XƏBƏR LENTİ

Cümə, 23 Aprel 2021 06:24

DÜNYA BU GÜN

ƏRDOĞANDAN QONDARMA ERMƏNI SOYQIRIMI ILƏ BAĞLI AÇIQLAMA

“Qondarma erməni soyqırımı iddiası qarşısında həqiqətləri müdafiə edəcəyik”. “Report” agenliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də Prezident Yanında Məşvərət Şurasının toplantısında bildirib.

Məlumata görə, iclasda qondarma erməni soyqırımının növbəti ildönümü ərəfəsində, bu məsələ ətrafında cərəyan edən proseslər də müzakirə olunub.

“Qondarma erməni soyqırımı yalanına və siyasi hesablaşmalarda bu iftiranın müdafiəçiləri qarşısında həqiqətləri üzə çıxarmağa davam edəcəyik”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Prezident Yanında Məşvərət Şurasının aprelin 22-də keçirilən iclasında quruma yeni üzvlərin qəbul olunması, yeni konstitusiya layihəsi və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə məsələləri müzakirə edilib.

 

RUSIYA ILƏ ÇEXIYA ARASINDA DIPLOMATIK QALMAQAL BÖYÜYÜR

Çexiya Parlamenti Senatı hökuməti Rusiya Federasiyası ilə mövcud olan dostluq və əməkdaşlıq müqaviləsini ləğv etməyə, Rusiyanın Çexiyadakı səfirliyinin işçilərinin sayını mümkün qədər azaltmağa və yalnız səfiri saxlamaqla bağlı çağırış edib. “Report”un məlumatına görə, bu barədə “ÇTK” agentliyi xəbər yayıb.

Senat üzvləri 2014-cü ildə Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə törədilən Vrbetitsada hərbi anbarlardakı partlayışı Avropa İttifaqına üzv dövlətlərdən birinə qarşı dövlət terror aktı kimi dəyərləndirib.

Bundan əlavə, Çexiya parlamentinin yuxarı palatası Nazirlər Kabinetinə Vrbetitsadakı hadisə ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmağı, Avropa İttifaqı və NATO-nun rəhbər qurumları tərəfindən baxılması üçün addımlar atılmasını tövsiyə edib.

Bildirilib ki, Çexiya hökuməti bu təşkilatlara üzv olmaqla ölkəyə verilən bütün imkanlar və vasitələrdən istifadə etməlidir.

 

PANDEMIYAYA QARŞI ƏN ZƏIF MÜBARIZƏNI ABŞ APARIR

ABŞ hökuməti digər ölkələrlə müqayisədə “COVİD-19” pandemiyasına qarşı zəif mübarizə aparır. “Report” agentliyinin məlumatına görə, bunu İspaniyanın “Elcano” institutu tərəfindən 11 ölkədə aparılmış sorğunun nəticələri göstərir.

Respondentlərdən Almaniya, İspaniya, Rusiya, Çin, Böyük Britaniya və ABŞ hökumətlərinin pandemiya ilə necə mübarizə apardığı barədə soruşulub və onları qiymətləndirmək təklif edilib.

Sorğu nəticəsində ən aşağı reytinq ABŞ-a verilib (10 baldan 4,2 bal). Qalanları isə çox yüksək olmasa da, 5 baldan çox toplayıblar. Birinci yeri Almaniya (6,5 xal), ikinci yeri isə gözlənilmədən İspaniya (5,9 xal) tutub. Onların ardınca Rusiya (5,5 xal), Çin (5,4 xal) və Böyük Britaniya (5,4 xal) gəlir.

 

Aİ QƏDDAFININ QIZINI “QARA SIYAHI”DAN ÇIXARDI

Avropa məhkəməsinin qəbul etdiyi qərara əsasən Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişənin adı Avropa İttifaqının “qara siyahı”sından çıxarılıb. “Report”un məlumatına görə, bu barədə Liviyanın “Al Wasat” portalı xəbər verib.

Avropa məhkəməsi hesab edir ki, Aişə artıq beynəlxalq sülhə və bölgədəki təhlükəsizlik üçün təhdid yaratmır. Qeyd olunub ki, Aişə uzun müddət Liviyada yaşamadığı üçün ölkənin siyasi proseslərində iştirak etməyib. Bildirilir ki, 44 yaşlı Aişə Qəddafi hazırda Omanda yaşayır. Onun adı Aİ-nin “qara siyahı”sına 2011-ci ildə salınıb.

 

“PFIZER” PEYVƏNDININ YERINƏ INSANLARA SU VURUBLAR

Meksika və Polşada “Pfizer/BioNTech” peyvəndi olduğu iddia edilən saxta dərmanlar aşkarlanıb. “Report” agentliyinin məlumatına görə, bunu iki ölkənin yerli hakimiyyət orqanlarına istinadən “The Wall Street Journal” nəşri xəbər verib.

Qəzetin yazdığına görə, fevral ayında Meksikanın Nuevo Leon əyalətinin polisi insanlara saxta peyvəndin vurulduğu klinikanı aşkar edib. Nəticədə altı nəfər saxlanıb.

Verilən xəbərə əsasən, ampulalarda distillə edilmiş su olub. Peyvəndin bir dozası isə 1000 ABŞ dollarına satılırmış. Bildirilir ki, saxta peyvənd 80 nəfərə vurulub, lakin onların həyat və sağlamlıqları üçün təhlükə yoxdur.

 

BMT UKRAYNADAKI HADISƏLƏRDƏN NARAHATDIR

BMT baş katibi Antonio Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında, ölkənin şərqində atəşkəsin mütəmadi pozulmasından narahatlığını ifadə edib. “Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

“Baş katib, öz növbəsində, atəşkəsin dəfələrlə pozulmasından narahatlığını və hər hansı gərginliyin artmamasının vacibliyini bir daha vurğulayıb. O, eyni zamanda Normandiya formatı çərçivəsində Minsk razılaşmalarının tam həyata keçirilməsinə yönəlmiş səylərə dəstək veriləcəyəni də bəyan edib”, - deyə Stefan Dujarrik vurğulayıb.

Bununla yanaşı, BMT rəhbəri Ukrayna lideri ilə koronavirus pandemiyasına qarşı mübarizəni də müzakirə edib.

 

RUSIYA “BAYRAKTAR” PUA-LARI ALMAĞI DÜŞÜNMÜR

Rusiya Türkiyə istehsalı  olan “Bayraktar” zərbə PUA-larını almağı planlaşdırmır. “Report”un verdiyi xəbərə görə, bu barədə “İnterfaks” agentliyi Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə (FHTƏX)  istinadən məlumat yayıb.

“Rusiya hazırda “Orion” pilotsuz uçuş aparatlarına sahib olduğu üçün Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatlarının alınmasını nəzərdən keçirmir”, - deyə xidmətin mətbuat katibi Valeriya Reşetnikova bildirib.

Qeyd edək ki, aprelin 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında Ukraynaya döyüş PUA-larının satılması ilə bağlı razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini bəyan etmişdi.

Eyni zamanda, rəsmi Ankara Türkiyənin müdafiə məhsullarının Moskvaya tədarükünü müzakirə etməyə hazır olduğunu bildirib.

 

İRANDA “COVID-19”DAN GÜNDƏLIK ÖLÜM SAYI SÜRƏTLƏ ARTIR

İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan vəfat edib, ötən gün isə bu rəqəm 388 nəfər təşkil edirdi. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 68366 nəfərə yüksəlib.

Ötən 24 saat ərzində ölkədə 24092 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2,33 milyon nəfərə çatıb. Virus daşıyıcılarından 5038 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

İranda indiyədək 1,8 milyon nəfər koronavirusdan sağalıb, 14,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 667 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 519 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 148 min nəfər təşkil edib.

 

“XIAOMI” SMARTFONLARINDA CIDDI QÜSUR TAPILIB

Çinin “Xiaomi” şirkətinin istehsal etdiyi “Mi 11” smartfonlarının istifadəçiləri bu cihazların anidən sıradan çıxmasından şikayətləniblər. “Report” agentliyinin məlumatına görə, bu problem Çinin “Weibo” sosial şəbəkəsində istifadəçilər tərəfindən müzakirə edilib.

Məlum olub ki, cihazın ana lövhəsi anidən qızaraq yana bilər. Bu qüsura müasir smartfonlarda nadir hallarda rast gəlinir.

Bildirilir ki, sözügedən qüsur “Snapdragon 888” çipinin soyutma sistemi ilə əlaqədardır. “Xiaomi” şirkəti hələ ki, vəziyyəti şərh etməyib.

Read 53 times