XƏBƏR LENTİ

Bazar, 18 Fevral 2018 11:30

İlham Əliyev Azərbaycan xalqının lideridir!

1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olmuşdur. Məhz o illərdə ulu öndər hakimiyyətə gələndən bir il sonra ölkəmizin gələcək iqtisadi və siyasi inkişafının əsasını qoyan “Əsrin kontraktı” imzalanmışdır.
Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, zənginləşir və İlham Əliyev tərəfindən müstəqil Azərbaycanın uğurlu inkişafını təmin edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı tam, sistemli xarakter daşıyaraq əsl mənada intibah kimi müasir həyatımıza və tariximizə daxil olub. Bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət, idman sahələrində də əzəmətli layihələr həyata keçirilib və keçirilməkdədir.
Ölkəmizin müasir siyasi tarixində Prezident İlham Əliyevin müstəsna xidmətləri vardır. Bu gün Azərbaycan dünya miqyasında o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edib, əhalinin maddi rifah halı daha da yaxşılaşır. Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin başçısı cənab İlham Əliyev qarşıdakı illər üçün prioritetləri açıqlayıb. Əsas hədəflər inkişafı sürətləndirmək, ümumi daxili məhsulun iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu hədəflər təbii ki, bugünkü reallıqlara əsaslanır. Məhz bu məqsədlərə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, ayrı-ayrı istiqamətləri əhatə edən strateji yol xəritələri icra olunur.
Prezident İlham Əliyev həmişə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani nümunəsini görürük. Azərbaycanın bugünkü inkişafını təmin edən və gələcək tərəqqi üçün etibarlı zəmin yaradan çoxşaxəli islahatların həyata keçirilməsidir. Bu islahatların dövrün tələblərinə uyğun aparılması xüsusi əhəmiyyətə malikdir. Bu islahatlar bütün sahələri əhatə edir, o cümlədən idarəetmə sistemi daha da təkmilləşdirilir. Ümumiyyətlə, Azərbaycanın idarəçilik sistemində yeniləşmə son illərin mühüm uğurlarındandır.
Prezident İlham Əliyev ötən dövr ərzində hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi hesabına başa gələn böyük iqtisadi, enerji və nəqliyyat layihələri dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töhfələr verir.
Azərbaycan dünyanın ən böyük əhəmiyyətli təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verir. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Ölkəmizdə “Eurovision”, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəni və idman tədbirləri keçirilib. Təbii ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmişdir.
Cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.
Ölkəmizdə yeni iş yerlərinin yaradılması uğurla davam edir. Son 14 il ərzində respublika üzrə 1,9 milyon yeni iş yerləri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur. Prezident İlham Əliyevin yüksək siyasi iradəsi nəticəsində həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında məqsədəuyğun istifadəni təmin edir. Bu barədə cənab Prezident deyir: “Biz uzunmüddətli inkişafımızı təmin etmək istəyiriksə mütləq siyasi islahatları, iqtisadi islahatları dəstəkləməliyik, siyasi və iqtisadi islahatlar paralel aparılmalıdır”.
İqtisadi, siyasi, demokratik uğurları ilə bölgədə və MDB ölkələri arasında liderliyini qoruyan Azərbaycanın əldə etdiyi nailiyyətlərin dəfələrlə digər dövlətlərə nümunə göstərilməsi ən nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında qeyd edilmişdir.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi haqqında” sərəncamın tətbiqi ilə demokratik dəyərlərə üstünlük verilməsi seçicilərin fəallığını daha da artırmışdır.
Siyasi partiyaların seçkilərdə iştirakı üçün demokratik şərait yaradılıb. Qanunvericilikdə irəli sürülən tələblərə uyğun fəaliyyət göstərən bütün partiyalar prezident seçkilərində iştirak etmək hüququna malikdirlər. Seçkilərə hazırlığın bərabərlik prinsipi əsasında təşkilini tələb edən Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi mövqeyindən, hansı partiyaya mənsubluğundan asılı olmayaraq heç kimə qarşı ayrı-seçkilik hallarına yol verilmədən təbliğat aparmaq imkanları yaradılır.
Bu günlərdə keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayında qarşıdakı prezident seçkilərində namizədliyi irəli sürülən Prezident İlham Əliyev çıxışında ölkədə seçkilər üçün tam münbit şərait yaradıldığını qeyd edərək vurğuladı ki, respublikamızda ictimai asayiş qorunur, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir.
Bu gün hər bir azərbaycanlı bilir ki, cənab İlham Əliyev alternativsiz liderdir. Azərbaycan xalqı aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində həmişə olduğu kimi fəallıqla iştirak edəcək, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcək.

Ağacan ABİYEV,
millət vəkili, professor.

Read 5982 times