XƏBƏR LENTİ

Bazar, 02 May 2021 08:47

Düşmən Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasını özününküləşdirməyə çalışsa da, buna nail ola bilməyib

Rusiyalı deputatlar, ekspertlər və jurnalistlər işğaldan azad olunmuş Ağdam rayonuna səfər çərçivəsində Şahbulaq qalasını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlara qala barədə ətraflı məlumat verilib. Bildirilib ki, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr yaxınlıqdan axan gur sulu bulağın adı ilə adlandırılıb.

Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Hazırda Şahbulaq qəsr kompleksindən bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra əksər abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıblar. Lakin buna nail ola bilməyiblər.

 

 

 

 

 

 

AZƏRTAC

Read 54 times