XƏBƏR LENTİ

Cümə, 23 Aprel 2021 06:32

Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

Aprelin 22-də fransalı hüquqşünaslar Yasin Yakuti və Eliz Arfi Gəncədə səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların törədildiyi əraziyə gəliblər.

Gəncə şəhər prokuroru Azad Qarayev Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verərək bildirib ki, işğalçı düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Bildirilib ki, Ermənistan ordusunun oktyabrın 11-də Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Belə müharibə cinayətlərindən sonuncusu oktyabrın 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfər həlak olub, 55-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

 

 

Fransalı hüquqşünaslar Ağdam Cümə məscidində olublar

Aprelin 22-də fransalı hüquqşünaslar Yasin Yakuti və Eliz Arfi işğaldan azad olunmuş Ağdam rayonunda Cümə məscidini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, səfər iştirakçılarına məscidin tarixi və erməni barbarlığı barədə məlumat verilib.

Qeyd edilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.

Bildirilib ki, Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

 

 

Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər

Aprelin 22-də fransalı hüquqşünaslar Yasin Yakuti və Eliz Arfi işğaldan azad olunmuş Ağdam rayonunda Şahbulaq qalasını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, onlara qalanın tarixi barədə məlumat verilib.

Qeyd edilib ki, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.

Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Hazırda Şahbulaq qəsr kompleksindən bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra əksər abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıblar.

 

 

AZƏRTAC

Read 47 times