infrastrukturu yaradılmaqdadır. Həmin infrastrukturun qlobal informasiya şəbəkələrinə, o cümlədən internet şəbəkəsinə daxil edilməsi infrastruktur obyektlərinin kiberhücumların hədəfinə çevrilməsinə səbəb olur.

Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya infrastrukturuna daxil olan sistem və şəbəkələrin sıradan çıxarılması və ya funksionallığının pozulması ciddi ziyan vurulması ilə nəticələnir ki, bu da kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılmasını zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, kritik informasiya infrastrukturunun (mühafizə olunan şəxslərin və qorunan obyektlərin informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, dövlət orqanlarına, dövlətə məxsus olan hüquqi şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə münasibətdə həmin funksiyaları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsinin hüquqi tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təklifləri əsasında üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 aprel 2021-ci il.

Published in Fərman

Prezident İlham Əliyevin and içərək yeni müddətə öz səlahiyyətlərinin icrasına başlamasının üç ili tamam olur

Published in Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi 6 ünvanında yerləşən binanın qarşısına gəliblər.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri burada Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ümummilli Liderin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər.

Parlament nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək, barelyefin önünə qızıl güllər düzüblər.

 

 

AZƏRTAC

Published in Diaspora

Sankt-Peterburqda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova aprelin 16-da MDB PA-nın 52-ci plenar iclasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri yaz sessiyasının konstruktiv və məhsuldar keçəcəyinə inamını ifadə edib. Müasir dünyada parlamentlərin və parlament diplomatiyasının böyük rolundan bəhs edən Sahibə Qafarova vurğulayıb ki, MDB Parlamentlərarası Assambleyası parlament əməkdaşlığının inkişafı üçün əlverişli platformadır. Bu qurum regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsində digər parlament təşkilatları ilə əlaqələrin qurulmasında əhəmiyyətli rola malikdir.

Qeyd olunub ki, dövrümüzün aktual problemlərinə həsr olunmuş forumların təşkilində, MDB-yə üzv dövlətlər arasında əlaqələrin möhkəmlənməsində bu qurum müsbət nəticələr əldə edib. Sədr bu baxımdan təşkilat tərəfindən sülhün və təhlükəsizliyin möhkəmlənməsində qadınların artan rolunu nümayiş etdirən Avrasiya Qadın Forumu kimi əlamətdar təşəbbüsü yüksək dəyərləndirib.

Sahibə Qafarova Beynəlxalq parlamentarizm gününün təsisi barədə BMT Baş Assambleyasının 72-ci sessiyasında MDB PA-nın irəli sürdüyü təşəbbüsün dəstəklənməsinə diqqət çəkərək deyib ki, 2018-ci ildən başlayaraq 30 iyun tarixində Beynəlxalq Parlamentarizm Gününün qeyd olunması məmnunluq doğurur.

Sədr ümidvar olduğunu bildirib ki, MDB PA çərçivəsində qarşılıqlı əlaqələr hərtərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə və dövlətlərin ali qanunverici orqanları arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova media nümayəndələri üçün mətbuat konfransında iştirak edib.

 

 

AZƏRTAC

Published in Siyasət

İşğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndindəki qədim Alban məbədi uzun illərdən sonra əsl sahibləri olan udilər tərəfindən ziyarət edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri uzun illərdən sonra öz ata-babalarından miras qalan Müqəddəs İohann kilsəsində olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

İcmanın sədr müavini Rafik Danakari açıqlamasında bildirib ki, bu kilsə qədim Alban dövlətinə məxsus tikilidir: “Azərbaycan Prezidentinin dediyi kimi, bu kilsə artıq azaddır və əsl sahibləri tərəfindən ziyarət edilir. Tuğ kəndində dini məbədlər çoxdur, onlardan üçü qədim Alban məbədidir. İşğal ərəfəsində ermənilər İohann kilsəsində də saxtakarlıq etməklə bəzi dəyişiklərlə buranı özünküləşdirməyə çalışıblar. Burada erməni dilində yazılar yazıblar, altar hissəni dəyişdiriblər. Onlar nə etsələr də, tarixi dəyişə bilməzlər”.

Səfərdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə söyləyib ki, artıq tarixi ədalət bərpa olunub. “XII-XIII əsrə aid olan məbəd Alban udiləri qarşılayır. Uzun illərdən sonra onlar öz ata-babalarından yadigar qalan məbədlərində dini ayin icra etdilər. Gördük ki, ermənilər bu kilsəni də mənimsəməyə çalışıblar. Buraya sonradan gətirilən erməni yazısı olan daşların yeni olduğu da ilk baxışdan görünür. Amma tarixi ədaləti saxtalaşdırmaq heç də asan deyil. Çünki bu irsin, bu torpaqların azərbaycanlılara aid olduğu hər kəs tərəfindən etiraf edilir”, - deyə Rəvan Həsənov bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru qeyd edib ki, Həvari kilsələrinin əsl varisləri olan Alban udilər öz dini inanclarını qoruyub saxlamaqla, tolerant və multikultural Azərbaycan cəmiyyətində yaşadırlar: “Bunun bariz nümunəsidir ki, bu gün alban məbədini birlikdə ziyarət edirik. Prezidentimizin də dediyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, o cümlədən bu məbədlər də bərpa edilərək əsl varislərinə geri qaytarılacaq”.

Qeyd edək ki, Xocavənd rayonunun Tuğ kəndində yerləşən Müqəddəs İohann kilsəsi tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

 

 

 

AZƏRTAC

Published in Region

“Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi, sosial və siyasi islahatların nəticəsi olaraq XXI əsrdə Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizdə texnoloji inkişafın təmin edilməsi üçün bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsi ilə müşayiət edilən bu dövr həm də Azərbaycanda kosmik sahənin qurulması və inkişafı ilə yadda qalıb.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin analitik şöbəsindən məlumat verərək bildirdilər ki, ölkəmiz “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya, “Azersky” optik müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yerini tutub. Ötən on il ərzində Azərbaycan regional kosmik gücə çevrilib.

Dünyada geniş yayılan koronavirus pandemiyasının mənfi təsirlərinin fonunda 2020-ci ilin Azərbaycanın peyk layihələri və şirkətimiz üçün uğurlu keçdiyini deyə bilərik. Ötən il hər üç peykimizin xidmətlərinin göstərilməsindən 50,2 milyon ABŞ dolları gəlir əldə etmişik, bu göstərici özündən əvvəlki, 2019-cu ilin göstəricisindən 2% çoxdur.

Ümumiyyətlə, 2019-cu ildən başlayaraq dünya peyk xidmətləri bazarında durğunluq müşahidə edilir. Pandemiyanın mənfi təsirləri səbəbindən 2020-ci ildə bir çox aparıcı şirkətlər gəlirlərində 5-10% azalmaları proqnoz etdi, gəlir hədəflərini yeniləmək, azaltmaq məcburiyyətində qaldılar. Kosmik fəaliyyət sahəsi üzrə aparıcı analitik təhlillər də peyk xidmətlərindən əldə edilən gəlirlərin azaldığını bildirir. Bu baxımdan, gəlirlərimizin ötənilki səviyyədə qalması, hətta 2%-lik artım böyük uğur hesab oluna bilər. Hətta qeyd edə bilərik ki, hesablamalarımız və proqnozlar nəzərə alındıqda gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilir.

Ötən ili uğurla başa vurmağımızın əsas səbəblərindən biri müxtəlif regionlar üzrə fəaliyyətimizi və strateji əməkdaşlığımızı genişləndirmək və daha da möhkəmləndirməyimiz olub. Bu gün “Azərkosmos” “lntelsat”, “Airbus Defense and Space”, “Measat” kimi qlobal və regional peyk bazarının aparıcı şirkətləri ilə birgə biznes layihələri həyata keçirir. Belə etibarlı tərəfdaşlarla işbirliyi bazarda möhkəm mövqe tutmağımıza və likvidliyimizin təhlükə altına düşməməsinə imkan yaradıb. Həmçinin, ötən il ərzində Birləşmiş Ərəb Əmirliklərinin “HorizonSat” və “TheAngle” internet və peyk xidmətləri üzrə provayder şirkətləri, Afrika regionunda peyk xidmətləri üzrə aparıcı “Space Engineering”, “Prime African Media Systems”, “iSAT Africa”, “Globecast” qlobal media yayım şirkətləri ilə yeni əməkdaşlıq qurmuşuq. Bunun sayəsində Afrika regionunda “Azerspace-1” və “Azerspace-2” peykləri üzrə uzunmüddətli gəlir gətirən yeni layihələr həyata keçirməyə başlamışıq. Afrikanın bir sıra regionlarında Azərbaycanı artıq peyk ölkəsi kimi tanıyırlar.

Yaxın regionda, xüsusilə, Gürcüstan bazarındakı aktivliyimizi bu il də saxlamışıq, Rusiyanın peyk rabitə şirkəti “RSCC”, “İntersputnik”, o cümlədən Ukrayna, Qırğızıstan və Tatarıstanla telekommunikasiya sahəsi üzrə yeni layihələr həyata keçirmişik.

2020-ci ildə Yerin məsafədən müşahidəsi sahəsindəki fəaliyyətimizi də uğurlu hesab etmək olar. “Azersky” peykinin təsvirlərindən və ən müasir analiz və monitorinq alətlərindən istifadə etməklə elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması, ölkə üzrə istixanaların dəqiq inventarlaşdırılması, pivot suvarma sistemlərinin tətbiq edildiyi kənd təsərrüfatı əkinlərinin təyini, kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin qiymətləndirilməsi istiqamətində bir çox layihələr həyata keçirilib. Həmçinin, peyk təsvirləri əsasında su anbarlarının səthinin dəyişməsinin monitorinqi, qış əkinlərinin monitorinqi, dağlarda qar örtüyü sahələrinin monitorinqi, çay daşmalarının modelləşdirilməsi, enerji nəqli marşrutlarının mühafizə zonasının monitorinqi, ekoturizm məqsədli turist marşrutu xəritələrinin tərtibi, turizm obyektlərinin, çimərliklərin monitorinqi kimi layihələr də həyata keçirilib.

Bu istiqamətdə görülən işlərin əsasında Azərbaycan Respublikası Prezidentinin 15.11.2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası dayanır.

Həm Vətən müharibəsi dövründə, həm də postpandemiya dövründə peyklərimizin, xüsusilə “Azersky” - məsafədən müşahidə peykimizin imkanları bizə böyük üstünlüklər qazandırdı.

Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, heç şübhəsiz Zəfərimizin qazanılmasında müstəsna rol Azərbaycan əsgərinə məxsusdur. Təbii ki, kosmik texnologiyanın bizə verdiyi imkanlar da az olmadı. Hətta müharibənin getdiyi bir dövrdə günlük, bəzən saatlar əsasında peykimizdən əldə olunan təsvirlər operativ olaraq ordumuz üçün lazımi informasiyanın ötürülməsində xüsusi rol oynayıb.

Azad olunmuş torpaqlarımızda “Azersky” peykinin təsvirlərindən və ən müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ərazilərin xüsusiyyətlərinə uyğun elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması mümkündür. Bu da bizə kənd təsərrüfatı sahəsində daha optimal nəticələr almağa imkan verir.

İşğaldan azad olunmuş ərazilərdə böyük aqroparkların salınması üçün uyğun ərazilərin seçilməsi üzrə artıq sorğu və müraciətlər almışıq. Bu müraciətlər əsasında biz “Azersky” peyki vasitəsilə çoxlu sayda həllər yarada bilərik.

Ümumiyyətlə fəaliyyətdə olduğu bütün illər ərzində “Azersky” peyki vasitəsilə mütəmadi olaraq işğal altında olmuş torpaqlarımızda düşmən tərəfindən təbii resursların qeyri-qanuni talan edilməsi, yeni salınan qeyri-qanuni yaşayış məntəqələrinin, törədilmiş yanğınların monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılıb.

COVİD-19 pandemiyası bütün sahələr kimi “Azərkosmos”a da öz təsirini göstərmişdir.

Deyə bilərik ki, bizim üçün bu məsələnin iki tərəfi var. Birinci tərəfi qarşılaşdığımız çətinliklərlə bağlıdır. Pandemiya ilə əlaqədar bir çox əhəmiyyətli tədbirlərin təxirə salınması və ya ləğv olunması birbaşa biznes fəaliyyətimizə ciddi təsirini göstərdi və hələ də göstərməkdədir. Məsələn, qlobal idman tədbirlərinin və canlı televiziya yayımlarının azalması ilə gəlir əldə etmək imkanları müəyyən qədər azalıb. Hazırda bir çox digər peyk operatorları kimi işlə bağlı ezamiyyətlərdə və işimizin ayrılmaz hissəsi olan xarici müştərilərlə görüşlərdə iştirak edə bilmirik. Sadaladığımız məhdudiyyətlərə baxmayaraq, bu halları azaltmaq və müştərilərimizlə əməkdaşlığımızı qorumaq üçün distant rejimdə aktiv xidmət göstəririk və çətinlikləri aradan qaldırmaq üçün əlimizdən gələni edirik.

Məsələnin ikinci tərəfi isə bu yeni vəziyyətin peyk xidmətləri sənayesi üçün açdığı imkanlarla bağlıdır. Bu gün dünyada video və məlumat xidmətlərinə əvvəlki dövrlə müqayisədə daha çox tələbat yaranıb. Onlayn formata keçən əksər gündəlik işlərin icrası peyk resurslarından istifadə edilməklə baş tutur. Buraya yeni imkanlar da əlavə edilir: distant təhsil, onlayn həkim konsultasiyası, onlayn alış-veriş və bir çox digər onlayn xidmətlər. Beləliklə, əksər xidmətlərin rəqəmsallaşdırılması telekommunikasiya peyklərinin əhəmiyyətini daha da artırır. Pandemiyanın təsiri nəticəsində yaranmış belə bir yeni şəraitdə “Azərkosmos” komandası öz növbəsində insanların bir-biri ilə əlaqəsini davamlı saxlamağa və bütün müştərilərinə fasiləsiz peyk xidmətlərini təmin etməyə çalışır. Bununla şirkətimiz dünyanın müxtəlif regionlarında insanlar arasında rabitə sahəsində baş verə biləcək hər hansı bir “rəqəmsal uçurumu” aradan qaldırmağa xidmət edir.

Onu da bildirmək istərdik ki, qlobal peyk bazarında rəqabətliliyi qorumaq üçün “Azərkosmos” gələcəklə bağlı yeni biznes planlarımız var.

“Azərkosmos”un missiyası dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həlləri verməkdir. Buna nail olmaq üçün yerli və qlobal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər və həllər üzərində işləyirik. Bundan əlavə, “Azərkosmos” olaraq ölkəmiz üçün daha yaxşı, daha etibarlı bir gələcək yaratmaq üçün yeni dəyərlər yaratmalı, o cümlədən tədqiqat və inkişafla məşğul olmalıyıq.

Bu gün biz dünyanın qabaqcıl texnologiya şirkətləri ilə kifayət qədər mürəkkəbliyi ilə seçilən layihələr üzərində birgə işləyirik. Vurğulamaq yerinə düşərdi ki, 2020-ci ildən etibarən “Azərkosmos” artıq Yaponiya və Çindən olan şirkətləri də ölkəmizin kosmik imkanlarından istifadə üçün cəlb edib və uzunmüddətli biznes müqavilələri imzalayıb. Belə ki, mövcud müasir infrastruktur imkanlarımızdan daha səmərəli istifadə etməklə yeni, əlavə dəyərli xidmətlərin göstərilməsi üçün səylər göstəririk. Bunun nəticəsində, Yaponiyanın “İnfostellar” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) yerləşən Universal Yerüstü Stansiya sayəsində müxtəlif peyk operatorlarına məxsus peyklərin məlumatlarına çıxış əldə edib, Avropada yeni biznes həlləri üzrə işlər aparılır. Ötən il İspaniyanın “Oasis Networks” şirkəti ilə Qlobal Naviqasiya Peyk Sisteminə məxsus antenlərin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsinə dair kommersiya müqaviləsi imzalandı, hazırda xidmət davam edir. Həmçinin, Belçikanın “SatADSL” şirkəti ilə “Azerpsace-1” peykinin Mərkəzi Asiya şüası üzərindən peyk internet xidmətinin verilməsinə dair müqavilə imzalandı.

Adıçəkilən bu əməkdaşlıqlar “Azərkosmos”un Yerüstü İdarəetmə Mərkəzinin resurslarını dünyaya çatdırmaq üçün beynəlxalq bir qapı açmağa kömək edir.

Bu gün Azərbaycan regionun lider ölkəsi olaraq regional layihələrin təşəbbüskarı, həlledici həlqəsidir və qlobal müstəvidə özünəməxsus yeri vardır. “Azərkosmos” da öz miqyasında regional və qlobal peyk xidmətləri bazarında ölkəmizin inkişaf sürəti və iddialarına uyğun yerləşmək niyyətindədir. “Azərkosmos”un fəaliyyətinin 90%-i dünyanın 30-dan çox ölkəsində 200-ə yaxın müştərinin telekommunikasiya və optik peyk xidmətlərinə olan ehtiyaclarını ödəməyə istiqamətlənib. 2020-ci il qlobal bazarda mövqeyimizi möhkəmləndirməyimizlə yadda qaldı. Belə ki, Bakıdakı teleportumuz “Dünya Teleport Assosiasiyası”nın “Sertifikatlaşdırma proqramı”nın ən üst səviyyəli sertifikatı olan “Tier 4”ə layiq görüldü. Şirkətimizin gələcək inkişafı üçün xüsusi önəm daşıyan “Tier 4” sertifikatı texniki infrastruktur və iş prosesimizin etibarlılığına və təhlükəsizliyinə demək olar ki, 100% zəmanət verir. Bu sertifikat eyni zamanda komandamızın peşəkar hazırlığının yüksək səviyyədə olduğunu göstərir. Qeyd etmək istəyirik ki, Asiyada bu sertifikata malik olan üç, dünyada isə 16 şirkətdən biriyik.

“Azərkosmos”un gələcək planlarına gəldikdə, 2021-ci ildə də peyk həlləri və xidmətləri üzrə biznes layihələrimiz prioritet təşkil edəcək və biz artıq bu istiqamətdə bir sıra mühüm işlərə başlamışıq. Həmçinin, milli təhlükəsizliyin təmin olunması, ölkəmizdə kosmik fəaliyyət sahəsində tədqiqat və inkişaf fəaliyyəti üçün kadrların hazırlanması, ölkənin sosial-iqtisadi inkişafına birbaşa və bilavasitə dəstək verilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.

Bəybala BƏYBALAYEV,

“Respublika”.

Published in Digər xəbərlər

Mərkəzi Klinikaya digər xəstəxanada doğulmuş 23-24 həftə hestasiya yaşında, 600 qram çəki ilə, həyatının ilk sutkasında çox ağır vəziyyətdə olan körpə təxliyə olunub. Daxil olarkən ümumi vəziyyəti ağır olan, ekstremal az çəkili, respirator disstres sindromlu, erkən neonatal sepsis diaqnozu qoyulmuş körpənin Neonatal reanimasiyada süni tənəffüs cihazında müşahidəsinə başlanılıb. Müayinə zamanı geniş PDA (Patent Doctus Arteriosus) aşkarlanıb.

Mərkəzi Klinikadan AZƏRTAC-a bildirilib ki, baş həkim, ürək-damar cərrahı, professor Kamran Musayev və klinikanın digər həkimləri tərəfindən Azərbaycanda ilk dəfə küvez içində 600 qram körpədə yataqbaşında PDA ləğvi əməliyyatı uğurla icra olunub.

Beləliklə, körpə süni tənəffüs cihazından ayrılıb. Vaxtından əvvəl doğulmanın yaratdığı qida intoleransı, metabolik, tənəffüs pozuntusu kimi problemlər aradan qaldırılıb.

Uşaqda ROP müayinəsi aparılıb, aşkarlanan problemlər vaxtında korreksiya olunub, hazırda körpənin görməsində heç bir problem yoxdur.

Körpə artıq 1780 qram çəkidədir və sağ-salamat evinə yola salınıb.

Qeyd edək ki, körpənin sağlamlığına qovuşmasında Ürək-damar cərrahiyə şöbəsi, başda professor Kamran Musayev olmaqla, Pediatriya şöbəsinin müdiri, neonatoloq, t.ü.f.d Sevda Əsədovanın, Pediatriya şöbəsinin professional həkim və tibb bacılarından ibarət olan Neonatologiya reanimasiya və intensiv terapiya bölməsinin, eləcə də Əməliyyatxana və anesteziologiya şöbəsinin müdiri, t.ü.f.d Asəf Məmmədovun böyük əməyi olub.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 4