XƏBƏR LENTİ

Bazar, 02 May 2021 08:29

DÜNYA BU GÜN

QIRĞIZ RESPUBLIKASI VƏ TACIKISTAN TAM ATƏŞKƏS BARƏDƏ RAZILIĞA GƏLIB
Qırğız Respublikası və Tacikistan tam atəşkəs barədə razılığa gəliblər. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşıyev tacik həmkarı Saymumin Yatimovla danışıqlardan sonra bu barədə bəyanat verib.
Kamçıbek Taşıyevin sözlərinə görə, danışıqlardan sonra iki ölkənin maraqlarına uyğun olan dörd bənddən ibarət protokol qəbul edilib.
Xatırladaq ki, aprelin 29-da Qırğız Respublikası və Tacikistanın sərhəd bölgələrinin yerli sakinlərinin qarşıdurması iki ölkənin hərbçiləri arasında silahlı toqquşmalara çevrilib. Hər iki tərəfdən təxminən 40 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.


ALMANIYADA 13 MINLIK QIYAMÇI ORDU QURULDU
Almaniyada bir qrup yüksək rütbəli keçmiş hərbçinin Almaniyada çevrilişə hazırlaşdığı iddia edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Der Tagesspiegel” qəzeti məlumat yayıb.
Təhlükəsizlik orqanları tərəfindən təsdiqlənən məlumata görə, “Təqaüdçü və Keçmiş Hərbçilər Qrupu” adı altında bir araya gələn təqribən 13 min keçmiş hərbçi kansler Angela Merkelin koronavirus səbəbindən verdiyi karantin qərarını tənqid edib.
Nəşr Merkeli hədəfə alan hərbçilərin Berlində nümayiş və mitinqlər başlatmağı və dövlət qurumlarına hücumlar həyata keçirməyi planlaşdırdığını yazıb. Mənbə sabiq hərbçilərin koordinasiya içində olduqlarını qeyd edib.
“Bir əsgər kimi alman xalqını qorumağa and içdik. İndi xalqımızın bizə ehtiyacı var. Bu hökuməti devirmək vacibdir”, - deyə qrupun adından yayımlanan açıqlamada bildirilib.


IRANIN XİN BAŞÇISININ QALMAQALLI SƏS YAZISI İSTEFAYA SƏBƏB OLDU
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəsinin xarici siyasəti ilə bağlı mətbuata sızan səs yazısından sonra yazının arxivləndiyi İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hüsaməddin Aşna istefa verib.
“Sputnik” informasiya agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, iddia edilir ki, Hüsaməddin Aşnadan istefa verməsini İran prezidenti Həsən Ruhani istəyib. Bildirilir ki, Hüsaməddin Aşna İran prezidentinin müşaviridir və onun apardığı siyasətdə təsirli bir şəxsdir.
Məlumata görə, özünü və hökumətini Məhəmməd Cavad Zərifin açıqlamalarından kənarda saxlamağa çalışan İran prezidenti səs yazısının sızmasına kömək edənlərə qarşı tədbir görəcəyinə söz verib.


HINDISTANDA SUTKALIQ YOLUXMADA NÖVBƏTI ANTIREKORD
Hindistanda sutka ərzində 401 min 993 nəfərdə koronavirus aşkar edilib. Bu, pandemiya başlayandan bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir. “Report”un verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, aprelin 30-da Hindistanda sutkalıq yoluxma 386 min 452 nəfər təşkil edib.
Hindistan koronavirusa yoluxmaların sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 19,1 milyondan çox “COVID-19” xəstəsi qeydə alınıb, 15,6 milyondan çox nəfər koronavirusdan sağalıb. Ümumilikdə 211 min insan koronavirusdan vəfat edib.
Məlumat üçün qeyd edək ki, Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvəndin vurulduğu ölkədir.


ABŞ ƏFQANISTANDA 2 TRILYON DOLLAR XƏRCLƏYIB
ABŞ və NATO silahlı qüvvələri mayın 1-dən rəsmi olaraq Əfqanıstandan çıxmağa başlayıb. “Report”un məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyi mayın 1-də Əfqanıstanı 60 hərbçisinin tərk etdiyini açıqlayıb.
Əfqanıstanda ABŞ-ın 2500-3000 hərbçisinin olduğu təxmin edilir. ABŞ hərbçiləri ilə yanaşı, NATO-nun 7 min hərbçisi də mayın 1-dən Əfqanıstanı tərk etməyə başlayıb.
Qeyd edək ki, ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci il sentyabrın 11-də törədilən terrordan sonra həmin il oktyabrın 7-də Əfqanıstana daxil olub.
ABŞ-ın Braun Universitetinin “Müharibənin xərcləri” layihəsinə əsasən, 20 il ərzində Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollardan artıq maliyyə vəsaiti xərclənib. Bu müddət ərzində ABŞ-ın 2442 hərbçisi həlak olub, 20666-sı yaralanıb, NATO isə 1144 hərbçisini itirib.


RUSIYADA YANACAQ ÜÇÜN YENI DEMPINQ FORMULU IŞƏ DÜŞÜB
Rusiyada mayın 1-dən yanacaq üçün yeni dempinq formulunun tətbiqinə başlanılıb. “Report”un məlumata görə, bu barədə Rusiyanın maliyyə nazirinin müavini Aleksey Sazanov bildirib.
Nazir müavininin sözlərinə görə, bu, neft emalı iqtisadiyyatını yaxşılaşdıracaq və benzinin qiymətini inflyasiya daxilində saxlayacaq. Müvafiq qanunun hələ rəsmən təsdiqlənməməsinə baxmayaraq, artıq formul işə düşüb.
Qeyd edək ki, dempinq mexanizmi aşağıdakıları özündə əks etdirir: Əgər yanacağın ixrac qiymətləri daxili qiymətlərdən yüksəkdirsə, dövlət bu fərqi şirkətlərə kompensasiya edəcək; daxili dəyər daha yüksəkdirsə, şirkətlər büdcəyə pul köçürürlər.


SIRLI XƏSTƏLIK YENIDƏN ÜZƏ ÇIXIB
Kubada fəaliyyət göstərmiş ABŞ və Kanadadan olan diplomatlarda ilk dəfə rast gəlinən “Havana sindromu” adlı sirli xəstəlik ABŞ-da qeydə alınmış 3 yeni halla yenidən gündəmə gəlib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
Verilən xəbərə görə, xəstəliyə ilk dəfə 2016-2017-ci illərdə Kubada işləyən Kanada və ABŞ diplomatlarında və onların ailələrində rast gəlinib. Kubada fəaliyyət göstərən diplomatik heyət və onların ailələri baş gicəllənməsi, müvazinət və eşitmə qabiliyyətini itirmə, idrak bulanıqlılığı kimi simptomlarının olduğunu bildiriblər.
Həmin şəxslər qəfildən ətrafdakıların eşitmədiyi səsləri eşitdiklərini, ardınca isə təzyiq və titrəmə hiss etdiklərini vurğulayıblar.
ABŞ Elmlər Akademiyası tərəfindən 2019-cu ilin dekabrında yayılan məlumatda bildirilib ki, sözügedən xəstəliyə mikrodalğa radiasiyasının səbəb olduğu ehtimal edilsə də, hələlik konkret bir nəticə ortaya qoymaq mümkün deyil.


DIEQO MARADONANIN ÖLÜMÜNDƏ DOQQUZ NƏFƏR ITTIHAM EDILIR
Dieqo Maradonanın ölümünü araşdıran heyət əfsanəvi futbolçuya yetərsiz tibbi xidmət göstərildiyi və onun həyatının taleyin ümidinə buraxıldığı qənaətinə gəlib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, San İsidro Prokurorluğunun Maradonanın ölümü ilə bağlı başlatdığı araşdırmalar nəticəsində hazırlanan hesabatda futbolçunun uyğun şərtlər altında xəstəxanada qaldığı təqdirdə daha uzun müddət yaşaya biləcəyi ehtimalı ifadə edilib.
Hesabatda əfsanəvi futbolçunun ölümünə səbəb olmaqda ittiham edilən həkimlərlə bağlı da məsələlərə yer verilib. Göstərilib ki, Maradonaya qulluq edən tibb işçiləri laqeydlik göstərərək ona yetərli xidmət göstərməyib.
Sənəddə futbolçunun ölməzdən 12 saat əvvəl əzab çəkməyə başladığı, lakin bunun müqabilində uyğun şəkildə nəzarət edilmədiyi və həyatı üçün təhlükə yaradan göstəricilərə laqeyd yanaşıldığı qeyd olunub.

Read 38 times