XƏBƏR LENTİ

Cümə, 20 Yanvar 2017 13:06

Tolerantlıq və multikulturalizm

Siyasi düşüncələrdə belə bir mülahizə var ki, siyasət elm olmaqla bərabər, həm də bir sənətdir. Siyasətin alimləri və sənətkarları var. Bunlar o kəslərdir ki, bəşər cəmiyyətinin inkişaf qanunlarını dərindən öyrənmiş və öz siyasi fəaliyyətlərini həmin qanunlara uyğun qurmuşlar. Tarixi təcrübə göstərir ki, siyasəti elm kimi öyrənmək və mövcud vəziyyəti nəzərə almadan onu tətbiq etməyə çalışmaq sosial-iqtisadi inkişafın tempinin zəifləməsinə, durğunluğun baş verməsinə, cəmiyyətin deqredasiyasına gətirib çıxarır.

Siyasət sənətdir. Bu o deməkdir ki, o, sosial proseslərin subyektiv tərəfi ilə məşğul olur. Həyat göstərir ki, siyasi subyektlərin, fərdlərin və birliklərin hərəkətlərini qabaqcadan heç də həmişə başa düşmək olmur. Siyasətçinin bacarığı da məhz bundadır ki, konkret siyasi məqsədə nail olmaq üçün fərdin, sosial ümumiliyin, sosial-siyasi institutun potensial imkanlarını maksimum nəzərə alsın. Özünün nəzəri biliklərindən, məntiqi təfəkküründən, lazım gəldikdə təxəyyül və intuisiyasından istifadə etsin, cəsarət və fantaziya nümayiş etdirə bilsin. Siyasətçinin əsl qabiliyyəti siyasi məqsədlərin, metodların və vasitələrin optimal nisbətini təyin edə bilməsindədir.

Siyasətçi bir sıra mühüm xüsusiyyətlərlə xarakterizə olunur. Hazırda bunların ən mühümlərindən biri siyasi tolerantlıq hesab olunur. Tolerant sözü latıncadan tərcümədə “dözümlü, təmkinli” deməkdir. Elə siyasi tolerantlıq da başqalarının siyasi baxışlarına, ideoloji görüşlərinə, konsepsiyalarına dözümlü və təmkinli yanaşmaq deməkdir. Bu dözüm bəzən susmaq, bəzən də əsl natiqlik məharəti və dərin düşüncə hesabına ortaya qoyulur. Siyasi xadimin həyat və fəaliyyətində tolerantlıq öz təzahürünü siyasi rəqiblərinin fikirlərinə qulaq asmaq qabiliyyətində, həmin fikirlərə verdiyi reaksiyada, seçildiyi siyasi rəhbərlikdə ortaya qoyduğu idarəetmə prinsiplərində və qarşılıqlı olaraq səsləndirdiyi fikirlərdə özünü göstərir.

Ümumiyyətlə, belə bir həqiqət qəbul edilməlidir ki, mövqe baxımından Azərbaycanda hazırkı siyasi situasiya bütün müstəvilərdə tolerantlıq prinsipləri ilə idarə olunur, siyasi qərarların istiqamətlərindən asılı olaraq tolerantlıq daha dərin və konkret qata - multikulturalizmə qədər irəliləyir. Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin yaratmış olduğu siyasi irs bu gün bütün detalları ilə qorunur və zamanın tələbinə uyğun olaraq inkişaf etdirilir. Yuxarıda qeyd olunan bu nəzəri-fəlsəfi fikirlərin praktik təsdiqini müstəqil Azərbaycanın praqmatik Prezidenti İlham Əliyevin uğurlu siyasətində görə bilərik. Aparılan bu məqsədyönlü və peşəkar siyasətdə “daxili” və “xarici” olmaqla iki qol ayırmaq olar. Hər bir qol ayrı-ayrılıqda özünəməxsus keyfiyyətləri, tolerant və multikultural yanaşmaları və bu yanaşmalar fonunda öz təkrarsızlığı ilə seçilir.

Prezident cənab İlham Əliyevin daxili siyasətdə göstərdiyi ən böyük siyasi tolerantlıq örnəyi müxalifət və iqtidar arasında olan dialoqdur. Bu dialoq bir növ fikirlərin, təfəkkürlərin sərbəst mübarizəsidir.

Daxili siyasətdə tolerantlığın, daha dəqiq desək multikulturalizmin digər bir istiqaməti ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin, müxtəlif din və dil daşıyıcılarının hüquq və azadlıqlarına bərabər münasibət və onların hər birinə Azərbaycan vətəndaşı kimi haqq etdikləri hüquq və azadlıqları verməkdədir. Bu, həm Azərbaycan qanunvericiliyinin, Konstitusiyasının əsasıdır, həm də Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin nəticəsidir.

Bu gün Azərbaycanda yaşayan həm müsəlmanlar, həm xristianlar, həm yəhudilər, həm də digər dini inanclara sahib olan insanlar öz dini ibadətlərini sərbəst şəkildə həyata keçirir, Prezident İlham Əliyevin öz siyasi iradəsi ilə yaratmış olduğu bu tolerant və multikultural cəmiyyətin imkanlarından yararlanırlar. Azərbaycanda heç bir dini konfessiyanın birinin digərindən üstünlüyü yoxdur.

Heydər Əliyev siyasi məktəbinin prinsiplərindən layiqincə bəhrələnmiş Prezident İlham Əliyev daxili auditoriyaya ünvanlanmış çıxışlarında da hay-küylü populizimdən uzaq, insanların şüurunun və psixologiyasının qəbul edəcəyi sadə ifadələrə üstünlük verən siyasətçidir.

Daxili siyasətdə multikulturalizm prinsipləri də özünü bir neçə istiqamətdən göstərməkdədir. Belə ki, ölkəmizdə bu gün mehriban dostluq və qardaşlıq şəraitində yaşayan onlarla xalq və millətin nümayəndəsi var. Bunların içərisində hazırda öz müstəqil dövlətləri olan ruslar, ukraynalılar, yunanlar, gürcülər, yəhudilərlə yanaşı, ta qədimlərdə bu torpaqları özünə vətən seçmiş talışlar, ləzgilər, kürdlər, saxurlar, tatlar, tatarlar, xınalıqlılar vardır. Onların hər biri digərinə münasibətdə də tolerant və multikulturaldır. Bunun başlıca səbəbi isə onların yaşadıqları Azərbaycan dövlətində həyata keçirilən multikulturalizm siyasətidir. Bu siyasətin isə bu gün qarantı ölkə Prezidenti İlham Əliyevdir.

İstər qanunvericilik bazasında, istər siyasi iradədə, istər dövlət və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən layihələrdə milli mənşəyindən və danışdığı dildən, həmçinin dinindən asılı olmayaraq, hər kəs bərabərhüquqludur. Hər kəsin hüquq və azadlıqları Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlət tərəfindən qorunur. Bütün bunlar isə siyasətdə tolerant və multikultural yanaşmanın göstəricisi və real təzahürləridir.

Prezidentin apardığı uğurlu xarici siyasətdə də siyasi tolerantlıq və multikulturalizmin təzahürlərini asanlıqla görmək olar. Azərbaycanın qlobal müstəvidə strateji mövqeyi çox əlverişli olduğundan belə bir vəziyyətdə təhlükəsizliyin və neytrallığın təmin edilməsi üçün çox diqqətli və dərindən düşünülmüş siyasət aparmaq lazımdır. Həm qonşu dövlətlərlə münasibətlər tənzimlənməli, həm də strateji müttəfiqlərlə və üzv olduğumuz beynəlxalq təşkilatlarla olan qarşılıqlı anlaşmalar hər an yerli-yerində olmalıdır. Mövcud şəraitdə bütün bunları etmək siyasətçidən yüksək zəka, öncəgörmə qabiliyyəti və intellekt tələb edir.

Bir çox siyasi ekspertlərin və siyasətin nəzəriyyəsi ilə məşğul olan araşdırmaçıların qənaətləri, həmçinin dünyanın nüfuzlu media orqanlarında Azərbaycanla bağlı çap olunan təhlillərin nəticəsi göstərir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan balanslaşdırılmış siyasət İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Hazırda dünyamız qlobal problemlər və təhlükələrlə üz-üzədir. Son dövrlər regionumuzda və ətrafda baş verən hadisələr də göz qabağındadır. Azərbaycan xalqını bu təhlükələrdən hifz etmək isə ölkə Prezidentinin üzərinə düşür. Son vaxtlarda bir çox ölkələrin müharibə meydanına çevrilməsinin əsas səbəblərindən biri, bəlkə də, birincisi ölkə liderlərinin verdiyi bəyanatlar, beynəlxalq şəbəkəyə ünvanlanmış nitqlərdir. Bəzilərində isə əsas səbəb ölkə başçılarının müstəqil siyasət apara bilməməsidir.

Ancaq xalqının hər bir nümayəndəsini düşünən Prezident İlham Əliyev istənilən sözündə ölkə vətəndaşlarının taleyini göz önünə gətirir. Prezident müsahibələrinin birində bunu çox səmimi şəkildə qeyd edir: “Biz Azərbaycanda səmimi siyasət yeridirik. Başqa sözlə siyasətimizdə heç bir ikimənalılıq yoxdur - həm rəsmi görüşlərdə, həm bəyanatlarımızda, həm qəbul etdiyimiz qərarlarda biz daim ictimaiyyət üçün, həm də xarici tərəfdaşlarımız üçün düzgün, açıq siyasət yeridirik.” Bu sözlər artıq İlham Əliyevin xarici siyasətdə sərgilədiyi tolerantlığın ən gözəl sübutudur.

Biz onu da bilməliyik ki, siyasətdə tolerantlıq mədəniyyəti başqa ölkə və təşkilatlara yox məhz bizim özümüzə lazımdır. Siyasi tolerantlıq bir tərəfdən dözümlülük, dinləmək mədəniyyətini, digər tərəfdən isə səsləndirilən fikirlərə, ortaya qoyulan mövqelərə və verilən suallara münasibəti özündə ehtiva edir.

Qətərin “Əl-Cəzirə” televiziyasının əməkdaşı Prezidentimizə son vaxtlar İran-ABŞ arasında yaranmış problemə münasibət bildirməyi xahiş edir və Prezidentimiz deyir: “Ümumiyyətlə regional miqyasda qonşunun təhlükəsizliyi sənin təhlükəsizliyin deməkdir. Bizim yanaşmamız məhz belədir. Dünyanın istənilən digər ölkəsi kimi, İranın da öz atom energetikasını inkişaf etdirmək hüququ var. Burada qanuna zidd bir şey yoxdur. Əgər bu müəyyən təşkilatlarda və ölkədə narahatlıq doğurursa, bu məsələni nizama salmaq lazımdır. ... Lakin hər bir dövlətin suveren hüququ da mütləq həyata keçirilməlidir”.

Bu nümunələr xarici siyasətdə tolerant yanaşmanın təzahürləridir. Amma bununla yanaşı Azərbaycan həm də öz xarici siyasətində əməli şəkildə tolerantlıq və multikulturalizmi də sərgiləməkdədir. Müxtəlif ölkələrdə ayrı-ayrı xalqların  yaratmış olduğu maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması, onların dünyanın irsi kimi hifz olunması istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin xarici siyasətdə də tolerant və multikulturalizm tərəfdarı olduğunun göstəricisidir. Prezident İlham Əliyev tərəfindən yaradılan və ölkənin birinci xanımı Mehriban Əliyevanın sədri olduğu Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti dövlətin həyata keçirdiyi tolerantlıq və multikulturalizm siyasətinə ən gözəl örnəkdir. Fondun sədri Mehriban Əliyeva çıxışlarının birində söyləmişdir: “Yarandığı ilk gündən Heydər Əliyev Fondu nəinki Azərbaycanın, eləcə də ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Biz bir sıra iri layihələr həyata keçirmişik. Bizim “Azərbaycan - tolerantlığın ünvanı” layihəmiz vardır. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada biz Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də iştirak etmişik. Mən bir daha qeyd etmək istərdim ki, bu layihəni çox vacib hesab edirəm. Çünki dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, Fondun siyasətidir və inanıram ki, məhz mədəniyyət, mədəni irs sadə olmayan bugünkü dünyanı birləşdirə bilər”.

Göründüyü kimi, dövlətimizin başçısı cənab İlham Əliyev həm daxili, həm də xarici siyasətdə atdığı hər addımında tolerantlığı və multikulturalizmi əsas meyar kimi götürür və bu istiqamətdə dünya dövlətlərinə Azərbaycanı örnək kimi göstərir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan multikulturalizm modeli və ölkəmizdə olan tolerantlıq mədəniyyəti dünya ölkələri tərəfindən maraqla qarşılanır və öyrənilir.

 

Gültac ŞƏMŞİRLİ.

 

 

 

Read 5838 times