XƏBƏR LENTİ

Cümə, 05 Mart 2021 09:57

Ölkəmizdə idmana diqqət və qayğı yüksək səviyyədədir

Martın 5-nin artıq 16-cı ildir ki, ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilməsi bir ənənəyə çevrilmişdir. Gənclər və İdman Nazirliyi, onun tabeliyində olan qurumlar, idman federasiyaları, klubları, bir sözlə, respublikamızın idmansevərləri haqlı olaraq bu sahədə qazanılan uğurlarla öyünürlər. Binəqədi Rayon Gənclər və İdman İdarəsi də bunların sırasında olan qurumlardan biridir. İdarənin rəisi Namiq Tarverdiyev belə bir gündə ürək sözlərini oxucularımızla bölüşərək dedi:

- İlk öncə onu deyim ki, yola saldığımız 2020-ci ilin ən böyük uğuru möhtərəm Prezidentimizin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını erməni işğalından azad etməsidir. Əlbəttə, Vətən müharibəsi itkisiz ötmədi. Şəhidlərimiz oldu, yaralı qazilərimiz var. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq. Sözsüz ki, tarixi Qələbəmizdə idmançı gənclərimizin də böyük payı var.

Binəqədi Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin struktur qurumu kimi Binəqədi rayonunda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirir. İdarə öz fəaliyyətini Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, bələdiyyələr, hüquq-mühafizə orqanları, hökumət və qeyri-hökumət təşkilatları, idman federasiyaları və cəmiyyətləri, habelə digər ictimai birliklərlə əlaqəli şəkildə qurur. Qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi təsis edilmişdir. 5 mart tarixi isə təsadüfi seçilməmişdir. Belə ki, 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri ilə görüşmüş, elə həmin gün həm də İdman Fondunun yaradılması haqqında sərəncam imzalamışdır. Bununla da müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində yeni inkişaf strategiyasına start verildi. Ümummilli liderimiz nitqlərinin birində demişdir ki, idman kimi Azərbaycanın müstəqillik rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

Böyük öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin Birinci-vitse prezidenti işləyərkən - 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra müstəqil respublikamızda kütləvi idmanın və bədən tərbiyəsinin, o cümlədən olimpiya hərəkatının inkişafı yeni bir mərhələyə qədəm qoydu. Dövlətimizin başçısının son 18 ildə bu sahəyə göstərdiyi diqqət və qayğısı, şəxsi dəstəyi sayəsində ölkəmizdə idmanın inkişafı geniş vüsət almışdır.

Təsadüfi deyildir ki, son illər Azərbaycan dünyada idman dövləti kimi tanınır. Artıq Bakının bir neçə illərdir mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi, dünya standartlarına cavab verən infrastrukturun yaradılması bunu deməyə əsas verir. Beynəlxalq idman təşkilatlarının rəhbərləri və mütəxəssislər respublikamıza səfərləri zamanı bu sahədə görülən işləri, olimpiya oyunlarına və müxtəlif çempionatlara yüksək səviyyədə ev sahibliyi etməyimizi dəyərləndirib və haqlı olaraq Azərbaycanı idman dövləti adlandırırlar. Yeri gəlmişkən, Bakı-2015 Birinci Avropa Oyunlarına, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-prisinə Bakının yüksək səviyyədə ev sahibliyi  etməsində Azərbaycanın birinci xanımı, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi bu sahədə əldə edilən parlaq nailiyyətlər də diqqətçəkəndir.

Son illər dünyanı bürüyən maliyyə-iqtisadi böhranın və pandemiyanın iqtisadiyyata vurduğu zərər Azərbaycandan da yan keçməmişdir. Lakin ölkəmizin rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dövlət gənclər siyasəti çərçivəsində idmanın inkişaf etdirilməsi, onun kütləviliyinin artırılması ön plana çəkilmiş və Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öncüllüyünü qoruyub saxlaya bilmişdir.

Hazırda ölkəmizdə Bakı ilə yanaşı, bölgələrlə birlikdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Burada yaradılmış şərait gəncləri və yeniyetmələri idmana daha da ruhlandırır. Bir sıra rayonlarda belə idman komplekslərinin tikintisi davam etdirilir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr qazanan idmançılar ölkəmizi layiqincə təmsil edirlər. Qaliblərin şərəfinə bayrağımız dalğalanır, himnimiz səsləndirilir. Onların nailiyyətləri dövlətimizin başçısı tərəfindən daim izlənilir və yüksək qiymətləndirilir. Qaliblər mənzil, pul, fəxri fərmanlar və digər ali dövlət mükafatlarına layiq görülürlər. Hər ilin sonunda Milli Olimpiya Komitəsində, Gənclər və İdman Nazirliyində bununla bağlı təntənəli mərasimlər keçirilir. Bütün bunlar isə idmançılarımızı daha yaxşı nəticələr göstərməyə ruhlandırır.

Azərbaycan idmançıları beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri ildən-ilə artırmağa nail olurlar. Məsələn, milli komandamız ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarında ikinci, 2016-cı ildə Rio-de Janeyroda (Braziliya) 18 medal qazanaraq 14-cü yeri, Bakı 2017-ci IV İslam Həmrəyliyi oyunlarında birinci yeri tutmuş, şahmatçılarımız 2 il əvvəl üçüncü dəfə Avropa çempionu adına layiq görülmüş, Teymur Rəcəbov ötən il Dünya kubokunun qalibi olmuş, yeniyetmə şahmatçımız Aydın Süleymanov 14 yaşlılar arasında dünya çempionu adına sahib çıxmışdır. Bütün bunlar Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları nailiyyətlərin bəzilərdiir.

Paytaxtın digər rayonlarında olduğu kimi, Binəqədidə də idmanın inkişafı və kütləviliyi diqqət mərkəzindədir. Son illər rayonun qəsəbələrində yeni və müasir tipli idman kompleksləri və qurğuları tikilib istifadəyə verilmişdir. Bunların sırasında Bakı Tennis Akademiyasını (8-ci mikrorayon), Bakı Atıcılıq Mərkəzini, Azəryol Voleybol Kompleksini (Xocəsən qəsəbəsi), Xocəsən qəsəbə stadionunu, Lokomotiv İdman Sağlamlıq Kompleksini (Biləcəri), Binəqədi İdman Sağlamlıq Kompleksini (Binəqədi qəsəbəsi) və sairləri göstərmək olar. Bu idman komplekslərində həm rayon səviyyəli, həm də Bakı birinciliyi üzrə, eyni zamanda mötəbər yarışlar təşkil olunur. Stadion və komplekslərdə idmançılar və tamaşaçılar üçün lazımi şərait yaradılmışdır. Məsələn, ötən ilin sentyabr ayında Binəqədi İdman Sağlamlıq Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə uşu idman növü üzrə Bakı şəhər turniri keçirilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə hər bir vətəndaşın idmanla məşğul olmasını tövsiyə edərək demişdir: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdi”.

Bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Binəqədi rayonunun idmançıları bundan sonra da ölkə idmanının inkişafında var qüvvələrini əsirgəmiyəcək, daha parlaq qələbələr qazanılmasına yeni töhfələr verəcəklər. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idmançılarımızı təbrik edir, yeni-yeni uğurlara imza atmalarını arzulayıram.

Ramiz YUSİFLİ,

“Respublika”.

Read 247 times