XƏBƏR LENTİ

Cümə, 23 Aprel 2021 06:41

Ölkəmizin beynəlxalq aləmdə nüfuzu və rolu daha da artır

8 noyabr 2020-ci ildən etibarən xalqımız 44 günlük müharibənin qələbə sevincini yaşayır. Ötən il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi və erməniləri biabırçı kapitulyasiya bəyanatına imza atmağa vadar etdi. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib.

 

Lakin həmin dövrdə təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də savaş gedirdi. Bu sahədə də Azərbaycan heç bir kompromisə getmək fikrində deyildi və öz haqlı mövqeyini dünyaya çatdırmaq əzmindəydi. Bunu ən yüksək səviyyədə reallaşdıran cənab Prezident çoxsaylı əcnəbi media təmsilçilərinə verdiyi müsahibələr vasitəsilə Azərbaycanın haqq səsini bütün dünya ictimaiyyətinə çatdırdı.

Müharibənin getdiyi artıq üçüncü gündən başlayaraq düz 9 noyabra qədər  ölkə başçısı İlham Əliyevin  dünyaca məşhur 30-a yaxın telekanal və qəzetə müsahibələri baş tutdu. Çoxşaxəli siyasi və aktual aspektlərə toxunan bu müsahibələrin hamısı dünya birliyi tərəfindən maraqla izlənilirdi. Ermənistanın işğalçılıq siyasətinə münasibətdə əsas götürülməli olan tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran dövlət başçısı Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla açıqladı. Cənab Prezidentin verdiyi cavablar böyük dövlət xadimi, qətiyyətli Ali Baş Komandan, ustad diplomat və səmimi həmsöhbət örnəyini bütün dünyaya bir daha göstərmiş oldu. Yalnız həqiqəti demək yox, o həqiqəti necə çatdırmaq da önəm daşıyır. Ona görə də Prezidentin verdiyi hər bir müsahibə böyük bir hadisə idi. Bəzi media təmsilçiləri tərəfindən qərəzli və bəzən də jurnalist peşə kodeksinə ümumiyyətlə zidd olan yanaşmaya, məntiqsiz suallara Prezident virtuoz cavabları ilə sözün əsl mənasında dərs keçdi. Məsələn, ABŞ-ın “Foxs News”, Almaniyanın ARD və B.Britaniyanın “BBC News” media təmsilçiləri lazımi nəticə çıxarsalar, bu, onların xeyrinə olacaq.

2021-ci il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı da ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdi. Həmin tədbirdə dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən artıq media nümayəndəsinin 50-yə yaxın sualına 4 dildə ətraflı cavab verdi. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı.

Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi. Prezidentimizin həmişə olduğu kimi, mətbuat konfransında da yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi diqqət mərkəzində idi. Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında demişdir: “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğulam, ancaq hər hansı prezidentin 4 dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam”.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Həqiqətən də hazırda Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başlayıb. Yəni, haqlı ikən haqsız duruma düşdüyümüz vəziyyət artıq arxada qalıb, indi situasiya tam fərqlidir. Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət, hücum diplomatiyası bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib. Cənab Prezident İlham Əliyevin məhz Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildi. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltdi və mesaj verdi ki, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımını törədənlərin cəzası verilməlidir. O, dünyanın aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi və informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi. Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir desək, yanılmarıq. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Bu, bir faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Əvvəllər isə məlum olduğu kimi, mənzərə tam fərqli idi. Haqlı olduğumuz halda haqsız dəyərləndirmələrə daha çox rast gəlirdik. Dövlətimizin başçısı mətbuat konfransında bu məsələni şərh edərək bildirmişdir: “Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”. Mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu da onunla əlaqədardır ki, artıq regionda yeni reallıq formalaşıb. Bu reallığı Azərbaycan yaradıb.

Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanaraq, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması və ictimai rəyə hörmət kimi amillər üzərində qurulub. Bu baxımdan aprel ayının 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans da belə prinsip və amillərə söykənərək təşkil olunmuşdur. Azərbaycanın Cənubi Qafqaz regionunda yaratmış olduğu yeni reallıq, eləcə də münaqişədən sonra meydana gəlmiş inkişaf və əməkdaşlıq imkanlarının da müzakirə olunduğu bu konfrans ölkəmizin sülhsevər, humanist və əməkdaşlığa açıq mövqeyinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Konfransda ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzə, Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçin, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Böyük Britaniyanın LİNKS təşkilatının direktoru Dennis Summut, İsrailin Hayfa Universitetinin professoru Brenda Şaffer, Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Pol, Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru, Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə Prezident Şurasının üzvü Çağrı Arhan, Roma Sapienza Universitetindən Daniel Pommier Vinçelli və digər otuza yaxın dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri iştirak etmiş və Prezident İlham Əliyevə müxtəlif suallar vermişlər.

Dövlət başçısı sualları müfəssəl  cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan, erməni vandalizminin ifşasından, Azərbaycan Ordusunun qəhrəmanlığından, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olmasından, Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərdən danışdı. Ermənistanı hərbi cinayətkarlıqda günahlandıran Ali Baş Komandanımız konfransda nankor qonşumuzun işğalçılıq siyasətini, tarixi saxtalaşdırmaq niyyətlərini və günahsız mülki əhaliyə xətər yetirmək xislətini tutarlı, təkzibedilməz faktlarla bir daha sübuta yetirdi. Prezident tarixə baxış edərək Zəngəzur, Göyçə gölü və İrəvanla bağlı əsl həqiqətləri bir daha diqqətə çatdırdı. Daha sonra cənab İlham Əliyev strateji prioritet olan regionun gələcək inkişafını vurğulamış, Beynəlxalq təşkilatları Cənubi Qafqazda sülhü möhkəmləndirmək və etibarlı perspektiv yaratmaq proseslərində daha fəal mövqe tutmağa, qarşılıqlı fəaliyyət sahələrinə qoşulmağa çağırmışdı.

Prezident konfransda cavablarında “Biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq, çünki münaqişədən əziyyət çəkən tərəfik”; “Biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, ermənilər münaqişənin həll olunmaması üçün hər şeyi edirdilər”; “Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir”; “Erməni mülki vətəndaşlarına olan münasibətimiz də bizim humanist siyasətimizin və ordumuzun humanist davranışının təzahürüdür”. “İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatlıqlarımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq”; “Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”; “Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini heç zaman unutmayacağıq”; “Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib”; “Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur” kimi çox önəmli mesajları dünya ictimaiyyətinə çatdırdı.

Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb, XXI əsrin döyüş strategiyasını reallaşdırmaqla yanaşı, müharibənin yeni mənəvi standartlarını da müəyyənləşdirib. Döyüşlər zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər yetirməyib. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub.

Dövlət başçısının hər cümləsi dolğun şəkildə tarixə və günün reallıqlarına aydın bir nəzər idi və gerçək siyasi-hərbi durumun təhlili, zamanın çağırışlarına erməni tərəfinin yanlış baxış bucağı, Azərbaycanın sərgilədiyi konstruktiv mövqe, beynəlxalq hüququn tələbi və inkişaf strategiyası kimi önəmli komponentlərin ictimai-siyasi məzmun yükünü ifadə edirdi. Bütün bu amillər Prezident İlham Əliyevin dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşünün uzunmüddətli perspektivini şərtləndirir.

 

Söhrab SƏFİYEV,

“Respublika”.

Read 55 times