XƏBƏR LENTİ

Çərşənbə axşamı, 20 Aprel 2021 05:46

DÜNYA BU GÜN

DONALD TRAMP COZEF BAYDENI DƏSTƏKLƏYIB
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Cozef Baydenin amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması barədə qərarını dəstəkləyib. “Report” agentliyinin məlumatına görə, D.Tramp məsələ ilə bağlı yazılı açıqlama yayıb.
“Əfqanıstandan çıxmaq önəmli və müsbət bir işdir. Mən bu ölkədən çıxmağı mayın 1-nə planlaşdırmışdım. Bu prosesin həmin tarixə yaxın olmasına çalışmalıyıq”, - deyə Donald Tramp vurğulayıb.
Sabiq prezident həmçinin qeyd edib ki, sentyabrın 11-i ABŞ-da matəm günü olduğuna görə bu tarixin belə qalması vacibdir. O deyib: “Sentyabrın 11-i düşünmək günü və itirdiklərimizin böyük ruhu şərəfinin yad edilməsi günü olaraq qalmalıdır”.
Qeyd edək ki, D.Trampın 2020-ci ilin fevralında “Taliban” hərəkatı ilə əldə etdiyi razılaşmaya əsasən, qoşunların Əfqanıstandan çıxarılması prosesinin 2021-ci il mayın 1-də başlaması nəzərdə tutulmuşdu.


EMMANUEL MAKRONUN SƏFƏRI ZAMANI ŞƏHƏRDƏ ATIŞMA
Fransanın Monpelye şəhərində naməlum şəxs atəş açıb və hadisə yerindən qaçaraq gizlənib. “Report”un məlumatına görə, hadisə aprelin 19-da günün birinci yarısında şəhərin mərkəzi hissəsində baş verib.
Bildirilir ki, naməlum şəxs bir nəfərə kürəyindən atəş açıb. Ağır yaralanan 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsin axtarışlarına başlayıb.
Məlumata görə, Fransa prezidenti Emmanuel Makron insident zamanı adıçəkilən şəhərdə səfərdə olub. Onu daxili işlər naziri Jerald Darmanen müşayiət edib.


KORONAVIRUSLA BAĞLI FÖVQƏLADƏ VƏZIYYƏT REJIMI UZADILDI
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVID-19” pandemiyasına görə dünya miqyasında tətbiq etdiyi fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb. “Report”un verdiyi xəbərə görə, bu barədə ÜST-ün Beynəlxalq Səhiyyə Tənzimləməsinin Fövqəladə Vəziyyət Komitəsinin 7-ci iclasında müzakirələrdən sonra müvafiq qərar çıxarılıb.
“ÜST baş direktoru “COVID-19” pandemiyasının ictimai səhiyyədə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olaraq qaldığı qərarına gələrək komitənin tövsiyələrilə razılaşıb”, - deyə komitənin açıqlamasında qeyd olunur.
Xatırladaq ki, indiyədək dünyada koronavirusa 142 milyon nəfər yoluxub, bunların 3 milyondan çoxu dünyasını dəyişib.


NASA MARSDA ILK PILOTSUZ HELIKOPTERI HAVAYA QALDIRDI
NASA “Ingenuity” adlı pilotsuz helikopterinin Marsda ilk sınaq uçuşunu gerçəkləşdirib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb. Verilən xəbərə görə, uçuş uğurla başa çatıb.
Qeyd edək ki, NASA sözügedən uçuşu ötən həftə reallaşdırmaq niyyətində olsa da, texniki problemlər səbəbindən bu uçuş baş tutmamışdı. 1,8 kiloqram ağırlığında olan helikopterin 3 metr yüksəklikdə 30 saniyə uçacağı bildirilmişdi.
NASA-dan verilən məlumata görə, test uçuşu Bakı vaxtı ilə 09:30-da, yerdən 173 milyon mil məsafədə, Marsın “Jezero krateri” adlanan hissəsində başlayıb və uğurla başa çatdırılıb. Pilotsuz helikopterin uçuşu NASA-dan canlı yayımlanıb.


İSRAILDƏ “COVID-19”A YOLUXANLARIN SAYI KƏSKIN AZALIB
İsrailli tədqiqatçılar ölkədə həyata keçirilən kütləvi vaksinasiya strategiyasının effektiv olduğunu təsdiq ediblər. “Report” agentliyinin məlumatına görə, 2021-ci ilin fevral-mart aylarında ölkədə yaşlılar və gənclər arasında yeni yoluxma sayları kəskin şəkildə azalıb.
“Vaksinasiyanın başlamasından iki ay sonra yoluxmaların sayı 77 faiz, ağır “COVID-19” hallarının sayı isə 67 faiz azalıb”, - deyə tədqiqatçılar bildiriblər.
İsrail dünyada kütləvi vaksinasiyaya ilk başlamış ölkələrdən biridir. Hazırda İsraildə 5,35 milyon nəfərə peyvəndin birinci, 4,97 milyon nəfərə isə hər iki dozası vurulub.


ZAXAROVA: RUSIYAYA QARŞI AKSIYALARIN ARXASINDA ABŞ DAYANIR
“Rusiya diplomatlarının Çexiyadan çıxarılmasının arxasında ABŞ dayanır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində bəyan edib.
Mətbuat katibinin sözlərinə görə, Avropa İttifaqına üzv ölkələrin çoxsaylı problemləri mövcuddur və siyasi-informasiya xarakterli tədbirlərlə həmin problemləri ört-basdır etməyə çalışırlar.
Qeyd edək ki, Çexiyanın baş naziri Andrey Babiş 2014-cü il aprelin 17-də ölkənin Vrbetis şəhərindəki bazada partlayışı Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının törətdiklərini bildirib.
Məlumata görə, Çexiya Rusiyanın 18 diplomatının 48 saat ərzində ölkəni tərk etməsini istəyib. Rusiya da cavab tədbiri kimi Çexiya səfirliyinin 20 əməkdaşını ölkədən çıxarır.


YAPONIYADAN ÇINƏ ƏZƏLƏ NÜMAYIŞI
Yaponiya Özünümüdafiə Qüvvələrindən əldə edilən məlumata görə, ölkə ordusu Çin donanmasının regionda gücünü artırması səbəbindən hərbi təlimlər təşkil etməyə hazırlaşır. “Sputnik” informasiya agentliyinin məlumatına görə, sentyabr və noyabr ayları arasında ölkənin cənubunda Kyuşu bölgəsində təxminən 140 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçiriləcək.
Yaponiyanın cənub-qərbində keçiriləcək son 30 ilin ən böyük hərbi təlimlərində, Şimali Hokkaydo, Tohoku və Şikoku bölgələrindəki qüvvələrin Kyuşuya göndərilməsi vaxtı mümkün fövqəladə hallara qarşı müdafiə səviyyəsinin artırılması planlaşdırılır.
Hərbi heyət, tank və maddi təminatdan ibarət təchizatın bölgəyə gəmilər və təyyarələrlə göndəriləcəyi bildirilir. Təlimin proqramı “COVID-19” epidemiyasının gedişatına uyğun olaraq dəyişə bilər. Kyodo agentliyi belə bir təlimin son dəfə Soyuq Müharibənin başa çatdığı dövrdə, 1993-cü ildə həyata keçirildiyini bildirib.


SURIYADA NÖVBƏTI PREZIDENT SEÇKILƏRI TƏYIN EDILIB
Suriyada yaxın günlərdə keçiriləcək prezident seçkilərinin tarixi açıqlanıb. “Sputnik” informasiya agentliyinin məlumatına görə, Suriya Xalq Şurasının qərarına əsasən, seçkilər mayın 26-da keçiriləcək.
Seçkilərə qatılmaq istəyən prezidentliyə namizədlər aprelin 19-dan seçki orqanlarına müraciət edə bilərlər.
Ölkə parlamentinin seçkilərlə bağlı qərarında deyilir: “26 may çərşənbə günündə Suriyada olan vətəndaşlar üçün prezident seçkilərinin keçirilməsi qərara alınıb. Suriyanın xaricində olan Suriya vətəndaşları üçün seçkilər mayın 20-də, saat 07:00-dan diplomatik nümayəndəliklərin ərazisində keçiriləcək. Namizədlərin qeydiyyatı 19 aprel bazar ertəsi günü başlayır və 10 gün davam edəcək”.
Məlumat üçün qeyd edək ki, Suriyada son prezident seçkiləri yeddi il əvvəl - 2014-cü ildə keçirilib və Bəşər Əsəd bu ölkənin prezidenti seçilib.


ÇINDƏ RƏQƏMSAL YUAN VASITƏSILƏ TƏYYARƏ BILETI ALINIB
Çində ilk dəfə olaraq təyyarə biletinin alınması üçün rəqəmsal yuandan istifadə olunub. “Report” agentliyinin məlumatına əsasən, “Spring Airlines” aviaşirkəti rəqəmsal yuanla edilmiş ödənişi qəbul edib.
Bununla da Çin kriptovalyutasının mülki aviasiyada istifadəsinin təməli qoyulub.
Rəqəmsal yuanla Şanxay-Şençjen reysi üçün alınmış təyyarə biletinin qiyməti 560 yuan (təxminən 86 dollar) təşkil edib.
Qeyd edək ki, Çin rəqəmsal valyuta sahəsində dünya liderlərindən biridir. Onun yaratdığı rəqəmsal valyutadan mobil rabitə siqnalı və internetə çıxış olmadan da istifadə etmək mümkündür.

Read 49 times