XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 11 Aprel 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfiri salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab səfir, sizin fəaliyyət müddətiniz başa çatır, siz Türkiyəyə qayıdırsınız. İlk növbədə, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm.

Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir. Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim.

***

Prezident İlham Əliyev “Dostluq” ordenini səfir Erkan Özorala təqdim etdi.

***

Səfir Erkan Özoral dedi:

- Çox təşəkkür edirəm. Çox sağ olun.

Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun.

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 aprel 2021-ci il.

Published in Sərəncam

Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günədək yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı olaraq müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib: “Türkdilli ölkələrin dövlət media qurumları ilə bərabər, özəl media qurumları arasında da təmasların qurulmasına ehtiyac var. Çünki məqsəd məlumatların geniş şəkildə işıqlandırılmasına nail olmaqdır. Mediaforum konsepsiyası barədə də düşünürük. Ölkələr arasında biznes-forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulması məqsədəuyğundur. Bu gün media agentlikləri tərəfindən ilkin mənbədən olmayan məlumatlara istinadlar çoxdur”.

Türkdilli ölkələrin media resursları arasında ortaq yayımının olduğunu diqqətə çatdıran Hikmət Hacıyev bildirib ki, bu, əsasən dövlət televiziya resursları vasitəsilə həyata keçirilir. “Bildiyiniz kimi, “TRT AVAZ” uzun müddət fəaliyyət göstərib. Azərbaycanın Dövlət Televiziyasının və İctimai Televiziyanın Türkiyədən və digər qardaş ölkələrdən olan televiziya resursları ilə əlaqələri mövcuddur, həmçinin AZƏRTAC-ın münasibətləri var. Amma ortaq qiymətləndirməmiz ondan ibarətdir ki, dost və qardaş ölkələrimiz haqqında verilən məlumatların həcmi bu gün tam qaneedici səviyyədə deyil. Məsələn, qardaş Türkiyə ilə Azərbaycan arasında bu münasibətlər çox yaxşı şəkildə qurulub. Biz Vətən müharibəsi dövründə də gördük ki, qardaş Türkiyə mediası Azərbaycanın media mənsubları ilə çiyin-çiyinə ön cəbhədən xəbərləri verirdilər. Amma qardaş Mərkəzi Asiya ölkələrinin media resurslarında Azərbaycan xəbərlərinin daha fəal şəkildə işıqlandırılması, yaxud onların xəbərlərinin ilkin mənbədən alınaraq ölkəmizin mediasında işıqlandırılması üçün birgə fəaliyyətə ehtiyac var”, - deyə Prezidentin köməkçisi əlavə edib.

AZƏRTAC

Published in Siyasət

Dövlət başçısı deyib: “Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir”.

Published in Digər xəbərlər

Aprelin 10-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Macarıstanın Təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Ştarayla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Macarıstan ikitərəfli əlaqələri, Türk Şurası çərçivəsində əməkdaşlıq məsələləri və inkişaf perspektivləri müzakirə olunub. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri qeyd olunaraq ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan təşkilatın Baş katibi Bağdad Amreyevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinin, üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün görülən işlər və gələcək addımlar müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Yekun Bəyannaməsində media və informasiya siyasəti sahəsində əməkdaşlığın əhəmiyyətinin vurğulandığı qeyd olunaraq bu tapşırıqdan irəli gələrək təşkil olunan bugünkü toplantının üzv ölkələr arasında sözügedən sahədə əməkdaşlığın gücləndirilməsinə və onun praktiki həyata keçirilməsinə töhfə verəcəyi bildirilib. Görüşdə bu xüsusda perspektiv istiqamətlərə dair fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 44 günlük Zəfər savaşında Türk Şurası Azərbaycana öz dəstəyini açıq şəkildə göstərdi. İnformasiya və kommunikasiya sahəsində də Azərbaycan ilə Türk Şurası arasında sıx münasibətlər var. Media sahəsində əməkdaşlığın inkişafı üçün əsaslar müəyyən olunub. Türk Şurası çərçivəsində enerji, nəqliyyat və digər sahələrdə işçi qruplar yaradılıb. Buna görə də hər bir sahənin informasiya təminatı olmalıdır. Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdırmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi. Bu məsələdə qardaş Türkiyə mediası bizimlə birgə oldu.

Hikmət Hacıyev qeyd edib ki, türk dünyasının ortaq tarixi, dəyərləri var. Bu gün Türk Şurasının üzv ölkələrinə qarşı təxribat xarakterli informasiya hücumları olur. Buna görə də biz birgə fəaliyyət göstərməliyik. Bu baxımdan bugünkü tədbirin xüsusi əhəmiyyəti var.

Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, müasir dövrün ən problemli məsələlərindən biri də sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasıdır. Düşünürəm ki, Türk Şurası çərçivəsində bu sahədə də birgə fəaliyyət vacib məsələdir.

Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət abidələrini dağıdıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması vacibdir. Bu baxımdan Türk Şurasına üzv ölkələrin birgə fəaliyyəti xüsusi önəm daşıyır.

“Media haqqında” yeni qanun layihəsinin hazırlandığını deyən Hikmət Hacıyev vurğulayıb ki, bu qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib. Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın inkişafına imkan verəcək.

“Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində lazımi işləri görür. Eyni zamanda, ölkəmiz türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi hazırlayır.

Türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. İnformasiya və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi də qarşıda duran prioritet istiqamətlərdən biridir”, - deyə H.Hacıyev əlavə edib.

Media sahəsində əməkdaşlığın lazımi hüquqi parametrlərinin müəyyənləşdirildiyini, zəruri sənədlərin qəbul edildiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, bütün bunlar əməkdaşlığın praktiki formada genişləndirilməsi üçün imkanlar yaradır. Türkdilli ölkələr arasında informasiya təminatının yaradılması vacib şərtlərdən biridir. Biz Qarabağ müharibəsi dövründə gördük ki, türk mediası bu məsələnin işıqlandırılmasında fəal iştirak etdi. Biz bundan sonra da birgə səylər göstərməliyik.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bu gün media sahəsində əməkdaşlığın Türk Şurasında ən önəmli mövzulardan biri olduğunu bildirib. Qeyd edib ki, Şuraya üzv dövlətlər arasında media sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Torpaqlarının azad edilməsi münasibətilə Azərbaycanı təbrik edən Baş katib bildirib ki, türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.

“Çox şadıq ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, - deyən B.Amreyev əlavə edib ki, türkdilli dövlətlər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Bu il Türk Şurasının ilk Zirvə görüşünün keçirilməsindən 12 il ötdüyünü və ötən müddət ərzində Türk Şurasının artıq dünyada önəmli bir platformaya çevrildiyini deyən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun qeyd edib ki, bugünkü dünya 12 il əvvəlki dünya deyil. Türkiyəyə qarşı təhdidlər hələ də davam edir. Yeni təhdidlər qarşısında bizim türk dünyası olaraq birlikdə olmağımız zərurətdir. Bu, qardaşlığımızın tələbidir.

Türkiyə Prezidenti Administrasiyasının idarə sədri bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu, eyni zamanda, media sahəsində əlindən gələni əsirgəmədi. Türkiyə ilə Azərbaycan arasında yaradılmış media platforması önəmli bir örnək təşkil edir. Biz türkdilli dövlətlər bu platformanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq.

Türk dünyasının əsas problemlərindən birinin dezinformasiyalarla mübarizə olduğunu deyən F.Altun vurğulayıb: “Rəqəmsal faşizmlə mübarizə aparmaq olduqca vacibdir. Biz rəqəmsal faşizmlə mübarizə istiqamətində lazımi addımları atmağa başladıq. Türkdilli ölkələr olaraq media platformasında səylərimizi birləşdirməli və bu bəlaya qarşı da birgə mübarizə aparmalıyıq”.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev qeyd edib ki, türkdilli dövlətlər arasında əlaqələri gücləndirmək, o cümlədən media sahəsində əməkdaşlığı genişləndirmək zəruridir. 

Kayrat İmanaliyev 2021-2022-ci illərdə media sahəsində praktik əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə edib.     

Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev isə ölkəsinin 44 günlük Zəfər müharibəsindən sonra Qarabağın bərpa prosesinə töhfə vermək istədiyini bildirib. O qeyd edib ki, Özbəkistanın inşaat şirkətləri buna tam hazırdır.

Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov Türk Şurasının himayəsi altında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini xatırladıb. Onun sözlərinə görə, türkdilli ölkələrin əməkdaşlığının möhkəmlənməsinə yönəlmiş səylər Qazaxıstanın informasiya siyasətinin inkişafının prioritet istiqamətidir. Qazaxıstan media və informasiya sahəsində Türk Şurasına üzv ölkələrlə uğurla əməkdaşlıq edir.

Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray ölkəsinin özünü türkdilli dövlətlər arasında gördüyünü vurğulayıb. “Hazırda ən böyük çətinliklərdən biri saxta xəbərlərə qarşı mübarizədir. Milli və beynəlxalq səviyyələrdə ictimaiyyətə düzgün məlumatların çatdırılması vacibdir. Saxta məlumatların dünya miqyasında nəticəsi və kənar təsirlərinin şahidi oluruq. Macarıstan barədə də saxta məlumatların yayıldığını görürük. Bu sahədə əməkdaşlıq vacibdir. Macarıstan informasiya sahəsində təcrübəsini bölüşməyə hazırdır”,- deyə Peter Sztaray qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısının iştirakçıları aprelin 10-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra toplantı iştirakçıları Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə gül dəstələri qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən tədbir iştirakçılarına Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak ediblər.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, S.Babayev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb. Xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Son üç ildə də təqdim edilən mənzil və fərdi evlərin sayında ciddi artımı diqqətə çatdıran nazir bildirib ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini qeyd edib. Həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda (o cümlədən Vətən müharibəsində) şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq.

Nazir bildirib ki, 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməklə, bu il mənzil və fərdi evlə təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək. Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Hazırda “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 230 mənzil verilib. Ümumilikdə isə indiyədək 9430 mənzil və fərdi ev verilib. Müharibə əlillərinin minik avtomobilləri ilə təminatından bəhs edən S.Babayev 2018-ci ildə 265 ədəd, 2019-cu ildə 600 ədəd, 2020-ci ildə 400, ümumilikdə indiyədək 7200-dən çox avtomobilin müharibə əlillərinə verildiyini, bu tədbirlərin də davam edəcəyini diqqətə çatdırıb. O, dövlət başçısının göstərişi ilə müharibədən sonrakı dövrdə şəhid ailələri, müharibə iştirakçıları və əlilləri, erməni terrorundan zərər çəkənlərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi barədə məlumat verib.

Yeni mənzillə təmin olunanlar Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlilləri, Aprel döyüşləri iştirakçısı, habelə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələridir. Şəhid ailəsi üzvləri və müharibə əlilləri tarixi Zəfərimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mustafa KAMAL,

“Respublika”.

Published in Sosial həyat

Azərbaycan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının birgə təşkilatçılığı ilə iki ölkədə qeyri-maddi mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən UNESCO kafedraları arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr edilmiş onlayn iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyətə başlamış “Aşıq Şəmşir xalq musiqi irsi və dastançılıq ənənələri” UNESCO Kafedrası ilə Ankara Hacı Bayram Vəli Universitetinin Türk Folkloru Təcrübə və Araşdırma Mərkəzində fəaliyyət göstərən “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO Kafedrası arasında əməkdaşlığı təşviq etmək, qeyri-maddi mədəni irsin qorunması sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək və milli komissiyalar arasında fevralın 5-də keçirilmiş onlayn iclasda razılaşdırılmış istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək olub.

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycanın sahib olduğu zəngin mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. O, həmçinin UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının sıx əlaqələrindən danışaraq qeyri-maddi mədəni irsin qorunması sahəsində əməkdaşlığın praktiki əhəmiyyətini qeyd edib, eləcə də iki ölkənin iştirakı ilə UNESCO-ya təqdim edilən qeyri-maddi mədəni irs sahəsində olan nominasiyalardan bəhs edib.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz çıxışında yaxından əməkdaşlığa görə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təşəkkürünü ifadə edib və iki ölkənin milli komissiyaları arasında qeyri-maddi mədəni irs sahəsi ilə yanaşı, mədəni və təbii irs, UNESCO-nun müxtəlif proqramları üzrə də mütəmadi görüşlərin təşkil edilməsinin vacibliyinə toxunub.

Daha sonra tədbir iştirakçıları tərəfindən qeyri-maddi mədəni irsin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən işlərdən və  perspektiv layihələrdən danışılıb, türkdilli ölkələrin bu istiqamətdə əməkdaşlığı ilə bağlı təkliflər səsləndirilib, həmçinin qeyri-maddi mədəni irs sahəsində UNESCO kafedralarının sayının artırılması istiqamətində və ümumi maraq kəsb edən digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, “Aşıq Şəmşir xalq musiqi irsi və dastançılıq ənənələri” UNESCO Kafedrası və “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO Kafedrasının, eləcə də hər iki ölkənin aidiyyəti qurumlarının 30-dək nümayəndəsi iştirak edib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3