XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 07:09

Kədərin və qürurun zirvəsi

Vətən uğrunda ən ali məqam, ən uca zirvə şəhidlikdir. Şəhid qanı töküləndə torpaq Vətən olur, bir sözlə, şəhidlik həm də qürur, mənəviyyat qalasıdır. Şəhidlər haqqında dəyərli sözlər, qanadlı fikirlər, poetik və fəlsəfi deyimlər hər zaman qiymətlidir.

Şəhidlik Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyurlar. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir.

1989-cu il aprelin 27-də Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya göz açan Elçin Bağırovun taleyi, sözün əsl mənasında, təlatümlü olub. Qəhrəmanımızın bir yaşı olanda atasını itirib. Dörd yaşı olanda isə Ermənistanın hərbi təcavüzü nəticəsində ata -baba yurdu Sarıhacılı kəndindən didərgin düşüb. Uşaqlıq illəri məcburi köçkün ailəsində keçib. Necə deyərlər, biri olanda, biri olmayıb, istər-istəməz gözlərində kədər yuva qurub.

Hər çətinliyə dözən Elçin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olub. Elçin əsgərlik illərində nümunəvi davranışı, həm də hərbə sevgisi ilə seçilib. Qərara alıb ki, müddətdən artıq hərbi xidmətini davam etdirsin. On bir ilə yaxın ordu sıralarında şərəf və ləyaqətlə xidmət edib, vətənpərvərliyi və doğma torpağa bağlılığı ilə başqalarından fərqlənib.

Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Bağırovun döyüş yolu 2020-ci il sentyabrın 27-də başlayıb. Əvvəlcə Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, cəsarəti və qorxmazlığı ilə tanınıb. Sonra Elçin Ağdərə rayonunun Talış qəsəbəsinin işğalçılardan azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında hünər göstərib. Qəhrəmanımız qızğın döyüşlərin birində yaralanır, komandirin onu arxaya göndərmək əmrinə tabe olmur, təkidlə döyüşü davam etdirir. Yarasını sarıyaraq erməni hərbçilərini atəşə tutur, imkan tapan kimi ön səngərlərdən ağır yaralı yoldaşlarını, şəhid olanları çiyinlərində daşıyaraq onların düşmən əlinə keçməsinə imkan verməyib.

İgid çavuş Elçin Bağırov oktyabrın 1-də Talış istiqamətində gedən döyüşlərdə həlak olur. Uzun müddət onun nəşi tapılmır. Nəhayət, ötən il dekabrın 20-də qəhrəman Elçinin nəşi tapılır və Bakı şəhərindəki ikinci Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən müharibəsinin qəhrəmanı Elçin Bağırovun doğum günü onun məzarı başında qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər. Onun döyüş yolu haqqında danışanlar bir fikri vurğulayıblar ki, torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban verənlərin adı xalqımızın yaddaşında əbədi yaşayacaq.

İgid Elçinin ailəsi və dörd övladı dövlət qayğısı ilə əhatə olunub. Övladları atalarının igidliyi və şücaəti ilə haqlı olaraq fəxr edirlər.

Salman ALIOĞLU,

“Respublika”.

Read 46 times