XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 06:50

DÜNYA BU GÜN

BEŞ ÖLKƏ RUSIYAYA QARŞI BIRLƏŞDI

Polşa, Ukrayna və Baltikyanı ölkələr əməkdaşlıq barədə razılığa gəliblər. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukrayna, Polşa, Latviya, Litva və Estoniya prezidentləri Varşavada ilk Polşa konstitusiyasının qəbul edilməsinin 230-cu ildönümü münasibətilə birgə bəyannamə imzalayıblar.

Bəyannamədə keçmiş təcrübələrin (Rusiya təhlükəsi) belə bir əməkdaşlıq formatının qurulması zərurətini ortaya çıxardığı bildirilib. Bu addımın sözügedən ölkələrin ərazi bütövlüyü və suverenliyinin qorunması üçün mühüm olduğu vurğulanır.

Qeyd edək ki, bir müddət öncə Litva Ukraynanın NATO və Avropa Birliyinə 15 ildən daha tez üzv ola biləcəyini açıqlayıb.

Aprel ayının əvvəlində NATO ittifaqın Ukrayna ordusunu inkişaf etdirməsinə və islahatlar aparmasına kömək edəcəyini, bunun sayəsində Kiyevin Avroatlantik istiqamətdə daha təsirli hərəkət edə biləcəyini bildirib.

 

ABŞ-IN MARAQLARINI QORUYAN DIPLOMAT İRANDA VƏFAT EDIB

İsveçrənin Tehrandakı səfirliyinin əməkdaşı İran paytaxtının rayonlarından birində yerləşən çoxmərtəbəli binadan yıxılaraq vəfat edib. “Report”un verdiyi xəbərə görə, bu barədə mayın 4-də İranın “İSNA” agentliyi məlumat yayıb.

Tehranın Fövqəladə Hallar Xidmətinin nümayəndəsinin sözlərinə görə, bədbəxt hadisə baş verib. “51 yaşlı qadın Kamraniya bölgəsindəki çoxmərtəbəli binanın damından yıxılıb. Yerli həkimlər hadisə yerində onun ölümünü qeydə alıblar”, - deyə açıqlamada qeyd olunur. O da bildirilib ki, isveçrəli qadının meyiti məhkəmə-tibbi ekspertlərinə təhvil verilib.

“Sky News Arabia” telekanalının məlumatına görə, mərhum İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb. Diplomat ABŞ-ın İrandakı maraqlarının təmin olunması ilə əlaqəli məsələləri kurasiya edib.

 

METRO KÖRPÜSÜNÜN UÇMASI NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI ARTIB

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. “Report”un məlumatına görə, bu barədə şəhər meri Klaudiya Şeynbaum Pardo bildirib.

Mer əlavə edib ki, istintaqın nəticələri bəlli olanadək rəsmilər faciənin səbəbi və səbəbkarları barədə öz versiyalarını irəli sürməyəcəklər.

Məlumata əsasən, ən azı 70 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Onlardan yeddisinin vəziyyəti ağırdır.

Qeyd edilir ki, qəza paytaxtın cənub-şərqində, “Olivos” və “Tesonko” stansiyaları arasındakı ərazidə baş verib.

 

KOLUMBIYADA ETIRAZLAR ZAMANI 431 NƏFƏR SAXLANILIB

Kolumbiya polisi ölkədə bir neçə gün ərzində davam edən etirazlar zamanı 430-dan çox insanı saxlayıb. “Report” xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Dieqo Molano bəyan edib.

“Biz 431 nəfəri saxlamağa müvəffəq olduq”, - deyə nazir “Twitter” səhifəsində yazıb. O, əlavə edib ki, etirazlar zamanı 846 nəfər xəsarət alıb. Onlar arasında 540 polis əməkdaşı da var. Yerli “Efe Eme” radiostansiyası isə bildirib ki, aksiyalar zamanı 17 nəfər öldürülüb.

Xatırladaq ki, ötən həftədən etibarən Kolumbiyanın demək olar hər yerində vergi islahatına qarşı nümayişlər keçirilir.

 

İSTANBULDA SAXLANILAN TERRORÇU HAQQINDA YENI FAKTLAR ÜZƏ ÇIXIB

Türkiyənin İstanbul şəhərində aprelin 28-də ələ keçirilən “İŞİD” terror təşkilatının mərhum lideri Əbu Bəkir əl-Bağdadinin “sağ əli” kimi tanınan Əhməd S.İ.M-lə bağlı yeni faktlar üzə çıxıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, “İŞİD” üzvünün Tacikistan vətəndaşı olduğu, 2000-ci ildə Rusiyada polis akademiyasında oxuduğu bildirilib.

Məlumata əsasən, 2014-cü ildə “İŞİD” qruplaşmasına qoşulan terrorçu burada təlim keçib. Təşkilatda yüksək mövqe tutan Əhməd S.İ.M. döyüşlərdə sağ gözü və sağ ayağını itirib.

Bağdadinin xüsusi planlarında rol alan terrorçunun 60 nəfərlik xüsusi qrupa rəhbərlik etdiyi də diqqətə çatdırılıb.

Həmçinin terrorçunun İdlib, Həma, Deyr-əz-Zor və Əl-Babdakı “İŞİD” qruplaşmaları ilə təmasda olduğu vurğulanır.

 

COZEF BAYDEN QAÇQINLARIN ABŞ-A QƏBULU LIMITINI ARTIRDI

ABŞ prezidenti Cozef Bayden 2021-ci il maliyyə ilində qaçqınların qəbulu limitini 62,5 min nəfərə qədər artırıb. “Report” agentliyinin məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış bəyanatında bildirilir.

“Bu qərar, əvvəlki rəhbərlik tərəfindən təyin olunmuş, Amerikanın qaçqınları qəbul edən və dəstəkləyən bir ölkə kimi dəyərlərini əks etdirməyən, tarixən 15000 nəfərlik aşağı kvotasını ləğv edir. Qaçqınların qəbulunun yeni limiti həmçinin imkan yaradacaq ki, növbəti maliyyə ilində 125 min qaçqını qəbul etməyə nail ola bilək”, - deyə sənəddə qeyd olunur.

Cari maliyyə ilində 15 min nəfərlik kvota oktyabrın sonunda ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən müəyyənləşdirilmişdi. Bu, 1980-ci ildən minimal göstəricidir. 2020-ci il maliyyə ilində limit 18 min insan təşkil edib və 2019-cu il ilə müqayisədə demək olar, iki dəfə azaldılıb.

 

QIRĞIZ RESPUBLIKASI TACIKISTANI ITTIHAM EDIB

Qırğız Respublikasının Baş Prokurorluğu Tacikistanı iki dövlətin sərhədində silahlı konfliktin gedişatında bir sıra beynəlxalq razılaşmaları pozmaqda ittiham edib. Bu barədə “Report”  agentliyi məlumat yayıb.

Bildirilir ki, Baş Prokurorluq hücum faktları və digər insidentlər barədə cinayət işi açıb. Rəsmi Bişkek Tacikstanın aprelin 29-da Batken bölgəsində quldur birləşmələri və nizami qoşunların Qırğız Respublikasının sərhədlərinə xaincəsinə hücum etdiyini bildirib.

Hücumun mülki əhaliyə qarşı avtomat, minaatan, döyüş helikopteri, ağır zirehli texnika, artilleriya heyəti və digər silah növlərinin tətbiqi ilə həyata keçirildiyi bildirilir. Prokurorluğun məlumatına görə, Tacikistan həmçinin BMT-nin 1976-cı il Ümumi İnsan Hüquqları bəyannaməsinin tələblərini pozub.

 

HƏCC ZIYARƏTI ÜÇÜN “COVID-19” SIĞORTASI TƏLƏB OLUNACAQ

Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq. “Trend” agentliyinin məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında bildirilir.

Verilən xəbərə əsasən, tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.

Qeyd edək ki, ötən həftə sonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.

Məlumat üçün qeyd edək ki, bu il Həcc ziyarəti iyulun ikinci yarısı olacaq.

 

RUSIYA SWIFT SISTEMINDƏN ÇIXMAĞI NƏZƏRDƏN KEÇIRIR

“Rəsmi Moskva Rusiyanın beynəlxalq SWIFT ödəmə sistemindən çıxmağı nəzərdən keçirir”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bəyan edib.

XİN rəsmisi qeyd edib ki, Rusiya hakimiyyəti ödəmə sistemindən ayrılma ehtimalını hələlik yalnız fərziyyə kimi qiymətləndirir, lakin riskləri və mümkün zərərləri azaltmağa çalışır.

Mariya Zaxarova bildirib ki, Rusiya SWIFT-ə alternativ olaraq Mərkəzi Bankın xüsusi sistemini nəzərdən keçirir. Onun fikrincə, rəsmi Moskva xarici sistemlər - Avropanın SEPA, İranın SEPAM, Çinin CUP və CIPS sistemlərini öyrənir.

Avropa Parlamentinin deputatları aprelin 29-da Ukrayna ilə münaqişə vəziyyətində olan Rusiyaya qarşı qərar qəbul ediblər. Sənədə görə, hərbi əməliyyatlar baş verəcəyi təqdirdə, Avropa İttifaqı Rusiyadan neft və qaz idxalını dayandıracaq, ölkəni SWIFT ödəniş sistemindən çıxaracaq və Rusiya hakimiyyət orqanlarının nümayəndələrinin Avropa aktivlərini donduracaq.

Read 31 times