XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 07:10

QƏHRƏMAN ƏSGƏRİN ŞƏRƏFLİ DÖYÜŞ YOLU

44 gün davam edən Vətən müharibəsində igid əsgərlərimiz adlarını tarixə qızıl hərflərlə yazdılar. Onlar torpaqlarımızı mənfur düşməndən azad etmək üçün sözün əsl mənasında bəşər tarixində görünməmiş döyüş nümayiş etdirdilər. Xalqımıza möhtəşəm qələbə sevincini yaşatdılar.  Bu günlərdə saysız-hesabsız qəhrəmanlıqlar göstərmiş cəsur döyüşçü  Orxan Babayevin ailəsi ilə görüşdük.  Babayev Orxan Sarvan oğlu 2001-ci il aprelin 17-də Ağstafa rayonunun Qarahəsənli kəndində dünyaya göz açmışdır. 2007-ci ildə Qarahəsənli kənd ümumi orta məktəbinin birinci sinfinə getmişdir. Orxan 9-cu sinfi bitirdikdən sonra usta yanına gedərək avtomobil çilingərliyi peşəsini mükəmməl öyrənmişdir.

 

2019-cu il oktyabr ayının 1-də həqiqi hərbi xidmətə yollanmışdı. O, Füzuli rayonu ərazisində “N” saylı hərbi hissədə xidmət edirdi. Nümunəvi xidmətinə görə komandanlığın sevimli əsgəri olmuş, tərifnamə ilə təltif edilmişdir. İgid əsgərin döyüş yolu Füzulidən başlamışdır.

Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edən Orxanı döyüş yoldaşları həddindən artıq qorxmaz, igid və cəsur bir döyüşçü kimi tanıyırdılar.  Əsgər yoldaşlarından biri xatırlayaraq deyir ki, Xocavənd uğrunda dəhşətli bir müharibə gedirdi. Bu zaman Orxanı aramızda görmədik. Sonradan məlum oldu ki, kolluqda gizlənən 5 nəfər ermənini görmüşdür. Həmin erməni əsgərləri hər an atəş açaraq bizim əsgərlərin hamısını çox asanlıqla məhv edə bilərmiş. Cəsur döyüşçü çox çətinliklə, qorxmadan düşmənlərin arxa tərəfinə keçmiş, onlara atəş açmağa macal verməmiş, hamısını məhv etmişdir. Beləliklə, döyüş yoldaşlarının həyatını xilas etmişdir. Bu, Orxanın birinci igidliyi deyildi...

Füzuli rayonunda ermənilərin alınmaz qala saydıqları bir post olmuşdur. Orxan 5 nəfər döyüş yoldaşı ilə birgə böyük hünər göstərərək ermənilərdən postu almışlar. Orxan postu qoyub qaçan ermənilərin dalınca 2 kilometr qaçaraq onları silahları ilə birlikdə tutub gətirmişdi.

Xocavənd rayonunda gedən qızğın döyüşlərin birində Orxanın bölük komandiri ağır yaralanaraq döyüş meydanında qalmışdı. Həmin ərazini düşmən aramsız atəşə tutaraq yaralıları döyüş meydanından çıxarmağa macal vermirdi. Orxan çox böyük igidlik göstərərək komandirini döyüş meydanından çıxararaq onu ölümün pəncəsindən xilas etmişdi.

Cəsur döyüşçü dəfələrlə belə igidliklər göstərmişdi. 2021-ci il noyabrın 8-də Xocavənddə gedən dəhşətli döyüşdə mənfur düşmən əks-hücuma keçmişdi. Erməni əsgərləri bütün silahlardan istifadə edərək 4 maşın canlı qüvvə ilə hərəkət edirdilər. Həmin vaxt Orxan qumbaraatandan atdığı sərrast atəş nəticəsində düşmənin 15 nəfər canlı qüvvəsini və texnikasını məhv etmiş, bundan qorxuya düşən düşmən geri çəkilməyə məcbur olmuşdu. Elə bu anda igid əsgər mənfur düşmənin snayperdən atdığı gülləyə tuş gəlmişdi. Cəsur döyüşçünü 18 saat döyüş meydanından çıxarmaq mümkün olmamışdır. Əsgər yoldaşları onu çox çətinliklə döyüş meydanından çıxararaq yaxınlıqdakı hospitala yola salmışdılar. Çox təəssüflər olsun ki, hospitalın həyətinə çatanda Orxan güclü qanaxmadan dünyasını dəyişmiş, şəhidlik zirvəsinə yüksəlmişdir.

Şəhidin atası Sarvan Babayev və anası Pərvanə Babayeva övladlarının müqəddəs torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalmağından qürur duyduqlarını söylədilər. Sarvan Babayev Birinci Qarabağ müharibəsi veteranıdır. O, qeyd etdi ki, torpaq mənim üçün müqəddəs bir nemətdir. Mənim valideynlərimi 1948-ci ildə Qərbi Azərbaycanın füsunkar guşələrindən olan Vedi mahalından vəhşi ermənilər deportasiya etmişlər. Valideynlərim dünyasını dəyişənədək o torpaqlara qayıdacaqlarına inanırdılar. Bu gün dövlətimizin başçısı İlham Əliyevin öz çıxışında əbədi və əzəli torpaqlarımızın mənfur düşməndən alınacağını ifadə etməsi bir şəhid atası kimi məni həddindən artıq qürurlandırır. Ümid edirik ki, Ali Baş Komandanımızın qətiyyəti sayəsində necə ki, 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu və böyük qayıdışa start verilmişdir, eləcə də digər qədim Azərbaycan torpaqlarına da qayıdış reallaşacaqdır.

Şəhidin anası Pərvanə Babayeva söylədi ki, Orxan telefon danışığı zamanı mənimlə gülə-gülə danışdı və narahat olmamağı tapşırdı. Dedi ki, buralar çox gözəl yerlərdir. Burada şəhid olmağa dəyər. Sanki Orxan bunu gözləyirdi.

Orxan Babayev göstərdiyi igidliklərə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Şəhid Orxan Babayevin xatirəsinə ehtiram əlaməti olaraq Qarahəsənli kəndində şəhid bulaq-kompleksi tikilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin valideynləri və yaxın qohumları iştirak edib. Şəhidin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Vəli VƏLİYEV,

“Respublika”.

Read 45 times