XƏBƏR LENTİ

Cümə axşamı, 22 Aprel 2021 09:12

DÜNYA BU GÜN

VLADIMIR PUTINDƏN DÜNYAYA SƏRT XƏBƏRDARLIQ
“Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, lakin ehtiyac yarandığı təqdirdə cavab asimmetrik, sürətli, sərt olacaq. Onlar peşman olacaq”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bəyan edib.
Vladimir putinin sözlərinə görə, Rusiyaya qarşı istənilən təxribatların təşkilatçıları ciddi şəkildə peşman olacaqlar.
“Mən bunu deməliyəm - hər hansı bir qərar verərkən kifayət qədər səbir, məsuliyyət, peşəkarlıq və sağlam düşüncə sahibi olacağıq”, - deyə Rusiya prezidenti əlavə edib.
Eyni zamanda, Vladimir Putin Moskvanın qırmızı xətlərini keçməməyə çağırıb. “Onların haradan keçdiyini isə Rusiya özü müəyyənləşdirəcək”, - deyə prezident vurğulayıb.


ÇIN LIDERININ İQLIM SAMMITINƏ QATILACAĞI TƏSDIQLƏNDI
Çinin dövlət başçısı Si Cinpin ABŞ prezidenti Cozef Baydenin dəvəti ilə İqlim Sammitinə qatılacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada Si Cinpinin aprelin 22-də onlayn formatda sammitdə çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, sammitə hazırlıq çərçivəsində ABŞ prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Con Kerri ötən həftə Çinə 4 günlük səfər etmişdi.
Xatırladaq ki, Cozef Bayden martın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çinin dövlət başçısı Si Cinpin, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla 40 dünya liderini 22-23 aprel tarixlərində keçiriləcək onlayn iqlim zirvə sammitinə dəvət edib.


DOHA ƏFQANISTANLA BAĞLI TOPLANTIYA EV SAHIBLIYI EDƏCƏK
Gələn həftə Qətərin paytaxtı Dohada Əfqanıstanla bağlı toplantının keçirilməsi planlaşdırılır. “Report”un verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.
Məlumata görə, iclasda Rusiya, ABŞ, Çin və Pakistandan olan rəsmilər görüşəcəklər.
Verilən xəbərə əsasən, aprelin 21-də “Taliban” hərəkatının nümayəndələri Əfqanıstanın gələcəyinə dair bu ay Türkiyədə keçirilməsi planlaşdırılan zirvə görüşünə qatılmayacaqlarını açıqlayıblar. Onların əsas tələbi bütün xarici qüvvələrin ölkəni tərk etməsidir.


HINDISTANDA KORONAVIRUSUN YENI NÖVÜ AŞKAR EDILIB
Hindistanlı həkimlər ölkənin Qərbi Benqaliya ştatında koronavirusun yeni növünü aşkar ediblər. “Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “SARS-CoV-2” virusunun yeni ştammı “B.1.618” adlandırılır.
Məlumata əsasən, koronavirusun bu yeni növü ona insanın immun sistemindən yayınmağa kömək edən “E484K” adlı mutasiya ilə xarakterizə edilir.
Bu, koronavirusun Hindistanda aşkar edilmiş ikinci ştammıdır. Birinci ştamm “B.1.617” və ya ikili mutasiya etmiş koronavirus adı ilə tanınır.
Qeyd edək ki, “E484K” mutasiyası həmçinin koronavirusun Cənubi Afrika, Braziliya və Banqladeş ştammlarında da baş verib.


RUSIYA 10 AMERIKALI DIPLOMATI ÖLKƏDƏN QOVUR
Moskva ABŞ-ın Rusiyadakı səfirliyinin 10 əməkdaşının “persona non-qrata” elan edilməsinə dair Vaşinqtona nota verib. Diplomatlar mayın 21-dək Rusiyanı tərk etməlidirlər. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qorman aprelin 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və Rusiya tərəfinin notası ona təqdim edilib.
Rusiya Xarici İşlər Nazirliyi bu addımın Amerika tərəfinin Rusiyanın Vaşinqtondakı səfirliyinin və Nyu-Yorkdakı baş konsulluğunun əsassız olaraq “persona non-qrata” elan edilmiş bir sıra əməkdaşlarına qarşı “düşmənçilik hərəkətlərinə adekvat cavab” olduğunu vurğulayıb.
Eyni zamanda, nazirlik əlavə edib ki, yaxın gələcəkdə ABŞ-ın son anti-Rusiya sanksiyaları “dalğasına” kompleks cavab tədbirlər çərçivəsində növbəti addımlar atılacaq.


UKRAYNA ORDUSUNDA HƏRBÇILƏRIN SAYI KƏSKIN ARTIRILIR
Ukrayna prezidenti Vladimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezident Adminstrasiyası məlumat yayıb.
Qeyd edək ki, sözügedən qanun layihəsini Ukrayna Ali Radası 2021-ci il martın 30-da qəbul edib.
Verilən xəbərə görə, qanun layihəsinin təşəbbüsçüsü prezidentdir. Prezident Adminstrasiyasından qanunu belə şərh ediblər: “Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir”.
Qanuna əsasən, xüsusi hallarda çağrışdan yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək.


BƏŞƏR ƏSƏD YENIDƏN PREZIDENTLIYƏ NAMIZƏD OLACAQ
Suriyadakı rejimin başçısı Bəşər Əsəd prezident seçkiləri keçirməyə hazırlaşır. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, seçki bu il mayın 26-da keçiriləcək.
Məlumata görə, Bəşər Əsəd yenidən prezidentliyə namizədliyini irəli sürüb.
Qeyd edək ki, B.Əsəd 2000-ci ildən Suriyaya rəhbərlik edir. O, dövlət başçısı olan atası Hafiz Əsədin vəfatından sonra hakimiyyətə gəlib.
Xatırladaq ki, Suriyada 2011-ci ildən vətəndaş müharibəsi davam edir.
2014-cü ildə keçirilən seçkilərdə B.Əsədin 88 faiz səslə yenidən dövlət başçısı seçildiyi elan olunub.


ABŞ-DA POLIS 16 YAŞLI AFROAMERIKALI QIZI GÜLLƏLƏDI
ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis zabiti 16 yaşlı afroamerikalı qız Makayyu Brayantı öldürüb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli “10TV” telekanalı məlumat yayıb.
Bildirilir ki, yerli sakinlər hüquq-mühafizə orqanlarına müraciət edərək, bıçaqla silahlanmış qızın onlara hücumundan şikayətləniblər. Hadisə yerinə gələn polis zabiti qızı güllələyib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Makayyu Brayantın qohumunun sözlərinə görə, qız ailə mübahisəsinin iştirakçısı olub. Həmçinin bildirilir ki, gənc qız polisin ona atəş açmasından əvvəl bıçağı yerə atıb.
Məlumata əsasən, hadisəyə etiraz edənlər artıq şəhərin polis binasının qarşısında toplaşmağa başlayıblar.


2021-CI ILIN ƏN YAXŞI AVTOMOBILININ ADI AÇIQLANIB
“Volkswagen ID.4” hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub. “Trend” agentliyinin məlumatına görə, həmin avtomobil “World Car Awards” mükafatına layiq görülüb.
Verilən xəbərə görə, “Toyota Yaris” ikinci, “Honda E” elektromobili isə üçüncü yerdə qərarlaşıb.
Eyni zamanda, “Honda E” “Ən yaxşı şəhər avtomobili”, “Porsche 911 Turbo” “Ən məhsuldar avtomobil”, “Mercedes-Benz S-Class” “Ən dəbdəbəli avtomobil” kateqoriyalarında qalib gəlib. “Land Rover Defender” isə ən yaxşı dizaynlı avtomobil hesab olunub.

Read 55 times