XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:33

DÜNYA BU GÜN

BIŞKEK VƏ DÜŞƏNBƏ QOŞUNLARI SƏRHƏDDƏN GERI ÇƏKIB
Rəsmi Bişkek və Düşənbə hərbi bölmələrin sərhəd zonasından çıxarılması prosesini başa çatdırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti mayın 3-də bildirib.
“Tərəflər dövlət sərhədi xəttindən əlavə hərbi qüvvələrin və vasitələrin aparılmasını yekunlaşdırıb”, - deyə açıqlamada qeyd olunur.
Eyni zamanda, Sərhəd Xidmətinin məlumatına görə, tərkibində iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələrinin daxil olduğu birgə komissiya işini davam etdirir.
Hazırda sərhəddə və ona yaxın rayonlarda sabit vəziyyət hökm sürür, ötən gecə ərzində qarşıdurma hadisələri və atışmalar qeydə alınmayıb.


BƏŞƏR ƏSƏD VƏ DAHA IKI NAMIZƏDİN SEÇKILƏRDƏ IŞTIRAKI TƏSDIQLƏNIB
Vətəndaş müharibəsi və zorakılığın bitmədiyi Suriyada prezident seçkilərinə namizədlərin sənəd qəbulu davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, Suriya Konstitusiya Məhkəməsi Bəşər Əsədin 26 mayda keçiriləcək prezident seçkilərində namizəd olması üçün təqdim etdiyi sənədləri qəbul edib.
Eyni zamanda, bildirilir ki, məhkəmə Abdullah Saloum Abdullah və Məhəmməd Əhməd Marenin də namizədliyini qəbul edib.
Bu ayın sonunda seçkilərin keçiriləcəyi Suriyada prezidentliyə namizəd olmaq üçün son 10 ili ölkədə yaşamaq əsas şərt kimi qoyulub. Bununla da müxalif namizədlərin seçkilərdə iştirakı yolu bağlanılıb.


“TALIBAN” SILAHLILARI HƏRBI BAZAYA HÜCUM EDIBLƏR
“Taliban” hərəkatının silahlıları Əfqanıstanın qərbində hərbi bazaya hücum ediblər. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ən azı 18 əsgər həlak olub, 10 nəfər isə yaralanıb.
Məlumata əsasən, taliblər gecə saatlarında Fərah vilayətində yerləşən hərbi bazaya qazdıqları yeraltı tunel vasitəsilə daxil olublar.
Vilayətin qubernatoru Tac Məhəmməd Cahid yerli mətbuata açıqlamasında bildirib ki, tuneli qazmış silahlılar bazada partlayış törədiblər. Bazada ümumilikdə 30 hərbçi olub.
Bununla yanaşı, verilən xəbərə görə, hazırda Əfqanıstanda hökumət qüvvələri ilə taliblər arasında qarşıdurmalar davam edir. “Taliban” artıq geniş kənd ərazilərini ələ keçirib və böyük şəhərlərə hücuma başlayıb.


Aİ-YƏ GƏLƏN PEYVƏND OLUNMUŞ TURISTLƏR KARANTINDƏN AZAD EDILMƏYƏCƏK
Avropa Komissiyasının peyvənd olunmuş xarici turistlərin Avropa İttifaqına (Aİ) girişinə icazə vermək təklifi o demək deyil ki, Aİ dövlətləri gələn turistlərdən karantin və ya PZR (polimeraz zəncir reaksiyası) testi kimi sanitar tədbirlərə riayət edilməsini tələb etməyəcək. “Report”un verdiyi xəbərə görə, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Adalbert Yans bəyan edib.
“Təklifimiz Aİ-yə daxil olma imkanını təmin edir, lakin Aİ ölkələrinə bu şəxsləri mövcud epidemioloji tədbirlərdən, xüsusilə karantin və ya PZR testlərindən azad etməyi tövsiyə etmir”, - deyə Aİ rəsmisi vurğulayıb.
Bir qədər öncə, Avropa Komissiyası Aİ ölkələrinə aşılanmış turistlərin girişinə icazə verməyi tövsiyə edib.


DILƏNÇILƏRLƏ QƏRIBƏ MÜBARIZƏ ÜSULU TAPILIB
İsveçrənin Bazel şəhərində dilənçilərlə maraqlı mübarizə üsulu tapıblar. “Sputnik” informasiya agentliyinin “Basler Zeitung” qəzetinə istinadən verdiyi xəbərə görə, dilənçiləri qeyri-adi razılaşmaya sövq edirlər. Belə ki, yazılı surətdə ölkəyə qayıtmamaq sözü verdikdən sonra dilənçilərə Avropanın istənilən şəhərinə birbaşa bilet verilir.
“Dilənçilər İsveçrəyə qayıtmamaq haqda iltizam imzalayırlar, yəni müəyyən olunmuş müddət ərzində ölkəyə gəlmirlər”, - yerli ədliyyə və təhlükəsizlik departamentinin nümayəndəsi Toprak Yerguz qəzetə müsahbəsində bildirib.
Eyni zamanda, qeyd olunur ki, əgər dilənçilər razılaşmanın şərtlərini pozarlarsa, polis onları İsveçrədən deportasiya edəcək.


ABŞ KOSMOSU AKTIV HƏRBI ƏMƏLIYYATLAR ZONASI ELAN EDIR
“ABŞ Kosmosu aktiv hərbi əməliyyatlar zonası elan edir”. “APA”nın verdiyi xəbərə görə, bunu ölkənin Kosmik Qüvvələrinin Komandanı Con Reymond bəyan edib.
Məlumata əsasən, ABŞ rəsmisi Rusiya və Çinin ölkəsinə aid peykləri məhv etmək üçün xüsusi silahlara malik olduğunu da açıqlayıb.
Con Raymondun sözlərinə görə, bu qərarın verilməsində məqsəd Rusiya ilə münaqişə yox, onun ata biləcəyi addımların qarşısını almaqdır.
Eyni zamanda, rəsmi Vaşinqton bundan sonra digər ölkələrin kosmik fəzada hərəkətinə nəzarət üçün xüsusi mexanizmin işə salınacağını bəyan edib.
Qeyd edək ki, ABŞ-ın Hərbi Hava Qüvvələri bir müddət öncə Rusiyanın Arktikadakı hərbi aktivliyindən də narahat olduğunu bildirib.
Qeyd edilib ki, təkcə 2020-ci il ərzində ABŞ tərəfi Arktika səması üzərində Rusiyaya aid 60-dan çox hərbi təyyarənin uçuşunu əngəlləməyə nail olub.


ERMƏNISTAN PREZIDENTI BARƏDƏ CINAYƏT IŞI AÇILIB
Ermənistanın Baş Prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı cinayət işi açıb. “Report”un verdiyi xəbərə görə, bu barədə ölkənin Vəkillər Palatasının sədri Ara Zöhrabyan bildirib.
Sədr xatırladıb ki, martın 30-da 53 vəkil A.Sarkisyanın ikili vətəndaşlığının olması faktının gizlədilməsi ilə əlaqədar məlumat yayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin Xüsusi İstintaq Xidməti cinayət işi başlamaqdan imtina edib. Vəkillər bu qərardan apellyasiya şikayəti veriblər.
“Şikayət əsasında Baş Prokurorluq Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib və Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) ilə cinayət işi açıb”, - deyə A.Zöhrabyan vurğulayıb.
Qeyd edək ki, 53 vəkilin yaydığı məlumatda qeyd olunub ki, A.Sarkisyanın ən azı 10 il Böyük Britaniya vətəndaşlığı olub. O, 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Belə ki, konstitusiyaya görə yalnız seçkidən əvvəl altı il müddətində Ermənistan vətəndaşı olmuş şəxs prezident seçilə bilər.


BAYDENIN DÖVRÜNDƏ VARLI AMERIKALILARIN SƏRVƏTI DAHA DA ARTIB
ABŞ-ın dövlət başçısı Cozef Baydenin prezidentlik dövrünün ilk 100 günündə Amerikanın 100 ən varlı adamının varidatı 195 milyard ABŞ dolları artıb. “Report”un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.
ABŞ-ın 100 ən varlısının sərvəti 20 yanvardan 30 aprelə qədər 195 milyard ABŞ dolları artaraq 2,9 trilyon ABŞ dolları təşkil edib.
Məlumat üçün qeyd edək ki, ABŞ-ın ən aşağı gəlirli vətəndaşlarının yarısının ümumi sərvəti cəmi 2,5 trilyon ABŞ dollarıdır.


SƏUDIYYƏ ƏRƏBISTANI MAYIN 17-DƏN ETİBARƏN SƏRHƏDLƏRI AÇACAQ
Səudiyyə Ərəbistanı sərhədləri açaraq mayın 17-dən etibarən öz vətəndaşları üçün digər ölkələrə səyahət məhdudiyyətlərini ləğv edəcək. “Trend” agentliyinin məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.
“17 may 2021-ci il yerli vaxtla saat 01: 00-dan etibarən vətəndaşlar üçün səyahət məhdudiyyətləri ləğv ediləcək və digər ölkələrlə su, quru və hava əlaqələri açılacaq”, - deyə nazirlik qeyd edib.
Bununla yanaşı, bildirilir ki, əcnəbilər Səudiyyə Ərəbistanına gəldikdən sonra məcburi 14 günlük karantində qalmalı olacaqlar.

Read 29 times