XƏBƏR LENTİ

Cümə, 23 Aprel 2021 06:28

“Azərbaycan Hava Yolları” London istiqamətində xüsusi reyslərin icrasına başlayır

Azərbaycanın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportundan Londonun “Hitrou” hava limanına (İATA: LHR) yerinə yetiriləcək xüsusi reyslər üçün bilet satışına başlayır.

 

“AZAL” aviaşirkəti Böyük Britaniyanın paytaxtına may ayının 15-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək (çərşənbə axşamı və şənbə günləri) artırılacaqdır.

Aviabiletlərin satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçirilir. Belə ki, Bakı-London istiqaməti üzrə reysin sərnişinləri Böyük Britaniya ərazisinə giriş hüququna malik olmalı, koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Pandemiya dövründə Böyük Britaniya ərazisinə giriş qaydaları ilə aviaşirkətin https://www.azal.az/az/information/covid-uk saytında tanış olmaq olar.

Azərbaycanda COVİD-19 infeksiyasına dair testdən keçə bilinəcək klinikaların siyahısı isə aviaşirkətin https://www.azal.az/az/information/covid-clinics saytında dərc edilmişdir. Eyni zamanda, Böyük Britaniyaya səyahət edən bütün şəxslər ölkəyə gəldikdən sonra iki dəfə - krallıq ərazisində olduğu ikinci və səkkizinci günlər koronavirus testindən keçməlidirlər. Həmin testlər səyahət etməzdən əvvəl hökumət saytındakı formanı dolduraraq əvvəlcədən təxsis edilməlidir.

London-Bakı istiqaməti üzrə reysin sərnişinləri isə Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalı və ya ölkədə daimi yaşamaq üçün icazəyə malik olmalı, koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə https://www.azal.az/az/information/covid-azerbaijan saytında tanış olmaq olar.

Böyük Britaniyada koronavirus infeksiyasına dair testi vermək üçün tövsiyə edilən laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-azerbaijan saytında tanış olmaq mümkündür.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər 14 təqvim günü ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVİD-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalı, https://youtu.be/-s-0s4o1L2M keçidindən istifadə etməklə pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti.

Read 46 times