XƏBƏR LENTİ

Cümə axşamı, 22 Aprel 2021 09:46

Azərbaycan-Belarus əməkdaşlığı dostluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Məlum olduğu kimi, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də ölkəmizə işgüzar səfərə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün Belarusun dövlət başçısı ilə qeyri-rəsmi, aprelin 14-də isə təkbətək görüşləri olmuşdur. İki ölkə arasında münasibətlər uzun illər əvvəl qurulub və qarşılıqlı dostluq, əməkdaşlıq prinsiplərinə əsaslanır. Siyasi icmalçılar və ekspertlər müzakirə olunan məsələlərin və imzalanan sənədlərin həcmi baxımından budəfəki görüşü Azərbaycan-Belarus münasibətlərində əməkdaşlığın yeni zirvəsi kimi dəyərləndirirlər.

 

Qeyd edək ki, hər iki ölkə vaxtilə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Sovetlər Birliyinin süqutundan sonra postsovet məkanında müstəqil dövlətlər kimi bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Belarus Respublikası ilə Azərbaycan arasında diplomatik əməkdaşlığın əsası 1993-cü il iyunun 11-də qoyulub. Ötən müddət ərzində ikitərəfli münasibətlərin möhkəm ənənələri - səmimilik, etibarlılıq, dostluq və qarşılıqlı mənfəət formalaşıb. Belarus Respublikası Baş nazirinin 2001-ci ilin avqustunda Azərbaycana səfəri zamanı rəsmi Minsk və Bakı arasında dialoq qurulması istiqamətində əməli addımlar atılıb. 2004-cü ildə hökumət nümayəndələrinin qarşılıqlı görüşü reallaşıb, 2006-cı ildə isə Minsk və Bakıda diplomatik missiyalar fəaliyyətə başlayıb. Bununla da iki ölkənin iqtisadi siyasi, humanitar sahələrdə qarşılıqlı əlaqələri genişlənib. Hazırda Azərbaycana Belarusdan ixrac edilən malları sırasında maşınqayırma, şinlər, ağac emalı, qida məhsulları, məişət texnikası, qab-qacaq və s. əsas yer tutur. Belarus isə Azərbaycandan neft-kimya, maşınqayırma və kənd təsərrüfatı məhsulları idxal edir.

Bu gün Azərbaycanda Belarus traktorları, yük maşınları, kommunal və kənd təsərrüfatı texnikası, optik cihazlar, liftlər yığılır.

2007-ci ildən etibarən Gəncə Avtomobil Zavodunda “Belarus” traktoru və onun bazasında xüsusi texnika, eyni zamanda “MAZ” avtomobili yığılır. İki ölkənin qardaşlaşmış şəhərləri (Sumqayıt, Şəki, Mingəçevir-Mogilyov, Slutsk, Poltsk) mədəni əlaqələrin inkişafında əsas yer tuturlar.

İki ölkənin rəhbərliyi—Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında sıx münasibətlər əlaqələrin bütün istiqamətlərində öz əksini tapıb. Belarus Prezidentinin 2016-cı ilin noyabrında ölkəmizə rəsmi səfəri zamanı dövlətimizin başçısı İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlər sırasında əmtəə dövriyyəsinin artırılması, Belarusda Azərbaycan ticarət evinin yaradılması da yer almışdır. Bundan sonra 2017-ci ilin mayında Minskdə sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi yaradılmışdır. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarına çıxarılmasında və tanıdılmasında, bizim yerli məhsullarımızın ixracının təşviqində mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərindən sonra ticari-iqtisadi və investisiya sahəsində əlaqələr daha da genişlənmişdir.

Onu da nəzərə çatdıraq ki, Belarus Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB) tərkibində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də ATƏT-in Minsk qrupu (1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurumdur) üzvlərindən biridir. Məsələn, Belarus Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir. Bunu Prezident Aleksandr Lukaşenko bütün görüşlərdə daim bəyan etmişdir.

“Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır”. Bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşündə deyib. Dövlətimizin başçısı çıxışında Qarabağın bərpası ilə bağlı müzakirə apardığını nəzərə çatdırıb və işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzunun xüsusi yer tutduğunu vurğulayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın işğalına son qoyulandan sonra azad edilmiş torpaqlarda görüləcək işlərdə də Azərbaycanın yanında olduqlarını deyib: “Həqiqətən Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam. Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var”.

Dövlət başçılarının görüşündəki çıxışlarından belə qənaətə gəlmək olur ki, hətta pandemiya dövründə iki ölkə arasında əməkdaşlıq imkanları genişlənir. Çünki hər iki dövlət başçısı müstəqil siyasət yürüdür. Bunun nəticəsidir ki, həm Belarusun, həm də Azərbaycanın müstəqil siyasəti iki lider arasında əməkdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına imkan verir. Ən çətin anlarda Azərbaycan Belarusun, Belarus da Azərbaycanın yanında olub. Əvvəldə qeyd etdiyimiz kimi, Belarusun ölkəmizdə həyata keçirdiyi iri layihələrdən biri kimi Gəncə Avtomobil Zavodunu göstərmək olar. Eyni zamanda Azərbaycan nefti Bakı-Supsa boru kəməri vasitəsilə Belarusa nəql olunur.

Həmçinin aprelin 14-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilmişdir. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının Milli Turizm Agentliyi”, Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu” imzalanmışdır.

Sonra Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatla çıxış etmişlər. Prezident İlham Əliyevin bəyanatında deyilir: “Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir”.

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyanatında Qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdığını və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşmaları səmimi qəlbdən alqışladığını, bərpa işlərində Azərbaycanla birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu bildirmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan-Belarus münasibətləri dostluq əlaqələrindən başqa, həm də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmizin rəhbəri birmənalı şəkildə bəyan etmişdir ki, müstəqil siyasət yürüdən iki ölkənin münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır.

Ramiz YUSİFLİ,

“Respublika”.

Read 60 times