XƏBƏR LENTİ

Cümə axşamı, 22 Aprel 2021 10:21

Aqrar sahə sənaye qovşağı ilə yanaşı fəaliyyət göstərəcək

Hacıqabul 1990-cı ildə müstəqil rayon statusu aldıqdan sonra əsasən kənd təsərrüfatı rayonu kimi fəaliyyətə başlayıb. Kürqırağı kəndlərin münbit torpaqları istisna olmaqla rayonun başqa yerlərində əkin-biçin zamanı məhsuldarlıq təsərrüfat işçilərini qane etməyib. Bu səbəbdən də rayonun iqtisadi inkişafında müəyyən irəliləyişlər nəzərə çarpmayıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları hər yerdə olduğu kimi, bu bölgənin həyatına da təsirsiz ötüşməyib.

2003-cü ildən başlayaraq rayonun görkəmi dəyişib, geniş abadlıq-quruculuq işlərinə start verilib. Rayonda aparılan infrastruktur layihələri dövlət başçımız cənab İlham Əliyevin şəxsi nəzarəti və göstərişləri əsasında icra edilməyə başlayıb. Ölkə rəhbərinin Hacıqabula hər səfəri rayonda əsl bayram hadisəsinə çevrilib. Rayon mərkəzində fəaliyyətə başlayan Rayonlararası Uşaq Diaqnostika Mərkəzinin, Birləşmiş Su Təchizatı sahəsinin, Hacıqabul-Bəhrəmtəpə magistral yolunun açılış lentləri dövlət başçımız tərəfindən kəsilib. İqtisadi inkişaf ara verməyib. Bir neçə il idi ki, rayon sakinləri Hacıqabulda yeni sənaye məhəlləsinin yaradılması barədə xəbər eşitmişdilər. Məhəllənin infrastrukturu, əhalinin məşğulluğunda oynayacağı rol, göstərəcəyi köməklik çoxuna məlum deyildi.

Aprel ayının 20-də Prezident İlham Əliyevin Hacıqabula növbəti səfəri əhali arasında böyük coşqu, xoş ovqat yaratdı. Dövlət başçımız ilk öncə ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçımıza məlumat verdi.

Hacıqabul Sənaye

Məhəlləsinin açılışı oldu

Hər şeydən əvvəl qeyd edək ki, Sənaye məhəllələri iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafının və şaxələndirilməsini nəzərdə tutur. Son illərdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkəmizdə müxtəlif təyinatlı sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilmişdir. Sənaye məhəlləsinin yaradılması sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır. Məhəllədə fəaliyyət zamanı həm də kadr potensialı yetişir. Respublikanın Neftçala, Masallı, Sabirabad, Naxçıvan MR-in Şərur rayonunda sənaye məhəllələri fəaliyyətə başlamışdır. Hacıqabul Sənaye Məhəlləsində yerləşən “Azərmaş” zavodu 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Məhəllənin digər müəssisəsi-”Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Azərbaycanda ilk təcrübə hesab olunan zavod -gips, əhəng, alçipan, kərpic, digər tikinti materialları , “Ulusay Ambalaj”müəssisəsi-su qabları, “Plasstesh” zavodu yüngül tara, “AzAgromila”-gübrə istehsal edəcəkdir.

Hacıqabul Rayon Memarlıq və Tikinti Şöbəsinin böyük mütəxəssisi Salman Zamanov deyir:

–Bu günlərdə rayon sakinləri dövlət başçımıza öz minnətdarlıq duyğularını ifadə edirlər. Rayonda geniş iş yerləri açılıb. Hələlik sənaye məhəlləsinin zavodlarında 100 nəfər işçi çalışır, müəssisələr tam gücü ilə istifadəyə verildikdən sonra işçilərin sayı 900 nəfərdən artıq olacaq. Əmək haqqı yüksəkdir. Ən başlıcası zavodlara  işə götürülən fəhlələr ölkə xaricində müxtəlif kurslara göndərilib mütəxəssis kimi ixtisas qazanacaqlar.

Dövlət başçımız səfəri zamanı Hacıqabul rayonunun Meyniman kəndində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq sahəsi ilə tanış olub. Meyniman kənd icra nümayəndəsi Cavid Vəliyev Prezidentin görüşündən aldığı xoş təəssüratı bölüşür:

–Kəndimizdə əsl bayram əhval-ruhiyyəsi var idi. Elşən və onun iş yoldaşları həm qürur, həm də məsuliyyət hissi keçirirdilər. Bu da səbəbsiz deyildi. Son illərdə dövlət başçımızın qayğı və diqqəti sayəsində “ağ qızıl” istehsalı xeyli artırılıb. Pambıq sahəsinin arata qoyulduğu vaxtdan bitkinin əkilməsi, becərilməsi, dərman preparatlarla təmin olunması, hazır məhsulun yığımına kimi bütün xərclər avans olaraq nağd pul hesabına ödənilir. Elşən öz işini bilən fermerdir. Keçən mövsümdə hektardan 33,6 sentner məhsul götürüb. Yüksək məhsuldarlıq əldə etdiyinə görə öhdəsinə təzə texnikalar verilib.

Bu il Hacıqabulda 300 hektarda pambıq becəriləcək. Artıq 34 fermerlə müqavilə bağlanıb. Dövlət başçımızın xeyir-duası ilə Elşən Xəlilovun pambıq tarlasında çiyid səpininə start verildi.

Kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması-müasir texnika və texnologiyalarının tətbiqindən asılıdır. “Agro Dairy” MMC aqroparkının təqdimatında bir daha aydın oldu ki, aqrar sahənin inkişafı üçün yeni, mütərəqqi layihələrdən istifadə edilir.110/35/10/ kilovoltluq  “Qarasu” yarımstansiyasının istismara verilməsi Hacıqabul rayonunun iqtisadiyyatı üçün əsl töhfədir. Bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatı regionların inkişafında mühüm əhəmiyyət kəsb edir. Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəisi İbrəhim İbrəhimov söhbətində bildirir ki, elektrik enerjisinin ötürülməsi zamanı yaranan fasilələr suvarma suyunun ötürülməsinə maneçilik törədirdi. “Qarasu” yarımstansiyası bu çətinliyi aradan qaldıracaq. Yarımstansiya hesabına 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçiriləcək.

2 hissədən-əkin sahələri və heyvandarlıq kompleksindən ibarət “Azərsun Şamaxı Aqroparkı” tezliklə ölkədə ərzaq bolluğunun yaradılmasına öz töhfəsini verəcəkdir. Təkcə belə bir fakt kifayət edir ki, 2 min baş südçülük istiqaməti olmaqla kompleksdə 5 min baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı isə 50 tondur. Aqroparka məxsus 4 min hektar əkin sahəsində buğda, arpa, qarğıdalı, yonca, şəkər çuğunduru, başqa tərəvəzlər əkilir.

Azərbaycan Respublikasının Prezidenti Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsində iştirak etdi. Uzunluğu 11,5 kilometr olan bu yol 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək. Muğan qəsəbəsinin sakini, Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov deyir:

–Dövlət başçımız cənab İlham Əliyev ölkədə yol infrastrukturunun genişlənib möhkəmlənməsinə xüsusi diqqət yetirir. Adam bu gün ölkənin müxtəlif istiqamətlərinə səfər edəndə yolların rahatlığından sözün əsl mənasında məmnun qalır. Mən, Muğan qəsəbəsində yaşayır, Hacıqabul şəhərinə işə gedib-gəlirəm. Yol yaxın vaxtlara kimi narahatlıq yaradırdı. Dövlət başçımıza qəsəbə sakinləri adından dərin təşəkkürümü bildirirəm. Yolun açılışında şəxsən iştirak edib öz xeyir-duası ilə bizi qəlbən sevindirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri bölgənin  inkişafında, tərəqqisində yeni, mühüm addım olacaqdır. Hacıqabullular bu inamdadırlar. 

Tofiq HÜSEYN,

“Respublika”.

Read 72 times