XƏBƏR LENTİ

Cümə, 23 Aprel 2021 06:39

“Əl Hərir” portalı AZƏRTAC-ın Prezident İlham Əliyevin müsahibəsindən hazırladığı xəbəri yayıb

Misirin “Əl Hərir” informasiya portalında AZƏRTAC-ın “Prezident İlham Əliyev: Bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpasında fəal iştirak etmək istəyirlər” sərlövhəli xəbərini yayıb.

Ərəbdilli oxuculara məlumat verilir ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində xaricdən çoxlu təkliflər daxil olduğunu və bir çox xarici tərəfdaşların Qarabağın bərpasında iştirak etmə istədiklərini söyləyib. Dövlət başçısı deyib: “Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın”.

Xəbərdə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanının tikintisinin sürətlə getdiyini və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəyini, üçüncü hava limanının isə Laçın rayonu ərazisində inşa ediləcəyini bildirib.

Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Çox böyük həcmli bir işdir. Çünki mən demişəm, bir daha demək istəyirəm, azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Yəni, hesab edirəm ki, bu, təsəvvür üçün, kifayət qədər aydın mənzərədir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir”.

 

AZƏRTAC

Read 52 times