XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 16 Aprel 2021

Hörmətli cənab Prezident,

Cibuti Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Cibutini ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Sizin Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərinizi, Sizinlə görüşümüzü xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, Azərbaycan-Cibuti əlaqələrinin daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Cibuti xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15  aprel 2021-ci il.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Palatanın aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abbasov Çingiz Abbas oğlu

Axundov Nazim Zakir oğlu

Bayramov Vəli Oruc oğlu

Əhmədov Hafiz Məhəmməd oğlu

Əliyev Elçin Məmməd Əli oğlu

Əliyev Razı Təhməz oğlu

Hüseynov Zamin Ramazan oğlu

İbrahimov Elnur Elxan oğlu

İsmayılov Nazim Məmməd oğlu

Qurbanov Abbasəli Şükür oğlu

Musayev Adıgözəl Maqsud oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 aprel 2021-ci il

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 9, maddə 564; 2001, N 5, maddə 298, N 11, maddələr 676, 698; 2002, N 1, maddə 9, N 8, maddə 463; 2003, N 8, maddə 424; 2004, N 2, maddə 57, N 11, maddə 901; 2005, N 4, maddə 277, N 10, maddə 874, N 11, maddə 993; 2006, N 12, maddə 1027; 2007, N 6, maddə 560, N 11, maddələr 1053, 1091; 2008, N 2, maddə 49, N 6, maddələr 453, 463, N 7, maddə 602; 2009, N 2, maddə 47, N 4, maddə 210, N 12, maddə 948; 2010, N 7, maddə 598; 2011, N 2, maddə 71, N 4, maddə 255, N 6, maddə 469, N 12, maddə 1097; 2012, N 5, maddə 402, N 7, maddə 671; 2013, N 4, maddələr 362, 363, N 7, maddə 795, N 11, maddələr 1295, 1298; 2014, N 4, maddələr 343, 346, N 5, maddə 467, N 11, maddə 1352; 2015, N 1, maddə 2, N 2, maddələr 76, 79, 105, N 5, maddə 502, N 6, maddə 686, N 11, maddələr 1256, 1276; 2016, N 11, maddələr 1758, 1784, 1795, N 12, maddə 1993; 2017, N 2, maddələr 138, 150, N 5, maddə 727, N 8, maddə 1507, N 10, maddə 1774, N 12 (I kitab), maddə 2215; 2018, N 2, maddələr 143, 157, N 4, maddə 645, N 6, maddələr 1165, 1192, N 7 (I kitab), maddələr 1432, 1436, 1439; 2019, N 1, maddə 46, N 6, maddə 997, N 7, maddə 1183, N 8, maddə 1376; 2020, N 5, maddə 521, N 7, maddələr 827, 847; Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 27-ci maddənin I hissəsinin ikinci cümləsində, IV-I hissəsinin 5-1-ci bəndində, V hissəsinin birinci cümləsində, 30-cu maddənin VI-I hissəsinin 4-1-ci bəndində, VIII hissəsinin birinci abzasında, 35-ci maddənin IV-I hissəsinin 1-ci və 1-1-ci bəndlərində, VII hissəsində, 83-cü maddənin II hissəsinin ikinci cümləsində, 85-1-ci maddənin adında və mətnində “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri ilə əvəz edilsin;

1.2. 37-ci maddənin IV hissəsinin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər.”;

1.3. 85-ci maddənin 2-ci bəndinin ikinci abzasında “və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının” sözləri ilə, “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri isə”, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları” sözləri ilə əvəz edilsin;

1.4. həmin Qanuna 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndi üzrə:

1.4.1. “hər hansı formada və ölçüdə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla” sözləri ilə, “və plyonka” sözləri “, jalüz və ya plyonka” sözləri ilə əvəz edilsin;

1.4.2. həmin bəndin “Qeyd” hissəsinin birinci və üçüncü cümlələri çıxarılsın. 

Maddə 2. Bu Qanunun 1.4-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 fevral 2021-ci il.

Published in Qanun

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.

2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 11, maddə 666; 2001, N 7, maddə 459; 2003, N 10, maddələr 546, 571; 2004, N 8, maddə 617, N 12, maddə 1005; 2006, N 9, maddə 743; 2008, N 8, maddə 719; 2009, N 4, maddə 226, N 8, maddə 630; 2010, N 7, maddə 606; 2011, N 6, maddə 510; 2012, N 5, maddə 423, N 11, maddə 1079; 2014, N 9, maddə 1043; 2015, N 2, maddələr 110, 140, N 6, maddə 707, N 10, maddə 1116; 2016, N 3, maddə 456, N 4, maddələr 662, 666, N 6, maddə 1062, N 11, maddə 1839; 2017, N 5, maddə 758, N 8, maddə 1521; 2018, N 2, maddələr 169, 197, N 4, maddə 677, N 6, maddə 1241, N 7 (I kitab), maddələr 1466, 1493; 2019, N 1, maddə 96, N 3, maddə 420,   N 7, maddə 1228, N 8, maddələr 1402, 1406; 2020, N 5, maddə 561, N 7, maddə 885) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “Qeyd” hissəsinin birinci cümləsində” sözlərindən sonra “, həmin Qanuna 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndində” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.5-2-ci bənd əlavə edilsin:

“2.5-2. həmin Qanuna 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndinə uyğun olaraq, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 aprel 2021-ci il.

Published in Fərman

Ermənistan Xarici İşlər Nazirliyinin nümayiş etdirdiyi yanaşma heç bir təəccüb doğurmur, çünki bu əsassız iddialar ənənəvi olaraq rəsmi Yerevan tərəfindən səsləndirilir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, eşitdiklərini fərqli şəkildə yozmaqla məşğuldur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri  Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva KİV-in Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Respublikasının Prezidentinin fikirlərinə şərhi ilə bağlı sualını cavablandırarkən bildirib.

Leyla Abdullayeva deyib: “Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan, Azərbaycan rəsmiləri tərəfindən səsləndirilən fikirlərdə də bu kimi məqamlar axtarmağa çalışır.

Məlum olduğu kimi, məhz Ermənistan beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinin əleyhinə çıxış edərək uzun illər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib. Əksinə, Azərbaycan beynəlxalq hüququn sözügedən prinsipləri əsasında ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və hər zaman bu mövqedən çıxış edib.

Tarixi özlərinin güclü tərəfi kimi qələmə verməyə çalışan Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır. Elə bu səbəbdən də illərdir ki, erməni xalqını bu yalanların və miflərin girovuna çeviriblər.

Rəsmi Yerevan bu həqiqəti nə qədər tez anlayarsa, erməni xalqı bir o qədər tez bölgədə dayanıqlı sülh və təhlükəsizlikdən faydalana bilər”.

AZƏRTAC

Published in Digər xəbərlər

Məlum olduğu kimi, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilmişdir. Bunun ardınca isə aprelin 10-da sözügedən Şuranın informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı olmuşdur. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanəliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və  Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslər iştirak etmişlər.

 

Hələ toplantıdan əvvəl keçirilən bir sıra maraqlı görüşlər gündəmdə yer almışdır. Belə ki, aprelin 9-da Azərbaycanın xarici işlər naziri  Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşmüşdür. Elə həmin gün Türk Şurası informasiya və media üzrə məsul nazirlərin və yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası olmuşdur. TDƏŞ-nin baş katibinin müavini Qismət Gözəlov çıxışında demişdir ki, bu toplantı Qarabağ Zəfərindən sonra nazirlər səviyyəsində Bakıda keçirilən ilk tədbirdir. Ortaq tarixi və mədəni irsimizin dünyada tanıdılmasında medianın xüsusi önəmi olduğunu vurğulayan natiq demişdir ki, hədəf qarşıdakı illərdə media sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdir.

Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdir ki, 44 günlük Zəfər savaşında Türk Şurası Azərbaycana öz dəstəyini açıq şəkildə göstərdi. İnformasiya və kommunikasiya sahəsində də Azərbaycan ilə Türk Şurası arasında sıx münasibət var. Media sahəsində əməkdaşlığın inkişafı üçün əsaslar müəyyən olunub. Türk Şurası çərçivəsində enerji, nəqliyyat və digər sahələrdə işçi qruplar yaradılıb. Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdırmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi. Bu məsələdə qardaş Türkiyə mediası bizimlə birgə oldu.

Natiq çıxışında Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət abidələrinin dağıdılması həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasının vacibliyini vurğulamış və bu baxımdan Türk Şurasına üzv ölkələrin birgə fəaliyyətinin xüsusi önəm daşıdığını bildirmişdir. Prezidentin köməkçisi ölkəmizdə “Media haqqında” yeni qanunun və türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsinin hazırlandığı barədə məlumat vermiş, o cümlədən türkdilli ölkələr arasında informasiya təminatının yaradılmasından danışmışdır. Yeri gəlmişkən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Türkiyənin, digər  türkdilli dövlətlərin Azərbaycanın yanında olduqlarını, ölkəmizə siyasi və mənəvi dəstək verdiklərini xüsusi vurğulayaraq demişdir: “Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra  Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk”.

Aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı da türkdilli dövlətlərin bundan sonra da  Azərbaycanla həmrəylik nümayiş etdirəcəklərinin bariz nümunəsi oldu. Toplantıda Şuranın Baş katibi Bağdad Amreyev media  sahəsində əməkdaşlığın Türk Şurasında ən önəmli mövzulardan biri olduğunu, təşkilata üzv dövlətlər arasında  media sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirdi. “Çox şadıq ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi.  Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, deyən Baş katib əlavə edib ki, türkdilli dövlətlərin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaqlar.

Bu il Türk Şurasının ilk Zirvə görüşünün keçirilməsindən 12 il ötdüyünü (xatırladaq ki, ilk Zirvə görüşü 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində keçirilmişdir) və bu müddətdə Türk Şurasının artıq dünyada önəmli bir platformaya çevrildiyini deyən Türkiyə Prezidenti Administrasiyasınınn Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun qeyd edib ki, bugünkü dünya 12 il əvvəlki deyil. Türkiyəyə qarşı təhdidlər hələ də davam edir. Yeni təhdidlər qarşısında bizim türk dünyası olaraq birlikdə olmağımız zəruridir və bu, qardaşlığımızın tələbidir.

Türkiyə Prezidenti Administrasiyasının idarə sədri 44 günlük Vətən müharibəsində ölkəsinin Azərbaycanın yanında olduğunu, eyni zamanda media sahəsində də əlindən gələni əsirgəmədiyini bildirdi. “Türkiyə ilə Azərbaycan arasında yaradılmış media platforması bir örnək təşkil edir. Biz türkdilli dövlətlər bu platformanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı  birgə mübarizə aparmalıyıq”-deyə F.Altun Türk dünyasının əsas problemlərindən birinin dezinformasiyalarla mübarizə olduğunu və bu bəlaya qarşı birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə həmçinin Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və  Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov çıxışlarında türkdilli dövlətlər arasında əlaqələrin gücləndirilməsinin, o cümlədən media sahəsində əməkdaşlığın genişləndirilməsi zəruriliyindən danışıblar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bəzi məsələlər barədə də məlumat verib: “Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da  sistemləşdirilməsinin tərəfdarıyıq. Bugünədək yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı olaraq müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir”.

Aprelin 11-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksəkvəzifəli rəsmiləri Ermənistanın müharibə cinayətləri ilə tanış olmaq üçün əvvəlcə yerlə-yeksan edilmiş Ağdamda, daha sonra Gəncə şəhərində səfərdə olmuşlar.

Ortaq mədəni və mənəvi dəyərlərə malik olan türk dövlətləri dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz milli maraqlarını qorumaları üçün daha sıx birlik və əməkdaşlıq nümayiş etdirməlidirlər. Dünya təcrübəsi göstərir ki, media bütün məsələlərdə ən təsirli silahlardan biri kimi böyük təsir qüvvəsinə  malikdir. Son illərin hadisələri göstərir ki, Türk Şurasına üzv dövlətlərə qarşı təxribat xarakterli dezinformasiyalardan, təhdidlərdən istifadə olunur. Bu baxımdan Türk Şurası üzv dövlətlərin media sahəsində sıx əməkdaşlığı böyük önəm daşıyır. Məhz aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı bütün üzv ölkələr üçün böyük əhəmiyyət kəsb edən aktual bir mövzu kimi yadda qaldı.

 

Ramiz YUSİFLİ,

“Respublika”.

Published in Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova aprelin 15-də Qırğızıstan Joqorku Keneşinin (parlamentinin) sədri Talant Mamıtovla görüşüb.

Milli Məclisin sədri görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına müsbət töhfə verir. O qeyd edib ki, münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi rol oynayır. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir. 

Görüşdə məlumat verilib ki, bu gün Azərbaycanda müxtəlif siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir. Böyük transmilli layihələr, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin, o cümlədən tərəfdaş dövlətlərin inkişafı üçün mühüm imkanlar yaradır. Eyni zamanda, Böyük İpək yolunun bərpası həm Azərbaycan, həm də bu strateji yolun üzərində yerləşən ölkələr üçün çox böyük əhəmiyyətə malikdir.

Azərbaycan-Qırğızıstan parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qruplarının rolunu qeyd edib, beynəlxalq parlament təşkilatlarında uğurla həyata keçirilən əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, Joqorku Keneş Milli Məclisin əməkdaşlıq memorandumu imzaladığı parlamentlərdən biridir.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın BMT-nin qətnamələrini yerinə yetirərək torpaqlarını işğaldan azad etdiyini söyləyib, hazırda münaqişənin geridə qaldığını və ölkəmiz üçün yeni bir mərhələnin - quruculuq və yenidənqurma dövrünün başladığını qeyd edib.

Qırğızıstan parlamentinin sədri Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu münasibətlərin dərinləşməsi üçün yaxşı şəraitin olduğunu söyləyib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın mütəmadi görüşləri, müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir.

O, Azərbaycanın qlobal pandemiyaya - koronavirusa qarşı mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Sonra Talant Mamıtov Qırğızıstanda keçirilən referendumun nəticələri haqqında məlumat verərək, bu ümumxalq səsverməsinin ölkəsinin gələcək inkişaf tarixində mühüm rol oynayacağını vurğulayıb.  

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə Sankt-Peterburqda keçirilən görüşdə söyləyib.

Görüşdə Sahibə Qafarova iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Milli Məclisin sədri münasibətlərimizin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rol oynadığını vurğulayıb.

Parlamentin sədri Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün geridə qaldığını, 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 30 il işğal altında qalmış torpaqlarımızı azad etdiyini vurğulayıb. Azad olunmuş ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verən Milli Məclisin sədri təəssüflə bildirib ki, Ermənistan bütün çağırışlara baxmayaraq, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. O, beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymağa çağırıb.

Sədr Sahibə Qafarova ölkəmizdə pandemiya ilə mübarizə sahəsində görülən işlər barədə həmsöhbətinə məlumat verib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin rolunu vurğulayıb, 2013-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb. T.Narbayeva Azərbaycan və Özbəkistan regionları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına səfəri çərçivəsində Qazaxıstan parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qazaxıstanlı spikeri salamlayan Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərinin bir çox sahələri əhatə etdiyini bildirib. O, Azərbaycanın Qazaxıstanla münasibətlərə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımız üçün möhkəm hüquqi bazadır. Türkdilli ölkələr arasında bərqərar olmuş strateji əlaqələr qardaş ölkələrin əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan parlamentlərinin rolundan danışan Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında mövcud olan dostluq qruplarının fəaliyyətini qeyd edib. Bildirib ki, qarşılıqlı fikir mübadiləsi parlamentlərarası əməkdaşlığın dərinləşməsinə və inkişafına kömək edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında məlumat verən Milli Məclisin sədri deyib ki, artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasına başlayıb. Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina etdiyini söyləyən Sahibə Qafarova bildirib ki, bu, beynəlxalq humanitar hüququn prinsiplərinin pozulmasıdır, beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana təsir göstərməlidir.

Görüşdə Qazaxıstan parlamenti Senatının sədri Maulen Aşımbayev Azərbaycanın bu ölkə üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, ikitərəfli əlaqələrin bütün sahələrdə dinamik inkişaf etdiyini, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Maulen Aşımbayev diqqətə çatdırıb ki, ali qanunvericilik orqanları arasında əlaqələrin inkişafı digər sahələrə də öz müsbət təsirini göstərir. Bu, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. Qazaxıstan Senatının sədri Azərbaycanın Türk PA-nın fəaliyyətinə çox mühüm töhfələr verdiyini də diqqətə çatdırıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Sankt-Peterburqda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) təşəbbüsü ilə AŞPA, ATƏT PA, Aralıq dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi tərəfindən birgə təşkil olunan “COVİD-19 pandemiyası şəraitində  qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda beynəlxalq konfransda iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan parlamentinin sədri Sahibə Qafarova, əvvəlcə, koronavirus pandemiyası şəraitində də aktuallığını qoruyan terrorizm və şiddətli ekstremizm probleminə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinə görə MDB PA-nın və digər təşkilatların rəhbərliyinə minnətdarlığını ifadə edib.

Milli Məclisin sədri hazırda bütün dünya ictimaiyyətinin səylərinin yeni infeksiyaya qarşı mübarizə kimi mürəkkəb problemin aradan qaldırılmasına səfərbər olunduğuna diqqət çəkərək vurğulayıb ki, XXI əsrin qlobal təhdid və çağırışlarının iqlim dəyişikliyi, silahlı qarşıdurmalar, şiddətli ekstremizm, terrorizm və onun kiberterrorizm, bioterrorizm kimi təhlükəli növləri COVİD-19-un yayıldığı şəraitdə çox böyük təhlükə mənbəyidir.

Sahibə Qafarova beynəlxalq konfransın iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan pandemiyanın ilk günlərindən etibarən yeni koronavirus infeksiyasına qarşı mübarizənin ön cərgəsində olub, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maliyyə yardımı göstərib, həmçinin  dünyanın 30-dan çox ölkəsinə yeni növ koronavirusun qarşısının alınması üçün müxtəlif vasitələrlə humanitar yardımlar edib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası keçirilib.

Milli Məclisin sədri bildirib ki, dünya dövlətlərinin diqqətinin son illərdə ən ciddi böhrana səbəb olan pandemiyaya yönəlməsinə baxmayaraq, terrorizmə və şiddətli ekstremizmə qarşı mübarizə qlobal gündəmin ən aktual məsələlərindən biri olaraq qalır. Sahibə Qafarova əmin olduğunu bildirib ki, terrorizmə və şiddətli ekstremizmə qarşı mübarizənin vacib istiqamətlərindən biri silahlı münaqişələrin nizamlanmasıdır.

Milli Məclisin sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, pandemiya fonunda dünya ölkələrinin koronavirusla bağlı yaranmış vəziyyətdən çıxış yolu axtarmaq üçün birləşməyə başladığı dövrdə beynəlxalq ictimaiyyətin bütün dünyada atəşkəs çağırışları etməsinə baxmayaraq, Ermənistan ötən ilin yayında və sentyabrında yenidən Azərbaycana qarşı hərbi təxribatlara əl ataraq, yeni ərazilər işğal etməyə cəhd göstərdi. Şəhərlərimiz, kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə, ballistik raketlərdən bombardmana məruz qaldı, bu da hərbçilər və mülki əhali arasında böyük itkilərə səbəb oldu.

Azərbaycan parlamentinin sədri məlumat verib ki, həmin dövrdə Ermənistan tərəfindən planetin müxtəlif guşələrindən olan terrorçular - Suriyadan, Livandan, hətta Avropa dövlətlərindən etnik ermənilər münaqişə zonasına gətirildilər.

Milli Məclisin sədri xatırladıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə layiqli cavab verdi, ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Biz işğal olunmuş ərazilərimizi təxribatçı qruplardan, silahlı dəstələrdən, terrorçulardan təmizləməyə nail olduq. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan və təəssüf ki, yerinə yetirilməsi mexanizmi istifadə olunmayan 4 qətnaməsini faktiki olaraq özümüz yerinə yetirdik. Keçən il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında üçtərəfli Bəyanat imzalandı.

Sahibə Qafarova konfrans iştirakçılarına məlumat verib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparılır. Bununla belə, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Minaların partlaması nəticəsində həm hərbçilər, həm də mülki şəxslər həlak olublar. Əgər Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etsəydi, - beynəlxalq hüquqa uyğun olaraq o, bunu etməli idi, - müharibədən sonrakı dövrdə bu itkilər olmaya bilərdi. Bununla  əlaqədar Azərbaycan beynəlxalq təşkilatlara müraciət edib. Sahibə Qafarova beynəlxalq təşkilatları bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb. 

Konfransda daha bir mühüm məsələyə də diqqət yönəldən parlamentin sədri bildirib ki, beynəlxalq sabitliyi zəiflədən amilləri aradan qaldırmaq, terrorizm və şiddətli ekstremizm risklərinin qarşısını almaq üçün bütünlükdə beynəlxalq ictimaiyyət tərəfindən yeni strateji kursun işlənib hazırlanması vacibdir. Həmin kurs ikili standartları istisna etməli, bəzi dövlətlərin beynəlxalq hüququn təməl prinsipləri və normaları ilə açıq ziddiyyət təşkil edən, həmçinin beynəlxalq təhlükəsizliyi və digər dövlətlərin suverenliyini təhlükə altında qoyan metod və vasitələrdən istifadə etmək cəhdlərini əngəlləməlidir.

Terrorizmə qarşı mübarizənin mühüm aspektlərindən bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, ekstremizmə və terrorizmə qətiyyətlə “yox” deyərək biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq kimi dəyərlərin təbliğinə xüsusi diqqət yetirməliyik. Axı, ayrı-seçkilik, ksenofobiya, antisemitizm kimi təhlükəli meyillərin bəşər tarixində qlobal fəlakətlərə səbəb olduğu hamımıza yaxşı məlumdur.

Çıxışının sonunda terrorizmə və ekstremizmə qarşı mübarizədə hüquq normaları və qanunvericilik aktları yaradan parlamentarilərin töhfəsinin mühüm əhəmiyyətini qeyd edən Sahibə Qafarova hazırkı konfransda terrorizm və ekstremizmlə mübarizə məsələlərinin müzakirəsinə yaradılan imkanı müsbət qiymətləndirib, konfrans iştirakçılarına uğurlar diləyib.

 

 

AZƏRTAC

Published in Siyasət
1 -dən səhifə 5