XƏBƏR LENTİ

Çərşənbə axşamı, 20 Aprel 2021 05:56

Vətən müharibəsi şəhidləri yad edilir

Beyləqan

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Qazandığımız bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizi Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə ömür boyu minnətdar olacağıq.

Bu gün Beyləqanda şəhidlərimizin, Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur.

Beyləqan  Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində iştirak edən Beyləqan şəhərinin, İmamverdililər, Təzəkənd, Birinci Şahsevən, respublikada ən çox şəhid verən kəndlərdən olan Kəbirli kəndindən, Mayak, Qəhrəmanlı, Milabad, Yeni Mil qəsəbələrindən  olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarına tər qərənfillər düzərək Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.

Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ərəstun ABDULOV,

“Respublika”.

 

 

Qusar

Vətən müharibəsi həm də ağrı-acıları ilə arxada qaldı. Torpaqlarımızın azadlığı uğrunda gedən bu müharibədə neçə-neçə igid oğullarımız şəhid, yüzlərlə döyüşçümüz əlil oldu. Şəhid ailələrinə, qazilərə mənəvi dəstək olmaq, onların dərdlərinə şərik çıxmaq bizim vətəndaşlıq borcumuzdur.

YAP Qusar rayon təşkilatının bu sahədəki təşəbbüsü diqqətəlayiqdir. Artıq bir neçə aydır ki, YAP fəalları tez-tez şəhid ailələrinə, qazilərə baş çəkir, qayğı və problemlərini öyrənir, onlara mənəvi dəstək olurlar. Təşkilatın aparat rəhbəri Kamil Sultanov bu barədə deyir ki, 44 günlük Vətən müharibəsində qusarlı gənclər də xüsusi fəallıqla iştirak etmiş, şücaət və qəhrəmanlıq nümunələri göstərmişlər. Müharibə ərəfəsində və müharibənin ilk günlərində orduya rayonumuzdan minlərlə könüllü yazılıb. Yüzlərlə Qusar sakini döyüşlərə qatılmışdır. Ağır döyüşlər zamanı onlardan 37 nəfər şəhid olmuş, 147 nəfəri yaralanmışdır. Təşkilatımız fevral ayından “Şəhid ailəsinə qayğı” aksiyasına başlayıb. Tərtib olunmuş qrafikə əsasən hər həftə şəhid ailəsinə, qaziyə baş çəkir, qayğıları ilə maraqlanırıq. Şəhid məzarlarını ziyarət edirik. Bu günlərdə isə fəallarımız Hil kəndində olublar.

Bu kənddə doğulub boya-başa çatan Ramazanov Rail Arif oğlu Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edirdi. Müharibənin ilk günündən döyüşlərdə iştirak edən Rail əvvəlcə Füzulidə, sonra Xocavənd istiqamətində vuruşmuşdur. Xocavəndin Qırmızı bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. Ağır döyüşlərin birində itkin düşmüş, yalnız iki aydan sonra onun nəşi tapılıb doğulduğu Hil kəndində torpağa tapşırılmışdır. Aprelin 15-də Railin 24 yaşı tamam olub. YAP fəallarının kəndə gəlməsi də həmin günə təsadüf edib. Kənd sakinləri və ailə üzvləri ilə birlikdə şəhidin məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Daha sonra Hil kəndindən olan şəhid Cavadov Rəşad Fərzəli oğlunun ailəsi ziyarət olunmuşdur. Görüşlər zamanı şəhid ailələrinin qayğı və problemləri öyrənilmiş, şəhid ailələrinə Ramazan sovqatı təqdim olunmuşdur.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.

Read 95 times