XƏBƏR LENTİ

Çərşənbə, 21 Aprel 2021 08:51

DÜNYA BU GÜN

TÜRKIYƏDƏN FRANSA VƏ YUNANISTANA SƏRT XƏBƏRDARLIQ

Fransa və Yunanıstanın Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. “Sputnik” informasiya agentliyinin məlumatına görə, Türkiyə Aralıq dənizindəki sərhədinin pozulması ilə bağlı diplomatik yolla reaksiya vermək qərarına gəlib.

XİN-ə dəvət olunan Yunanıstanın səfiri Mişel-Kristos Diamessislə Fransa səfiri Erve Maqro ilə baş tutan görüşlərdə onlara sərt şəkildə etiraz edilib. Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin lazımi cavab vermə haqqının olması mesajı çatdırılıb.

Qeyd edək ki, ötən şənbə günü bölgəyə göndərilən Türkiyə freqatı həm Fransanın araşdırma gəmisinə, həm də Yunanıstanın “Elli” adlı freqatına bölgəni tərk etməsinə dair xəbərdarlıq edib. Xəbərdarlığın ardından hər iki gəmi bölgəni tərk edib.

 

ÇAD PREZIDENTI HƏRBI ƏMƏLIYYAT ZAMANI QƏTLƏ YETIRILDI

Prezident İdriss Debi İtnonun ölümündən sonra Çadda Keçid Hərbi Şurası yaradılıb. “Report” agentliyinin məlumatına görə, mərhum prezidentin oğlu, general-leytenant Mahamat İdriss Debi İtno şuranın sədri seçilib.

Prezidentin ölümü ilə bağlı Çadda iki həftəlik ümummilli matəm elan edilib. Bütün ölkə ərazisində komendant saatı tətbiq olunub.

Qeyd edək ki, aprelin 20-də Çad prezidenti İdriss Debi İtno qiyamçılara qarşı hərbi əməliyyat zamanı aldığı yaralardan vəfat edib.

Dövlət başçısı həftəsonu paytaxt Ncamenadan şimalda qiyamçı qoşunlarını məhv etmək üçün şəxsən rəhbərlik etdiyi əməliyyat zamanı ölümcül yara alıb.

 

İRAN XİN-I: NÜVƏ SAZIŞI ÜZRƏ DANIŞIQLARDA IRƏLILƏYIŞ ƏLDƏ OLUNUB

Vyanada nüvə sazişi üzrə baş tutmuş danışıqların iştirakçıları ABŞ-ın razılaşma çərçivəsində öz öhdəliklərinə hansı yolla qayıdacağı məsələsində irəliləyişə nail olublar. “Report”un verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə bildirib.

Diplomat əlavə edib ki, danışıqlar texniki məsələləri əhatə edir. “Diqqətə çatdırmaq istəyirəm ki, nüvə sazişinin özü müzakirə mövzusu deyil”, - deyə o əlavə edib.

S.Xatibzadənin sözlərinə görə, danışıqlar çox çətin məcrada gedir. O deyib: “Çünki İran ABŞ-ın bu dəfə, həqiqətən də, bütün öhdəliklərini yerinə yetirəcəyindən əmin olmalıdır”.

 

TƏYYARƏDƏ 47 SƏRNIŞININ TESTI POZITIV ÇIXDI

Hindistanın paytaxtı Yeni Dehlidən Honq-Konqa uçan təyyarədəki 68 sərnişindən 47-sinin koronavirus testi pozitiv çıxıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, testlərin nəticəsi məlum olandan sonra Honq-Konq Hindistandan gələn bütün təyyarələrə qadağa qoyub.

Çin Xalq Respublikasının xüsusi statusa malik Honq-Konq bölgəsinin rəhbərliyi Mumbaydan gələn təyyarələrdə də bir neçə yoluxma halının aşkarlandığını bildirib.

Qeyd edək ki, “COVID-19”un ilk aşkarlandığı bölgələrdən biri olan Honq-Konqda indiyə kimi koronavirusa 11 min 696 yoluxma halı qeydə alınıb və 205 nəfər həyatını itirib.

Hindistan isə son dövrdə koronavirusa yoluxma və ölüm hallarına görə rekord vurub. Ölkədə gündəlik aparılan hər üç testdən biri pozitiv çıxır.

 

RUANDA FRANSANI SOYQIRIMINDA ITTIHAM EDIB

Fransa hökuməti Ruandada rəsmi Parisin dəstəklədiyi və düşünülmüş soyqırıma görə məsuliyyət daşıyır. “Report”un verdiyi xəbərə görə, bu barədə Ruanda tədqiqatçılarının dərc edilmiş hesabatında bildirilir.

“Biz bu nəticəyə gəldik ki, Fransa hökuməti ciddi məsuliyyət daşıyır. Çünki onlar qabaqcadan düşünülmüş soyqırımının baş verməsinə imkan yaratdılar. Fransa hökuməti uzun illər boyunca prezident Juvenal Habiarimanın korrupsiyaya uğramış və qanlı rejimini dəstəkləyirdi”, - deyə hökumətin saytında dərc edilmiş məruzənin nəticələrində qeyd olunur.

Məruzəyə əsasən Fransa hakimiyyəti soyqırımı zamanı Ruanda hökumətinə bu faciəni həyata keçirənlərə silah, texniki dəstək verib və onu müdafiə edib. Yerli hakimiyyət orqanları isə həmin vaxt Fransanın mənafeyi naminə hərəkət ediblər.

 

LIVAN HAKIMIYYƏTI: ÖLKƏ IFLASA DOĞRU IRƏLILƏYIR

Livanın baş naziri vəzifəsini müvəqqəti icra edən Həssən Diyab Fars körfəzinin ərəb dövlətlərinə təcili maliyyə yardımı ilə bağlı müraciət edib. Bu barədə “Report” agentliyi “ElNashra” nəşrinə istinadən xəbər verib.

Məlumata görə, Livan hökuməti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Dohada Qətər şeyxi ilə görüşündə bildirib ki, onun ölkəsi iflas həddindədir.

Həssən Diyabın sözlərinə görə, “boğulan Livan xilasetmə dairəsinə ehtiyac duyur, yeni Nazirlər Kabinetinin formalaşması ləngiməyə görə beynəlxalq ictimaiyyətdən maddi kömək ala bilmir”. Baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı iqtisadi kollapsın səbəbinin “onilliklər boyunca hakimiyyətin ən yüksək eşelonlarında hökm sürmüş korrupsiya və səhv borc alma siyasəti” ilə bağlı olduğunu bildirib.

Həssən Diyab Qətərə təcili maliyyə yardımının əsas qida və tələbat malları üçün dövlət subsidiyalarını davam etdirəcəyinə ümid etdiyini söyləyib.

 

GÜRCÜSTANIN TURIZMDƏN GƏLIRI ARTMAĞA BAŞLAYIB

Bu ilin mart ayında Gürcüstan turizmdən 29,5 milyon ABŞ dolları həcmində gəlir əldə edib. “Report”un verdiyi xəbərə görə, bu barədə Gürcüstan Milli Bankının analitik hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə gəlirin həcmi 15,8 milyon ABŞ dolları və yaxud 2,1 dəfə artıb.

Ötən ilin eyni ayı ilə müqayisədə isə gəlirdə 60 faiz azalma qeydə alınıb.

Martda Gürcüstanın qəbul etdiyi ziyarətçilərin sayı illik müqayisədə 67,8 faiz azalaraq 63,3 min nəfər təşkil edib.

 

KORONAVIRUS BÖHRANI BITDIKDƏN SONRA IQLIM YENIDƏN ÇIRKLƏNƏCƏK

Beynəlxalq Enerji Agentliyi (BEA) enerji istifadəsi səbəbilə dünyada ətrafa yayılan karbon emissiyasının  bu il təxminən 5 faiz artacağına və epidemiyadan sonra iqtisadi canlanmanın iqlim üçün davamlı olmayacağına diqqət çəkib. Bu barədə “Teleqraf.com” xəbər verib.

BEA-nın hesabatına istinadən xəbər verilir ki, karbon emissiyaları 2020-ci ilə nisbətən 1,5 milyard ton artaraq 33 milyard tona çatacaq, bu isə son 10 ildə ən böyük artım hesab olunur.

BEA prezidenti Fatih Birol qeyd edib ki, bu, “COVID” böhranından sonra iqtisadi bərpanın iqlim üçün heç də davamlı olmadığına dair qorxunc xəbərdarlıqdır.

Enerji istifadəsindən ətrafa yayılan karbon emissiyası 2019-cu ildə 33,4 milyard tona çatmışdı. Koronavirus epidemiyası enerji istifadəsini azaltdığı üçün bu rəqəm ötən il 5,8 faiz azalaraq 31,5 milyard tona düşmüşdü.

 

SURIYADA 200-Ə YAXIN TERRORÇU MƏHV EDILIB

Rusiyanın Hava-Kosmik Qüvvələri Suriyanın Palmira şəhəri yaxınlığında terrorçuların təlim bazasına hava zərbəsi endirib. Bu barədə “Report” agentliyi Rusiya mətbuatına istinadən xəbər verib.

Məlumata görə, zərbə nəticəsində 200-ə yaxın terrorçu və yarım tona yaxın döyüş sursatı məhv edilib.

Suriyada Düşmənçilik Edən Tərəflərin Barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini Aleksandr Karpov bildirib ki, hərbi aviasiya terrorçuların iki sığınacağını da məhv etməyə nail olub.

Aleksandr Karpovun sözlərinə görə, Rusiya hərbçiləri Palmiranın şimal-şərqində silahlıların hərbi bazasının yaradılması haqqında məlumat əldə edib. Bazada ölkənin müxtəlif hissələrində terror aktları ilə məşğul olacaq döyüş qruplarının formalaşdırılması aparılıb.

Read 57 times