XƏBƏR LENTİ

Cümə, 23 Aprel 2021 06:35

Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb

Aprelin 22-də ictimai yerlərdə su sızıntıları barədə xəbər verilməsi üzrə mobil proqram təminatı olan Hydro Heroes (Hidro Qəhrəmanlar) tətbiqinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində təqdimatı keçirilib.

İDEA İctimai Birliyi və BMTİP-QEF Kür II layihəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” ASC ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış mobil tətbiqin ictimaiyyətə təqdimatı bütün dünyada qeyd edilən Yer Gününə təsadüf edib.

AZƏRTAC xəbər verir ki, Hydro Heroes mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “AzİnTelecom” MMC-nin dəstəyi ilə hazırlanıb. 

Tədbirdə çıxış edən İDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov xatırladıb ki, ictimaiyyətin su itkisinə qarşı fəaliyyətə cəlb edilməsinə yönəlmiş mobil tətbiqin yaradılması təşəbbüsü  Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən 2018-ci ildə 5 iyun - Ümumdünya Ətraf Mühit Günündə keçirilən Gənclər Forumu zamanı irəli sürülüb: “Daha sonra İDEA ilə BMTİP-QEF Kür II layihəsi bu cür mobil tətbiqin birgə yaradılması qərarına gəlib. Əksər ölkələrdə su təchizatı sistemlərində olan itkilər 20-70 faiz arasındadır. Yəni, supaylama şəbəkələrində yaranan qəza və nasazlıqlar səbəbindən küçələrə və ictimai yerlərə sızan təmizlənmiş, içməli suyun böyük hissəsi istifadəçilərə çatmamış itirilir. Bu isə, suyun təmizlənməsinə sərf olunmuş vəsaitin itirilməsi və ictimai infrastruktura zərər vurulması ilə yanaşı, qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən getdikcə məhdudlaşan şirin su resurslarının daha da azalması deməkdir”.

BMTİP-QEF Kür II layihəsinin kommunikasiya üzrə regional meneceri Sona Quliyeva bildirib ki, suyun qənaətinə yönəlmiş Hydro Heroes tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir: “Sözügedən tətbiq su şəbəkəsində sızmaların aradan qaldırılma müddətini və su itkisini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

Eyni zamanda, tətbiqə su və suya qənaət ilə bağlı əyləncəli və maarifləndirici xüsusiyyətlər, o cümlədən su ilə bağlı test və oyun, Kür hövzəsinin Azərbaycandakı bir sıra sularının 360 dərəcəlik videoları, AR (Augmented Reality) funksiyası, su sərfiyyatı kalkulyatoru və s. daxildir. Tətbiq həm Android, həm də İOS platformalarında işləyəcək”.

Öz növbəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib ki, ötən il ölkədə bir az quraqlıq dövrü olub: “Bununla bağlı ötən il su idarəetməsi ilə bağlı fasilələr yaranmışdı. Bu il vəziyyət daha yaxşıdır. Bu il ötən illə müqayisədə Mingəçevir Su Anbarına kifayət qədər su yığılıb. Ölkəyə tranzit yollarla daxil olan sular da bizə imkan verə biləcək ki, daha çox su ehtiyatı yığa bilək. Hazırda gursululuq dövrüdür. Kürə də kifayət qədər su yığılıb”.

Layihənin tərəfdaşları smartfon istifadəçisi olan bütün vətəndaşlarımızı Hydro Heroes tətbiqini yükləməyə, su itkilərinin aradan qaldırılması səylərinə öz vacib töhfələrini verməyə çağırır.

 

 

AZƏRTAC

Read 94 times