XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 08:01

İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası prioritet məsələlərdəndir

Müasir dövrdə telekommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edərək inkişaf üçün geniş imkanlar yaratmışdır. Qabaqcıl təcrübələrdə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal transformasiya, eləcə də bu sahədə resurslardan effektiv istifadə innovasiyaların inkişafında hərəkətverici qüvvə hesab olunur. Ölkələr rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron hökumətin inkişafı vasitəsilə səmərəliliyin və şəffaflığın artırılmasına nail olmuşlar. 

 

Ölkədə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülür. İqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır.

İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycan Respublikasının qarşısında duran prioritet məsələlərdən birinə çevrilmişdir.

Prezident İlham Əliyev respublikamızda kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə, habelə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında 27 aprel 2021-ci il tarixli fərman imzalayıb. Beləliklə, bu fərmanla “Azərkosmos” ASC-nin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” yaradılır. Bundan sonra agentlik adıçəkilən ASC-nin hüquqi varisi hesab edilir və cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı onun tabeliyinə keçir. 

Yeri gəlmişkən, müvafiq fərmanla agentlik kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla, habelə xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Bu məqamda “Azərkosmos”un yaradılması tarixinə də qısa nəzər salmaq istərdik. Dövlətimizin başçısı Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən etibarən digər sahələrdə olduğu kimi, kosmik sənayenin inkişafını da diqqət mərkəzində saxlayıb. Ölkə rəhbərinin 2009-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Bununla da müasir Azərbaycan tarixinin önəmli layihələrindən biri olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv olub, eyni zamanda xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və “Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib. Hazırda Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Xatırladaq ki, “Azərkosmos” ASC tərəfindən idarə edilən və ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək “Azerspace-1” peyki Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Onu da qeyd edək ki, 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb. Bununla da səhmdar cəmiyyət geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Yeri gəlmişkən, “Azərkosmos” ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, ASC 2018-ci ildə ikinci telekommunikasiya peyki olan “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Suverenliyimizin qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malik olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri ötən müddətdə ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilib. O cümlədən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qələbənin  qazanılmasında bu peyklərin də fəaliyyəti böyük olmuşdur.

Bütün bunlarla yanaşı, dövlətimizin başçısı tərəfindən peyk proqramlarının biznes layihəsi kimi özünü doğrultması istiqamətində verdiyi tapşırıqların icrası da davamlı şəkildə həyata keçirilir. Dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq Azərbaycanı seçir. Rəqib peyk operatorlarından fərqli olaraq, “Azerspace-1” üzərindən yayımlanan kanalların məzmun seçiminə xüsusi həssaslıqla, etik və milli mənəvi dəyərlər baxımından yanaşılır. Azərbaycanda keçirilən ilk Avropa Oyunları, həmçinin IV İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışlarının “Azerspace-1” peyki üzərindən yayımlanması bunun bariz ifadəsidir. Bu da “Azərkosmos”un “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb olub.

Azərbaycanın peyk şəbəkəsi ölkəmizin suverenliyinə xidmət etmək və biznes layihəsi olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Məsələn, indiyədək kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, eləcə də torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələr həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi ilə pilot layihəsi olaraq, respublikanın dörd rayonunda 5 növ kənd təsərrüfatı məhsulunun məhsuldarlığı proqnozlaşdırılıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsi hazırlanıb. “Azərkosmos” qlobal peyk xidmətləri bazarının fonunda kiçik, regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyi ötən müddət ərzində bu əlverişsiz mövqeyi üstünlüyə çevirə bilib.

ASC-nin fəaliyyəti Strateji İnkişaf Planı əsasında qurulub, burada korporativ idarəetmənin ən son yenilikləri tətbiq edilib. Bütün bunların nəticəsi olaraq, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən dövrdə peyklərin istismarından böyük həcmdə gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilib.

Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” - Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər. “Azərkosmos” fəaliyyət göstərdiyi dövrdə beynəlxalq əlaqələrin genişlənməsinə də xüsusi əhəmiyyət verib. Məsələn, ASC “Fotoqrammetriya və Yerin Məsafədən Müşahidəsi üzrə Beynəlxalq Cəmiyyət”in (İSPRS) üzvlüyünə qəbul edilib. Bununla da qurum məsafədən müşahidə, o cümlədən Coğrafi İnformasiya Sistemləri sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə fəal və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq imkanı əldə edib.

 

Bəybala BƏYBALAYEV,

“Respublika”.

Read 45 times